Məhkəmə qərarları › İş №2(105)-690/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-690/2023

22.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-690/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış sahəsindən çıxarılma və evin boşaldılması, mülkiyyət hüququnun müdafiəsi, özgəsinin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı evədən çıxarılma və fərdi yaşayış evinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2620/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 əsas kredit borcu üzrə 31.282 ABŞ dolları, faiz borcu üzrə 4.519,68 ABŞ dolları, cərimə borcu üzrə 1.721,81 ABŞ dolları olmaqla, cəmi 37.523,49 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət haqqının əvəzinin tutularaq "xxxx" X11 səhmdar cəmiyyətinə verilməsi, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 "xxxx" X11 səhmdar cəmiyyətinə olan cəmi 37.523,49 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 30 manat xidmət haqqının əvəzinin ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh1 qaytarılması qət edilmiş, Cavabdeh3 "xxxx" Kommersiya Bankı ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(105)-2045/2017 saylı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X11 Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7049/2016 saylı qətnaməsi ilk iddianın cavabdehlərin yaşayış sahəsindən çıxarılmamasına aid hissədə dəyişdirilmədən saxlanılmışdır. X5 Yekunlaşması barədə 140 nömrəli Protokolundan və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0.0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi alıcı Unibank» Kommersiya Bankı ASC-nin balansına keçmiş, bu barədə Unibank» Kommersiya Bankı ASC ilə “Daşınar və Daşınmaz Əmlakların Satışı X12”” MMC arasında xx.xx.2018-ci il tarixdə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 50.1 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron rayon Polis İdarəsinin xx.xx.2020-ci i tarixli məktubundan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və onun ailə üzvləri hal-hazırda ünvan 2 ünvanında yaşayırlar. xx.xx.2020-ci il tarixli DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, Mirişov X3 rayonu, Bozayran kəndində, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 56/26, Mirişov X7 rayonu, Xırdalan şəhəri, Quşçuluq Y/M, Z.Tağıyev küçəsi, dalan 1, ev 18 ünvanında qeydiyyatdadır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "Unibank” KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsini və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, 1-də yerləşən 0,0148 ha torpaq sahəsini və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. AR DİN Abşeron Rayon Polis idarəsinin xx.xx.2020-ci il tarixli 10819253 saylı məktubuna əsasən xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh3 və onun ailə üzvləri hal-hazırda ünvan 1 ünvanında yaşayırlar. Göründüyü kimi, cavabdehlərin ünvan 4 ünvanında yaşaması iddiaçı '‘Unibank” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına məhdudiyyətlər yaradır. AR MM-nin 228.1-ci maddəsinə əsasən, "yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasının istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlak dövlət reyestrində rəsmi qeydə alınmış olsun". Lakin, qeyd olunan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı “Unibank" KB ASC ilə orada faktiki yaşayan keçmiş mülkiyyətçi Cavabdeh1 və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onların ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi X4 və onun ailə üzvlərinin Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsindən və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən istifadə etməsi və orada yaşamaları qeyri-qanunidir. Hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Həsən bəy Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2620/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evindən cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri çıxarılmaqla, həmin fərdi yaşayış evinin boşaldılması qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququ toxunulmaz olduğundan, cavabdehə məxsus olan əşyaların iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslıdır və iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1, 146, 152.1-ci maddələrinə istinad etmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayətləri verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Zərdabi küçəsi, döngə 2, dalan 1-də yerləşən 0,0148 ha torpaq sahəsi və onun üzərində yerləşən 3 saylı fərdi yaşayış evi ona məxsusdur. İddiaçı "xxxx" ASC “Daşınar və Daşınmaz Əmlakların Satışı X12” MMC ilə qanunsuz əlbir olaraq onun evini mənimsəmişdir. Həmin hərracdan onun məlumatı olmamışdır. Hərrac tam qanunsuz keçilmişdir. Hazırda məhkəmə qətnaməsinin sürətini alarkən bundan xəbər tutmuşam. İddiaçı qanunsuz olaraq evini mənimsəmişdir. Hazırda qanunsuz iddia ərizəsi ilə onu və ailə üzvlərini evdən çıxartmaq istəyir. Bununla da onun konstitusion mülkiyyət hüququnu pozur. İddiaçı öz mülki hüquqlarından sui istifadə edir, nəticədə Azərbaycan RespublikasıMülki Məcəlləsinin 16.1-ci maddəsinin tələblərini pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən halları nəzərə almadan, onun məhkəmə iclasında iştiraknını təmin etməyərək, onun dəlillərini nəzərə almadan, yalnız iddiaçının yalan məlumatlarına əsasən qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh3 apellyasiya şikayətini Cavabdeh1 apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. İş üzrə tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək səhhətimlə əlaqədar olaraq məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir, məhkəmə iclasını təxirə salasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətlərinə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 205.2. Tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2 Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən,hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayətləri məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətləri və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predemti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Cavabdehlər hazırda həmin mənzildə yaşayırlar. İddiaçı cavabdehlərin ona məxsus evdə qanunsuz yaşadıqlarını, zəbt etdiklərini əsas gətirərək, onların mənzildən çıxarılması və mənzilin boşaldılması tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçının irəli sürdüyü tələbin faktiki halları onun tələbinin qanuni əsası kimi məhz Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd olunan normanın dispozitiv şərtləri ondan ibarətdir ki, tələb edən şəxs əmlakın mülkiyyətçisi olmalı, mülkiyyət hüququ ilə ona məxsus olan əmlak özgəsinin sahibliyində olmalı və bu sahiblik qanunsuz sahiblik kimi mövcud olmalıdır (sahibliyin qanuni əsası olmamalıdır). İndiki halda, iş materiallarından görünür ki, mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər iddiaçıya məxsus mənzildə yaşayırlar, mübahisə predmeti olan mənzil faktiki olaraq cavabdehlərin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdehlər həmin mənzildə yaşasalarda, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predemti olan mənzilin mülkiyyətçisi olan iddiaçı ilə cavabdehlər arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı yazılı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı). Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyərkimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın(bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı onu qeyd edir ki, cavabdeh hərracın keçirilməsinin nəticələrinin qanunsuz olması, mülkiyyət hüququnun qanuni əsas olmadan əldə edilməsi kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və həmin reyestrin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Bundan əlavə, qeyd olunan hallar hazırki iş üzrə iddia tələbinin predmetinə aid olmadığından, həmin hallarla bağlı ayrıca məhkəmə icraatı çərçivəsində pozulmuş hesab etdiyi hüquqlarının müdafiəsini həyata keçirə bilər. İndiki halda isə qeyd olunan hallar hazırki məhkəmə icraatı çərçivəsində araşdırılmalı olan hallarla birbaşa bağlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər təərfindən verilmiş apellyasiya şikayətləri əsassız olmaqla, heç bir dəlilə əsaslanmamış, formal xarakter daşımışdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayətləri təmin olunmadığından, apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə və Cavabdeh3 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-2620/2020 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə və Cavabdeh3 tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar