Məhkəmə qərarları › İş №2(105)-691/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-691/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-691/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs qimsində Maraqlı şəxs qeyd etməklə qohumluq münaisbətlərinə dair hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi tələbinə dair iş üzrə (Açar sözlər: hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi, qohumluq faktının müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə Ərizəçi qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi barədə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3361/2022 nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İ № 490818 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2011-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 235 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 76 saylı arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935- 1938-ci illərə dair doğum aktının qeydiyyatı kitabında Ərizəçi mərhum atası X8 adına akt qeydi aşkar olunmamışdır. Arayışın verilməsi üçün əsas Fond № 149, siyahı № 01, saxlama vahidi № 25 olmuşdur. Gədəbəy Rayon İcra Hakimiyyəti Gədəbəy Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 77 saylı arxiv arayışından görünür ki, Gədəbəy Rayon Dövlət Arxivində mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935- 1938-ci və 1939-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında Maraqlı şəxs adına akt qeydi aşkar olunmamışdır. Arayışın verilməsi üçün əsas Fond № 149, siyahı № 01, saxlama vahidi № 25, saxlama vahidi № 69 olmuşdur. Bakı şəhəri 43 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 1120 saylı məktubundan görünür ki, Ərizəçi əmisi Maraqlı şəxs ilə qohumluq əlaqəsini təsdiq edən sənədin olmamasını nəzərə alaraq, bağışlama müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar imtina edilmişdir. Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-4294/11 saylı məktubundan görünür ki, 1935-1938-ci il və 1939-1942-ci illəri əhatə edən Maraqlı şəxs doğum akt qeydi barədə Dövlət notariat arxivinə daxil olmuş müraciətə baxılmışdır. Maraqlı şəxs doğum akt qeydi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Reyestri Xidmətinə müraciət edilməsi məqsədəmüvafiq sayılmışdır. X3 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8078/13 saylı məktubundan görünür ki, X8 doğumu barədə məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ə.Əliyevin doğumu haqqında hər hansı məlumat aşkar olunmamışdır. Həmçinin, X3 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və X3 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Hazırda, vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanıldığından və Ə.Əliyevin doğumu qeyd edilən ildən əvvəlki dövrə təsadüf etdiyindən məsələ ilə bağlı Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. X3 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8398/13 saylı məktubundan görünür ki, Gədəbəy rayonunda doğulmuş X8 (1934-1938-ci illərə dair) doğumu barədə məlumatın istənilməsinə dair müraciətə baxılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Ə.Əliyevin doğumu haqqında məlumat aşkar edilməmişdir. Vətəndaşlıq vəziyyətinə dair akt qeydləri Xidmətin arxivində 1947-ci ildən saxlanılır. Belə ki, X3 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və X3 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Göstərilənləri nəzərə alaraq, Ə.Əhmədovun doğumu haqqında sənədin əldə edilməsi üçün Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA-02039-2022 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərdə 1935- 1938-ci illərə dair Gədəbəy rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X8 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanmamışdır. Eyni zamanda, 1934-cü ilə dair Gədəbəy rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı Ərizəçi iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X12 ilə əmisi Maraqlı şəxs qardaş olmaları faktının, onların qohumluq münasibətləri barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onun əmisi Maraqlı şəxs mülkiyyətində olan daşınmaz əmlaklardan birini ona bağışlamaq istəmiş, bu niyyət ilə bağışlama müqaviləsi bağlamaq üçün notariat ofisinə müraciət etmiş və onlardan əmisinin həqiqətən də ərizəçinin əmisi olması, yəni atasının qardaşı olmasına dair sənəd təqdim olunmasının (doğum haqqında şəhadətnamələr) zəruri olduğu bildirilmişdir. Onun atası X12 21 iyun 2011- ci il tarixdə vəfat etmişdir. Atasının və əmisinin doğum haqqında şəhadətnamələrini axtarıb tapa bilməmiş və buna görə də dövlət arxivinə müraciət etmişdir. Müraciətə cavab olaraq, Gədəbəy rayon Dövlət Arxivindən verilən 12 aprel 2022-ci il tarixli arayışlara əsasən, həmin arxivdə mühafizə olunan Gədəbəy rayon Qeydiyyat şöbəsinin Böyük Qaramurad kənd soveti üzrə 1935-1942-ci illərə dair doğum aktının qeydiyyatı kitabında ərizəçinin atası X8 və əmisi Maraqlı şəxs adına akt qeydi aşkar olunmamışdır. Atası və əmisi Gədəbəy rayonu, Böyük Qaramurad kəndində doğulmuş və sonradan köçüb Xırdalan şəhərində yaşamışlar. Mərhum atası X8 ərizəçidən başqa övladı olmamış, əmisi Maraqlı şəxs mülkiyyətində olan əmlaklardan birini qardaşının yeganə övladı kimi ona bağışlamaq niyyətindədir. Lakin qohumluq faktını təsdiq edən müvafiq sənədlər olmadığından bağışlamanı həyata keçirmək mümkün olmamışdır. Hazırda, ərizəçinin əmisi Maraqlı şəxs həqiqətən də ərizəçinin atası X8 qardaşı və onun əmisi olmasını təsdiq edən sənədləri, yəni, onların doğum haqqında şəhadətnamələrini heç bir şəkildə əldə edə bilmədiyindən qohumluq faktının məhkəmə qaydasında müəyyən olunmasına zərurət yaranmışdır. Sözügedən qohumluq faktının müəyyən olunması əmisi ilə onun arasında notariat qaydasında daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün vacib şərtdir. Mərhum atası X12 ilə əmisi Maraqlı şəxs doğma qardaş olmaları faktını şahidlər, qohum-əqrəba, eləcə də, onu və ailə üzvlərini tanıyan hər kəs bu qohumluq faktını təsdiq edə bilər. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3361/2022 nömrəli qətnaməsi ilə ərizənin təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, qohumluq faktının müəyyən edilməsi hazırki mülki iş üzrə Ərizəçi ona əmisi Maraqlı şəxs tərəfindən daşınmaz əmlakın bağışlanmasının həyata keçirilməsi üçün zəruridir. Bu səbəbdən də, mülki iş materiallarına əlavə olunmuş sənədlərlə kifayətlənməyərək, X12 ilə Maraqlı şəxs qardaş olmasının müəyyən edilməsi və həmin şəxslərin doğum akt qeydi barədə məlumatın təqdim edilməsi üçün aidiyyəti qurumlara sorğu ilə müraciət etmiş və məhkəmənin sorğusu əsasında məhkəməyə təqdim olunmuş Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli xx/xx-4294/11 saylı, X3 Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-8078/13 saylı, xx.xx.2022-ci il tarixli 05/2-8398/13 saylı, Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli DA- 02039-2022 saylı məktubları əsasında 1935-1938-ci illərə dair doğum haqqında akt qeydləri kitablarında X12 haqqında heç bir məlumatın aşkarlanmadığı müəyyən olunmuşdur. Ərizəçi X8 onun atası, Maraqlı şəxs isə onun əmisi olduğunu qeyd etsə də, sözügedən şəxslərin həqiqətən də onun atası və əmisi olduğunu sübuta yetirə bilməmiş, nəticə etibarı ilə həmin şəxslərin qardaş olması faktı məhkəmə qaydasında müəyyən edilə bilməmişdir. Belə ki, ilkin olaraq, sübutetmə vəzifəsi daşıyan ərizəçi ərizəsində göstərdiyi halları sübuta yetirməli olduğu halda, ərizəsinin əsasını təşkil edən halları təsdiq edəcək mötəbər sübutlarını, (şahid ifadələri, sənədlər və s.) məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bununla yanaşı, qeyd edir ki, ərizəçinin şifahi vəsatəti əsasında məhkəmə aidiyyəti qurumlara sorğu ilə müraciət etmişdir ki, məhkəməyə təqdim olunmuş sorğuya cavab məktubları əsasında, ərizəçinin atası və əmisi olduğunu qeyd etdiyi X8 1935-1938ci illərə aid doğum akt qeydi barədə məlumatın qeydə alınmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, məhkəmə qohum olmaları faktının müəyyən edilməsi xahiş olunan şəxslərin qardaş olmasının təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından ərizənin təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının MPM-in 307, 307.2.1-ci maddələrinə, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 2-ci bəndinə istinad etmişdir. Ərizəçi həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və ərizənin təmin olunması haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mərhum atası X8 ondan başqa övladı olmamış, əmisi Maraqlı şəxs mülkiyyətində olan əmlaklardan birini qardaşının yeganə övladı kimi ona bağışlamaq istəmişdir. Lakin qohumluq faktını təsdiq edən müvafiq sənədlər olmadığından bağışlamanı həyata keçirmək mümkün olmamışdır. Onun əmisi Maraqlı şəxs həqiqətən də onun atası X8 qardaşı və onun əmisi olmasını təsdiq edən sənədləri, yəni, onların doğum haqqında şəhadətnamələrini heç bir şəkildə əldə emək mümkün olmamışdır. Buna görə də qohumluq faktının məhkəmə qaydasında müəyyən olunmasına zərurət yaranmışdır. Sözügedən qohumluq faktının müəyyən olunması əmisi ilə onun arasında notariat qaydasında daşınmaz əmlakın bağışlanması müqaviləsinin bağlanması üçün vacib şərtdir, notariat ofisləri bağışlama müqaviləsi üçün həmin qohumluq faktının təsdiq edən sənəd tələb edirlər. Məhkəmə onun ərizəsini rədd etməklə onun və maraqlı şəxsin mülki hüquqların həyata keçirilməsinə şərait yaratmamışdır, buna mane olmuşdur. Məhkəmə onun tərəfindən irəli sürülən arqumentləri aydınlaşdırmamış, təqdim olunan sübut və dəlilləri araşdırmamış, şahidləri dindirməmiş, hətda işdə iştirak edən və məhkəmə iclasında olan Maraqlı şəxs belə dinləməmiş, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadan qətnamə çıxarmışdır. İş üzrə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi işləri üzrə olduqca əhəmiyyətli olan sübut və dəlilləri məhkəmə araşdrımamış, qiymətləndirməmişdir. Məhkəmə qətnaməsində maraqlı şəxsi nə üçün dinləməməsi barədə heç bir açıqlama yoxdur. Məhkəmə onun təqdim etdiyi şahidləri də nəzərə almamışdır. X11 adlı şahidi məhkəməyə gətirmiş, təqdim etmiş, bu barədə vəsatət də vermişdir. Başqa şahidləri də gətirə biləcəyini bəyan etmişdir. Məhkəmənin əlavə sübutların varmı sualını həmin şahidlərdən başqa əlavə sübutların olub-olmamas kimi anlamış və yoxdur demişdir. Bu barədə məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün ərizə ilə müraciət etsə məhkəmə iclas protokolları ilə tanış olmaq imkanı yaradılmamışdır. Bir aydan artıq ərizəçi tez-tez məhkəmə ilə əlaqə saxlamış, şəxsən getmiş, dəfələrlə xahiş etsə də ona protokollarla tanış olmaq imkanı verilməyib. Halbuki iclas protokolları ilə tanış olmaq üçün ərizəsi xx.xx.2022-ci il tarixində vermişdir. Apellyasiya şikayəti müddəti bitmək (xx.xx.2023-cü il)üzrə olmasına baxmayaraq onun məhkəmə iclas protokolları ilə tanış olması mümkün olmamışdır. Lakin məhkəmə iclasında olanları yaxşı xatırlayır. Məhkəmə iclaslarında qohumluq faktına dair sənədləri əldə etməsinin mümkün olmadığını dəfələrlə bəyan etmiş, məhz buna görə sübut kimi şahidlər təqdim etmiş, eyni zamanda maraqlı şəxsin dinlənilməsini xahiş etmiş, maraqlı şəxs özü də məhkəmə iclasında olmuş, onun da dinlənilməsini xahiş etmiş, məhkəmə mülki prosessual qanunvericiliyi pozaraq yuxarıda qeyd olunanları nəzərə almamış, bunla barədə qətnaməsində açıqlama da verməmiş, heç bir fikir və münasibət bildirməmişdir. Məhkəmə onun irəli sürdüyü arqumentləri gözardı etmiş, bununla bağlı qətnaməsində açıqlama verməmişdir. Belə ki, bu sübutları qəbul etmədiyi və ya heç nəzərə almadığı, yaxud mötəbərliyini şübhə altına aldığı aydın deyildir, bu barədə aydın izahat və açıqlama verilmir.Birinci instansiya məhkəməsi işi obyektiv və hərtərəfli araşdırmamışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar, şahid ifadələri Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Ərizəçi nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs iştirak edərək, izahat verərək, öz izahatında ərizədə qeyd edilmiş tələbi qəbul etdiyini, ona görə də apellyasiya şikayətinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək, öz ifadəsində maraqlı şəxsin həyat yoldaşı olduğunu, ərizəçinin qyanının oğlu olduğunu, qaynının rəhmətə getdiyini, hazırda yaşadıqları evi qaynının oğlu Turqayın hesabına tikildiyini, onunla birlikdə yaşadıqlarını, ona görə də evi ona bağışlamaq istədiklərini bildirmişdir., Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək,öz ifadəsində Əli və Bəhramla onun atasının doğma əmi oğlu olduqlarını, onların atalarının adları Əhməd olduğunu, onun atasının adının Mahmud olduğunu,Gəbəbəy rayonundan olduqlarını, onların kəndində Əhməd adlı bir kişi olub, O da Maraqlı şəxs atası olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək,öz ifadəsində Ərizəçi onun həyat yoldaşıdır, Əliyev Əli yoldaşının atasıdır, qardaş olduqlarını bir ailə olduqlarından, bir yığıncaqlarda olduqlarından bildiyini qeyd etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 307.1. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.1. Məhkəmə əxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd eidlmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadələrini dinləyib, apellyasiya şikayəti və onun əsaslandığı dəlilləri, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə ərzəçinin tələbi atası ilə əmisinin qardaş olması ilə bağlı qohumluq münasibətlərinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsindən ibarət olmuşdur. Ərizəçi tələbin əsası kimi atası və əmisinin doğum akt qeydi aşkar edilmədiyindən,nəticə olaraq onların qardaş olması notarius tərəfindən müəyyən edilmədiyindən, notarius tərəfindən bağışlama müqvailəsindən imtina edilməsi, indiki halda əmisinin əmlakının ona bağışlanması ilə bağlı aralarında bağışlama müqaviləsinin bağlanılması məqsədilə atası ilə əmisinin qardaş olması halının müəyyən edilməsi zərurətinin yaranması, həmin halın müəyyən edilməsinin bu məqsədlə ona lazım olması, məhkəmədənkənar məsələnin həll edilməsinin mümkün olmaması kimi hallara istinad etmişdir. Həmçinin, qeyd olunmalıdır ki, iş materiallarında olan müvafiq sənədlərdə ərizəçinin atası X12 və Maraqlı şəxs doğum akt qeydinin arxiv sənədlərdə aşkar olunmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi ilə bağlı mülki işlərdən araşdırılmalı olan hallardan biri də həmin hüquqi əhəmiyyətli faktın ərizəçi üçün hansı məqsədlə lazım olması halının müəyyən edilməsindən ibarətdir. Bu halın müəyyən edilməsinin zəruriliyi onunla bağlıdır ki, istənilən hər bir məqsəd üçün qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi yolverilməzdir və qeyd edilən məqsəd əldə edilən hüquqi nəticə ilə bağlı olmaqla, həmin hüquqi nəticənin başqa qaydada əldə edilməsi mümkünsüz olmalıdır. Bu baxımından qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə ərizəçinin tələbi atası ilə əmisinin qardaş olması ilə bağlı qohumluq münasibətində olma faktının müəyyən edilməsi ilə bağlı olmaqla, qeyd edilən hüquqi faktın müəyyən edilməsində məqsəd isə maraqlı şəxsin əmisi qismində əmlakını ona bağışlamaq istəməsi, aralarında bağışlama müqaviləsinin bağlanılmasının təmin edilməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə qeyd edilən faktın aid olduğu qohumluq münasibətinin (ata ilə əminin qardaş olmasının) müəyyən edilməsinin səbəb olacağı nəticə hər hansı hüquqi nəticə yaratmır. Həmçinin, bununla bağlı istinad edilən məqsəd hüquqi nəticələrə səbəb olsa da, həmin məqsəd özlüyündə hazırki tələb ilə birbaşa bağlı olmamaqla, uzlaşmır. Belə ki, qeyd edilən məqsədə (bağışlama müqaviləsinin bağlanılmasına) başqa qaydada nail olunması mümkündür (müvafiq notariat orqanına müraciət etməklə, bundan imtina olunduğu halda notariat hərəkətlərini mübahisələndirməklə) və bu mümkünlüyü istisna edən hər hansı hal müəyyən edilməmişdir. Başqa məqsədlər üçün qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi yolverilməzdir. Həmiçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin əsaslarına münasibətdə qeyd edir ki, ərizəçinin sübut qismində təqdim etdiyi sənədlər (izahat, şahid ifadələri və digər) iş üzrə ətraflı araşdırılmış, qeyd olunan sübut vasitələri əsasında tələbin əsaslılığının müəyyən edilməsi baxımından zəruri olan halları müəyyən etmək mümkün olmamışdır. Qedy olunan halları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək, işin hallarını araşdıraraq, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə“mütənasib“olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də“bu Məcəllənin 119.1-119.4-cü maddələrində“göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3361/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, “tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar