Məhkəmə qərarları › İş №2(105)-695/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-695/2025

21.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-695/2025 21.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin olunmaması qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Qətnamədən İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, o və azyaşlı qızı xx.xx.2016-cı il təvəllüdlü X3 Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B-də yerləşən 71 saylı (yeni qaydada: Sumqayıt şəhəri, Bakı küçəsi, ev 201, M12-də yerləşən 1 saylı) mənzilə köçürülməsi, bununla bağlı hər cür maneənin qoyulmasının Cavabdeh qadağan edilməsi, 100 manat dövlət rüsumu və 120 manat hüquqi xidmət xərci əvəzinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 05 yanvar 2016-ci ildə nikaha daxil olmuş və həmin nikah Sumqayıt “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 25 nömrəli qeyd ilə nikahın bağlanması haqqında akt qeydləri kitabına daxil edilmişdir. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Nikaha daxil olandan sonra iddiaçı cavabdeh ilə birlikdə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən, ümumi sahəsi 67,1 kv.m olan, 2 otaqlı, 71 saylı mənzildə yaşayıblar. Həmin mənzildə yaşadıqları dövrdə, yəni xx.xx.2016-cı il tarixdə onların qızı Zümrüd anadan olmuşdur. 2022-ci ilin yay aylarında iddiaçı ilə cavabdeh arasında münasibətlər korlanmış və iddiaçı azyaşlı qızını da götürərək həmin mənzildən müvəqqəti olaraq başqa yerə, əvvəl atasının evinə, sonra isə kirayə tutduğu mənzilə köçmüşdür. Daha sonra tərəflər arasında olan nikah pozulmuşdur. Hal-hazırda iddiaçı azyaşlı qızı ilə birlikdə kirayədə yaşayır, tələbə olduğu üçün kirayə pulunu ödəyə bilmir, atasının maddi yardımı ilə həmin kirayə pulunu ödəməyə çalışır. Bir sözlə, iddiaçı azyaşlı qızı ilə birlikdə çətin vəziyyətdə yaşayır. Bu səbəblə hesab edir ki, iddiaçının azyaşlı qızı X4 ilə birlikdə cavabdehin mülkiyyətində olan Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən, ümumi sahəsi 67,1 kv.m olan, 2 otaqlı, 71 saylı (yeni qaydada: Sumqayıt şəhəri, Bakı küçəsi, ev.201, M12-də yerləşən 1 saylı) mənzilə köçürülməsi zəruridir. İddiaçıya məxsus cehiz əşyaları hələ də həmin evdədir. Həmin cehiz əşyalarının çıxarılması tələbi ilə bağlı cavabdeh iddiaçıya mediasiya təklifini göndərmişdir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı (vəkili-nümayəndəsi Nümayəndə) apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, işdə olan sübutlardan görünür ki, iddiaçı tələbədir, maddi vəziyyəti yaxşı deyil, işsizdir, azyaşlı qızı ilə birlikdə atasının kirayə haqqını ödədiyi mənzildə kirayədə yaşayırlar, mülkiyyətində heç bir əmlak yoxdur. Məhkəmə isə bildirir ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı olan digər məhkəmə qətnaməsini icra etsə, iddiaçı özünü yaşayış sahəsi ilə təmin edə bilər. Yenə də məhkəmə özü qeyd edir ki, həmin qətnamə hələ də cavabdeh tərəfindən icra olunmayıb. Belə vəziyyətdə iddiaçının mülkiyyətində hər hansı bir yaşayış sahəsinin olmaması, onun tələbə olması, azyaşlı qızı ilə birlikdə kirayədə yaşaması, heç bir yerdə işləməməsi, kirayə pulunu atasının ödəməsini, məhkəmənin qeyd etdiyi qətnamənin hələ də icra olunmaması kimi işin faktiki halları Mənzil Məcəlləsinin 30.4-cü maddəsində göstərilən əsasla cavabdehə məxsus mənzildə iddiaçıya və azyaşlı qızına müvvəqqəti müddətə istifadə hüququnun verilməsini məcburi hala gətirir. Bu, qanunun tələbidir. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində deyilir ki, “Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər”. Hesab edir ki, məhkəmə, Mənzil Məcəlləsinin 30.4-cü maddəsini pozub... Bundan başqa, məhkəmənin israrla üzərində durduğu hələ də cavabdehin icra etmədiyi digər məhkəmə qətnaməsində hər hansı bir mənzil (yaşayış) sahəsindən payın iddiaçıya verilməsi nəzərdə tutulmur. Həmin qətnamədə deyilir ki, 14000 manat pul və Novxanıdakı 400 kv.metr torpaq sahəsindən ½ pay iddiaçıya verilməlidir. Həmin torpaq sahəsi isə, boş torpaq sahəsi olub, üzərində heç bir yaşayış sahəsi yoxdur. Yəni bu qətnamə icra olunsa belə, iddiaçı və azyaşlı uşağı yenə yaşayış sahəsi ilə təmin olunmur. Göründüyü kimi, Məhkəmənin yanaşmasının qanuni və əsaslı olmadığı bir daha öz təsdiqini tapır. Hazırda iddiaçının azyaşlı qızı ilə birlikdə kirayədə yaşadığı və onun işsiz olduğu, kirayə pulunu atasının ödədiyi, atasının ağır əməliyyat keçirməsi səbəbi ilə artıq həmin pulu ödəməyə imkanının olmadığı faktdır. Bu da faktdır ki, iddiaçının ata evi Bakı şəhərində olmayıb, Biləsuvar rayonundadır. Məhkəmə iddiaçının və onun azyaşlı qızının xeyrinə olan bütün faktiki halları qətnamədə göstərsə də, sonda qərarı nədənsə heç bir əsas olmadığı halda cavabdehin xeyrinə qəbul edib. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçının azyaşlı uşağının atası cavabdehdir və mənzil cavabdehin mülkiyyətindədir. İddiaçı azyaşlı qızının yaxşı mənzil şəraitində böyüməsi üçün cavabdehin mülkiyyətində olan həmin mənzilə onların köçürülməsini xahiş edir. Hətta işin hallarından görünür ki, iddiaçı ilə cavabdehin qızı azyaşlı Zümrüd xx.xx.2016-cı il tarixində həmin mənzildə anadan olub və 6 il orada yaşayandan sonra 2022-ci ilin yay aylarında oradan köçərək himin tarixdən bəri anası ilə birlikdə kirayədə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının, Ailə Məcəlləsinin, Uşaq hüquqları haqqında Qanunun tələblərinə görə, uşaqlarını yaxşı mənzil şəraiti ilə təmin etmək və nikah pozulsa belə həmin mənzil şəraitini dəyişmədən saxlamaq hər bir valideynin vəzifəsidir. Lakin məhkəmə bu faktı nəzərə almadan azyaşlı Zümrüdün hüquqlarını pozaraq qətnamə qəbul edib. Hesab edir ki, həmin qanunsuz və əsassız qətnamə ləğv edilməli, iddia tələbi təmin olunmalıdır. Apellyasiya baxışı iclaslarında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan: - AZ-İİ 079930 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında 05 yanvar 2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 25 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir; - AZ-İİ 847120 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır; - 12 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Cavabdeh ünvan 4 üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; - Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1529 nömrəli tələbə biletindən görünür ki, İddiaçı Azərbaycan Milli Konservatoriyasında musiqi müəllimliyi ixtisası üzrə təhsil alır; - Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5867/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixində, Sumqayıt «Asan» Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı yanında saxlanması, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının xx.xx.2022-ci il tarixindən hesablanması qət edilmişdir; - X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsindən görünür ki, X7 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 62,3 kv/m olan mənzili tam mülkiyyət üzrə ona məxsus olan hissəni İddiaçı kirayə verməyi öhdəsinə götürmüş və kirayə müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir; - Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(060)-142/2023 saylı qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 40-cı məhəllə, ev.21B, mənzil 71 (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 67,1 m2 olan, ********** qeydiyyat, **********3105301- 093087 reyestr nömrəsi ilə 2019-cu il tarixində daşınmaz əmlakın reyestrində 370 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmış mənzil (ümumi birgə əmlak) üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri Novxanı bağ massivi 4645D ünvanında yerləşən, xx.xx.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh adına qeydiyyata alınmış 0,0425 ha sahəsinin (ümumi birgə əmlak) iddiaçı və cavabdeh arasında paylara bölünməsi və həmin torpaq sahəsi üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, "xxxx" ASC-dən xx.xx.2012-ci il tarixində Cavabdeh tərəfindən götürülmüş 24800 (iyirmi dörd min səkkiz yüz) manatın xx.xx.2016-cı il tarixindən sonra, yəni birgə nikah dövründə ödənilmiş 3000 (üç min) manat pulun yarısının, yəni 1500 (min beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** XE *** (əvvəlki ** TH ***; indiki ** MP ***) dövlət nömrə nişanlı “Seat Leon” markalı, istehsal tarixi 2014-cü il olan boz rəngli, CJS064368 mühərrik, VSSZZZ5FZER116876 ban nömrəli avtomobil üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, bütün bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 13000 (on üç min) manat pulun ½ hissəsi, yəni 6500 (altı min beş yüz) manat pulun Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri ** DO *** (əvvəlki ** LL ***) dövlət nömrə nişanlı “Nissan Altima” markalı, istehsal tarixi 2008-ci il olan ağ rəngli, QR25-227872 mühərrik, 1N4AL21D68C123262 ban nömrəli minik avtomobil üzərində payların ½ hissədə İddiaçı, ½ hissədə Cavabdeh olmaqla müəyyən edilməsi, bütün bunlar mümkün olmadıqda müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmaqla, həmin avtomobilin satışından əldə edilmiş 12000 (on iki min) manat pulun ½ hissəsi, yəni 6000 (altı min) manat pulun Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-592/2024 nömrəli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli qətnaməsinin ünvan 4 (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 2 və mənzilin satın alınması üçün nikah dövründə ödənilmiş 3000 (üç min) manat pulun yarısının, yəni 1500 (min beş yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 40-cı məhəllə, ev.21B, 71 saylı mənzilin (yeni qaydada: Sumqayıt şəhəri, ünvan 2 alınması üçün birgə nikah dövründə çəkilmiş 3000 manat xərcin ½ hissə (3000:2=1500) 1500 manatı Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-3155/2024 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 aprel 2024-cü il tarixli, 2(105)-592/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə cavabdeh 05 yanvar 2016-cı il tarixdə nikaha daxil olmuş və onlar arasındakı nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-5867/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda iddiaçı maddi vəziyyətinin özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyini iddia edərək Cavabdeh mülkiyyətində olan, birgə nikah dövründə yaşadıqları Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B ünvanında yerləşən 71 saylı mənzilə köçürülməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında bundan əvvəl də məhkəmə mübahisəsi olmuş, hazırkı iş üzrə İddiaçı sözügedən mənzilin satın alınması üçün nikah dövründə ödənilmiş 3000 manat pulun 2/3 hissəsi, yəni 2000 manat pulun Cavabdeh tutularaq ona ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsində iddia irəli sürmüşdür. Yuxarıda qeyd olunan məhkəmə aktları ilə həmin hissədə iddiaçının tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 4 ünvanında yerləşən mənzilin alınması üçün birgə nikah dövründə çəkilmiş 3000 manat xərcin ½ hissəsinin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İstinad edilən məhkəmə aktlarından göründüyü kimi, iddiaçının mübahisəli mənzil üzərində payı müəyən edilməmiş, həmin mənzilin əldə edilməsinə görə birgə nikah dövründə çəkilmiş 3000 manat məbləğində xərcin bölünməsi qət edilmiş, bununla da sözügedən əmlak birgə mülkiyyət rejimindən çıxmışdır. Başqa sözlə, iddiaçının mübahisəli mənzil üzərində cüzi hissədə payı pul vəsaiti ilə əvəzləşdirilmişdir. Belə olan halda iddiaçının həmin mənzil üzərində hər hansı hüququ mövcud deyildir. Hazırda İddiaçı Bakı və ya Sumqayıt şəhərində özünə, yaxud valideynlərinə məxsus yaşayış sahəsinin (evin, mənzilin) olmadığını, azyaşlı qızı ilə birlikdə kirayədə yaşadığını, özünün tələbə olduğunu, heç yerdə işləməməklə hər hansı qazanc mənbəyinin olmadığını, son vaxtlaradək kirayə pulunu atasının ödədiyini, atasının ağır əməliyyat keçirməsi səbəbi ilə artıq həmin pulu ödəməyə imkanının olmadığını, azyaşlı qızının normal yaşayış şəraiti ilə təmin olunmasında cavabdehin də ata kimi iştirak etməyə borclu olduğunu əsas gətirərək Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 40-cı məhəllə, ev 21B-də yerləşən 71 saylı (yeni qaydada: Sumqayıt şəhəri, Bakı küçəsi, ev 201, M12-də yerləşən 1 saylı) mənzildə ona və azyaşlı qızına müvvəqqəti istifadə hüququnun verilməsini istəyir. Bu məqsədlə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən normanın (2-ci cümlənin) mənasından göründüyü kimi, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar səbəbindən özünü yaşayış sahəsi ilə təmin etməyə, yəni yaşayış sahəsindən köçüb başqa yerə getməyə imkanı olmadıqda, onun həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Bu zaman yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvü həmin yaşayış sahəsindən köçmədən oradan müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün məhkəməyə müraciət etməlidir. Lakin hazırkı işin faktiki hallarından görünür ki, tərəflər arasında ailə münasibətləri 2022-ci ilin yayında pozulmuş və həmin vaxt o, azyaşlı uşağı ilə birlikdə cavabdehə məxsus mübahisəli mənzili tərk edərək əvvəlcə atası evinə, sonra isə kirayə tutduğu mənzilə köçmüşdür. İddiaçı mübahisəli mənzildən köçdükdən 2 ildən artıq müddət keçəndən sonra ona azyaşlı uşağı ilə birlikdə həmin mənzildən müvvəqqəti istifadə hüququnun verilməsi barədə hazırkı iddianı qaldırmışdır. İddiaçının mübahisəli mənzildən köçməsi və 2 ildən artıq müddətdə başqa yerdə yaşaması ona dəlalət edir ki, iddiaçı özünü yaşayış sahəsi ilə təmin etməyə imkanı olmayan və buna görə sözügedən mənzildən istifadə hüququnun müvəqqəti də olsa saxlanılmasına ehtiyacı olan bir vəziyyətdə olmamışdır. İddiaçının cavabdehə məxsus mənzildən köçdükdən uzun müddət sonra maddi vəziyyətinin (və ya diqqətə layiq digər halların) özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi səbəbi ilə həmin mənzilə qayıtmaq istəməsi Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin (2-ci cümləsinin) mahiyyəti ilə uzlaşmır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Bu halda yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün (üzvlərinin) həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasını zəruri edən həqiqətən də müstəsna, ağlabatan və ədalətli, eyni zamanda mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasına haqq qazandıran və buna mütənasib olan əsaslar mövcud olmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı). Göründüyü kimi, iddiaçının tələbi üzrə müəyyən olunmuş işin faktiki halları həmin tələbin maddi-hüquqi əsasının dispozisiya şərtləri ilə üst-üstə düşmür. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili-nümayəndəsi bildirmişdir ki, cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı məhkəmə aktları üzrə verilmiş icra sənədlərini artıq icra etmiş, yəni həmin əmlakın iddiaçının payına düşən hissəsinin dəyərini (cəmi 14000 manat) ona ödəmişdir. Həmçinin Novxanı bağ massivindəki 0,0425 ha torpaq sahəsində iddiaçının ½ hissədə payı vardır. Göründüyü kimi, iddiaçının maddi vəziyyətinin özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi halı aradan qalxmışdır. Həmçinin, Ailə Məcəlləsinin 81-ci maddəsinə müvafiq olaraq valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. İddiaçı azyaşlı uşağını normal yaşayış şəraiti ilə təmin etmək üçün kirayə mənzil tutmaq məcburiyyətində qalarsa (yəni bunu yalnız uşağın mənafeyi baxımından edərsə), bununla bağlı çəkdiyi və ya çəkəcəyi xərclərə cavabdehi cəlb edə, cavabdehlə razılaşma əldə olunmadıqda müvafiq tələblə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin həllinə maddi hüquq normalarını düzgün tətbiq etmiş, işə baxarkən qəbul edilmiş qətnamənin ləğvinə əsas ola biləcək prosessual pozuntulara yol verməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-487/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar