Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-705/2025 25.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətinin geri qaytarılması haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadından cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsi ilə Quba rayon XDS Rəyasət Heyətinin 2 saylı protokoluna və Quba rayon XDS Rəyasət Heyətinin xx.xx.1995-ci il tarixli, 53 saylı Qərarına əsasən Quba rayonu, 25-ci kvartal ünvanında İddiaçı-yə ayrılmış 1,2 ha torpaq sahəsinə dair İddiaçı-nin daimi istifadə hüququnun tanınması, qeyd olunan 1,2 ha torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin Cavabdeh3nə, həmin torpaq sahəsinin dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin isə DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir (hakim Füzuli Pənahov). Həmin qətnamədən cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Quba Rayon Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı ilə apellyasiya şikayəti, onun verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət ötürüldüyünə görə, geri qaytarılmışdır (hakim Vüqar Seyidov). Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadından cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi şikayət verərək, həmin qərardadın ləğv edilməsini və Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin müvafiq mülki işin materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vüqar Seyidov). Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə araşdıraraq bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)- 521/2007 nömrəli qərardadı ləğv edilməli və cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsi qəbul ediləndən sonra qətnamənin surətinin cavabdehlər Quba Rayon İcra Hakimiyyətinə, Cavabdeh3nə və DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə məlumat üçün göndərilməsi barədə xx.xx.2007-ci il tarixli, 2-521 nömrəli məktub iş materiallarına əlavə olunsa da, lakin həmin məktubların (qətnamənin surətlərinin) cavabdehlərə həqiqətən də göndərilməsini təsdiq edən sübutlar (poçt reyestri, poçt qəbzi, poçt xəbərnaməsi və s.) iş materiallarında aşkar edilmir. Bu isə onu deməyə əsas verir ki, qətnamənin surəti cavabdehlərə, o cümlədən apellyatora göndərilməmişdir. Həmçinin qeyd etmək lazım gəlir ki, adları çəkilən təşkilatların (cavabdehlərin) iş üzrə təyin olunmuş məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılması və iclaslarda onları təmsil edən nümayəndələrin iştirakı da məhkəmə tərəfindən təmin edilməmişdir. Bu da qəbul edilmiş qətnamədən cavabdehlərin xəbərsiz (məlumatsız) olduqlarına dəlalət edir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, İddiaçı-nin direktoru M.Babayev xx.xx.2024-cü il tarixli ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edəndən sonra 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnamənin icrası üçün icra vərəqəsinin “dublikatı” çıxarılaraq Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, lakin iş materiallarında bundan əvvəl sözügedən qətnamə üzrə nə vaxtsa icra vərəqəsinin (əslinin) çıxarılıb icraya yönəldilməsini təsdiq edən hər hansı sübuta (icra vərəqəsinin surətinə, icra vərəqəsinin icra qurumuna göndərilməsi barədə məktuba və s.) rast gəlinmir. Halbuki, MPM-in 233 və 234-cü maddələrinə müvafiq olaraq, məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və icraya yönəldilir (qətnamə üzrə icra vərəqəsi çıxarılaraq icra orqanına göndərilir). Lakin göründüyü kimi, sözügedən qətnamə qəbul edildiyi vaxtdan keçən 17 ilə yaxın müddət ərzində icraya yönəldilməmiş, həmin müddətdə İddiaçı də onun xeyrinə çıxarılmış qətnamənin icra vəziyyəti ilə maraqlanmamış və icrasını tələb etməmişdir. İndi İddiaçı-nin Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsinin icrasını tələb etdiyi vaxtda cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyil və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün deyildir. Bundan başqa, iddiaçı məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl, öncə iddia etdiyi torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması barədə müvafiq dövlət orqanına müraciət etməli və ona imtina edilərdisə, bundan sonra məhkəmədə iddia qaldırmalı olduğu halda bu qaydaya əməl etməmişdir. Məhkəmə isə mübahisəni həll etməzdən əvvəl iddia edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmamasını, özgəninkiləşdirilməsini, üzərində həbs və ya başqa formada yüklülük olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Ona görə də Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunması xahiş edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən həmin apellyasiya şikayətinin müddət ötürülməklə verildiyinə görə geri qaytarılması ilə razılaşmır. Ona görə ki, apellyator qəbul olunmasından 17 ildən çox müddət keçəndən sonra icra edilməsi üçün ona göndərilmiş qətnamədən yalnız indi xəbər tutmuş, buna qədər o, həmin qətnamənin mövcudluğunu bilməmiş və bilməsi mümkün olmamışdır. Belə vəziyyətdə apellyatorun şikayət müddətini ötürməsini iddia etmək əsassızdır. Prosessual müddətin keçməsi apellyatorun bildiyi, yaxud bilməli olduğu və məsuliyyət daşıdığı hallarla bağlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyator tərəfindən Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti ötürülməmişdir. Digər tərəfdən, apellyasiya şikayətində göstərilən dəlillər, uzun (17 ildən çox) müddət keçməsinə baxmayaraq, sözügedən qətnamənin qanuniliyinin və əsaslılığının apellyasiya qaydasında yoxlanılmasına həm də icra mümkünlüyü baxımından zərurət yaradır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməli və sonrakı prosessual hərəkətlər icra edilməlidir. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2- 521/2007 nömrəli qətnaməsindən cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən olduğunu nəzərə alaraq həmin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün yenə də birinci instansiya məhkəməsinə göndərilməsinə lüzum görmür. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin qaytarılması haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233, 234, 361, 364, 395-400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Quba Rayon Məhkəməsinin “apellyasiya şikayətinin qaytarılması haqqında” xx.xx.2025-ci il tarixli, 2(027)-521/2007 nömrəli qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin 21 noyabr 2007-ci il tarixli, 2-521/2007 nömrəli qətnaməsindən cavabdeh ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi apellyasiya şikayəti icraata qəbul edilərək baxılması üçün müvafiq mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təhvil verilsin. Hazırkı qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-705/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-705/2025
25.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver