Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-707/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi, əmək funksiyasının kobud pozuntusu, əmək intizamının pozuntusu, işdənçıma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və X3 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı2 iştirakları ilə, İddiaçı2 cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdənçıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060- 2886/2019 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Əmək müqaviləsinin məzmunundan görünür ki, İddiaçı2 2003-ci il tarixdən Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajda sürücü vəzifəsinə işə qəbul edilmişdir. Sumqayıt şəhər Səhiyyə Şöbəsinin Mərkəzəşdirilmiş Qarajının Əsasnaməsindən görünür ki, Qaraj əhaliyə tibbi xidmət göstərən tibb müəssisələrini nəqliyyat vasitələri ilə təmin edən avtonəqliyat müəssisəsidir. İstifadəsində olan dövlət əmlakına, möhürə, müvafiq ştampa və blanka malikdir. “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin Nizamnaməsindən görünür ki, Mərkəz TƏBİB-in İdarə Heyətinin xx.xx.2021-ci il tarixli, 16 nömrəli əmri ilə yaradılmışdır, Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələri də daxil olmaqla,Sumqayıt şəhər Səhiyyə Şöbəsinin, 1 nömrəli Sumqayıt şəhər Xəstəxanası publik hüquqi şəxsin, 2 nömrəli şəhər Xəstəxanasının, Sumqayıt şəhər X7 Xəstəxanasının və Suqayıt Şəhər Uşaq Xəstəxanasının hüquqi varisidir. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə xx.xx.2018-ci il tarixli, 174 k nömrəli Əmrin məzmunundan görünür ki, İddiaçı2 əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlərə, əmək və icra intizamına əməl etməməsinə və işin normal ahəngini qəsdən dəfələrlə pozduğuna görə xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 72-ci maddəsinin “Ə” bəndi əsas götürülməklə, 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı2 işdən azad edilməsi barədə əmrin nüsxəsini götürməsinə baxmayaraq əmrlə tanış olma barədə imza etməkdən imtina etmişdir. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının Həmkarlar Komitəsinin xx.xx.2018-ci il tarixli yığıncağının protokolundan görünür ki, Komitə tərəfindən İddiaçı2 xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə razılıq verilmişdir. Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə xx.xx.2018-ci il tarixli, 26№-li və xx.xx.2018-ci il tarixli, 49№-li əmrlərdən görünür ki, İddiaçı2 tərəfindən əmək və icra intizamı, etik davranış qaydaları pozulduğu üçün, ona əvvəlcə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə töhmət, sonra isə həmin maddənin 2-ci hissəsinin “b” ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Aktlardan görünür ki, İddiaçı2 tərəfindən müxtəlif vaxtlarda iş yerində icra və əmək intizamının pozulması halları aktlaşdırılmış, ondan izahat tələb edərkən izahat verməkdən, barəsində verilmiş intizam tənbehi ilə tanış olmaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı2 cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmrinin ləğv edilməsi, işlədiyi sürücü vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə xx.xx.2018-ci il tarixindən işə bərpa olunduğu günə kimi əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2003-cü ilin iyun ayından əmək müqaviləsi bağlayaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qaraj üzrə sürücü vəzifəsində çalışıb. Çalışdığı dövrdə işinin öhdəsindən layiqincə gəlib. Qanuna görə qarajın avtomobilləri qarajın büdcəsi hesabına təmir olunmalı halda o, avtomobili öz vəsaiti hesabına təmir etdirmişdir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün dövlət rüsumunu da ödəmiş, avtomobilə yanacaq xərcindən başqa digər xərcləri məhz o çəkib. Bu barədə bir neçə dəfə Sumqayıt Şəhər Səhiyyə Şöbəsinin müdirinə ərizə ilə müraciət edib. Haqqını tələb etdiyi üçün müdirlə yola getməmişdir. Əmək müqaviləsinə görə iş rejimi 3 gün evdə olmaqla 24 saatdır. Lakin çağırışda olan vaxtı 8 saatdan artıq işləmişdir. Eyni zamanda sürücü vəzifəsi ilə yanaşı, çağırışda tibb qardaşı olmadığı üçün onun vəzifəsində icra edib. Bunun da heç bir qarşılığı olmayıb. Onun haqqında çıxarılan 174/k, 10 oktyabr 2018-ci il tarixli əmri və həmin əmrdə qeyd olunanları əsassız hesab edir. O, əmək vəzifələrini pozmamışdır. Bunu onunla çalışan çağırış həkimləri də təsdiq edə bilər. Aldığı əmək haqqı ilə avtomobilləri təmir etdirdikləri üçün, ailələrinin maddi problemlərini təmin edə bilməmişlər. Beləliklə onun barəsində qəbul edilmiş əmr əsassızdır və ləğv edilməldir. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060-2886/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı vəzifəsində olduğu müddətdə mütəmadi olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq özünü əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda iddiaçı ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslar olmaqla iddiaçının heç bir əsas olmadan işdən azad olması barədə iddia tələbi əsassızdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71, 80, 186, 187, 189, 296, 300-cü maddələrə istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh əmək müqaviləsini əmək qanunvericiliyinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahat həqiqətə uyğuin deyildir. O, dəfələrlə işlədiyi təşkilatın müdiriyyətinə ərizə ilə müraciət edərək idarə etdiyi ** AD *** dövlət qeydiyyat nişanlı sanitar maşınını təmirə ehtiyacı olması barədə məlumat vermişdir və həmin avtomobilin təmir olunması barədə onlardan köməklik göstərilməsini xahiş etmişdir. Bu səbəbdən də cavabdeh müəssisənin rəhbəri onunla qərəzlilik apararaq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. Halbuki, Sumqayıt şəhər TTYS-nin çağırışçı həkimlərin tərtib etdikləri aktdan görünür ki, iddiaçı 1-ci dərəcəli sürücü kimi vəzifəsinin öhdəsindən layiqincə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi işin fakiki hallarına düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə qəbul etmişdir. Qeyd olunanlar əsasında şikayət təmin edilməlidir. Apellyasiya insatnasiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-22/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060-2886/2019 nömrəli, 11 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı –işçi ilə əmək münasibətlərinə xitam verilərkən, qanunvericiliyin tələblərinə riayət olunmuş, müvafiq əmr imzalanmış, işçiyə bu barədə məlumat verilməklə, onunla son haqq-hesab aparılmışdır. İddiaçı məhkəməyə əmək münasibətlərinə xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də qeyd eidlən əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsi üçüb heç bir əsas yoxdur. O cümlədən,əmək münasibətlərinə xitam verilməsində heç bir qanunsuzluq aşkarlanmadığından, iddiaçı işburaxmaya görə əmək haqqı hesablanmasını və ya digər zərərin əvəzini tələb etməkdə haqlı deyildir. İşə baxan məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı hesab edir ki, iddiaçı iddia müddətini ötürməmiş, məhkəmə kollegiyası bu mövqe ilə razılaşmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4602/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-22/2012 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi işin faktiki hallarına əmək və mülki prosessual qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, işdə olan sübutları düzgün qiymətləndirməmiş, maddi hüquq normalarının tələblərini pozmuşdur. İddiaçı barəsində intizam tənbeh tədbiri əmək funksiyasının pozulmasına görə deyil, etik davranış qaydalarının pozulmasına görə deyil, etik davranış qaydalarının pozulmasına, əmək intizamı pozulduğuna görə verilmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçının əmək müqaviləsindən irəli gələn əmək funksiyasının yerinə yetirməməsinin nədən ibarət olmasını aydınlaşdırmamış, mübahisələndirilən əmrin qanuniliyini qeyd olunan maddi hüquq normalarının tələbi baxımından düzgün qiymətləndirməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, öz izahatında apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh publik hüquqi şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 3.9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə 12. c bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biri kimi qeyd olunmuşdur. Maddə 12.2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə yalnız o halda yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 76.1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 76.2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 72. “ə” bəndinə görə əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 186.2. “ç” bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən tərəfindən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilə, yaxud əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilə bilər. Maddə 288. a bəndinə əsasən bu Məcəllə əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələrini nizama salır. Maddə 290.1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməlidir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, işçi qismində iddiaçı ilə işəgötürən qismində cavabdeh arasında 2003-cü il tarixli əmək müqaviləsi bağlanılmış, iddiaçı sürücü vəzifəsinə işə qəbul edilmiş, işəgötürənin xx.xx.2018-ci il tarixli Əmri əsasında Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndinə və 72-ci maddəsinin ə bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən çıxarılmasının qanunsuz və əsassız olduğunu bildirmiş, cavabdeh isə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələblərinə tam əməl olunduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işəgötürən qismində çıxış edən cavabdeh tərəfindən işçi iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci madəsinin “ç” bəndi ilə 72-ci maddəsinin ə bəndinə istinad etməklə xitam verilməsi zamanı əmək qanunvericiliyinin normalarının tələbləri pozulsa da, birinci instansiya məhkəməsi tərəfindən həmin hallar aydınlaşdırılmamış və tam araşdırılmamışdır. Belə ki, əmək müqaviləsinin xitamının əsası kimi istinad edilmiş müvafiq normanın dispozitiv şərtlərindən görünür ki, işçi özünün əmək funksiyasının və ya əmək müqvailəsi üzrə öhdəliklərinin yerinə yetirmədikdə və ya Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə qeyd olunan əsasla əmək müqvailəsinə xitam verilə bilər. Həmçinin, hazırki mülki iş üzrə işəgötürənin istinad etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndinin dispozitiv şərtlərində əmək funksiyasının kobud pozuntusu kimi işçinin əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilməsi halı qeyd olunmuşdur. Həmçinin, əmək qanunvericiliyinin normalarına əsasən əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu başa düşülür. Qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitamın əsası kimi Əmək Məcəlləsinin 72-ci maddəsinin ə bəndi və 70-ci maddəsinin ç bəndinə istinad etsə də, həmin halları iddiaçı işçinin əmək və icra intizamının, müəssisədaxili intizam qayalarının, işəgötərən qarşı etik davranış qaydalarının pozulması və intizamın pozulmasına görə iddiaçı işçi barəsində tənbeh tədbirinin tətbiq edilməsi, altı ay keçməmiş yenidən eyni hala görə tənbeh tədbirinin tətbiq edilməsi halları ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh işəgötürənin işdənçıxma barədə müvafiq əmrinin qanuniliyini yoxlayarkən, qeyd edilən halları düzgün araşdırmamış, həmin halları əmək qanunvericiliyinin qeyd olunan normalarının tələbi baxımından düzgün təhlil etməmiş, əmək funksiyasının pozulması halı ilə əmək intizamının pozulması halları aydınlaşdırılmamış, həmin hallara eyniməzmunlu məfhum kimi yanaşılmışdır, halbuki qeyd eidlən anlayışlar əmək qanunvericiliyinin normaları baxımından fərqli anlayışlardır. Bu baxımından qeyd olunmalıdır ki, işəgötürən cavabdehin əmək müqaviləsinin xitamının əsası kimi istinad etdiyi hallar əmək intizamının pozulması ilə bağlı deyil, məhz əmək funksiyasının (işçninin əmək müqaviləsi üzrə vəzifəsindən irəli gələn öhdəliklərin) icra edilməməsi, pozulması ilə bağlı halı özündə ehtiva edir. İndiki halda isə məhkəmədə tədqiq edilmiş sənədlər əsasında iddiaçı işçi ilə əmək müqaviləsinin əsası kimi istinad edilən halın müəyyən edilməsi baxımından işçninin əmək funksiyasını, yəni əmək müqaviləsi üzrə vəzifəsinə dair öz üzərinə götürdüyü öhdəliklərdən hansını icra etməməsi və ya lazımi qaydada icra etməməsi, bununla da əmək funksiyasının icra edilməməsinə görə onun barəsində tənbeh tədbirlərinin tətbiq edilməsi, habelə bununla bağlı Əmək Məcəlləsinin 71.2ci maddəsinin dispozitiv şərtlərinin də müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası əmək qanunvericiliyinin tələbi baxımından onu da qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən qeyd olunan əsasla əmək müqvailəsinə xitam verilən zaman işəgötürən bununla bağlı müəssisənin həmkarlar ittifaqı komitəsinə əsaslandırılmış yazılı təqdimatla müraciət etməli, təqdimata əsaslandırma sənədləri əlavə edilməlidir, komitə tərəfindən isə həmin təqdimata dair 10 gün müddətində əsaslandırılmış qərarını işəgötürənə təqdim etməlidir. Əmək qanunvericiliyində belə bir proseduru nəzərdə tutulmasında məqsəd işçilərin əmək hüquqlarının müdafiəsi baxımından su-istifadə hallarına yol verilməməsi və qeyd edilən prosedurun formal xarakterə mailk olmasının qarşısının alınmasından ibarətdir. İndiki halda hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən müvafiq razılıq alınsa da (müvafiq təqdimat xx.xx.2018-ci il tarixdə verilmiş, təqdimata heç bir əsaslandırma sənədləri əlavə edilməmiş, müvafiq razılıqla bağlı protokol xx.xx.2018-ci il tarizdə tərtib edilmiş, qərar “məktub” formasında tərtib edilmiş, müvafiq işdən çıxma əmri xx.xx.2018-ci il tarixdə verilmişdir) əmək qanunvericiliyinin qeyd olunan normasında ifadə edilmiş prosedur tələblərə riayət edilməsi halı da müəyyən edilməmişdir ki, bu hal da özlüyündə müvafiq razılığın formal ifadə olunmasını göstərir. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı işçi ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 68,70,71,72, 80-ci maddələrinin tələbləri pozulmuşdur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbi əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası cavabdehin hazırki mülki iş üzrə iddia müddətinin tətbiqi barədə yazılı ərizəsi ilə bağlı onu qeyd edir ki, əmək qanunvericiliyində qeyd olunmuş müddət kəsici müddət olmaqla, iddia müddəti qismində çıxış etmir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qeyd olunan müddət ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən qeyd olunan müddət ərzində məhkəməyə müraciət edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mülki iş üzrə qeyd olunan müddət tətbiq edilməmiş, həmin hal hazırki mülki iş üzrə mübahisələndirilməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, işin hallarına düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq norması düzgün tətbiq edilməmiş, bu hallar da düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şiakyəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas qismində çıxış edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(060-2886/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 cavabdeh Sumqayıt şəhəri Səhiyyə Şöbəsi Mərkəzi Qarajına qarşı işdən çıxma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt Şəhər Səhiyyə Şöbəsi Mərkəzi Qarajının sürücü vəzifəsində işləyən İddiaçı2 tutduğu vəzifədən azad edilməsi barədə 10 oktyabr 2018-ci il tarixli, 174/k saylı əmri ləğv edilsin. İddiaçı2 Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajında tutduğu əvvəlki vəzifəsinə (sürücü vəzifəsinə) bərpa edilsin və Sumqayıt Şəhər Səhiyyə Şöbəsi (indiki halda hüquqi varisi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxs) Mərkəzi Qarajı tərəfindən iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-707/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-707/2023
27.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver