Məhkəmə qərarları › İş №2(105)-708/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-708/2022

15.02.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-708/2022 15.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından Maraqlı şəxs şikayətinə əsasən işə apellyasiya qaydasında yazılı icraatda baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadı ilə (sədrlik edən, hakim Natiq İsmayılov) iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Maraqlı şəxs Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından vermiş olduğu şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, Maraqlı şəxs qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Şamaxı Rayon Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli, 2(074)-785/2013 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı3, İddiaçı2, İddiaçı4 cavabdehlər Cavabdeh və X2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, İddiaçı1 Şamaxı şəhəri H.Məmmədov küçəsi ev 23-də yerləşən iki mərtəbəli fərdi yaşayış evinə ailəsi ilə birlikdə köçürülməsi və onların həmin evə istifadə hüquqlarının tanınması qət edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 04 mart 2014-cü il tarixli, 2(074)-785/2013 saylı icra sənədi üzrə icraat təzələnmiş və icraya yönəlmişdir. Maraqlı şəxs şikayət verərək Şamaxı Rayon Məhkəməsinin 30 dekabr 2013-cü il tarixli, 2(074)-785/2013 saylı qətnaməsinə xitam verilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadı ilə Maraqlı şəxs Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)- 785/2013 saylı qərardadından şikayəti geri qaytarılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Maraqlı şəxs qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, vəsatət qaldırmadığı üçün məhkəmə qərardadla şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə ona heç bir məlumat verilməmişdir. Məhkəmə ərizəsinə əlavə olunmuş sənədləri ona qaytarmamışdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv edilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Maraqlı şəxs şikayətindən görünür ki, Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021ci il tarixli, 2(074)-785/2013 saylı qərardadını 23 sentyabr 2021-ci il tarixdə almışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi, qanunverici qərardaddan şikayət verilməsi ilə bağlı 10 günlük müddətin axımını, qərardadın surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi günlə əlaqələndirmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Maraqlı şəxs tərəfindən Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından şikayəti verilməsi müddətinin axımı qərardadın ona təqdim edildiyi günün sabahı, yəni 24.09.2021-ci il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maraqlı şəxs tərəfindən Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından şikayəti verilməsi müddəti 2021-ci ilin oktyabr ayının 4-də qurtarmışdır. İş materiallarından görünür ki, Maraqlı şəxs Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından şikayəti 13.10.2021-ci il tarixdə Şamaxı Rayon Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, qərardadı rəsmi qaydada aldıqdan sonra Maraqlı şəxs tərəfindən şikayət 10 gün müddətində deyil, 9 gün prosessual müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Maraqlı şəxs tərəfindən Şamaxı Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadından şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual müddətin keçməsi əsası ilə şikayəti geri qaytararkən prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Maraqlı şəxs şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133, 263-264, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli, 2(074)-785/2013 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar