Məhkəmə qərarları › İş №2(105)-708/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-708/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-708/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması tələbi barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: bağ sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X4 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. X5 tərəfindən verilmiş X1 görünür ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan 27 nömrəli bağ torpaq sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1986-cı il tarixə qeydə alınmış müqaviləsinə əsasən, İddiaçı daimi istifadəsinə verilmişdir.

2. X5 Cəmiyyəti İdarə Heyyətinin 5 saylı protokolundan xx.xx.2007-ci il tarixli Çıxarışa əsasən, 800 m2 torpaq sahəsindən ibarət № 27 saylı bağ ərazisinin İddiaçı ayrılması, “Xəzər” bağlarında bağı olduğu və yaşadığı nəzərə alınaraq Bağçılıq Yoldaşlıq cəmiyyətinə üzv qəbul edilməsi qərara alınmışdır.

3. Sumqayıt Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 893 saylı vəkil sorğusuna xx.xx.2021-ci il tarixli, 3179 saylı cavabına əsasən “Xəzər” və “Xəzri” Sumqayıt Bələdiyyəsinin təşkil etdiyi yerli məhəllə komitələri fəaliyyət göstərir. Xəzər bağçılıq və Xəzri adlanan ərazilərin diskolasiyası Sumqayıt Bələdiyyəsində mövcud deyildir.

4. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 272 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən Cavabdeh həqiqətən Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində yaşayır. Onun qəsəbə ərazisində S.Vurğun küçəsində dəniz tərəfdə əlavə olaraq 9,5 sot istifadə olunan torpaq sahəsi vardır.

5. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 36 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən , Bağçılıq Cəmiyyətinin üzvü olan siyahıda İddiaçı adına 27 saylı bağ yoxdur. Bu barədə heç bir məlumat yoxdur. Cəmiyyətin ərazisi Kimyaçılar qəsəbəsindən sürücülük məktəbinin arxasına qədər ərazini təşkil edir.

6. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzri” Məhəllə Komitəsinin 293 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən, İddiaçı adına Sumqayıt şəhər “Xəzri” MK-nın ərazisində torpaq sahəsi yoxdur.

7. Sumqayıt şəhər Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 09 saylı xx.xx.2021-ci il tarixli arayışına əsasən 1 saylı Məhəllə Komitəsinin ərazisi Kimyaçılar qəsəbəsindən Sürücülük məktəbinə qədər S.Vurğun küçəsinin dəniz tərəfi daxil olmaqla əhatə olunur. Bu ərazidə Xəzri yaşayış massivi yoxdur. İddiaçı adına olan 27 saylı bağ sahəsi barədə onlarda heç bir məlumat yoxdur.

Birinci instansiya məhkəməsində icraat

8. İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, Xəzri yaşayış massivində yerləşən 27 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ilin əvvəlində Xəzər Bağçılıq cəmiyyətinə ərizə ilə müraciət edərək həmin bağçılıq cəmiyyətinə üzv qəbul edilməsini xahiş etmişdir. Xəzər Bağçılıq cəmiyyəti idarə heyətinin üzvlərinin yığıncağı ilə xx.xx.2007-ci il tarixli 5 saylı protokola əsasən həmin cəmiyyətə üzv qəbul edilərək ona 800 kv.metr torpaq sahəsi olmaqla 27 saylı bağ sahəsi ayrılmışdır. xx.xx.2007-ci il tarixdə «Xəzər bağçılıq» cəmiyyətinin qərarına əsasən o, bağçılıq cəmiyyətinə üzv qəbul edilərək 27 saylı bağ sahəsi verilmişdir. Həmin bağ sahəsi onun qanuni sahibliyində olmasına baxmayaraq, Cavabdeh həmin bağın ona məxsus olduğunu iddia edərək qanunsuz olaraq 27 saylı bağı zəbt etmiş və ona məxsus bağ sahəsinə daxil olmağına imkan vermir. Qeyd edir ki, hazırda həmin ərazi Xəzri yaşayış massivi adlanır. Cavabdeh ona məxsus 27 saylı bağ sahəsini qanunsuz zəbti nəticəsində onun həmin bağdan çıxarılması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxilələrə son qoyulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin olunaraq İddiaçı adına verilmiş bağçının üzvlük kitabçasının və üzvlüyə qəbul edilməsinə dair xx.xx.2007-ci il tarixli protokolun etibarsız hesab edilməsi, istifadəsində olan torpaq sahəsinə müdaxiləyə son qoyulması və dövlət rüsumu kimi köçürdüyü 100 manat pulun, hüquqi yardımla bağlı köçürdüyü 111 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəf məhkəmədə ona qarşı iddia qaldırmaqla «Xəzər» bağçılıq yoldaşlığı Cəmiyyətinin xx.xx.2007-ci il tarixli Qərarına əsasən ona verilmiş 27 saylı sahəsi 800 kv.m. olan bağ sahəsindən çıxarılmağını xahiş etmişdir. O, iddia tələbini qəbul etmir və qarşılıqlı iddia tələbi ilə müraciət edərək bildirir ki, iddiaçının əlində əsas kimi tutaraq bu gün ona qarşı iddia qaldırdığı kitabçanın ona 2007-ci ilin fevral ayında verildiyini və həmin tarixdə cəmiyyətə üzv qəbul olunduğunu göstərmişdir, halbuki qeyd edilən vaxtlarda o, Rusiyada yaşamış, Azərbaycanda olmamışdır. Bundan başqa, onun nə «Xəzər» bağlarında, nə də «Xəzri» bağlarında torpaq sahəsi olmamış və cavabdehin bu gün onun çıxarılmasını iddia etdiyi, faktiki olaraq «Xəzri» yaşayış massivinə aid edilən, sahəsi 950 kv.m. olan torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə ki, o, 1991-ci ildən bu torpaq sahəsini faktiki olaraq tutmuş və istifadə edir, bu ərazidə o, yüzlərlə meyvə ağacı əkmişdir. Əgər həqiqətən də 2007-ci ildən bu torpaq sahəsi cavabdehə verilmişsə nə üçün keçən bu 15 il ərzində o, həmin torpaq sahəsini axtarmamış və bununla bağlı iddia qaldırmamışdır. Onun istifadəsində olan sahə «Xəzri» yaşayış massivinin tərkibində olmaqla onun «Xəzər» KBYna hər hansı bir aidiyyəti yoxdur və o, bununla bağlı həmin cəmiyyətdə olmuş, araşdırılmış, müəyyən edilmişdir ki, iddiaçının adı ümumiyyətlə qeydiyyat kitabına daxil edilməmişdir, bu saxta kitabçanı ona keçmiş cəmiyyət sədri olmuş və dünyasını dəyişmiş H.Camalov adlı şəxs vermişdir. Onu da qeyd edir ki, «Xəzər» BYC-nə yalnız vətəndaşların işlədiyi müəssisələrin həmkarlar İttifaqlarının müvafiq Protokolları əsasında bağ sahəsinə ehtiyacı olan şəxslər üzvlüyə qəbul olunur və onlara ayrılmış bağ sahəsinin təhkim aktları tərtib olunaraq təqdim edilir. Lakin qarşı tərəf bu saxla kitabçanı əlində əsas tutaraq idida edir ki, guya həmin kitabçada göstərilən ərazi bu gün onun faktiki istifadəsində olan ərazidir, halbuki iddiaçı bunu təsdiq edən hər hansı bir sənədi təhkim və ya ayrıc aktı, torpağın plan və ölçüsünü təqdim etməmişdir. O, bu torpaq sahəsindən istifadə etməklə bələdiyyə vergilərini ödəyir və bundan başqa həmin torpaq sahəsinə su xətti çəkdirmişdir. Onu da qeyd edir ki, qarşı tərəf dəfələrlə onun bağının qıfılını qırmış, qapısını sökərək aparmış və o, bununla bağlı AR DİN-nin 102 xidmətinə və polisə də şikayət etmişdir. Bu şəxsin məqsədi onun bağını əlindən almaq, sataraq başqa şəxslərə olan borcunu ödəməkdir. O, onkoloji xəstəlikdən əziyyət çəkir, 2-ci qrup əlildir, iddiaçının bu hərəkətləri ona ağır təsir etmişdir. İddiaçı hazırda əlində bu saxta kitabçanı əsas tutaraq hər yerə təqdim edir və onun 30 ildən artıq müddətdə baxaraq qulluq etdiyi bu bağın ona məxsus olduğunu bildirir, halbuki bu bağın ona heç bir aidiyyəti yoxdur. Cavabdehin bu gün ona qarşı məhkəmədə iddia qaldırmasına əsas kimi istinad etdiyi bağçının üzvlük kitabçası və protokol saxta olduğu üçün etibarsız hesab edilməli və iddiaçının onun istifadəsində olan torpaq sahəsinə qanunsuz müdaxiləsinə son qoyulmalıdır. Onu da qeyd edir ki, tərəfindən Sumqayıt şəhər Bələdiyyəsinə verilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, Xəzri yaşayış sahəsinə aid olan ərazi ilə «Xəzər» bağlar sahəsinə aid olan ərazi müxtəlif sahələri əhatə edir, yəni iddiaçının əlində əsas tutduğu kitabçanın ona məxsus torpaq sahəsinə hər hansı bir aidiyyəti yoxdur.

12. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar rədd edilmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. (hakim Almaz Süleymanova)

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ilkin iddiaçı tərəfindən torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin plan və ölçüsü, koordinatları və s.) təqdim olunmadığından həmin torpaq sahəsinin sərhədlərini və koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bu isə cavabdeh tərəfindən iddia edilən torpaq sahəsinə müdaxilə olub-olmamasını, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyində olmasını müəyyən etməyə imkan verməmişdir. İlkin iddiaçının istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir. İddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Bununla da iddia edildiyi kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, hazırkı halda qarşılıqlı iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Ona görə məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görməmiş və iddia qaldırmaq hüququna malik olmadığından qarşılıqlı iddia üzrə iddiaçını tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3, 238.1, 241.2, Torpaq Məcəlləsinin 4, 5, 68, 80, 111-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiyası məhkəməsində birinci icraat

Apellyasiya şikayətlərinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsini, həmin iddianın təmin olunmasını, qalan hisədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

16. Cavabdeh da apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv edilməsini, həmin iddianın təmin olunmasını, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Şikayətin dəlilləri:

17. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi qətnaməsində qeyd etmişdir ki, onun istinad etdiyi bağçılıq kitabçası ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyildir, iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiq edən ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir, bununla da iddia edildiyi kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə olubolmadığını müəyyən etmək mümkün olmamışdır. Halbuki Cavabdeh ona qarşı bağçı üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsi və torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməklə, dolayı yolla ona məxsus bağ sahəsini zəbt etdiyini etiraf etmişdir. Lakin məhkəmə həmin hala hüquqi qiymət verməyərək əsassız qətnamə qəbul etməklə onun qanuni hüququnu pozmuşdur. Hazırda bağçılıq cəmiyyətinin ona bağ sahəsinin ayrılmasına dair protokolu və həmin protokol əsasında verilmiş bağçının üzvlük kitabçası qüvvədə olmasına baxmayaraq, məhkəmə tərəfindən iddia tələbi təmin edilməmişdir.

18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ilkin iddia tələbinin rədd edilməsi ilə bağlı maddi hüquq normalarına düzgün istinad etmiş və həmin normalar əsasında mübahisəyə qiymət vermişdir. Lakin onun qarşılıqlı iddia tələbini təmin etməyən məhkəmə belə bir qənaətə gəlmişdir ki, onun iddiaçının adına olan sənədlərin-bağçının üzvlük kitabçasının və protokolun etibarsız hesab edilməsinə dair iddia qaldırmağa subyektiv hüququ yoxdur və bu nəticəyə gələn məhkəmə “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına istinad etmiş və göstərmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırlmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki halda o, subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli torpaq sahəsi qanuni əsaslarla qarşılıqlı iddia üzrə iddiaçının istifadəsinə ayrılmamış, torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqları dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə qarşılıqlı iddia üzrə tələbin əsaslığının araşdırılmasına zərurət görmür və iddia qaldırmaq hüququna malik olmadığından qarşılıqlı iddia üzrə iddiaçının tələbinin rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə prosesində yetərincə tədqiq edilmiş sübutlarla İddiaçı adına kitabçanın qanunsuz verildiyi öz təsdiqini tapmış və bu hallar da Azərbaycan Respublikası MM-nin 337, 339-cu maddələrinə əsasən kitabçanın etibarsız hesab edilməsinə əsas vermişdir. Həmin iddia tələbində qoyulan digər tələb qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən onun torpaq sahəsindən istifadə etməyinə yaradılmış maneə ilə bağlı olmuş və bu hal da məhkəməyə təqdim etdiyi cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarla öz təsdiqini tapmışdır. Lakin məhkəmə onun qarşılıqlı iddia tələbini bu hissədə də təmin etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Lakin məhkəmə onun hüquqlarına təminat verməmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-851/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi hakim), Şəmsəddin Abasov və Səyyad Qafari).

Kassasiya instansiyası məhkəməsində icraat

20. İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsini, həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022ci il tarixli 2(102)-5471/2022 nömrəli qərarı ilə ilkin iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-851/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qarşılıqlı iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və Əhməd Nurməmmədov) .

22. Məhkəmə hesab etmişdir ki, məlum olduğu kimi, X2 nömrəsi göstərilməklə ayrılan bağ sahələrinin sərhədlərinin əks olunduğu plan-cizgi sənədləri bağ təsərrüfatı idarələrində saxlanılırdı. Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edildikdən sonra həmin idarələrin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” 22 may 2007-ci il, tarixli, 2186 №-li Sərəncamı). Buna baxmayaraq hazırkı işə baxan məhkəmələr ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin plan-cizgi sənədlərinin aidiyyəti dövlət qurumundan alınması və zəruri olduqda ekspertiza tədqiqatı aparılması imkanlarını tərəflərlə müzakirə etməmişlər. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; mütəxəssisin məsləhətini və şərhini dinləmək, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (§ 43-47, 49-50). Baxılan işdə isə bu tələblərə əməl olunmamış, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılması, sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl edilməmişdir (§ 42, 48, 51).

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

28. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

32. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

33. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

35. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

36. Maddə 4. Torpaq sahəsi-dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

37. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

38. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

39. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

43. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

46. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

47. 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

48. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

49. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

50. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2022ci il tarixli 2(102)-5471/2022 nömrəli qərarından görünür ki, ilkin iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-851/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin ilkin iddiaya aid hissədə ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

54. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsinin ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətinə əsasən ilk iddianın təmin edilməməsi hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə (ilk iddianın təmin edilməməsi hissəsində) dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı, X5 tərəfindən verilmiş X3 və X5 Cəmiyyəti İdarə Heyyətinin 5 saylı protokolundan xx.xx.2007-ci il tarixli çıxarışa istinad edərək, Sumqayıt şəhəri Səməd Vurğun küçəsinin sonunda Bağşılıq cəmiyyətinin sahəsindən 800 m2 olan 27 nömrəli bağ torpaq sahəsinin onun istifadəsinə verildiyini, Cavabdeh həmin sahəyə qanunsuz sahiblik etdiyini bildirərək ilkin iddia tələblərini irəli sürmüşdür. Birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən ona istinad etmişdir ki, İddiaçı istinad etdiyini bağçılıq kitabı ilə mübahisələndirilən torpaq sahələrinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün deyil. İlkin iddiaçı tərəfindən mübahisələndirilən ərazinin ona ayrılmasını təsdiqləyən, ixtiyarlı subyekt tərəfindən təqdim edilmiş plan və ölçü məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilə olub-olmamasını müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi yuxarıda göstərilən qərarında qeyd edilənləri mübahisəli torpaq sahəsinə dair ilkin iddianın rədd edilməsi üçün kifayətedici əsaslandırma hesab etməmişdir.

57. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini, İddiaçı istinad etdiyi sənədlər üzrə 27 saylı bağın sərhədlərinin müəyyən olunması və mübahisəli torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi ilkin iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməsini nəzərə alaraq, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Sumqayıt Filialına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müvafiq sorğular göndərilmişdir. Lakin hər dörd sorğunun müsbət icrasının mümkün olmamasına dair cavablar məhkəməyə daxil olmuşdur.

58. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı bağçılıq kitabı əsasında mübahisələndirilən torpaq sahəsinin sərhədlərini, yerləşmə vəziyyətini müəyyən etmək mümkün olmadığından, mübahisələndirilən ərazinin ilkin iddiaçıya ayrılmasını təsdiqləyən plan və ölçü məhkəməyə təqdim edilmədiyindən, iddia edilən torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

59. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

60. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

61. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməməsinə dair hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli 2(060)-8415/2021 nömrəli qətnaməsi ilkin iddianın təmin edilməməsinə dair hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar