Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-712/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ə.Məmmədov) Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 xx xxxx 1957-ci il tarixdə Quba rayonu, Timiryazev kəndində anadan olmuşdur. X1, anaları X8r. qızıdır. X3 1978-ci ildə X2 şəhərinə getmiş, həmin vaxtdan qardaşı ilə əlaqələri kəsilmişdir. O, qardaşını axtarmağa cəhdlər etmişdir. Belə ki, bununla bağlı Quba rayon Polis şöbəsi tərəfindən Rusiya Federasiyasının DİO-na müvafiq sorğu məktubları göndərilmiş, axtarış tədbirləri həyata keçirilmiş, lakin bugünədək qardaşı Əzizdən heç bir xəbər yoxdur. Uzun illərdir ki, qardaşı itkin düşmüş və bu günə kimi onu görən və barəsində nəsə eşidən olmamışdır. Qardaşı Ə.A.Əzizovun ölümünün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, şöbənin xx.xx.2020-ci il tarixli 508 nömrəli məktubu ilə ona bu barədə imtina verilərək, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qardaşının ölmüş elan edilməsi onlara vərəsəlik məsələsinin həlli üçün lazımdır. Qardaşının ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1957-ci ildə Quba rayonu, Timiryazev kəndində anadan olmuş X3nun ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edən vaxtı, göstərilən sübutları məhkəməyə təqdim edərək qardaşının 1978-ci ildən Rusiya Federasiyasına getməsini, həmin vaxtdan bu vaxta kimi onunla əlaqə olmamışdır. Məhkəmə ərizəni rədd edərkən qardaşının 1978- 1979-cu illərdə Rusiya Federasiyasına getməsini və geri qaytarmamasını müəyyən etmiş, lakin onun axtarılması ilə bağlı Quba RPŞ-nə müraciət edildikdən 14 gün sonra məhkəmədə iddia qaldırılmasını qeyd etmiş, onun axtarılması istiqamətində 5 il ərzində tədbirlər həyata keçirildikdən sonra məhkəməyə müraciət edilməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Qardaşının nəinki beş il, 20 ildən çoxdur harada olması barədə məlumat yoxdur, hətta onlarda belə bir məlumat var ki, o, hələ 1990-cı illərdə ölmüşdür. Bundan başqa hazırkı iddia ona vərəsəliklə bağlı məsələnin həll edilməsi üçün lazımdır. Quba Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1758/2020 saylı qətnaməsinin ləğv olunması, ərizənin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə Ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ərizəni qismən təmin edərkən, ərizəçinin qardaşının axtarılması ilə bağlı Polis Şöbəsinə müraciət edildikdən sonra 14 gün sonra iddia qaldırılmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, T.A.Əzizova (Məmmədova) X7 ilə X6 birgə nikahından doğulub. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 508 nömrəli məktubundan görünür ki, Ə.A.Əzizovun ölümünün qeydə alınması ilə bağlı imtina verilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İşə əlavə olan Quba rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, xx.xx.1957-ci il təvəlldülü Ə.A.Əzizov qohumları ilə əlaqələri itirilmiş şəxs kimi axtarışa verilmiş və hazırda Ə.Əzizovun tapılması üçün axtarış tədbirləri davam etdirilir. Quba rayon Polis şöbəsinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilir ki, X10 xx.xx.2020-ci il tarixli müraciəti əsasında xx.xx.1957-ci il təvəlldülü Ə.A.Əzizovun axtarışı ilə əlaqədar Rusiya Federasiyasının DİO-na müvafiq sorğu məktubları göndərilmiş, axtarış tədbirləri həyata keçirilmişdir; İş materiallarında olan Quba rayonu Timiryazev bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 144 nömrəli arayışında göstərilir ki, Ə.A.Əzizov 2000-ci ildən hal-hazıradək Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində yaşamamış və onun harada olması barədə heç bir məlumat yoxdur. Məhkəmə kollegiyası Ərizəçi məhkəmə tərəfindən ərizənin təmin edilməməsini, bu barədə beş il ərzində məlumat olmaması barədə gətirdiyi dəlilə qiymət verərək, həmin dəlili qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Bununla bağlı məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra mümkündür. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan aydın olur ki, o, qardaşının axtarılması ilə bağlı Quba RPŞ-nə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və bu vaxtdan 14 gün sonra məhkəmədə iddia qaldırmışdır. Ərizəçi təqdim etdiyi digər sənədlərdə Ə.A.Əzizovun 2000-ci ildən Quba rayonu Timiryazev bələdiyyəsi ərazisində yaşamadığı, onun barəsində Quba RİH başçısının Alekseyevka kənd inzibati dairəsi üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında heç bir məlumat olmadığı göstərilir. Lakin, bu məlumatlar heç də Ə.A.Əzizovun ölmüş elan edilməsi üçün əsas ola bilməz. Hazırki mübahisəni tənzimləyən yuxarıda qeyd olunan maddənin “...şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa” müddəasını məhkəmə həmin şəxsin yalnız yaşayış yerində olmaması kimi qəbul etmir. Başqa sözlə, şəxsin digər ərazidə, şəhərdə, ölkədə yaşadığı halda, bu barədə hər hansı bir məlumatın onun yaşadığı yerə daxil olmaması, onun ölmüş hesab edilməsi üçün əsas ola bilməz. Şəxs yaşayış yerini tərk etdikdən sonra olduğu yer məlum olmadıqda, onun axtarılması istiqamətində hazırkı halda 5 il ərzində real hərəkətlər həyata keçirilməlidir. Məhkəmə kollegiyası ərizəçinin hazırkı iddia ilə məhkəməyə müraciət ətmək üçün əsası yalnız Quba RPŞ-nə müraciət etdiyi xx.xx.2020-ci il tarixdən beş il keçdikdən sonra yarana bilər. Ölmüş elan edilməli olan şəxsin qohumları tərəfindən Quba RPŞ-nə xx.xx.2020-ci il tarixdə müraciət edilmiş və ancaq bundan sonra axtarış tədbirləri həyata keçirilməyə başlamışdır. Bu da onu göstərir ki, ərizəçidə qardaşı Ə.X4 getməsi barədə məlumat olsa da, sonuncunun qanunla nəzərdə tutulmuş qaydada son beş il ərzində nə ölkə ərazisində, nə də ki Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının tərəfdaş çıxdığı “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyası çərçivəsində Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Bu baxımdan, məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(027)-1758/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-712/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-712/2021
01.02.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver