Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-713/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə (Açar sözlər: əsassız varlanma, pul vəsaitinin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)-309/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Qəbzin kserosurətindən görünür ki, Cavabdeh, X6 və İddiaçı akt tərtib edərək, akta əsasən Cavabdeh, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllənin arxasında, 33 marşrutunun dayanacağı yaxınlığında 1 sot yarım torpağı İddiaçı verdi, torpağa 6000 manat qiymət verdi. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6000 manat məbləğində pulun və ödənilmiş 80 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllənin arxasında, 33 marşrutunun dayanacağı yaxınlığında 1 sot yarım torpağı 6000 manat məbləğində pul verərək cavabdehdən almışdır. Bu barədə onlar qəbz tərtib etmişlər. Lakin cavabdeh sonradan torpaq sahəsini ona verməkdən imtina etmişdir. O, ödədiyi pulu da qaytarmaqdan imtina edir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)-309/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 6000 manat məbləğində pul və ödənilmiş 80 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehə razılaşdırılmış pul məbləğini versə də, sonradan tərəflər torpaq sahəsinin alqı-satqısını qanunda nəzərdə tutulmuş qaydada təsdiqlətməmişlər və daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1 və 386-cı maddəsinə istinad etmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam şəkildə rədd olunmasına dair qərar qət edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən heç bir araşdırma aparılmamış, iddiaçının formal mülahizələrinə əsasən, qərəzli qərar qəbul edilmişdir. Belə ki, məhkəmə öz qərarını nə sənədi olduğunu məlum olmayan bir A4 vərəqində edilmiş cızmaqaraya mötəbər sübut kimi qiymət vermiş və əsaslanmışdır. Həmin A 4 vərəqinə iddiaçı borc haqqında iltizam qiyməti vermişdir. Halbuki onun üzərində belə borc haqında heçnə yazılmamışdır. Məhkəmə də iddiaçının mülahizəsi olduğu kimi qəbul etmişdir. Həmin A4 kağızında belə 6000 manat pulun alınıb-verilməsi barədə heçnə yoxdur. Həmin kağızda qeyd olunur ki, o, 1 sot yarım torpağa 6000 AZN qiymət verdi. Azərbaycan dilinin orfoqrafik qaydalarına əsasən "qiymət vermək" ifadəsi nəisə, hansısa əşyanın qiymətləndirmək, qiymətini müəyyən etmək deməkdir. Yəni, həmin A 4-də belə pulun alınıb-verməsi təqsdiq olunmur. Əslində isə məsələ ondan ibarətdir ki, istifadəsində olan torpaq sahəsini satmaq qərarına gəlmişdi, həmin A 4-də imzası olan və iddiaçının kürəkəni X6 öz həyat yoldaşı ilə ona yaxınlaşmış və torpaq sahəsini almaq istədiyini bildirmişdir. Ona ailə üzvlərinin yanında 2000 manat pul verə biləcəyini, qalan 4000 manatı isə bir neçə ay ərzində çatdıracağını bildirmişdir. O da onunla razılaşmış və Sumqayıt şəhər Bələdiyəsinin 76-cı məhəllə Komitəsinin inzibati binasında bu A4 kağızını imzaladıq ki, torpağın dəyəri 6000 manatdır. Bir neçə ay sonra isə qalan pulun ona ödənilməməsi barədə Nurulla Aşurovaya dəfələrlə bildirsə də, heç bir nəticə olmadı. Ona görə də onun Bakı şəhərində yaşadığı yeri öyrəndikdən sonra oğlu ilə birlikdə oraya gedib, ona verdiyi 2000 manatı qaytardı və torpağı onlara satmadığını bildirdi. Əgər iddiaçı öz kürəkəni tərəfindən aldadılıbsa da, bunun ona heç bir aidiyyatı yoxdur. İddiaçıdan borc pul məbləği almamış, onun qarşısında heç bir öhdəliyi yoxdur, məhkəmə iddiaçının formal mülahizələrinə və üstündə cızma-qara edilən bir ədəd A4 kağız parçasına istinad etmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar və şahid ifadələri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı və onun nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, izahatlar verərək, öz izahatlarında iş üzrə apellyasiya şikayətinin təmin edilməməsini, məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş öz ifadəsində X6 qeyd etmişdir ki,torpaq sahəsi alınması üçün cavabdehlə danışmışıdıqlarını,cavabdeh torpaq sahəsini 6000 manata satdığını bildirdiyini, bu barədə razılaşdıqlarını, bununla bağlı ərizə də yazdıqlarını, imzaladıqlarını, qaynanası, o və yoldaşı orada idi. Cavabdeh ona pul qaytardığını desə də, ona pul qaytarmadığını bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iş materiallarında olan müvafiq qəbzi özünün imzaladığını, müvafiq torpaq sahəsini satılması ilə bağlı iddiaçının kürəkəni X3 6000 manat pul məbləğini aldığını, lakin sonradan razılaşmadıqlarından, aldığı puılu iddiaçının kürəkəninə qaytardığını, həmin torpaq sahəsinə dair qəbzi tərtib edərkən yanlarında iddiaçının da olduğunu, o bütün məsələləri iddiaçı ilə yox, onun kürəkəni ilə razılaşdırdığını, sonradan bəzi məsələlər ona bəlli olduğundan,satmaq fikrindən daşındığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş iddiaçının kürəkəni X6 öz ifadəsində cavabdehə pulu qaynanası iddiaçı tərəfindən verildiyini, torpaq sahəsini də qaynanası aldığını, ona cavabdeh tərəfindən heç bir pul vəsaiti qaytarılmadığını bildirdi. Göründüyü kimi, cavabdeh məhkəmə iclasında şahid qismindiə dindirilmiş X4 pul vəsaitini ödədiyini bildirsə də, həmin şəxs bu halı təkzib etmişdir. Cavabdeh tərəfindən isə həmin halın müəyyən edilməsinə, habelə pul vəsaitinin geri qaytarılması halına dair heç bir sübut vasitəsi təqdim edilməmişdir. Bununla da cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi torpaq sahəsini iddiaçıya yox, kürəkəninə satması, pul vəsaitini iddiaçıdan yox, kürəkənindən alması, ona qaytarması halı öz təsdiqini tapmamışdır. Bundan əlavə cavabdehin məhkəmə iclasında verdiyi izahatları da apellyasiya şikayətinin məzmunu ilə ziddiyət təşkil etmişdir ( apellyasiya şikayətinin məzmununda 2000 manat aldığını, onu da qaytardığını qeyd etsə də, məhkəmə iclasında 6000 manat pul vəsaitini aldığını və qaytardığını bildirmişdir). Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh 6000 manat məbləğində pul vəsatini geri qaytardığını bildirsə də, bununla bağlı heç bir sübut vasitəsi məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, qeyd olunan halla bağlı sübutetmək öhdəliyi məhz cavabdehin üzərinə düşmüşdür. Bununla da məhkəmə araşdrıması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçının qeyd olunan məbləğdə pul vəsaitindən məhrum olması halı öz təsdiqini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmiş, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(028)-309/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-713/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-713/2023
06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver