Məhkəmə qərarları › İş №2(105)-713/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-713/2024

21.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-713/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3678/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilini tam boşaldaraq İddiaçı təhvil vermələri qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzili tam şəkildə boşaldaraq iddiaçıya təhvil vermələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 43 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən 18 may 2021-ci il tarixdən tam payda İddiaçı xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 iddiaçının əmisinin yoldaşı və qızıdır. Sözügedən mənzil 1999cu il tarixdə iddiaçının nənəsi X1 Azərkimya tərəfindən verilmiş, daha sonra vərəsəlik ilə babasının mülkiyyətinə keçmiş, hazırda isə özünün mülkiyyətindədir. Azərkimya tərəfindən mənzil verildikdən sonra cavabdehlər dövlət tərəfindən mənzil ilə təmin olunana qədər orada yerləşdirilmiş, 2022-ci ilə kimi orada yaşamışlar və 12 sentyabr 2022-ci il tarixdə 570 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 70 saylı mənzil ilə təmin edilmişdirlər. Hazırda cavabdehlər həmin mənzildə yaşayırlar. Buna baxmayaraq iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 43 saylı mənzili mülkiyyətçisi İddiaçı təhvil verməkdən boyun qaçırırlar. Belə ki, cavabdehlər mənzilin açarın ona verməkdən boyun qaçırırlar. Lakin bu tamamilə əsassızdır. Heç bir hüquqi əsası yoxdur. Onların bu hərəkətləri iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Yuxarıda da qeyd edildiyi kimi mübahisə predmeti olan mənzil məhz cavabdehlərə dövlət tərəfindən mənzillə təmin edilənə kimi müvəqqəti yaşamaları üçün verilmişdir. İddiaçı tərəfindən dəfələrlə mənzili təhvil vermələri ilə bağlı cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq nəticəsi olmamışdır. Qeyd edir ki, hazırda mənzildə heç kim yaşamır. Cavabdehlər dövlət tərəfindən verilmiş mənzildə yaşayırlar, iddiaçı isə göstərilən səbəblərdən xüsusi mülkiyyətində olan mənzilində nə yaşaya bilir, nə də mənzillə bağlı digər mülkiyyət hüquqlarını realizə edə bilir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Hüquq münasibətləri yaranan vaxt (2009cu il 1 oktyabr tarixədək) qüvvədə olan Mənzil Məcəlləsinin 53-54-cü maddələri kirayə müqaviləsi əsasında yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini və kirayəçinin kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə ailə üzvləri kimi başqa vətəndaşları köçürmək hüququnu tənzimləyir. O, mübahisəli mənzilin kirayəçisi olmuş, Nərgiz Quliyevanın ailə üzvü (nəvəsi) qismində köçürüldüyü üçün onun bu mənzilə istifadə hüququ vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehlərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini mübahisəli mənzil cavabdehlər tərəfindən əsassız olaraq istifadə edilməsi, cavabdehlərin mübahisəli mənzildən çıxmaması mülkiyyətçi İddiaçı hüquqlarının pozulmasına səbəb olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh2 tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Hazırkı iddia tələbi mənzilin boşaldılması barədədir. İddia tələbinin maddi hüquqi əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. ünvan 1 ünvanında yerləşən 43 saylı mənzilin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Mülki Məcəllənin 157.2. maddəsi). Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxsin mülkiyyətində istənilən daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ şəxsin əmlak üzərində istədiyi kimi maneəsiz sahiblik, istifadə və sərəncam vermək hüququnu ehtiva edir. Hər hansı şəxsin mülkiyyətində olan əmlakdan digər bir şəxsin istifadə etməsi yalnız mülkiyyətçinin razılığı və iradə ifadəsi ilə mümkün ola bilər. Əmlakın mülkiyyətçisi olan şəxsin iradəsinə zidd əmlakdan istifadə etmək mülkiyyət hüququna müdaxilə təşkil edir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyinə son qoyularaq, əmlakını geri tələb edə bilər. İddiaçı mübahisə predmeti təşkil edən əmlaka mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehin mənzildə hər hansı bir hüququ yoxdur. İddiaçının isə əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından və onun bu hüququ mübahisələndirilmədiyindən, mülkiyyət hüququnun qeydiyyatı tamlığı prezumpsiyasına malik olduğundan, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq onun mülkiyyət hüququnun müdafiəsi tələbi əsaslı hesab edilməklə iddia təmin olunmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri üzrə sektorunun xx.xx.2023-cü il tarixli, 381 nömrəli məktubuna əsasən Zəngilan rayonundan məcburi köçkün Cavabdeh1 və Cavabdeh2 Zəngilan rayon İcra Hakimiyyətinin Sumqayıt şəhəri üzrə səlahiyyətli nümayəndəsinin Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhər sektoruna təqdim etdiyi 9438 nömrəli karta əsasən qeydiyyata alınmışdır və ilkin olaraq ünvan 3 ünvanında məskunlaşmışdır. Sonradan 4-cü mkr., 7 saylı yataqxana, otaq 43 ünvanında məskunlaşmışdır. xx.xx.2022-ci ildə 570 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən 12-ci mkr., Yeni yaşayış Kompleksi-1005, bina 6, mənzil 70 ünvanında yaşayış sahəsi ilə təmin olunmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə hüquq əldə etmədən həmin mənzildə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, Cavabdeh2 həmin mənzildən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 31 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar