Məhkəmə qərarları › İş №2(105)-714/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-714/2021

22.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-714/2021 22.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: X6 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Baytarlıq idarəsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) iddianın təmin olunması, Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin “kompyuter operatoru” vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz rayon baytarlıq idarəsi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqının ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon baytarlıq idarəsinin onun işdən çıxarılması barədə xx.xx.2020-ci il tarixli 16 saylı əmrinin ləğv edilməsi, orta aylıq əmək haqqının ödənilməsi və işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh təşkilatın rəisi Ağali Ağabalayevin xx.xx.1987-ci il tarixli 38 nömrəli əmri ilə Xaçmaz rayon heyvan xəstəlikləri ilə mübarizə stansiyasına baytar vəzifəsinə qəbul edilərək həm sanitar həm də makinaçı işləmişdir. 2018-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə şikayət yazıb operator vəzifəsinə keçirilməsini xahiş edəndən sonra xx.xx.2018-ci il tarixdə həmin tarixli 4 nömrəli əmrlə kompüter operatoru vəzifəsinə keçirilmişdir. Onun bu vəzifəyə keçməsi idarənin rəisi Şirzad Mahmudovun xoşuna gəlməmişdir. Çünki o, onun və onunla işləyən vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə və saxtakarlığına etiraz etmişdir. xx xxxx 2020-ci ildə işçiləri Ağabəy Məmmədovun ad günü olmuş, karantin dövrü olmasına baxmayaraq rəis Ş.Mahmudov və onun saxtakarlığında iştirak edən əlaltıları məclis qurub, yeyib içəndən sonra sərxoş rəis ondan və sanitar işləyən bacısı Gülnarədən qonaqlıqda istifadə etdikləri qabların yuyulmasını tələb etmişdir. Onlar imtina etdiklərinə görə əsəbiləşən Ş.Mahmudov orada olan 5-6 nəfərə üzünü tutub demişdir ki, Gülnarə və Lenura bacıları ilə işləmə istəmir, siz də deyin ki, biz də istəmirik. xx.xx.2020-ci il tarixli 16 nömrəli əmri alanda bilmişdir ki, heç bir nöqsanı olmayan onu və bacısı X7 qanunsuz və əsassız olan əmrlə 34 ilin işçisini işdən azad etmişdir. Həmin əmr qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, o işinə bərpa edilib məcburi işburaxmaya görə 3 aylıq əmək haqqısı ödənilməlidir. Müdiriyyət Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu məcəllənin 70-ci maddəsinin «b» və «ç» bəndlərində göstərilən əsaslarla onun əmək müqaviləsini müəssisənin X2 qabaqcadan razılığı alınmaqla ləğv edə bilərdi. X1 işdən azad edilməsinə razılıq verən belə bir əsaslı qərarı olmamışdır. Müəssisənin X1 işdən azad edilməsinə razılıq verən qanuna uyğun qərarı yoxdur. Çünki belə bir iclas keçirilməmişdir. X3 təşkilatına əsaslandırılmış yazılı təqdimatı olmamışdır. Cavabdeh təşkilat Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən cavabdeh təşkilatın rəhbəri intizam tənbehini ona intizamı pozmasını aşkar etdiyi gündən bir ay keçənə qədər verə bilər. İnztizam xətasının baş verdiyi müddət əmrdə və protokolda göstərilməmişdir. Çünki intizamsızlıq etməmişdir. Müdiriyyət əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla ləğv etsə də, həmin məcəllənin 71.2-ci maddəsinin tələbini pozmuşdur. Onun əmək funksiyasını pozmasının vəzifə borcunu yerinə yetirməməsinin nədən ibarət olmasını iş yerində istehsalın əmək və icra intizamının əmək kollektivinin hüquqlarını və ya qanunla qorunan mənafeyinə ziyan vurmasını aşkar etmədiyi üçün əmrdə qeyd etməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbini pozub əmrin ləğv edilməsi üçün əsas hesab olunan təqdimatı Həmkarlar İttifaqı təşkilatı yığıncağının qanuna uyğun protokol qərarı, intizam tənbehinin verilməsinə əsas olan faktları özündə əks etdirən əmrdə göstərilən əsaslar olmadan əmək müqaviləsini ləğv edən əsassız əmr vermişdir ki, bu qanunun tələbinə əsasən əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh Xaçmaz rayon baytarlıq idarəsinin rəisi Ş.F.Mahmudov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Belə ki, onlar pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. İş üzrə məhkəmə araşdırılması qeyri-obyektiv, birtərəfli və iddiaçının mövqeyindən aparılmışdır. Onların nümayəndələrinin izahatı qətnamədə öz əksini tapmamışdır. İddiaçının işdən çıxarılması onların və idarə həmkarlıq təşkilatının xx xxxx 2020-ci il tarixli ümumi yıgıncagında müzakirə edilmiş, yıgıncaqda 45 nəfər kollektiv üzvlərindən 36 nəfəri iştirak etmiş, onlardan 32 nəfərin imzaladığı qərarla iddiaçının işdən çıxarılmasına razılıq verilmişdir. Məhkəmə nümayəndənin iddia müddətinin tətbiq olunmasını nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-2084/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh Ş.F.Mahmudov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçının işdən azad edilməsinin qanuna zidd olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ş.F.Mahmudovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Xaçmaz rayon baytarlıq idarəsinin kompyuter operatoru İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 (ç) bəndinə əsasən tutduğu vəzifədən azad edilərək xx.xx.2020-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə olan əmək müqaviləsinin surətindən və digər sənədlərdən görünür ki, İddiaçı Xaçmaz rayon baytarlıq idarəsində kompyuter operatoru vəzifəsinə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a-bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç -bəndinə əsasən əmək müqaviləsi işə götürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işə götürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə kollegiyası iclası zamanı tərəflərin izahatlarından müəyyən olunur ki, yuxarıda göstərilən maddənin tələbləri iddiaçı tərəfindən əvvəllər aşkar olunmamışdır. Belə ki, cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç-bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. Həmçinin işdən çıxma əmrində də iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin çbəndində nəzərdə tutulan hansı hüquq pozuntusuna yol verildiyi qeyd olunmamışdır. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç -bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası Xaçmaz rayon baytarlıq idarəsinin xx xxxx 2020-ci il tarixli 16 saylı əmri ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 377.1-ci maddələrinin (yəni iddia müddətinin) tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətin tətbiq olunması cavabdehin rəsmi qaydada məhkəməyə vəsatəti əsasında tətbiq edilir. Lakin iş materiallarından belə bir vəsatətin mövcud olması aşkarlanmamışdır. Cavabdeh həmkarlar təşkilatının qərarını və protokolla təstiq edilməsini birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması barədə dəlili qəbul etmir. Belə ki, həmin vaxt həmkarlar təşkilatının sədri Z.N.Yaqubovanın olmasına baxmayaraq, Həmkarlar təşkilatının sədri vəzifəsini əvvəllər rayon Həmkarlar təşkilatında işləmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Xaçmaz rayon baytarlıq idarəsinin rəisi X5 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(067)-2084/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar