Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-72/2022 10.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X21, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının nümayəndəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 və ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X7 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma barədə ilk iddiası təmin edilmiş, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən X13 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilməsi, X13 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları, X6 İddiaçı1 və İddiaçı2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin, qeydiyyat vəsiqəsinin və onların əsasında verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13 və ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı qətnamədən apellyasiya şikayəti vermişlər İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər X6 və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən və mülkiyyətlərində olan torpaq sahəsindən və fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışlar ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçılardan İddiaçı1 va həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.metr olan fərdi yaşayış evi onların birgə mülkiyyətindədir. Həmin torpaq sahəsinin İddiaçı1 mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 27.09.2016-cı il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evinin və 0,08 ha torpaq sahəsinin birgə mülkiyyət hüququ əsasında İddiaçı1 va X11 mülkiyyətində olması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.12.2018-ci il tarixli, RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq olunur. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Quba rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinə dair İddiaçı1 adına **********53-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Cavabdeh X13 ilə qohumluq əlaqələri vardır. Belə ki, X13 atası X14 bacısı, onun bibisidir. X13 ailə həyatı qurduqdan sonra gəlin köçdüyü qayınatasıgildə yaşamaq darısqal olması səbəbindən onun atasından həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün yer verməsini xahiş etmişdır. Atası 14 avqust 1988-ci il tarixdə bacısı Tamillanın həyat yoldaşı X24 atası evində yaşamaq darısqal olduğundan onun evində müvəqqəti yaşamaq istədiyini və qardaşı Sabir İsrailov və ailə üzvlərinin arzusu ilə istədikləri vaxt evdən çıxmağı barədə öz xətti ilə yazılı şəkildə imzalı öhdəlik alaraq, Tamillaya və həyat yoldaşına yaşamaq üçün icazə vermişdir. Lakin atasının vəfatindan sonra bibisi onun ailəsinə qarşi soyuq münasibət göstərmiş və mülkiyyətlərində olan əmlaklardan mülkiyyətçi kimi istifadə edərək bir sıra hüquqlarını məhdudlaşdırmışdır. Hazırda cavabdeh ona və anasına məxsus əmlaklar üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirməyə maneəçilik törədilir. Belə ki, bibisi və bibisi qızı Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı faktiki olaraq Quba şəhərinə köçüb yaşamalarına və orada işləmələrinə baxmayaraq, heç bir istifadə hüquqları olmadan fərdi yaşayış evinin və torpaq sahəsinə giriş qapılarını qıfılla bağlamış va açarların bir nüsxəsini onlara verməkdən imtina edirlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 avqust 2018-ci il tarixli, 1517 saylı arxiv arayışında göstərilir ki, Quba RİHB-nın Amsar İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitabda X25 1105 saylı təsərrüfatin başçısi olmuş, onun xüsusi mülkiyyətində ümumi sahəsi 144 kv.m, o cümlədən yaşayış sahəsi 45 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində 0,24 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir, həmin təsərrüfatda X15 adından başqa, heç kimin adı yoxdur. İddiaçı1 və İddiaçı2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər X6 və Cavabdeh2 onlara məxsus əmlaklardan istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsinə və əşyalarının fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. X3 Ruslan Sabir oğluna və Cavabdeh2 qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 və JN-086F saylı, kodu 30307038 olan şəhadətnamələrin, 19.07.2002-ci il tarixli, 111 saylı qeydiyyat vəsiqəsinin və onun əsasında verilmiş 23.07.2002-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, 23.07.2002-ci il tarixli, 111a saylı qeydiyyat vəsiqəsinin, 16.08.2006-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, RX seriyalı, 089784 nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı iddia tələblərini onunla əsaslandırmışdır ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonunun Amsar kənd Sovetinin 1977-1979-cu illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən atası X12 məxsus olmuş, 1977-ci ildə atasının vəfatından sonra X8 adının üzərindən xətt çəkilmiş və üzərində X9 yazılmışdır. X4 19.03.1991-ci ildə vəfat etmiş, sonuncunun vəfat etdiyi günə kimi Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonun Amsar kənd Sovetinin Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən anasının adına qeyd edilmişdir. Daha sonra hansısa yolla Quba rayonu, Alıc- Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluluq bağı olmayan ögey oğlu, yəni anası X5 oğlu olmayan X15 adına keçmişdir. O isə miras qoyan doğma anası X1 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonra dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və idarə edir. X13 ərizə ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia ərizəsində cavabdeh İddiaçı2 əvəzinə, səhvən Cavabdeh2 adını cavabdeh kimi qeyd etdiyini, qarşılıqlı iddia ərizəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı olmasının nəzərə alınmasını xahiş etmişdir. X13 qarşılıqlı iddia tələbinin dəqişləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 olan və JN- 086F saylı, kodu 30307038 olan şəhadətnamələrin, 21 dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, X15 adına verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsinin, 16 avqust 2006-cı il tarixli və 23 iyul 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X17 adına olan 23 iyul 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli çıxarışların, daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdehlər X13 və Paşayeva Aytəkin Rəşid qızı apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, ilk iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, işin faktiki hallarına qiymət verilməmişdir. Quba rayonu Alıc Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı1 məxsusdur. Fərdi yaşayış evinin digər hissələri ilə bağlı mülkiyyət hüququ təsdiqlənməmişdir. İddiaçılar fərdi yaşayış evinin tam mülkiyyətçisi olmadığı halda, onları evdən çıxara bilməzlər. Bundan başqa, iddiaçıların onları evdən çıxarılması üçün sübut hesab etdikləri əlyazma 14 avqust 1988ci il tarixdə tərtib edilmişdir. Həmin tarixdə ev iddiaçıların atası Beybala İsrailova məxsus olmamış, Müstəqimə İsrailova sağ olduğundan iddiaya əlavə etdikləri sənədlərdən də aydın olur ki, ev və torpaq sahəsi Müstəqimə İsrailovanın mülkiyyətində olmuşdur. Müstəqimə İsrailova sağ olduğu zaman həmin ev Bəybala İsrailovun adına ola bilməzdi. Buradan da görünür ki, iddiaçıların məhkəməyə təqdim etdikləri sübut adlandırdıqları və məhkəmənin istinad etdiyi sübut etibarsız və əhəmiyyətsizdir. Bundan başqa, əlyazmada olan imzanın ona məxsus olmadığını bildirərək iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini xahiş etmiş, iş üzrə iki dəfə xətşünaslıq ekspertizası təyin edilmiş və birinci halda kiril əlifbası ilə xətt və imza nümunələrini təqdim etmiş, ikinci halda isə ekspert tərəfindən onun 1985-ci illərə aid imza nümunəsinin təqdim olunması xahiş edilmişdir. O, özünə aid nə imza varsa, onu təqdim etmişdir, özünün xətt nümunələri ilə bağlı istənilən formada və istənilən miqdarda imza çəkməyə hazırdır. Lakin 1985-ci ilə aid imza nümunəsi təqdim edə bilməməsi səbəbindən iş üzrə ekspertizanın keçirilməməsi həmin əlyazmanın ona aid olması qənaətinə gəlməyə əsas ola bilməz. Hər bir halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən ekspertizanın keçirilməməsini onun ziyanına şərh edirsə, bunu əsaslandırmalıdır. Bundan başqa, iddia tələbinin kompensasiya hissəsi ilə bağlı məhkəmə kompensasiyanı müəyyən edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına uyğun olmayan, iddiaçının irəli sürdüyü məbləğdə kompensasiyanı təmin etmişdir. Bu isə kompensasiyanın hesablanması və təyin edilməsi ilə bağlı Mülki Məcəllənin normalarına ziddir. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi materiallardan da göründüyü kimi, miras əmlak olan fərdi yaşayış evinin 1/5 hissəsi Müstəqimə İsrailovanın olmuş, Müstəqimə İsrailova vəfat etdikdən sonra payı vərəsəsi, oğlu olmayan ögey oğlu X16 adına qeydə alınmışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN 086A saylı, kodu 30307038 və torpağın mülkiyyətə verilməsinə dair JN-086F saylı, kodu 30307038 olan şəhadətnamələr əsassız və qanunsuz verilmişdir. İş materiallarına əlavə etdiyi arxiv arayışlarından da göründüyü kimi, Quba rayonu Alıc-Digah kəndində aqrar islahat gedən zaman X16 adı aşkar olunmamışdır. Ona görə də şəhadətnamələr etibarsızdır. İlk iddia üzrə cavabdehlər apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının nümayəndəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X13, onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 nümayəndəsi və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı, Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı məhkəmə iclasına gəlmədiklərindən, Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 27.09.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsi İddiaçı1, həmin evin yerləşdiyi 0,08 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1 və İddiaçı2 adlarına 04.12.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 51 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Paşayeva (İsrayılova) Tamilla Beybala qızı tərəfindən 14 avqust 1988-ci ildə tərtib edilmiş əlyazmadan görünür ki, Paşayeva (İsrayılova) Tamilla Beybala qızı həyat yoldaşı X24 atasının evində darısqallıq olduğu üçün qardaşı X18 atasından miras qalmış evdə müvəqqəti yaşamaq istədiyini, qardaşı Sabir və onun ailə üzvlərinin istədikləri zaman o, evdən köçüb gedəcəyini şahidlərin iştirakı ilə bildirərək, sonda imza etmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-086A saylı, kodu 30307038 olan şəhadətnamənin surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə X15 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-086F saylı, kodu 30307038 olan şəhadətnamənin surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə X15 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 16.08.2016-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, 04.05.2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi İddiaçı1dur, miras əmlak Quba rayonu, Digah kəndində yerləşən 0,08 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında 23.07.2002-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, 04.05.2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi İddiaçı1dur, miras əmlak Quba rayonu, Digah kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 144 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin 1/5 hissəsindən ibarətdir. İş materiallarında olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 144 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evinin 1/5 hissəsi şəxsi mülkiyyət hüququ əsasında X17 adına 23 iyun 2002ci il tarixdə 01 nömrəli reyestr kitabında 28-ci səhifədə 111a reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan 3 avqust 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Quba rayonu, Digah kəndində yerləşən 0,1 ha torpaq sahəsini İddiaçı1 bağışlamışdır. İş materiallarında olan 3 avqust 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Quba rayonu, Digah kəndində yerləşən ümumi sahəsi 0,16 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini İddiaçı1 bağışlamışdır. İş materiallarında olan 27 dekabr 1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 08 iyun 1977-ci il tarixdə ölmüş İsrailov Beybala Ağabala oğlunun vərəsələri X25, X22, X23 və İddiaçı2 Bəybala qızıdır, miras əmlak Quba rayonu, Alıc Digah kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 144 kv.m olan yaşayış sahəsi olan fərdi yaşayış evinin 4/5 hissəsindən ibarətdir. İş materiallarında olan 27 dekabr 1991-ci il tarixli müqavilənin surətindən görünür ki, X22, X23 və İsrailova X27 rayonu, Alıc Digah kəndində yerləşən fərdi yaşayış evinin onlara məxsus 3/5 hissəsini X2. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışın surətindən görünür ki, Quba rayonu, Yuxarı Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi, torpaq sahəsinin ½ hissəsi İddiaçı1, torpaq sahəsinin ½ hissəsi İddiaçı2, fərdi yaşayış evinin 3/5 hissəsi X16 adlarına 05.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, fərdi yaşayış evinin 1/5 hissəsi X10 adında açıq saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 09.09.2021-ci il tarixli, 2-1(118)-942/2021 saylı qərardadının surətindən görünür ki, Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı 21dekabr 1991-ci il tarixli, 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, Quba RDT və MHQİ tərəfindən verilmiş 19.07.2002-ci il tarixli, 111 saylı qeydiyyat vəsiqəsinin, Quba rayon notariat kontorunun notariusu Quliyeva M.A tərəfindən 23 iyul 2002-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, torpağın mülkiyyətə verilməsinə dair JN 086 KOD 30307038 nömrəli və JN-086F KOD 30307038 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası geri götürülmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia tələbləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlara məxsus əmlaklardan istifadə hüququna 2000 manat kompensasiya verilməklə xitam verilməsi və əşyalarının fərdi yaşayış evindən çıxarılması barədədir. İşdən görünür ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı1 adına 27.09.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. Həmçinin Quba rayonu, Yuxarı Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi, torpaq sahəsinin ½ hissəsi İddiaçı1, torpaq sahəsinin ½ hissəsi İddiaçı2, fərdi yaşayış evinin 3/5 hissəsi X16 adlarına 05.03.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, fərdi yaşayış evinin 1/5 hissəsi X30 oğlunun adında açıq saxlanılmışdır. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşdən görünür ki, X13 qarşılıqlı iddia tələbini Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsinin Quba rayonun Amsar kənd Sovetinin Digah kəndi üzrə 13 nömrəli təsərrüfatbaşına kitaba əsasən X4nın adına qeyd edilməsi, X4nın 19.03.1991-ci ildə vəfat etməsi, anasının ölümündən sonra miras qalmış evdə yaşaması və mirası idarə etməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 X4nın mülkiyyətində Quba rayonu, Alıc-Digah kəndində fərdi yaşayış evi və torpaq sahəsi olmasına dair iş materiallarında hər hansı bir hüquq müəyyənedici sənəd yoxdur və X13 nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə bu halı təsdiq edəcək hər hansı bir subut təqdim etməmişdir. X6 istinad etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arxiv arayışları onun X4nın mülkiyyətində Quba rayonu, Alıc-Digah kəndində fərdi yaşayış evi və torpaq sahəsi olmasını təsdiq etmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı və ilk iddia üzrə cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X6 və ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-72/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-72/2022
10.02.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver