Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-720/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ərizəçilər Ərizəçi1 və Ərizəçi2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi barədə ərizələri üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi və Sumqayıt Bələdiyyəsi) alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi barədə ərizələri üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(060)-3311/2013 saylı qətnaməsindən maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 600 kvadrat metrdən ibarət torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 12 may 2004-cü il tarixdən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində Ərizəçi1 mülkiyyət hüqununun yaranma faktının müəyyən edilməsi, Ərizəçi2 ilə Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 400 kvadrat metrdən ibarət torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 18 may 2004-cü il tarixdən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində Ərizəçi2 mülkiyyət hüqununun yaranma faktının müəyyən edilməsi, qətnamənin Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 600 kvadrat metrdən ibarət torpaq sahəsi üzərində Ərizəçi1, Sumqayıt şəhərinin 21- ci mikrorayon ərazisində yerləşən 400 kvadrat metrdən ibarət torpaq sahəsi üzərində Ərizəçi2 mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən, ümumi sahəsi 1000 kv.m təşkil edən torpaq sahəsi keçən əsrin 90-cı illərinin sonlarından onun və ailəsinin istifadəsindədir. Həmin torpaq sahəsini öz adlarına sənədləşdirmək üçün 2004-cü ildə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, müraciəti müsbət cavablandığından torpağın alqı-satqı dəyəri olaraq həmin dövrdəki məzənnə ilə 1.500.000 (bir milyon beş yuz min) manat, Ərizəçi2 isə 750.000 (yeddi yüz əlli min) manat məbləğində pulu bələdiyyənin hesabına köçürmüş və onlara bu barədə müvafiq olaraq 12 may 2004-cü il tarixli CZX№ 114909 və 18 may 2004-cü il tarixli CZX №114964 saylı kassa mədaxil orderinin qəbzləri verilmişdir. Buna baxmayaraq həmin torpaq sahələrini öz adlarına sənədləşdirə bilməmişlər. Halbuki, həmin torpaq sahələrində onlar tərəfindən bir ədəd başa çatdırılmış, bir ədəd isə yarımçıq inşa edilmiş fərdi yaşayış evləri var. Sumqayıt Bələdiyyəsi əvvəllər həmin ərazidə sənədləşmənin dayandırıldığını bəhanə gətirərək torpağın sənədləşmə işlərini başa çatdırmamışlar. Hal-hazırda Sumqayıt şəhər bələdiyyəsinə müraciət etdikdə onların müraciətinə cavab olaraq bildirilir ki, bələdiyyədən torpaq sahəsini almaq üçün torpaq sahələri açıq torpaq hərracına, yaxud müsabiqəyə çıxarılmalı, yalnız həmin hərrac, yaxud müsabiqədə qalib gələcəkləri təqdirdə yeni qiymətlərlə ödəniş edərək torpaq sahələri onların mülkiyyətinə verilə bilər. Bu tələb isə tamamilə qanunsuz və əsassızdır. Belə ki, göstərilən torpaq sahələrinə görə onlar hələ 2004-cü ildə torpaq sahələrinin tələb olunan alqı-satqı haqlarını bələdiyyənin heabına ödəmişlər, bələdiyyə istifadələrində olan torpaq sahələrinə görə onlara etiraz etməmişdir. Bunun əksinə torpaq sahələrinin planları tərtib və təsdiq edilərək onlara təqdim olunmuşdur. İstifadələrində olan torpaq sahələri və üzərindəki tikililər barədə hüquqlarını qanun çərçivəsində qeydiyyatdan keçirmək üçün Sumqayıt bələdiyyəsindən müvafiq hüquqmüəyyənedici sənədlər ala bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
3. Sumqayıt bələdiyyəsi ərizəyə etiraz edərək göstərmişdir ki, Ərizəçi1 və Ərizəçi2 ərizəsi tamamilə əsassızdır. Belə ki, adı çəkilən ərizədə aidiyyəti olmayan normativ-hüquqi aktlara istinad edilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əldə edilməsinin xüsusiyyətləri müvafiq qanunvericilik aktları ilə tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə görə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Qanunun 6.5-ci maddəsinin ərizədə qeyd edilən dövrdə qüvvədə olmuş mətninə görə torpaq sahəsinin mülkiyyətə,istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmçinin, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırmaları qaydaları haqqında” Əsasnamənin müddəalarına görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin dəyəri hüquqi və fiziki şəxslərin müraciətinə bələdiyyə tərəfindən baxıldıqdan, torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edildikdə həmin müraciətdən çıxarışın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumuna göndərilməsindən, həmin orqan tərəfindən torpaq sahəsinin yerləşdiyi zona və həmin zonanın normativ qiyməti barədə sənədin bələdiyyəyə göndərilməsindən sonra müəyyənləşdirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahələri satıldıqda qiymətlər torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Torpaq bazarı haqqında” Azəbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələri bilavasitə satıldıqda qiymətlər normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə bələdiyyə mülkiyyətini bələdiyyələr idarə edirlər və bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Göründüyü kimi, ərizəçilərin mübahisələndirilən torpaq sahələrinin alqı-satqısının baş tutması barədə gəldikləri nəticə əsassızdır. Müvafiq olaraq 300 manat və 150 manat məbləğində ödənişləri Ərizəçi1 və F.Əliyev müvafiq icra hakimiyyəti orqanlarının torpaq sahəsinin ayrılması ilə bağlı rəyləri və torpaq sahəsinin yerləşdiyi zona və normativ qiyməti barədə sənəd alınmadan etmişlər və həmin ödənişlərin aparılması barədə ərizəçilərə Sumqayıt bələdiyəsi tərəfindən hər hansı bir göstərişin verilməsi iş materialları ilə sübuta yetirilmir. Aydındır ki, ərizəçilərin rəsmi müraciətləri olmadan və müvafiq rəylər alınmadan torpaq sahəsinin onlara ayrılması barədə məsələyə bələdiyyə tərəfindən baxıla bilməzdi. Bu səbəbdən Ərizəçi1 və Ərizəçi2 tərəfindən könüllü şəkildə, gələcəkdə torpaq sahəsini əldə etməkdə üstünlük hüququ qazanmaq üçün edilmiş ödənişlərin torpağın alqı-satqısının baş tutması və Sumqayıt bələdiyyəsinin həmin sahəni onlara satmağa razı olması kimi qəbul edilməsi tamamilə səhvdir və hər hansı bir sübuta söykənməmişdir. Müvafiq ödənişin həyata keçirilməsinə istinad edərək torpağın alqı-satqısının baş tutmasını iddia etmək tamamilə əsassızdır. Bu cür alqı-satqının baş tutması üçün Sumqayıt bələdiyyəsinin iradə ifadəsi olmalı idi və bu cür iradə yalnız bələdiyyə qərarı olduqdan və müvafiq alqısatqı müqaviləsi bağlandıqdan sonra baş tutmuş hesab oluna bilərdi. Lakin Sumqayıt bələdiyyəsi tərəfindən nə Ərizəçi1, nə də Ərizəçi2 torpaq sahəsinin ayrılması barədə hər hansı bir qərar verilməmiş və hər hansı alqı-satqı baş tutmamışdır. Eyni zamanda, yuxarıda sadalanan qanunvericilik aktlarından görünür ki, bələdiyyə torpaqları satışa çıxarılarkən qiymətlər torpağın normativ qiymətindən az olmamaqla bazar məzənnələri nəzərə alınmaqla bələdiyyələr tərəfindən müəyyən edilir. Torpaqların normativ qiymətini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli, 158 №-li qərarı ilə təsdiq edilmiş və həmin dövrdə qüvvədə olmuş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin tələblərinə görə Sumqayıt şəhəri ərazisində 3-cü qiymət zonasında yerləşən torpaqların 1 kv.metrinin normativ qiyməti 1.80 (bir manat səksən qəpik) manat müəyyən edilmişdir. Göründüyü kimi, ərizəçilərin istifadə etdikləri torpaq sahəsinin 100 kv.metrinin normativ (minimal) qiyməti 1080 (bir min səksən) manat təşkil edirdi. Mübahisələndirilən torpaq sahəsinin normativ qiymətinin belə ödənilmədiyi halda, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış sayılmasının tələb edilməsi, torpaq qanunvericiliyinin, həmçinin bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının tələbləri ilə aşkar ziddiyyət təşkil edir. Qanunvericiliyin tələbinə görə, bələdiyyə torpaqlarının satılması zamanı alqı-satqı müqaviləsi torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilmiş dəyəri tam ödənildikdən sonra bağlana bilər. Göründüyü kimi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün torpaq sahəsinə dair tərəflər arasında yazılı formada müqavilənin bağlanması qanunvericilikdə mütləq şərt qismində göstərilmişdir. Belə bir razılaşmanın olmadığı və ümumiyyətlə qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin əldə edilməsi qaydalarının tələblərinə riayət edilmədən Ərizəçi1 və Ərizəçi2 mübahisələndirilən torpaq sahələrinə iddia etmələri əsassız olmaqla yanaşı hüquqi cəhətdən də məntiqsizdir. Ərizəçilərin iddia tələbi sadalanan qanun normaları ilə yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsi ilə də ziddiyyət təşkil edir. Adı çəkilən maddəyə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəliklərdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Sumqayıt bələdiyyəsi torpaq sahəsinin mülkiyyətçisi kimi mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam verməkdə tam müstəqildir və hər hansı bir şəkildə mülkiyyətindən məhrum edilə bilməz.
4. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(060)-3311/2013 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) ərizə təmin edilmiş, Ərizəçi1 ilə Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 600 kvadrat metrdən ibarət torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 12 may 2004-cü il tarixdən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində Ərizəçi1 mülkiyyət hüqununun yaranma faktının müəyyən edilməsi, Ərizəçi2 ilə Sumqayıt Bələdiyyəsi arasında Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 400 kvadrat metrdən ibarət torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin 18 may 2004-cü il tarixdən bağlanmış hesab edilməklə, həmin torpaq sahəsi üzərində Ərizəçi2 mülkiyyət hüqununun yaranma faktının müəyyən edilməsi, qətnamənin Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 600 kvadrat metrdən ibarət torpaq sahəsi üzərində Ərizəçi1, Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən 400 kvadrat metrdən ibarət torpaq sahəsi üzərində Ərizəçi2 mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 389.1, 405.1-ci maddələri, Torpaq Məcəlləsinin 66.1-ci maddəsi, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin” 1, 21, 22-ci bəndlərinə və “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, 25-ci maddələrinə istinad etməklə hesab etmişdir ki, ərizəçilərin istifadəsində olan torpaq sahələri üzərində mülkiyyət hüquqları yaranmışdır və onların mülkiyyət hüquqları tanınması barədə ərizələri əsaslıdır.
6. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti verilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatda qeyd edilir ki, Sumqayıt bələdiyyəsinə torpaq sahələrinin tələb olunan aİqı-satqı haqları ödənilmiş, lakin onlardan aslı olmayan səbəblərdən torpağa dair bələdiyyə orqanı ilə rəsmi qaydada alqı-satqı müqaviləsi bağlanmamış və hazırda həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun rəsmləşdirilməsi mümkün olmur. Buradan da aydın olur ki, sözügedən qətnaməni qəbul etməkdə məqsəd sadəcə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi deyil, əsas məqsəd torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyatının aparılmasının təmin edilməsidir. Bu halda sual ortaya çıxır necə olur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılması məqsədilə qətnamə qəbul edilir, idarəyə məlumat üçün göndərilmir, lakin sonradan həmin qətnamə birbaşa olaraq icra edilməsi üçün idarəyə göndərilir? Göründüyü kimi Sumqayıt bələdiyyəsi tərəfindən ərizəçilərə müvafiq torpaq sahəsinin ayrılması ilə əlaqədar heç qərar da qəbul edilməmişdir. Həmçinin, iddiaçı Ərizəçi1 və Ərizəçi2 ilə Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə məhkəmənin bu cür qətnamə qəbul etməsi dolayı yolla qanunsuz əqdin və qeydiyyatın rəsmiləşməsinə şərait yaradılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı iş materialları araşdırılarkən müəyyən edildimişdir ki, ərizəçilər Ərizəçi1 və Əisyev Həbib Rafiq oğlu Sumqayıt şəhərinin 21-ci mikrorayon ərazisində yerləşən onlara məxsus torpaq sahələri üzərində onların hüquqlarının qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ümumiyyətlə müraciət etməmişlər. Mülki işə baxan birinci instansiya məhkəməsi isə işdə olan sübutları obyektiv, hərtərəfli və tam araşdırmaq, qətnamədə müzakirə etdiyi dəlillərlə əsaslandırmaq əvəzinə heç bir əsaslı sübut olmadan yalnız iddiaçının nümayəndəsinin izahatına əsaslanıb, torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair tamamilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
8. Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 647.1-ci maddələri, Torpaq Məcəlləsinin 55, 66.1, 66.4, 68-ci maddələri, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin” 18, 19, 21, 22-ci bəndləri və Mülki Prosessual Məcəllənin 150.0.7, 152.1.6, 259.0.1, 259.0.9, 357.1, 357.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Ərizəçi1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilir ki, ərizədə göstərilən torpaq sahəsi 30 ildən çoxdur ki, onun faktiki mülkiyyətində və istifadəsindədir. Həmin torpaq sahəsi bələdiyyənin balansında olmuş torpaq sahəsidir. Ərizədə qeyd etdiyi kimi bələdiyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, məhkəmə iclası zamanı tərəfindən qeyd edilmiş halları təsdiq etmiş və nəticədə qətnamədən xəbərdar olmasına baxmayaraq hər hansı şikayət verməmiş, yəni qətnamənin qanuni olması ilə razılaşmışlar. Göründüyü kimi Sumqayıt bələdiyyəsinin məhkəmə iclasında iştirak etməsinə və şikayət verilən qətnamədən xəbərdar olmasına baxmayaraq hər hansı şikayəti və ya tələbi olmamışdır. Bundan başqa, o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafıq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilibedilməməsinin DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinə hər hansı aidiyyəti yoxdur. Odur ki, qeyd olunan hallar nəzərə alınmalı, maraqlı şəxs DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3311/2013 nömrəli mülki iş üzrə 12 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxs Sumqayıt bələdiyyəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 306. Xüsusi icraat işlərinə baxılması qaydası 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. (...) 306.4. Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir.
13. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. (...)
15. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları (...) 259.0.10. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. (...)
16. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 - 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
17. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
18. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
19. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 mart 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.
22. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.
23. MPM-də xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizələrə yalnız hüquq haqqında mübahisə olmadığı halda baxıla bilər. Siyahısı qanunda nəzərdə tutulan bu cür mübahisəsiz faktların xüsusi icraat qaydasında məhkəmə qaydasında müəyyən olunması barədə qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməsə də MPM-in 311-ci maddəsinə əsasən əlavə məhkəmə qətnaməsi tələb olunmadan belə qeydəalınma üçün əsas kimi çıxış edir.
24. Əgər hüquq haqqında, yəni digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması barədə mübahisə varsa MPM-in 259.0.10-cu maddəsi və 306.4-cü maddəsi hakimin üzərinə xüsusi icraat qaydasında verilmiş ərizəni baxılmamış saxlamaq vəzifəsi qoyur. Bu zaman iddiaçıya ümumi əsaslarla iddia icraatı qaydasında iddia vermək hüququ izah olunur.
25. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(060)- 3311/2013 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, faktiki olaraq ərizəçilərin istifadəsində olan torpaq sahələri barədə mülkiyyət hüquqlarının müəyyən edilməsinin xüsusi icraat qaydasında baxılan mübahisə olmadığı ilə əsaslandırmaqla mübahisələndirmişdir.
26. Digər tərəfdən, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hətta bu barədə maraqlı şəxs Sumqayıt bələdiyyəsinin yazılı etirazı olmasına baxmayaraq onun mülkiyyətində olan torpaq sahələri ilə bağlı hüquq haqqında mübahisənin olduğu halda xüsusi icraat qaydasında işə baxaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Başqa sözlə, xüsusi icraat işlərində hüquq haqqında mübahisə dedikdə, o başa düşülməlidir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən etmək istədiyi eyni hüquqa digər şəxslər də iddia etmiş olsun.
28. Məhkəmə kollegiyası hesab edir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edildiyi halda prosessual qanunvericiliyin tələbinə görə ərizə baxılmamış saxlanılmalı olduğundan, mövcud ərizənin baxılmamış saxlanması qənaətinə gəlir.
29. Ərizəni baxılmamış saxlamaqla yanaşı, məhkəmə kollegiyası ərizəçi tərəfə həmin fakt üzrə ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu da izah edir.
30. Kollegiya həmçinin qeyd edir ki, hüquq barədə mübahisə olduğu üçün xüsusi icraat qaydasında ərizə verə bilməyən, yaxud belə ərizəsi baxılmamış saxlanılmış iddiaçı iddia icraatı qaydasında birbaşa müvafiq hüququn əldə olunması barədə tələb irəli sürməli və həmin icraat çərçivəsində iddianın əsasını təşkil edən hüquqi faktı sübuta yetirməlidir.
31. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun (MPM-in 2.1, 4.1, 5.1-ci maddələri).
32. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2013-cü il tarixli, 2(060)-3311/2013 saylı qətnaməsi ləğv edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməklə torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi barədə ərizələri baxılmamış saxlanılsın. Ərizəçilərə izah edilsin ki, həmin fakt üzrə ümumi qaydada iddia icraatı qaydasında müvafiq məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.