Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-720/2025 05.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: payın naturada ayrılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı1 iştirakı ilə Xızı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə (paylı mülkiyyət) İddiaçı2, İddiaçı1, X3, X5, X6 və X2 adına hər biri 1/6 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində 17 dekabr 2019-cu il tarixdə, 40 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, Xızı rayonu, Sitalçay kəndi ərazisində 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (reyestr nömrəsi **********36 olan xüsusi mülkiyyət hüququ üzrə onun və digər ailə üzvlərinin adlarına) dair hər bir mülkiyyətçinin payının müəyyən olunması, həmin torpaq sahəsindən iddiaçıların payının naturada ayrılması və mülkiyyətlərinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Sitalçay kəndi ərazisində 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın reyestr nömrəsi **********36 olan, xüsusi mülkiyyət hüququ üzrə iddiaçıların və digər ailə üzvlərinin adlarına qeydiyyata alınmaqla, birgə mülkiyyətlərindədir. Hazırda həmin torpaq sahəsinə hər bir mülkiyyətçinin payının müəyyən olunması və iddiaçıların payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, digər ailə üzvləri torpaq sahəsini öz razılıqları ilə ayırıb istifadələrinə vermədiklərinə görə məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Əmlakları üzərində sərəncam vermək hüquqlarını reallaşdırmaq üçün torpaq sahəsinin ayrılmasını və mülkiyyət sənədi əldə etmək istəyirlər. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
4. Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qərardadı ilə iddia tələbinə “Xızı rayonu, Sitalçay kəndi ərazisində 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə (reyestr nömrəsi **********36 olan xüsusi mülkiyyət hüququ üzrə iddiaçının və digər ailə üzvlərinin adlarına) dair hər bir mülkiyyətçinin payının müəyyən olunması” hissədə xitam verilmişdir.
5. Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı payların naturada ayrılması barədə iddia tələbi təmin edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə (paylı mülkiyyət) iddiaçılar İddiaçı2 və İddiaçı1, eləcə də ailə üzvləri X3, X5, X6 və X2 adına hər biri 1/6 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar hazırkı iddia tələbində torpaq sahəsində onların mülkiyyətlərində olan hissəsinin naturada ayrılaraq onlara verilməsini xahiş edirlər. Qanunvericiliyə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Yəni hazırki iddia tələbində cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi deyil, paylı mülkiyyətin digər mülkiyyətçiləri cavabdeh şəxs qismində işə cəlb olunmalıdır. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsini təklif etsə də, iddiaçı, eləcə də digər iddiaçının etibarnamə üzrə nümayəndəsi İddiaçı1 buna razı olmamışdır. Odur ki, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Belə olan halda mübahisəli daşınmaz əmlaka münasibətdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən orqan olduğundan həmin İdarə iddiaçı qarşısında hər hansı öhdəlik daşımır və hazırkı iş üzrə əsl cavabdeh deyil. Qeyd olunduğu kimi, mübahisəli daşınmaz əmlaka münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi sadəcə daşınmaz əmlaka hüquqların qeydiyyatını həyata keçirən orqan olduğundan həmin təşkilat bu iddia tələbi üzrə cavabdeh ola bilməz. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin etməmişdir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 220-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli Qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 48, 49.1, 50.3, 54.1, 54.2-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmənin mövqeyi əsassızdır. Onun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən sənəd üzərində mübahisəli torpaq sahəsində payı müəyyən olunmuşdur. Lakin anlayışı olmadığına görə payların müəyyən olunmasına baxmayaraq torpaq sahəsinə payların müəyyən olunması və naturada bölünməsi tələbini bir iddiada qaldırmış və cavabdeh olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsini göstərmişdir. Payların müəyyən olunması hissəsi məhkəmədə müzakirə edilmiş və həmin hissə məhkəmənin qərardadı ilə xitam edilmişdir. Məhkəmə ondan həmin hissənin xitam edilməsini soruşmuş və o da münasibət bildirmişdir. Lakin ona düzgün izah edilməmişdir ki, cavabdeh qoyduğu Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddianın birinci hissəsinə aiddir. Məhkəmə digər iddia tələbinə münasibətdə cavabdeh tərəfi əsl cavabdehlə əvəz etməmişdir. Onun savadsızlığından istifadə edərək iddianı təmin etməmişdir. Onların payları naturada bölünməmiş və faktiki torpaq sahəsi göstərilməmişdir. Digər mülkiyyətçilər ona öz torpaq sahəsindən istifadə etməyə imkan vermirlər. Şifahi razılığa əsasən ona düşəsi sahəni digər mülkiyyətçilər əkib-becərir. Öz mülkiyyətindən istifadə edə bilmir. Digər mülkiyyətçilərlə razılığa gələ bilmir. Hər dəfə mübahisə düşür və heç bir nəticə olmur. Ona görə də o və atası X1 paylarının məhkəmə qaydasında məcburi ayrılması zərurəti vardır. Qeyd etdiyi kimi paylı mülkiyyətçilər arasında torpaq sahəsinin bölünməsi ilə bağlı razılıq yoxdur. Torpaq sahəsinin naturada ayrılması zəruridir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, mübahisəli torpaq sahəsi onunla birlikdə 6 nəfərin birgə mülkiyyətindədir. O, sənəd əsasında onun mülkiyyətində olan torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmir. Onun mülkiyyətində olan torpaq sahəsinin naturada ayrılmasını tələb edir. Bu barədə digər mülkiyyətçilərə müraciətinə hər hansı cavab verilməmişdir. Hazırkı iddia tələbi üzrə cavabdeh qismində digər mülkiyyətçiləri deyil, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsini qoymasında məqsədi isə digər mülkiyyətçilərin deyil, məhz öz payını tələb etməsi olmuşdur. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında digər İddiaçı2 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, qeyd olunan şəxslər məhkəmə iclasında iştirak etməmiş, (nümayəndə vasitəsilə təmsil olunmamış) və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyası; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4-cü maddəsinə əsasən ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsülu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu,ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə,ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətindən görünür ki, apellyator İddiaçı1 Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur .
20. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən-payın müəyyən edilməsi və payların naturada ayrılması barədədir.
21. Tələbin birinci hissəsinə dair iş üzrə icraata xitam verilmiş, ikinci hissəsi üzrə iddia tələbi təmin edilməmişdir. Apellyator İddiaçı1 Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edillməsini xahiş etmişdir.
22. Araşdırılan işin faktiki hallarından müəyyən edilir ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 2,9998 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə (paylı mülkiyyət) iddiaçılar İddiaçı2 və İddiaçı1, eləcə də ailə üzvləri X3, X5, X6 və X2 adına hər biri 1/6 hissə olmaqla, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
23. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.2-220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
24. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
25. İstinad olunan maddi hüquq normalarının mənasına görə ilk növbədə əşyadakı payın naturada ayrılması barədə iddia tələbinə baxan məhkəmə belə ayrılmanın mümkün olub-olmadığını, həm də bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkünlüyünü araşdırmalıdır.
26. Lakin araşdırılan işdən müəyyən edilir ki, iddiaçı tərəf ümumiyyətlə yuxarıda sadalananlara riayət etməmiş, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsini qoymaqla, paylı mülkiyyətin digər mülkiyyətçilərini cavabdeh şəxs qismində qoymamış, məhkəmənin işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçıya cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklifini isə qəbul etməmişdir. (i/m səh.41-42 xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolu)
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Beləliklə yuxarıda sadalananlardan göründüyü kimi, RX qeydiyyata alan orqan kimi paylı mülkiyyətin naturada ayrılmasına cavabdehlik daşımayan və bununla bağlı mübahisə tərəfi olmamaqla, yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn funksiyanı həyata keçirir.
29. Qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 50.3-cü və 57.1-ci maddələrinə əsasən cavabdeh və üçüncü şəxs fərqli prosessual hüquqi statusda olmaqla, cavabdeh işdə iştirak edən, iddia tələbi yönəldilən tərəfdir; üçüncü şəxs isə tələbə cavab verməli olmayan, lakin qəbul ediləcək qətnamə hüquq və vəzifələrinə təsir edə biləcəyi şəxsdir.
30. Təsadüfi deyil ki, mülki prosessual qanunvericiliyi ilə başqa cavabdehin işə cəlb edilməsinin xüsusi proseduru (Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsi) müəyyən olunmuşdur ki, hazırkı halda birinci instansiya məhkəməsi iddiaçıya bunu təklif etsə də, sonda iddiaçı tərəf digər payçıların cavabdeh kimi işə cəlb edilməməklə, mahiyyəti üzrə işə baxılmasının davam etdirilməsini israr etmişdir (i/m səh.41-42 xx.xx.2025-ci il tarixli məhkəmə iclasının protokolu, eyni tarixli audio-vedeo çəkiliş).
31. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tələbə cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüş iddianı təmin etməməklə, Mülki Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına riayət etmişdir.
32. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni əsaslı və qanuni hesab edərək, işin faktiki hallarına uyğun olmasını təsdiq edir. Hazırkı halda iddiaçı apellyasiya şikayətinin dəlillərinə dair məhkəməyə heç bir əsaslı sübut təqdim etməmiş, məhkəmə qətnaməsinin hansı əsaslardan ləğv edilməli olmasını, yaxud qəbul edilmiş qətnamənin onun hansı hüquqlarını pozduğunu əsaslandıra bilməmişdir.
33. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi, lakin əsaslandırılmamış mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin mübahisələndirilən hissələr üzrə ləğv edilməsinə əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(068)-42/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.(elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.