Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-723/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Xəlilov) İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddianın təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumunun iddiaçıya aid edilməsinə qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və məcburi qaydada evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev ona məxsusdur və o, hazırda həmin evdə qeydiyyatdadır. Cavabdeh evi alqı-satqı yolu ilə notarial qaydada aldığı X1 həyat yoldaşı olmuşdur. O, həmin mənzili xx.xx.2020-ci il tarixdə İ.C.Hacıyevdən AN-1seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evə dövlət qeydiyyat sənədi-çıxarış almaq məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin əməkdaşları evin qeydiyyata alınması ilə bağlı qeyd olunan ünvana getdikləri zaman cavabdeh onları evə buraxmamışdır. Ona görə də ona imtina məktubu verilmişdir. Cavabdehin həmin evə qeydiyyatı da yoxdur, evin mülkiyyətçisi İ.C.Hacıyevdir və bütün qeydiyyat sənədləri də onun adınadır. Onun bildiyinə görə Cavabdeh həmin evdə yaşamasa da, evə sahiblik edir, arada evə gəlib-gedir, özü isə Xaçmaz rayonunun Aşağı-oba kəndində qeydiyyatda olmaqla orada da yaşayır. Evin qanuni mülkiyyətçisi bir ildən çoxdur ki, o, olsa da, cavabdehin bu qanunsuz hərəkətləri evin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Bu da mülkiyyətçi kimi evinə sərəncam vermək hüququnu məhdudlaşdırır. O, dəfələrlə cavabdehə müraciət edərək könüllü olaraq evindən çıxmasını təklif etsə də, lakin cavabdeh onu təhqir etmiş və evdən çıxmayacağnı bildirmişdir. Cavabdeh alqı-satqı prosesində iştirak etməmişdir. O, özü 2007-ci ildə satın aldığı evə qeydiyyata düşmüşdür. Həmin vaxt cavabdeh əri X4 ilə birlikdə orada yaşamışdır, lakin cavabdehin həmin evdə qeydiyyatı heç vaxt olmamışdır. Hazırda cavabdeh oğlu və gəlini ilə birlikdə onun satın aldığı evdə yaşayırlar. X4 onun satın aldığı evdə yaşamır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi Mülki qanunvericiliyin bir çox şikayət ərizəsinin məzmununda qeyd edilən imperativ normalara zidd şəkildə qəbul edilmişdir. O, özü mübahisə predmeti olan mənzildə qeydiyyatdadır və mənzildən istifadə hüququ mövcuddur. Lakin mənzilə daxil olub öz hüquqlarını realizə edə bilmir. Cavabdehin qanunsuz maneəsi və mənzildə yaşaması ona qarşı bir başa hüquq pozuntusudur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyasının 1 saylı Protokolunun tələblərini pozmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(067)-1927/2020 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili N.N.Quliyeva apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi qismən ləğv olunmalı, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, mübahisəli evin iddiaçının mülkiyyətinə keçirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdehin evdən çıxarılması hissəsində gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanındakı mənzil İ.C.Hacıyevin mülkiyyətindədir. İşdə olan xx.xx.2020-ci il tarixli AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İ.C.Hacıyev ünvan 1 ünvanındakı mənzili İddiaçı satmışdır. İşə əlavə olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(067)- 1564/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İ.C.Hacıyev ilə Cavabdeh arasındakı nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, mübahisəli olan mənzilin İ.C.Hacıyevin cavabdehlə birgə mülkiyyətdə olduğu vaxt əldə olunmasına istinad etmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda olmamışdır. Məhkəmə kollegiyası İddiaçı cavabdehin mübahisəli evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Avropa İnsan Hüquqları Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1 və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edilmişdir ki, mübahisə olunan mənzil İddiaçı məxsusdur və onun bu mənzilə gözlənti hüququ yaranmışdır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsi mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilmə imkanını nəzərdə tutur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıya məxsus olan mənzildə qanunsuz olaraq yaşayır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində faktlar nöqteyinəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi həmin hissədə dəyişdirilməməlidir, lakin evdən çıxarılma hissəsində qətnamə ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(067)-1927/2020 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, K.Zavod qəsəbəsi, ev 16, mənzil 4-dən məcburi qaydada çıxarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-723/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-723/2021
15.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver