Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-724/2024 02.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və yaşayış evindən çıxarılma və torpaq sahəsi və yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-5628/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən evdən çıxarılmasına, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qeyri-rəsmi nikah münasibətində olmuş, bu münasibətdən 2 uşaq - xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Uzun bir müddət cavabdehlə yaxşı ailə münasibətləri olsa da, bu münasibətlər sonradan pisləşmişdir. 4 ildir ki, birgə təsərrüfat aparmırlar. Cavabdeh ona və uşaqlarına şiddət göstərmişdir. Onu döyərək fiziki zorakılıq etmişdir. Buna görə artıq onların heç bir qarşılıqlı münasibəti qalmamışdır və uşaqlarına tək başına baxır. Yuxarıda göstərdiyi hallar artıq davamlı və təhlükəli hal aldığından o, Abşeron Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 30 günlük qısamüddətli mühafizə orderi verilməsini xahiş etmişdir. Müraciətindən qısa müddət sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ona qısamüddətli mühafizə orderi verilmişdir. Onlar məcburi vəziyyətdə eyni evdə yaşayırlar, bu isə vəziyyəti daha da çətinləşdirir. Hazırda torpaq sahəsi onundur və bu barədə reyestrdən çıxarış almışdır. Cavabdeh evi tərk etməsini desə də, o, evi tərk etmək istəmir, əksinə həmin evdən onu və övladlarını qovur. Lakin başqa yaşayış yeri olmadığı üçün birlikdə yaşamağa məcburdurlar. Cavabdeh bu səbəblərə görə ona şiddət göstərmişdir. Cavabdeh ona məxsus olan yaşayış sahəsindən çıxarılmalıdır. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Birinci instansiya məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılmasına və 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı yenə də iddianın artırılması barədə birinci instansiya məhkəməsinə ərizə vermiş və cavabdehin iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarılmasına, cavabdeh iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən evdən və torpaq sahəsindən çıxarıldıqdan sonra iddiaçı və azyaşlı övladlarının həmin ev və torpaq sahəsinə köçürülməsinə, həmçinin 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-5628/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən ümumilikdə 0,12 ha (RX ******* saylı, xx.xx.2017-ci il tarixli və RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışlara əsasən) torpaq sahəsindən və orada yerləşən yaşayış evindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-5628/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı ilə 2008-ci il tarixdən qeyri-rəsmi nigah münasibətindədir və birgə təsərrüfat aparır. O, həmişə bizneslə məşğul olmuş və son illər işi alınmadığı üçün banklara olan kredit borcunu ödəyə bilməmişdir. Gələcəkdə əmlaklarının əlindən alınmaması üçün mübahisəli torpaq sahəsini öz adından çıxarıb qeyri-rəsmi nigahda olduğu iddiaçının adına rəsmiləşdirmişdir. Qeyrirəsmi nigahlarından iki övladları: xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X3 anadan olmuşlar. Qeyd edilən məlumatlara dair sübutlar iddiaçının özü tərəfindən iş materiallarına əlavə edilmişdir. Habelə məhkəmə də öz qətnaməsində işin hallarının məhz belə olduğunu qeyd etmişdir. Hər iki mübahisəli torpaq sahəsi 2011-ci il tarixdə onun adına alınmış və üzərində tərəfindən özbaşına tikili olan fərdi yaşayış evi inşa edilmiş, 2013-cü ildə isə ora köçmüşlər. Həmçinin torpaq sahəsi kənd təsərrüfat təyinatlı olduğu üçün tikiliyə reyestrdən çıxarış alınması mümkün deyil. Son dövrlər aralarında mübahisə yarandıqdan sonra iddiaçı müvafiq icra hakimiyyəti orqanından mühafizə orderi almış və o, hər hansı bir cinayətdə təqsirli bilinməmək üçün özbaşına tikilidən çıxmışdır. Bu səbəbdən də məhkəmə barədə hər hansı bir məlumatı olmadığı üçün işdə iştirak edərək, sübutları təqdim edə bilməmişdir. Beləliklə mübahisəli torpaq sahəsi 2011-ci ildə onun adıma reyestrdən qeydiyyata alınmış, 2013-cü ildə orada özbaşına tikilinin inşası bitmiş, həmin fərdi yaşayış evinə köçmüşlər, borcları olduğu üçün 2017-ci il tarixdə torpaq sahələrini iddiaçının adına qeydiyyatan keçirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan RX ******* saylı, xx.xx.2017-ci il tarixli və RX ******* saylı, xx.xx.2017-ci il tarixli reyestrdən çıxarışlardan görünür ki, Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,10 ha və 0,02 ha torpaq sahələri İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AZ-T 043556 və AZ-İV 031686 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin nikah münasibətlərindən xx.xx.2011ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X4 birinci dərəcəli əlildir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X5 birinci dərəcəli əlildir. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahlarından 2 övladları doğulmuşdur. Hazırda tərəflər arasında münasibətlər kəskinləşmişdir. İddiaçı mülkiyyətindəki Abşeron rayonu, Fatmayi kəndində yerləşən cəmi 0,12 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Ev hər hansı şəxsin adına qeydə alınmamışdır. Lakin işdəki fotoşəkillərdən görünür ki, ev yaşamağa yararlıdır. Evin kommunal xidmətlərlə təchiz olunması məqsədilə İddiaçı ilə müvafiq qurumlar arasında müqavilələr imzalanmış, ona abonent kodu verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, mübahisəli evə dair reyestrdən çıxarış mövcud olmasa da, iddiaçının onun mülkiyyətində olan torpaq sahəsində yerləşən həmin əmlaka dair qanuni gözlənti hüququ vardır. Bununla belə, mübahisəli yaşayış sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi barədə işdə hər hansı mötəbər sübut mövcud deyildir. Qeyd edildiyi kimi, iddiaçı özünün torpaq sahəsində yerləşən evin faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Həmçinin cavabdehin əmlaklardan çıxarılması hissəsində iddia tələbi təmin edildiyindən, iddiaçının həmin əmlaklar üzərində əvvəlki hüquqları bərpa edildiyindən və ona həmin əmlaklarla bağlı heç bir maneə yaranmadığından İddiaçı uşaqları ilə birlikdə həmin əmlaklara köçürülməsinə heç bir zərurət yoxdur və bu barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əsasən də müəyyən olunur ki,qeyd edilən Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsində tikilmiş fərdi yaşayış evi özbaşına tikili olsa da, torpaq sahələrinə dair çıxarışlarla müəyyən olunur ki, torpaq sahələri iddiaçıya məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Yuxarıda qeyd olunan qanunvericilik normalarından da müəyyən olunur ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahələrindən cavabdehin çıxarılmasına dair hüququ vardır. Məhkəmə kollegiyasının iclasında İddiaçı bildirmişdir ki, o, daim himayələrində olan sağlamlıq imkanları məhdud iki uşaqları ilə məşğul olduğundan torpaq sahələrinə dair sənədləşmə əvvəl cavabdehin adına aparılmışdır. Sənədləşmə tam bitdikdən sonra isə iddiaçının atası evi onun üçün tikdirdiyinə görə notarial qaydada bağışlanma yolu ilə cavabdeh sözügedən torpaq sahələrini İddiaçı bağışlamışdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində qeyd edilən borcları olduğu üçün 2017-ci il tarixdə torpaq sahələrini iddiaçının adına qeydiyyatan keçirməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bunu sübut edəcək hər hansı dəlilini məhkəməyə təqdim edə bilməmişdir.Özbaşına tikili olan evin cavabdehin vəsaiti hesabına tikilməsinə dair apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarına əsasən iddiaçı ilə cavabdehin hal-hazırda bir yerdə yaşaması qeyri-mümkün hesab edilir.Hər iki tərəfin övladları olsa da, birinci qrup əlilliyi olan uşaqların ikisi də iddiaçı olan ananın himayəsindədir. Özbaşına tikili olan ev iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən yuxarıda qeyd olunan Mülki məcəllənin 180.2-ci maddəsinə əsasən iddiaçının həmin yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ vardır.Buna görə cavabdeh həmin evin tikintisinə onun tərəfindən xərclər çəkilməsini sübut etdiyi halda, həmin xərclərin ödənilməsini ayrıca mülki iddia qaldırmaqla iddiaçıdan tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən düzgün olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-5628/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-724/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-724/2024
02.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver