Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-726/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı mülki iş üzrə (Açar söz: xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 (Təvəkgül) oğlunun və Cavabdeh4 (Təvəkgül) qızının müvəqqəti istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 saylı binanın 5 nömrəli mənzilinə dair 12 sentyabr 2013-cü il tarixli, “7-5” nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 (Təvəkgül) oğlu və Cavabdeh4 (Təvəkgül) qızının “7-5” nömrəli mənzildən çıxarılması və ”7-5” nömrəli mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2017-ci il tarixli, 65 nömrəli qərarı ilə “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə, həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 senyabr 2013-cü il tarixli, “7-5” nömrəli “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən Cəbrayıl rayonundan məcburi köçkünlər Cavabdeh1, X4, Cavabdeh3 (Təvəkgül) oğlu və Cavabdeh4 (Təvəkgül) qızı Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 7 saylı binada 5 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Abşeron rayon Mənzil Kommunal İstismar sahəsinin rəisi ilə birlikdə aparılan araşdırma zamanı Cavabdeh1, X1, Cavabdeh3 (Təvəkgül) oğlunun və Cavabdeh4 (Təvəkgül) qızının 5 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmiş, bununla bağlı tərəflərindən 3 akt tərtib edilmişdir. "xxxx" ASC-nin, "Azərişıq” ASC və "xxxx" ASC-nin abonent kartlarından görünür ki, cavabdehlər mənzildən istifadə etməmiş və mənzildə yaşayış yoxdur. Cavabdeh1 özü də etiraf edir ki, o və ailə üzvləri həmin mənzildə yaşamırlar. Belə ki, cavabdeh izahatında bildirmişdir ki, oğlu Cavabdeh3 (Təvəkgül) oğlu işi ilə əlaqədar xarici ölkədə yaşayır, cavabdeh özü isə işə yaxın olduğu üçün iddiaçı qurum tərəfindən verilmiş evdə deyil, başqa kirayə evdə yaşayır. Bundan əlavə Cavabdeh1 komitəyə həmin evi kirayəyə verdiyini və evdə yaşamadığını bildirmişdir. Sahə rəisi tərəfindən Cavabdeh1 və ailə üzvlərinə 5 nömrəli mənzildə yaşamadıqları üçün mənzilin açarlarının könüllü verilməsi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Bu səbəbdən hesab edirlər ki, cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 (Təvəkgül) oğlunun və Cavabdeh4 (Təvəkgül) qızının onlara verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyində 7 saylı binanın 5 nömrəli mənzilində yaşamadığı müəyyən edildiyindən, həmçinin cavabdehlər tərəfindən kirayə müqaviləsinin şərtləri pozulduğundan Komitənin Mənzil İstismar Departamenti ilə cavabdehlər arasında bağlanılmış 12 sentyabr 2013-cü il tarixli, “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 (Təvəkgül) oğlunun istifadələrinə verilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 7 saylı binanın 5 nömrəli mənzilinə dair 12 sentyabr 2013-cü il tarixli, “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 (Təvəkgül) oğlu həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 sentyabr 2013-cü il tarixli “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 (X3) ailə üzvləri (həyat yoldaşı - X4, oğlu - Cavabdeh3 (Təvəkgül) oğlu və qızı Cavabdeh4 (Təvəkgül) qızı) ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 7 saylı binada 5 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 may 2024-cü il, 26 iyun 2024-cü il və 16 iyul 2024-cü il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olan Cavabdeh1 faktiki olaraq sözügedən ünvanda yaşamır, dəfələrlə mənzilə baxış keçirilsə də qapını açan olmamış, Cavabdeh1 şəxsi mobil nömrəsi ilə əlaqə saxlandıqda Cavabdeh1 həmin mənzildə yaşamadıqlarını təsdiq etmiş və bu faktı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. Bundan əlavə məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında bəzən mübahisə predmeti olan mənzildə qaldığını, qeyd edilən evi ailə həyatı qurduqdan sonra oğlu olan digər Cavabdeh3 (Təvəkgül) oğluna verdiyini, özünün isə Biləcəri qəsəbəsində kirayə ev tutaraq digər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşadığını bildirmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəl və “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli abonent saldosundan göründüyü kimi cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 (Təvəkgül) oğlu və Cavabdeh4 (Təvəkgül) qızı bir müddət sözügedən mənzildə yaşamış, lakin daha sonra qeyd edilən mənzildən istifadə etməməyə başlamışlar. Bundan əlavə iddia tələbinin Cavabdeh4 (Təvəkgül) qızının “7-5” nömrəli mənzildən çıxarılması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, Cavabdeh4 (Təvəkgül) qızı hazırda sözügedən mənzildə yaşamadığı üçün onun mənzildən çıxarılması zərurəti aradan qalxdığından iddia tələbinin bu hissədə qiymətləndirilməsi zərurəti aradan qalxmışdır.
6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3, 99.4, 98.1, 98.2, 99.1, 99.6, 100.3, 102.1-ci maddələrinə, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, işə yenidən baxılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bəzən Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 7 saylı binada 5 saylı, 2 otaqlı mənzildə qalır və qeyd edilən evi oğlu Cavabdeh3 vermişdir. Ailəsi 7 nəfərdən ibarətdir. Belə ki, oğlu ailə qurduqdan sonra həmin mənzildə yaşaması üçün Biləcəri qəsəbəsində kirayə ev tutaraq digər ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamağa başlamışlar. Oğlu müvəqqəti olaraq Moskva şəhərinə getmişdir. Hazırda həyat yoldaşı və oğlu ilə birlikdə orada yaşayır. Faktiki olaraq sözügedən mənzildə yaşayır və kommunal xərcləri vaxtında ödəyir. Kommunal sayğaclar üçün özü pul ödəmişdir. Qızı Aydan ailə qurduqdan sonra həmin mənzildə yaşamır. Həmin evi heç vaxt kirayəyə verməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, işin içində heç bir sübut yoxdur. Sadəcə subyektiv əsaslarla tərtib edilmiş akt var ki, məhkəmə ona söykənmişdir. Halbuki, həmin aktın da heç bir sübutedici əhəmiyyəti yoxdur. Özü məcburi köçkündür və dövlət rüsumundan azaddır. Məhkəmə qətnamədə heç bir əlavə sübuta istinad etməmişdir. Sadəcə qətnaməyə kirayə müqaviləsinin şərtləri əlavə edilmişdir. Hesab edir ki, məhkəmə bu işə düzgün hüquqi qiymət verməli, qətnamədəki maddi və prosessual pozuntulara qiymət verməli, işi tənzimləməlidir. Məcburi köçkün olaraq onun dövlət tərəfindən mənzillə təmin edilməyi qanunvericiliklə dövlətin öhdəliyi kimi müəyyən edilmişdir. Lakin məhkəmə birtərəfli qaydada tərtib edilmiş akt əsasında, iddiaçının uydurma arqumentlərinə dayanaraq bu hüququnu əlindən almışdır. Hazırda həmin mübahisəli mənzildə yaşayır. Mənzilə aid komunal ödənişlər tərəfindən ödənilir. Ancaq iddiaçı heç bir əsas olmadan ona dövlət tərəfindən verilmiş mənzili əlindən almaq istəyir. Məhkəmə aydınlaşdırmamışdır ki, işin halları nə dərəcədə əsaslıdır. İşin halları qaranlıq qalmışdır. Hesab edir ki, apellyasiya məhkəməsi bu hallara düzgün hüquqi qiymət verməli və işi mahiyyəti üzrə tənzimləməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı təşkilat tərəfindən gəlib evə yoxlanış keçirilib, evdə olmaması barədə akt yazıblar. Kommunal xidmətlərdən istifadəyə görə ödənişlər barədə çekləri məhkəməyə təqdim edib. Hazırki gündə də həmin ünvada yaşayır. Evə istilik sistemi quraşdırılıb. Qazdan ancaq yemək bişirmək üçün istifadə olunur. 1 manat qarşılığında bir aydan çox qazdan istifadə edir. 7 nəfərdən ibarət ailədir, iki otaqlı ev olub, evi oğluna vermişdie. İddiaçı onları məhkəməyə verənə qədər kirayədə yaşayıb. Hazırda özü mübahisəli evdə tək yaşayır. Arvadı, oğlu və qızı, nəvələri kirayədə yaşayır, qızı ailə qursa da sonradan ailə münasibətləri pozulmuşdur. Arvadı nəvələrinə qulluq edir. Oğlu hazırda işi ilə əlaqədar Rusiya Federasiyasındadır. Kirayə qaldıqları evlə bağlı kirayə müqaviləsi bağlamayıblar.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh məhkəmə iclasında izahatında da göstərmişdir ki, evi oğluna verib, oğlu Rusiyada Federasiyasında yaşayır, özü ailəsi ilə birlikdə Biləcəri qəsəbəsində kirayə evdə yaşayırlar. İşi ilə əlaqədar orada yaşayır. Məhkəmə iclasında özü təsdiq etmişdir ki, həmin mənzildə uzunmüddətdir ki, yaşayış yoxdur. Mənzildən istifadə etmirlər. Hazırda da cavabdeh görüntü xətrinə bəzən evə gedərək orada yaşayır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər X4, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar
13. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 sentyabr 2013-cü il tarixli “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh1 (X3) ailə üzvləri (həyat yoldaşı – X4, oğlu - Cavabdeh3 Təvəkgül (Təvəkkül) oğlu və qızı Cavabdeh4 Təvəkgül (Təvəkkül) qızı) ilə birlikdə Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 7 saylı binada 5 nömrəli, 2 otaqlı mənzil ilə təmin edilmişdir. 12 sentyabr 2013-cü il tarixli, “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtlərinə əsasən kirayəçinin aşağıdakı vəzifələri vardır: 2.4.2.kirayəyə götürülmüş xüsusi təyinatlı yaşayış sahəsini dəyişdirməmək, özgəninkiləşdirməmək, subkirayəyə, habelə digər şəxsin icarəsinə, istifadəsinə verməmək; 2.4.3.yaşayış sahəsindən təyinatı üzrə və Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək; 2.4.4. yaşayış sahəsinin saxlanılmasını və qorunmasını təmin etmək; 2.4.9. yaşayış sahəsindən istifadə etməyə hüquq verən əsasların və halların dəyişməsi barədə on iş günündən gec olmayaraq, Kirayəyə verəni məlumatlandırmaq. 4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.4.1.Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; 5.4.3.Kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 5.4.4.kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 5.4.5. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 5.7.1.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2.Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.
14. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 21 may 2024-cü il, 26 iyun 2024-cü il və 16 iyul 2024-cü il tarixli aktlardan görünür ki, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatda olan Cavabdeh1 faktiki olaraq sözügedən ünvanda yaşamır. Dəfələrlə mənzilə baxış keçirilsə də qapını açan olmamışdır. Cavabdeh1 şəxsi mobil nömrəsi ilə əlaqə saxlandıqda Cavabdeh1 həmin mənzildə yaşamadıqlarını təsdiq etmişdir.
15. İş materiallarında olan Sumqayıt Qaz İstismar İdarəsinin abonent hesabından görünür ki, ünvan 1 ünvanında 2017-ci il tarixdə 10, 2018-ci il tarixdə 40 kibmetr qazdan istifadə edilmişdir. 2019-2022-ci il tarixədək qazdan istifadə edilməmiş, 2022-ci il tarixdə 33 kubmetr qazdan istifadə edilmiş, 2023-cü il tarixdə qazdan istifadə edilməmiş, 2024-cü il tarixdə isə 16 kebmetr qazdan istifadə edilmişdir.
16. İş materiallarında olan "xxxx" ASC-nin abonent hesabından görünür ki, ünvan 1 ünvanında 2019-cu il tarixdə 50 kubmetr sudan istifadə edilmiş, 2020-ci il tarixdə sudan istifadə edilməmiş, 2021-ci il tarixdə 32 kubmetr, 2022-ci il tarixdə 2 kubmetr, 2023-cü il tarixdə sudan istifadə edilməmiş, 2024-cü il tarixdə isə 1 kubmetr sudan istifadə edilmişdir.
17. İş materiallarında olan "xxxx" ASC-nin abonent hesabından görünür ki, ünvan 1 ünvanında 2023-cü ilin iyul ayından iddia qaldırılan tarixədək cəmi 111 kv.t elelktrik enerjisindən istifadə edilmişdir.
Tətbiq edilən hüquq
18. Mənzil Məcəlləsi
91.1.5. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. 82.5. Sosial kirayə müqaviləsinə yaşayış sahəsinin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan kirayəçinin vəfatı ilə bağlı xitam verilir. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.
19. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər.
20. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, iş materiallarından görünür ki, mübahisəli mənzil Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 12 sentyabr 2013-cü il tarixli “7-5” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün Cavabdeh1 və onun ailə üzvlərinə (həyat yoldaşı - X4, oğlu - Cavabdeh3 (Təvəkgül) oğlu və qızı Cavabdeh4 (Təvəkgül) qızı) verilmiş, lakin cavabdehlər mübahisəli mənzildə uzun müddətdir ki, yaşamamaqdadırlar. Bu hal iş materiallarında sübutlarla, əsasən də yuxarıda istinad olunan kommunal xidmət göstərən təşkilatların abonent hesabındakı cavabdehlərin komunal xidmətlərdən istifadəni əks etdirən sayğac göstəriciləri ilə təsdiqini tapmaqdadır.
24. Yuxarıda istinad olunan Mənzil Məcəlləsinin tələbinə, o cümlədən tərəflər arsında bağlanmış müqavilənin şərtlərinə əsasən Kirayəçi və onun ailə üzvləri hesab edilən şəxslər yaşayış sahəsində üzrlü səbəb olmadan istifdə etmədikdə müqavilə ləğv edilir. İşdə olan sübutlarla da cavabdehlərin mübahisəli mənzildən uzun müddətdir ki, istifadə etməmələri sübut olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-402/2025 nömrəli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.