Məhkəmə qərarları › İş №2(105)-727/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-727/2025

02.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-727/2025 02.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-128/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 0.0006 ha hissəsinin Cavabdeh tərəfindən boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, torpaq sahəsindən 2 (iki) ildən artıq müddətdir qanunsuz istifadə etməsinə görə 1000 (min) manat, hazırki məhkəmə işinin yarartdığı maddi yükə görə 500 (beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pulun Cavabdeh alınaraq ona verilməsi, həmçinin torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli torpaq sahəsi sənəd üzrə göstərildiyindən az olduğuna görə torpaq sahəsinin plan və ölçü sənədinin verilməsinə cavabdeh orqan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsi imtina edir. Bundan başqa torpaq sahəsinin bir hissəsinin digər şəxslər tərəfindən zəbt olunaraq istifadə edilməsi onun konstitusion hüquqlarını pozur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, sənəd üzrə sahəsi 0.0053 ha olan, lakin faktiki olaraq sahəsi 0.0047 ha olan ********** qeydiyyat nömrəli torpaq sahəmin çatışmayan 0.0006 ha hissəsi **********97-10301 reyestr nömrəli fərdi yaşayış evinin faktiki istifadəsində olan ərazinin hüdudları daxilində yerləşir. **********97- 10301 reyestr nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdehdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Səfərov X4 Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Cavabdeh qarşı, torpaq sahəsindən 2 (iki) ildən artıq müddətdir qanunsuz istifadə etməsinə görə 1000 (min) manat, hazırki məhkəmə işinin yaratdığı maddi yükə görə 500 (beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi, həmçinin torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilməsi barədə xx.xx.2024-cü tarixli qərardad qəbul etsə də, həmin qərardadın nəticəsini əldə etmədən yekun qətnamə elan etmişdir. Bu hal hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlil hesab olunmalıdır. İddia ərizəsinə əlavə edilmiş məhkəmə qərarı və digər sənədlərdən cavabdeh tərəfindən müvafiq torpaq sahəsinin 6 kv.m. hissəsinin zəbt edildiyi müəyyən edilsə də, məhkəmə bu halları sübuta yetirməmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə, mübahisə predmeti olan torpaq sahəsinin zəbt olunub-olunmaması və yaxud kim tərəfindən zəbt edilməsi ilə bağlı hər hansı mötəbər sübut olmadığından iddia tələbi təmin edilməmişdir. Halbuki, torpaq sahəsinin 0.0006 ha hissəsinin **********97-10301 reyestr nömrəli fərdi yaşayış evinin faktiki istifadəsində olması və həmin fərdi yaşayış evinin sahibinin məhkəmə işi üzrə Cavabdeh olması məhkəmə araşdırmasında müəyyən edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi iddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini sübut edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən göründüyü kimi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0,0053 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 21, 1097, 157.2-ci maddələri nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi 6 kv.m. torpaq sahəsinin iddiaçının mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə məhkəmə ekspertizası təyin edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 26 sentyabr 2025-ci il tarixli 3-21-3-32/2-16312/2025 nömrəli mütəxəssis rəyinə əsasən Elektron məlumat bazasına əsasən, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə, **********07 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşən hissəsi 0.0044 ha təşkil edir. Elektron məlumat bazasına əsasən, cavabdeh X2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, **********97 reyestr nömrəli çıxarışla Cavabdeh Sahib qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üstüstə düşən hissəsi 0.0108 ha təşkil edir. **********07 reyestr nömrəli çıxarışla İddiaçı sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, cavabdeh X2 faktiki istifadəsində olan torpaq sahəsi (sanitar qovşağı ilə) ilə üst-üstə düşən hissəsi 0.0009 ha təşkil edir. Həmçinin, Cavabdeh Sahib qızının sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0002 ha təşkil edir. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı məxsus olması, həmin torpaq sahəsinin 0.0009 ha hissəsinin cavabdeh X2 faktiki istifadəsində olan torpaq sahəsi (sanitar qovşağı ilə) ilə üst-üstə düşməsi öz təsdiqini tapmışdır. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Mövcud vəziyyətdə iddiaçı onun sahibliyində olmuş, tələbində göstərdiyi əmlakına cavabdeh tərəfindən törədilən mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etsə də, iddianı rədd edən birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinin cavabdeh tərəfindən mülkiyyətinə olunmuş müdaxilənin aradan qaldırılmalı olmasına əhəmiyyət vermədən iş üzrə keçirilmiş müvafiq ekspert rəyinə istinadən cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunduğunun mötəbər sübutlarla təsdiq olunmamasına əsaslanmışdır. Göründüyü kimi cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşir və iddiaçının öz torpaq sahəsindən istifadəsinə maneçilik yaradır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən cavabdeh tərəfindən istifadə edilməsi məhkəmə kollegiyasında işin araşdırılmış hallarında da öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, cavabdeh tərəfindən tikilmiş tikili sonuncunun öz hesabına sökülməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. O da nəzərə alınmalıdır ki, mütəxəssis rəyində torpaq sahəsinin 0,0009 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilsə də, mövcud tələb 0,0006 ha torpaq sahəsinin boşaldılması barədədir. Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin zəbt edilmiş torpaq sahəsinin 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikililərin cavabdehin hesabına sökülməsi hissəsində əsaslı olduğundan, təmin edilməlidir. İddia tələbinin torpaq sahəsindən 2 (iki) ildən artıq müddətdir qanunsuz istifadə etməsinə görə 1000 (min) manat, hazırki məhkəmə işinin yaratdığı maddi yükə görə 500 (beş yüz) manat, mənəvi zərərə görə 500 (beş yüz) manat olmaqla ümumilikdə 2000 (iki min) manat pulun Cavabdeh alınaraq iddiaçıya verilməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh mütəxəssis rəyinin dəyəri olaraq 95 (doxsan beş) manat alınaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin hesabına ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunmayan hissəsi (2000 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə həmin hissədə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 fevral 2025-ci il tarixli qətnaməsi torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 6 kv.m. hissəsinin boşaldılması və üzərindəki tikilinin cavabdeh tərəfindən sökülməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt edilmiş 6 kv.m. hissəsi boşaldılsın və üzərindəki tikili cavabdeh tərəfindən sökülsün. Cavabdeh mütəxəssis rəyinin dəyəri olaraq 95 (doxsan beş) manat alınaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinin hesabına ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar