Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-728/2022 07.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(060)-6607/2015 saylı qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(060)-6607/2015 saylı qətnaməsi ilə (hakim İlyas Mahmudov) Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilmiş, Ərizəçi 3 uşaqlı ana kimi 24.02.2010-cu ildən pensiya hüququnun yaranması faktının müəyyən edilməsi qət edilmiş, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun 3 uşağa görə pensiyaya çıxmaq vaxtının 24 fevral 2010-cu ildə yaranmasının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Mingəçevir şəhərində anadan olmuş, 10.08.1985ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından 16.04.1986-cı il tarixdə X3, 25.03.1989-cu il tarixdə X5 və 11.05.1990-cı tarixdə X7 anadan olmuşlar. O, 21 sentyabr 1976-cı ildən 01 iyul 2008-ci ilə kimi müxtəlif idarə və təşkilatlarda işləmişdir və 3 uşağa görə pensiyaya 51 yaşından çıxmalı idi. Lakin 2010-cu ildə o, Azərbaycan Respublikasında olmadığı üçün bu mümkün olmamışdır. O, şifahi olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək, üç uşaq anası və lazımi qədər əmək stajı olduğu üçün 51 yaşdan ona pensiya təyin edilməsini xahiş etmiş, lakin həmin təşkilatdan hazırda üç uşaq anası kimi ona 2010-cu ildən yaşa görə pensiya təyinatının aparılması mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, Ərizəçi üç uşağa görə pensiyaya çıxmaq vaxtının 24.02.2010-cu ildə yaranması faktının müəyyən edilməsinə dair ərizəsinə inzibati məhkəmədə baxılmalıdır. Belə ki, bu hüquq münasibətləri inzibati məhkəmənin yurisdiksiyasına aiddir və öhdəliyin icrası qaydasında baxılmalı idi. Qətnamə maraqlı şəxs kimi onlara göndərilməmişdir. Qətnamə qəbul edilərkən ciddi pozuntulara yol verildiyi aşkar edilmiş və işin digər faktiki hallarına dair əsaslı şübhələr yaranmışdır. İş materiallarında qətnamənin rəsmi qaydada təqdim olunmasına dair hər hansı sənəd yoxdur. İş materiallarından göründüyü kimi, ərizəçinin məhkəmə qaydasında mübahisələndirdiyi dövrlərə dair əmək kitabçası mövcuddur. Həmin kitabçanın mövcudluğu isə işə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qaydasında məhkəmədə baxılmasını istisna edir. Digər tərəfdən, mübahisənin predmeti barədə (pensiya təyin edilməsi) maraqlı şəxsin imtinası faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, ərizəçinin tələbi üç uşaqlı ana kimi 51 yaşdan pensiya təyin edilməsi olmuşdur. Həmin tələblə bağlı münasibətlər inzibati hüquq münasibətləri kateqoriyasına daxildir. İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı isə ümumi məhkəmələr tərəfindən deyil, inzibati məhkəmələr tərəfindən həyata keçirilir. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Lakin birinci instansiya məhkəməsi xüsusi icraat qaydasında müəyyən edilə bilməyən, hüquqi əhəmiyyəti olan faktlar sırasına daxil olmayan, inzibati orqanla vətəndaş arasında baş vermiş, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia tələbinə “Əmək pensiyaları haqqında” qanunun normalarını rəhbər tutmaqla xüsusi icraat qaydasında baxaraq qətnamə qəbul etmişdir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla, fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın və qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədənkənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır və onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Maraqlı şəxs apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İT ******* saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 21.09.1976-cı il tarixdən 01.07.2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmişdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Ərizəçi 10.08.1985-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X3 16.06.1986-cı il tarixdə, X5 25.03.1989-cu il tarixdə və X7 11.05.1990-cı il tarixdə anadan olmuşlar, ataları X4, anaları isə Ərizəçidır. İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Ərizəçi 24.02.2010-cu il tarixdə 51 yaşına çatması, çoxuşaqlı ana olması və buna görə də ona 24.02.2010-cu il tarixdən başlayaraq pensiya təyin edilməli olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinin əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər; Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qanunun mənasından göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi şərtləri ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyəti olan faktlar olması və ərizəçinin həmin hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olmamasıdır. İşdən görünür ki, Ərizəçi qızının ərizəsi faktiki olaraq 3 uşağa görə pensiyaya çıxmaq vaxtının 24 fevral 2010-cu ildə yaranması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumunun üzərinə qoyulması barədədir. Ərizəçi ərizəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət etdiyini göstərmişdir. İş materiallarında Ərizəçi pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməsini və ona ərizəsində göstərilən vaxtdan pensiya təyin edilməsindən imtina olunmasını təsdiq edən hər hansı sənəd yoxdur. Həmçinin Ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməsi də iş materiallarından görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, Ərizəçi ərizəsində göstərdiyi hallar onun 24.02.2010-cu ildən pensiya hüququnun yaranması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməli idi. Lakin iş materiallarında ərizəçinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna yazılı müraciət etməsi barədə sübut yoxdur. “İnzibati icraat haqqında” qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2 və 2.2.3-cü maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericilik normalarına istinadən qeyd edir ki, ərizəçi ilkin olaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməli, həmin qurumun hər hansı qərar və hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, ərizəyə dair iş üzrə icraata xitam vermək əvəzinə, ərizəyə mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə görə işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə ləğv edib bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə görə bu Məcəllənin 261.0.1ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Məhkəmə kollegiyası izah edir ki, ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməli, həmin qurumun hər hansı qərar və hərəkətindən (hərəkətsizliyindən) narazı qaldığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(060)-6607/2015 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-728/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-728/2022
07.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver