Məhkəmə qərarları › İş №2(105)-728/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-728/2025

01.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-728/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(012)-1232/2025 nömrəli qərardadından Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Bəhruz ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, 2(012)- 1232/2025 nömrəli mülki işə baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərardadı ilə cavabdehin vəkilinin ərizəsinin rədd edilməsi qərara alınmışdır. Cavabdehin vəkili-nümayəndəsi həmin qərardaddan 27 fevral 2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsi, ərazi aidiyyətinə dair ərizənin təmin edilib işin baxılması üçün ərazi aidiyyəti üzrə Laçın Rayon Məhkəməsinə göndərilməsini, əks təqdirdə qərardaddan verdikləri şikayətin baxılması üçün iş ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərardadından şikayət PDF formada verilməklə AR MPM-in 361-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Cavabdehin vəkili-nümayəndəsi həmin qərardaddan xx.xx.2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında göstərir ki, Cavabdeh vəkili- xx.xx.2025-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-1232/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət vermə müddəti son gün idi. Həmin gün elektron məhkəmə sistemi tamamilə işləmirdi. İlk olaraq bu barədə Abşeron Rayon Məhkəməsinin emailinə (Elektron ünvan ) həm qərardaddan şikayəti pdf edib göndərmiş, həm də Abşeron Rayon Məhkəməsinin hakiminə bildirmişdir ki, elektron məhkəmə sistemi gün ərzində işləməmişdir və hazırda da işləmir. Bu səbəbdən şikayəti məhkəmənin email ünvanına göndərmişdir. “Nəzərə almağınızı xahiş edirəm.” adlı məktub göndərmişdir. Gecə saatlarında məhkəmə elektron sisteminə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, yəni elektron məhkəmə sisteminə e-2(012)-1232/2025 nömrəli mülki işə daxil olub əlaqəli yeni sənəd əlavə etmək bölməsindən yenidən qərardaddan şikayəti məhkəməyə göndərə bilmişdir. Elektron məhkəmə sisteminin yeni şikayət bölməsinə daxil olaraq oradan şikayəti göndərə bilmədiyi üçün şikayəti pdf olaraq məhkəməyə əlavə sənəd hissəsindən göndərmişdir. Buna dair emaildən məhkəməyə göndərdiyi məktubu qoşmaya əlavə etmişdir. Həmin qərardaddan şikayət elektron məhkəmə sisteminin işləməməsi, yeni şikayət bölməsindən şikayəti göndərə bilməməsi səbəbindən əlaqəli yeni sənəd hissəsindən göndərilmişdir. Məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. Yuxarıdakıları nəzərə alaraq hesab edirlər ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci və 10-1.3-cü maddəsinə istinad etsə də məhkəmənin emailinə göndərilən məktub nəzərə alınmamışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, cavabdehin vəkili-nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayət PDF formada verilməklə AR MPM-in 361-ci maddəsinin tələblərinə əməl edilməmiş, bu səbəbdən həmin şikayət geri qaytarılmışdır. Mülki Prosessual Məcəllənin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır, Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri qəraradın ləğv edilməsi üçün əsas deyildir. Belə ki, Mülki Prosessual Məcəllə şikayətin verilməsi ilə bağlı imperativ tələblər müəyyən etmişdir ki, həmin tələblərə riayət edilməməsi Məcəllənin 363-cü maddəsində müəyyən edilmiş əsaslarla şikayətin geri qaytarılmasına əsas yaradır. Şikayət müəllifi şikayət vermə müddəti son günü olan xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminin tamamilə işləməməsi barədə dəlillər irəli sürsə də, bununla bağlı hər-hansı təsdiqedici sübut təqdim etməmiş, iş materialları ilə də belə bir halın mövcudluğu müəyyən olunmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(012)-1232/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar