Məhkəmə qərarları › İş №2(105)-73/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-73/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-73/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı satılmış mənzilin 1/2 hissəsinə uyğun pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-490/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şamaxı Rayon Məhkəməsinin 2(074)-490/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı yuxarıda qeyd olunan iddiası təmin edilməmişdir. (hakim E.Hümbətov) İddiaçı qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, Cavabdeh, birgə nikah dövründə alınmış, Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 3153-cü məhəlləsində yerləşən 33-cü mənzilinin satışından əldə edilmiş məbləğin 1/2 hissəsində pulun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehlə 2003-cü il tarixdən faktiki nikaha girərək RF-nın Moskva şəhərində yaşamış, 2006-cı ildə isə rəsmi nikaha daxil olmuşlar. Birgə yaşadıqları dövrdə 2 övladı dünyaya gəlmişdir. 2008-ci ildə Bakı şəhərinə gələrək Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 31/59-cu məhəllənin sahəsi 84 kv.metr olan 2 otaqlı 33-cü mənzilini (yeni bina), "xxxx" Kiçik Müəssisəsindən müqavilə ilə 120.000 manat ödəyərək almışdır. Mənzili aldıqdan sonra, cavabdehlə evliliyinin ilk illəri yaxşı keçmişdir. RF-nin Moskva şəhərində olarkən mənzili baha satmaq və ailəsi üçün başqa yerdə ucuz ev almaq üçün cavabdehə evi satmaq üçün razılıq ərizəsi göndərmişdir. Sonradan qayınanası və baldızının ailədaxili işlərə qarışmasından, səbəbsiz olaraq söz-söhbətlər yaratmasından, son illər ərzində münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədaxili xoşagəlməz söz söhbətlər yaranmış, vəziyyət dözülməz həddə çatdığına görə 2015-ci ildə evdən çıxıb getmişdir. Birgə yaşamadıqları vaxt cavabdeh razılıq ərizəsi vasitəsi ilə evi qohumu X1 və onun adına keçirmişdir. Həmin evin satılması nəticəsində əldə edilmiş pul cavabdeh tərəfindən istifadə olunmuş, ona pul verilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, işə baxmış məhkəmə mübahisəni tam və hərtərəfli araşdırmamış, qanunsuz nəticəyə gəlmişdir. Mübahisə həll edilərəkən bütün sübutlar tədqiq olunmamış, yalnız iddiaçı tərəfin mülahizələri əsas götürülmüşdür. İddianı rədd edərkən məhkəmə buna əsaslanmışdır ki, guya mənzilin satışından əldə edilmiş vəsait tərəflərin birgə iştirakı ilə xərclənmiçdir və cavabdehdə belə bir vəsait yoxdur. Bu nəticəni isə məhkəmə heç bir mötəbər sübutla əsaslandıra bilməmişdir. Mənzil satılmış şəxs cavabdehin bibisi qızıdır. Həmin mənzilin hansı qiymətə satılması məsələsini də məhkəmə araşdırmamışdır. Əslində evin alqı-satqısı barədə bağlanmış əqd uydurma əqddir, heç bir hüquqi əhəmiyyət kəsb etmir, bunun sübutu isə mənzil satıldıqdan sonra cavabdehin hazırda da orada yaşaması faktıdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olumalıdır. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında iddiaçının vəkili və nümayəndəsi X9 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etsə də, lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, sonrakı məhkəmə iclaslarında iddiaçı tərəf iştirak etməmişlər. Apelyasiya baxışında Cavabdeh vəkili və nümayəndəsi X10 isə bildirdi ki, apelyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur və buna görə də iddiaçının şikayəti təmin edilməməlidir. İddiaçı yetkinlik yaşına çatmamış iki uşaq üçün aliment ödəməkdən yayınmaq üçün bu iddianı qaldırmışdır. Mənzilin satışından əldə edilmiş vəsaitin çoxu iddiaçının borclarının bağlanmasına yönəldilmiş, qalan vəsait isə birgə nikah dövründə ailənin ehtiyacları üçün xərclənmişdir. İş üzrə mütəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" Kiçik Müəssisəsinin ünvanı tam olmadığından ona ünvanlanmış məhkəmə bildirişi çatdırılmamışdır. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin 2(074)-1627/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Dəmirova (Abbasova) Dilşad Əliağa qızı arasında Şamaxı rayon VVADQ şöbəsində 28 avqust 2006-cı il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 21.05.2004-cü il təvəllüdlü Dəmirov Elman Ruslan oğlunun və 07.01.2007-ci il təvəllüdlü X4 anaları Dəmirova (Abbasova) Dilşad Əliağa qızının yanında qalmaları, İddiaçı 11 dekabr 2018-ci il tarixdən başlayaraq, birgə nikahlarından doğulmuş 21.05.2004-cü il təvəllüdlü Dəmirov Elman Ruslan oğlu və 07.01.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin alınıb Dəmirova (Abbasova) Dilşad Əliağa qızına verilməsi qət edilmişdir. Yenə iş materiallarında olan "xxxx" Kiçik Müəssisəsinin 201/550 saylı, 18 mart 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31/59-cu məhəllədə yerləşən 33 saylı mənzil Cavabdeh məxsus olmuşdur. Həyat yoldaşı İddiaçı tərəfindən 29 iyul 2015-ci il tarixdə Moskva şəhərində ** AB ***9307 nömrəli razılıq ərizəsi əsasında Cavabdeh mənzilin pay haqqını tam həcmdə X2 aldığı haqda Müəssisəyə yazılı müraciət etmiş, mənzilini X3 adına sənədləşməsini xahiş etmişdir. Bundan sonra, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31/59-cu məhəllədəki 33 saylı mənzil Müəssisə tərəfindən X3 adına sənədləşdirilmişdir. Yenə də iş materiallarında olan ** AB ***9307 saylı razılıq ərizəsinin surətindən görünür ki, İddiaçı arvadı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən ibarət olan birgə nikahdan əldə etdikləri əmlakı öz mülahizəsinə uyğun şərtlərlə və qiymətə satılmasına razılıq vermişdir. İşdə olan "xxxx" Kiçik Müəssisəsinin 201/600 saylı, 08 may 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31/59-cu məhəllədə yerləşən 33 saylı mənzil üzrə müxtəlif dövrlər üçün pay haqqına sahib payçılar bunlardır: X11-06.01.2005, Cavabdeh-02.01.2007, X8-18.04.2016, X7-26.02.2018. Məktuba əlavə edilmiş 02 yanvar 2007-ci il və 18 aprel 2016-cı il tarixli müqavilələrdən görünür ki, mübahisəli mənzilə görə Cavabdeh və X8 "xxxx" Kiçik Müəssisəsinə 6940 manat ödəniş etmişdir. Yenə işdə olan Bakı Apelyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(103)- 4781/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və "xxxx" Kiçik Müəssisəsinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31/59-cu məhəllədə yerləşən 33 saylı mənzillə bağlı 18.04.2016-cı və 26.02.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmış, İddiaçı apelyasiya şikayəti təmin edilməmişdir. Yenə də işdə olan AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2021-ci il tarixli, 2(102)-669/2021 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 21 avqust 2020-ci il tarixli, 2(103)-4781/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmış, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İşə əlavə edilmiş Şamaxı Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 1(074)- 18/2021 saylı hökmündən görünür ki, İddiaçı aliment ödənilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından boyun qaçırdığına görə AR CM-nin 306.1-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mübahisə üzrə çıxarılmış qətnamə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 2003-cü ildən faktiki, 2006-cı ildən isə rəsmi nikah münasibətlərinə girmişlər və onların nikahlarından Elman və Milana adlı uşaqları olmuşdur. Tərəflər birgə nikahda olarkən onlar Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 31/59-cu məhəllədə yerləşən 33 saylı mənzili əldə etmişlər. Mənzillə bağlı müqavilə cavabdehin adına olmuşdur. Cavabdeh bu mənzilə görə "xxxx" Kiçik Müəssisəsinə 6940 manat ödəniş etmişdir. Sonradan onlar mənzili satmaq qərarına gəlmiş, mənzil birgə nikah zamanı əldə olunduğundan bu əməliyyat üçün iddiaçının da razılığı tələb olunmuşdur. ** AB ***9307 saylı razılıq ərizəsinin surətindən görünür ki, İddiaçı arvadı Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən ibarət olan birgə nikahdan əldə etdikləri əmlakı öz mülahizəsinə uyğun şərtlərlə və qiymətə satılmasına razılıq vermişdir. Bundan sonra isə mənzil 18 aprel 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Ş.S.Zərbalıyevaya satılmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, birgə nikah dövründə alınmış, Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 3153-cü məhəllədə yerləşən 33-cü mənzilin satışından əldə edilmiş məbləğin 1/2 hissəsi məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Yenə həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Qeyd olunduğu kimi iş üzrə tərəflər-İddiaçı və Cavabdeh birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu Şərifzadə küçəsi 3153-cü məhəllədə yerləşən 33-cü mənzili əldə etmiş, mənzilə dair alqı-satqı müqaviləsi Cavabdeh ilə bağlanmasından asılı olmayaraq onların ümumi əmlakı hesab olunmuşdur. Sonradan qarşılıqlı razılıq əsasında həmin mənzili özgəninkiləşdirmişlər. Məhkəmə iclasında Cavabdeh həmin mənzili 60000 manata satdıqlarını, əldə edilmiş məbləğin əsas hissəsinin iddiaçının borclarının ödənilməsinə yönəldildiyini bildirmişdir. Ailə Məcəllənin 33.2-ci maddəsinə əsasən ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Yenə həmin Məcəllənin 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdehin pul vəsaiti üzərində sərəncam əqdini həyata keçirməsi, iddiaçının razılığı ilə edilmiş hərəkət sayılır. Bu hərəkət nəticəsində tərəflər pul vəsaitinə mülkiyyət hüququnu itirmiş sayılırlar. Məhkəmə iddia üzrə belə nəticəyə gəlmişdir ki, tərəflər, o cümlədən iddiaçı mənzilin satışından əldə edilmiş və üzərində sərəncam verilmiş pul vəsaitinə mülkiyyət hüququnu itirdiyindən, mənzilin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsinin cavabdehdən alınaraq ona verilməsinə dair iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır. Belə ki, işdən görünür ki, mübahisəli mənzil cavabdeh tərəfindən satılarkən iddiaçı buna yazılı razılıq vermiş, əmlak tərəflər nikahda olarkən satılmış, onların nikahı bu əqddən təqribən 32 ay sonra pozulmuşdur. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, mənzilin satışından əldə edilmiş pul vəsaitinin tərəflərin özləri tərəfindən xərclənməsi ehtimalı daha böyükdür. İddiaçı tərəf isə bunun əksini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarında olan məhkəmə aktlarından görünür ki, İddiaçı mübahisəli mənzillə bağlı əqdləri mübahisələndirmiş, lakin son nəticədə bu iddia da təmin olunmamışdır. Bu hallara məcmu halda qiymət verərək, məhkəmə kollegiyası hesab edir ki, iddia, o cümlədən apelyasiya şikayətinin dəlilləri əsassızdır və təmin olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq həm iddiasının, həm apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-490/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar