Məhkəmə qərarları › İş №2(105)-734/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-734/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-734/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X2 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(012)-545/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. Mülki iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 avqust 2023-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 08 avqust 1996-cı il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir.

2. Mülki iş materiallarında olan Cəlilabad rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 267451 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxxx 2002-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdeh1dır.

3. xx.xx.2023-cü tarixli, ********** saylı və xx.xx.2022-ci il tarxli ********** saylı Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın dövlək kadastrı və reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış və torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir.

4. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə olunaraq iş materiallarına əlavə edilmiş DƏDXR Publik hüquqi şəxsi 4 saylı AƏİ-nin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı və Cavabdeh1 adına Cəlilabad rayonu, Bədirli kəndi ərazisində yerləşən 1.2 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında xx.xx.1996-cı il tarixdə 17 nömrəli akt ilə Cəlilabad rayon Əliqasımlı kənd icra nümayəndəliyi tərəfindən rəsmi nikah qeydə alınmışdır. Onların birgə nikahdan iki övladı- xx.xx.1998-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 dünyaya gəlmişdir. Övladları artıq yetkinlik yaşına çatmış və sərbəst şəkildə öz həyatlarını yaşayır. Onlar birgə nikah dövründə Abşeron rayonu, Masazır qəsəbəsi, Akim Abbasov küçəsində yerləşən 26 saylı fərdi yaşayış evini əldə etmişlər. Həmin ev oğlu Cavabdeh2 adına sənədləşdirilmişdir. Həmin evdə hal-hazırda cavabdehlər və qızı Gültəkin yaşayır. Cavabdeh1 nikahın pozulması tələbi ilə bağlı qeydiyyat ünvanı üzrə Cəlilabad rayon Məhkəməsinə müraciət etmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. Cavabdehlər onu öz evindən qovmuşlar və hazırda həmin evdə özləri tək yaşayır. Onların həmin evdən başqa yaşayacaq yeri yoxdur. Ona görə də cavabdehlər ilə aralarında sülh yolu ilə problemləri həll edə bilmədiyi üçün o, evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Neçə aydır ki, sözün əsli mənasında küçələrdə qalmışdır. O, evə gedən zaman Cavabdeh1 səs-küy salaraq, qonşuları ətrafına toplayır və polisə zəng edir. Abşeron rayonu, Masazır qəsəbəsindəki, 210 kv.metrlik torpaq sahəsinin 13 il bundan öncə X3 alıb özü üçün fərdi yaşayış evi tikmişdir. Yaşadığı dövrdən, yəni 13 ildir ki, evin bütün kommunal xərcləri onun adına olduğu üçün bütün xərcləri də o, ödəyir. Həyat yoldaşı Cavabdeh1 ona məlum olmayan səbəblərdən onu aldadaraq sənədləri imza etdirib bacısı Niftəliyeva (Məlikova) Fatimə Məlikməmməd qızının, sonradan isə, yəni xx.xx.2022ci il tarixdə oğlu Cavabdeh2 adına çıxarış və s. sənədləri almışlar. Bildirir ki, o, artıq neçə aydır ki, ailə üzvləri qanunsuz və nankorluq ucbatından zəhmət çəkib inşa etdiyi evinə buraxmırlar. O, hər hansı bir xoşagəlməz hadisələrin baş verməməsindən ötrü bütün aidiyyəti hüquq-mühafizə orqanlarına ona köməklik məqsədilə evə buraxılmağı barədə rəsmi müraciət etsə də, ona bildiriblər ki, adı keçən fərdi yaşayış evi Abşeron rayon ərazisində olduğu üçün o, yalnız Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir.

7. Abşeron Rayon Məhkəməsinin (hakim S.Quliyeva) 19 yanvar 2024-cü il tarixli, 2(012)- 545/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən mübahisəli ev Cavabdeh2 xüsusi mülkiyyətindədir, İddiaçı onun valideynidir və mübahisə yaranana kimi həmin mənzildə ailə üzvləri ilə birgə yaşamışdır. Bu, işin mübahisəsiz halıdır. İşdə olan 2011ci il tarixli Azərişıq və Azərsu MMC-yə aid abonentin saldosundan görünür ki, həmin mənzildəki kommunal xidmətlərin abunəçisi İddiaçı olmuşdur. Məhkəmə mülki işin baxılması ilə bağlı mübahisəli mənzilə baxış keçirmiş, lakin cavabdehlər qapını açmadığından baxış keçirilməsi mümkün olmamışdır. Lakin həmin fərdi yaşayış evinə çöl tərəfdən baxış keçirərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent kodlarının eyni olmasını müəyyən edilmiş və evin kənardan fotoşəkilləri çəkilmişdir. Bununla belə, məhkəmə iclasında ifadə vermiş İddiaçı mübahisəli evin inşa edilməsində də vəsaitin məhz onun tərəfindən xərcləndiyini, lakin torpaq sahəsinin əvvəllər formal olaraq baldızının adına alınmasını bildirmişlər. Məhkəmədə müəyyən olunmuşdur ki, tərəflər bu evdə əvvəllər də birgə yaşamış, sonradan onlar arasında ailə münaqişələri yaranmışdır. Hazırda İddiaçı başqa yaşayış yerinin olmadığını, mübahisəli evin onun vəsaiti ilə tikildiyini iddia edib, oraya köçürülməsini məhkəmədən xahiş edib. Məhkəmə hesab edib ki, İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən mübahisəli evə köçürülməsi barədə iddiası əsaslı hesab edilməlidir. Belə ki, mübahisəli evin hüquqmüəyyənedici sənədləri mövcud olsa da, həmin evin mülkiyyətçisi Cavabdeh2 İddiaçı ailə üzvüdür, onun başqa yaşayış yeri yoxdur, ailə üzvü kimi onun həmin mənzildən istifadə etmək hüququ var.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.3, 152.5, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3. 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlillərində qətnamənin maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir. İddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. İddiaçı Cəlilabad rayonu, Bədirli kəndində qeydiyyatdadır və orda da yaşayır. O, ümumiyyətlə Cavabdeh2 mülkkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evində qonaq kimi gəlib getmiş və heç vaxt yaşamamışdır. Məhkəmə qətnamə qəbul edərkən 2011-ci il tarixli Azərişıq və Azərsu ASC-yə aid abonentin saldosundakı kommunal xidmətlərin abunəçisi İddiaçı olmasına sübut kimi istinad etmişdir. Bu isə tam absurddur. Belə ki, həmin müəssissələr abonent müqaviləsi bağlayarkan heç bir mülkiyyət sənədinə əsaslanmırlar. Həmin mənzildə kim şəxsiyyət vəsiqəsini təqdim etsə həmin şəxslə də abonent müqaviləsi bağlanılır. Bundan əlavə Cavabdeh2 mübahisəli mənzili xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi əsasənda X1 almışdır. İşdə olan abonent saldoları isə köhnə mülkiyyətçinin vaxtına təsadüf edir. Onu da qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Cəlilabad rayonu İcra Hakimiyyəti Başçısı yanında Əliqasımlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdanda görünür ki, Cavabdeh1 və onun əri İddiaçı özlərinə məxsus 0,15 ha həyətyanı torpaq sahəsi və 90 M –lik fərdi yaşayış evi vardır. Belə olan halda iddiaçının cavabdehə məxsus evə köçürülməsi tamamilə qanunsuzdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsi lazımı qaydada araşdırma aparmadan, əsassız iddia tələbini təmin etmişdir. Əvvəla mübahisəli fərdi yaşayış evini Cavabdeh2 xalası Fatma Niftalıyevadan alqı-satqı müqaviləsi əsasında almışdır. İddiaçı mübahisəli fərdi yaşayış evinin formal olaraq Fatma Niftalıyevanın adına rəsmiləşdirilməsini bildirir ki, bu halda hazırkı iddia tələbinin əsassız olması yenə öz təstiqini tapır. Əgər mübahisəli ev Fatma Niftalıyevanın adına formal rəsmiləşdirilmişdirsə, onda iddiaçı məhz həmin şəxsə qarşı məhkəmədə müvafiq iddia tələbi qaldırmalı idi. Bundan başqa iddiaçının adına Cəlilabad rayonunda fərdi yaşayış evi vardır. Yəni onun mübahisəli evdən başqa yaşayış yerinin olmaması barədə qeyd etdikləri əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayət əsassızdır. İşə baxan məhkəmə işin bütün hallarını lazımı qaydada araşdırmış və qanuni qətnamə qəbul etmişdir. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini o əldə etmiş, fərdi yaşayış evini də yenə o öz zəhməti və gəliri hesabına inşa etmişdir. Onlar tərəflər arasında mübahisə olana kimi bir ailə kimi həmin ünvanda yaşamışlar. Fərdi yaşayış evinin onun baldızı Fatma Niftalıyevanın adına rəsmiləşdirilməsi isə formal səbəblərdən olmuşdur. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Kollegiya, Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının

43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.

17. Azərbaycan Respublikası Mənzil Məcəlləsi

Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

18. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(012)-545/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İddia tələbinin mahiyyətindən görünür ki, tələb fərdi yaşayış evinə köçürülmə barədədir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.

24. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

25. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı və uşaqları onu yaşadığı evdən iradəsinin əleyhinə məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.

26. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

27. Araşdırılan işin faktiki hallarından müəyyən olur ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.1996cı ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan onların iki övladı - xx.xx.1998-ci il təvəllüdlü X4 və xx.xx.2002-ci il təvəllüdlü Cavabdeh2 dünyaya gəlmişdir.

28. Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən, 210 kv.metrlik torpaq sahəsi 13 il bundan əvvəl, Ramil Əliquliyev adlı şəxsdən alınaraq, həmin torpaq sahəsinin üzərində ev inşa edilmişdir. Sözügedən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə iddiaçının oğlu Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda da sonuncunun adınadır.

29. Öyrənilən işdən müəyyən edilir ki, son vaxtlar tərəflərin ailə münasibətləri pozulmuş və bunun nəticəsi olaraq cavabdehlər iddiaçını evə buraxmamışlar. Buna görə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

30. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya bildirir ki, işin mübahisəsiz halından görünür ki, tərəflər, keçmiş ər-arvad və oğul-ata münasibətində olmaqla, “ailə üzvü” statusuna malik olan şəxslərdirlər. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı təxminən son bir ilə qədər mübahisəli ünvanda cavabdehlərlə birlikdə yaşayaraq, birgə təsərrüfat idarə etmişdir.

31. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı əvvəldən sözügedən yaşayış sahəsinin sаkini olmuş, daimi olaraq həmin evdə yaşamaqla təsərrüfat idarə etmişdir. Lakin son vaxtlar cavabdehləriin müdaxiləsi ilə rastlaşdıqlarından, onların orada yaşaması və evə daxil olması qeyri-mümkün hala çevrilmişdir.

32. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya həm də qeyd edir ki, iddiaçının yаşаyış sаhəsinə olan ehtiyаcı kənarda hansısa yaşayış sahəsi ilə təmin оlunmadığına görə, o hazırda mübahisələndirilən yаşаyış sаhəsi ilə ehtiyаcını təmin etmək məcburiyyətindədir. Əks halda cavabdehlərin bu kimi davranışı iddiaçının maneəsiz və toxunulmaz yaşamaq hüquqlarının pozulmasına və sonuncunın hüququnun “qeyri-sabit və şərti xarakterli” olmasına, eləcə də iddiaçının «nаrаhаt» оlmаsı üçün əsаs olan amillərdəndir.

33. Kollegiya sonda onu da qeyd edir ki, iddiaçı cavabdehin, konkret halda apellyatorun ailə üzvü sırasına aid olduğundan, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində sonradan kimin adına qeydə alınması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev əvvəldən faktiki olaraq mövcud olmuş, iddia üzrə iddiaçı və cavabdehlər tərəfindən birgə yaşayış sahəsi kimi istifadə olunmuşdur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.

34. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş və, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(012)-545/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar