Məhkəmə qərarları › İş №2(105)-74/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-74/2025

29.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-74/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və X1 ibarət tərkibdə, X8 qızının katibliyi, Cavabdeh, üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 28 sentyabr 2010-cu il tarixdə Cavabdeh rəsmi nikah əsasında İddiaçı ilə ailə qurmuş və onların birgə nikahından 29 fevral 2012-ci il tarixdə X3 adlı bir uşaqları doğulmuşdur.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli, 2(008)- 4049/2029 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur.

3. Sabunçu Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(008)-4629/2019 nömrəli qətnaməsi ilə Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı payı ½ hissədə, Cavabdeh payı isə ½ hissədə olmaqla müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun payının naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəyişdirərək Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8548 saylı ekspert rəyinə əsasən, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində onun ½ hissədə payının naturada ayrılması texniki cəhətdən mümkün deyil. Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada bölgüsünün mümkün olmadığını nəzərə alaraq, onun tərəfindən cavabdehə mübahisəli torpaq sahəsinin hazırkı real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğinin, yəni 10.000 manat pulun kompensasiya şəklində ona ödənilməsi, bundan imtina edildiyi halda ona və ya məhkəməyə yazılı şəkildə məlumat verilməsi təklif edilmişdir. Cavabdeh ümumiyyətlə ona kompensasiya ödənilməsinə dair fikrini bildirməmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından və paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır.

7. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, ona aid torpaq sahəsində heç bir tikinti yoxdur. Tikinti ona aid deyil, tikinti Nümayəndə2 torpaq sahəsində yerləşir. Tikintinin mübahisə predmeti olan sahəyə aidiyyəti yoxdur. O, torpaq sahəsinin qiymətləndirilməsində iştirak etməmişdir. İddiaçıya 5.000 manat kompensasiya ödəməyə də, torpaq sahəsinin bölünməsi ilə də razıdır.

8. Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)-47/2023 saylı qətnaməsi ilə (hakim V.M.Seyidov) iddia qismən təmin edilərək, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddianın “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mülki iş materiallarına əsasən müəyyən etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsi üzərində iddiaçının, digər ½ hissəsi üzərində isə cavabdehin payı müəyyən edilmişdir. Hazırda tərəflərin Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini birgə idarə etməsi mümkün olmadığından, iddiaçı mübahisəli əmlakın dəyərinin onunla cavabdeh arasında bərabər şəkildə bölünməsi tələbini qoymuşdur. Ekspertin rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 10.000 manat qiymət qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən qeyd etmişdir ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin açıq hərracda satılması və satış pulunun tərəflər arasında bölünməsi mümkün olduğundan, iddia qismən təmin edilməli, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir.

11. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa edilməsini, evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edə biləcək hər hansı bir mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. Yəni bu hissədə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1, 141.1, 141.2, 141.2, 141.3, 149.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarına, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, habelə MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması-yəni Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində hüququn və qanunun tətbiqində səhv buraxmışdır. Satış zamanı torpaq sahəsinin bazar dəyəri onun üzərində olan tikili ilə birgə müəyyən edilir. Belə ki, bu amil torpaqların satış zamanı bazar dəyərinin müəyyən edilməsi zamanı mütləq meyarlarından, bəlkə də birincisidir. Çünki torpaq satılacağı halda üzərində olan tikili də avtomatik olaraq üzərində satılacaqdır. İnşa edilmiş tikili birmənalı olaraq torpaqla möhkəm bağlı olduğundan (ondan ayrıla bilmədiyindən) həmin əşyalar vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qanunun təfsirində səhvə yol vermişdir. Belə ki, qanunun həqiqi mənasının və məzmununu başqa cür başa düşülməsi və tətbiq edilməsi nəticəsində torpağın bazar dəyərini tikilidən ayrıca müəyyən etmişdir. Bu isə nəticədə məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna səbəb olmuşdur. Maddi hüquq norması səhv təfsir edildikdə və yeni araşdırmalara ehtiyac olmadıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instansiya məhkəməsində iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır.

15. İddiaçı tərəf daha sonra apellyasiya şikayətinə əlavə verərək Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin olunmayan “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin satış qivməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində yeni qətnamə çıxarılması, həmçinin apelyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 AZN məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(105)-2092/2023 nömrəli qətnaməsi ilə (hakimlər S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(027)-47/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

c) kassasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1659/2024 nömrəli iş üzrə 02 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər Əhmədov Əhməd (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2092/2022 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

19. Qərarda həmçinin göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddianın mübahisələndirilən hissəsi üzrə lazımi qaydada araşdırma aparmadan, 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olub-olmadığını yerində yoxlamadan və MPM-in 88, 103-cü maddələrinin tələbləri baxımından qeyd olunan sübutlara, yəni ekspertin rəyinə, qiymətləndiricinin hesabatına tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermədən, habelə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, yalnız cavabdehin formal mülahizələrinə əsaslanaraq 0,04 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin olmaması və iddiaçının mübahisəli evin dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsinə dair işin halları barədə səhv nəticəyə gəlib. Halbuki, cavabdeh özü də izahatında 0,04 ha torpaq sahəsinin üzərində hər hansı tikilinin olmadığını, mübahisələndirilən tikilinin isə həmin torpaq sahəsində deyil, Nümayəndə2 aid olan torpaq sahəsində yerləşdiyini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Göründüyü kimi 0,04 ha torpaq sahəsinin üzərində yerləşən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tərəflərin adına qeydə alınmasa da, həmin ev faktiki olaraq torpaq sahəsində mövcuddur. Belə olan halda həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilmiş torpaq sahəsinin üzərində inşa edildiyindən, evə çəkilən vəsaitə də tərəflərin bərabər əmlak hüquqları vardır.

20. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə qismən razılaraq hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə İddiaçı məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

24. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

25. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...)

26. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...)

27. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli Qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

29. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

30. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

31. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1659/2024 nömrəli iş üzrə 02 iyul 2024-cü il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2092/2023 nömrəli, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətlərinin dəlillərinə uyğun olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Belə ki, işin hallarına görə Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hər birinin payı ½ hissədə olmaqla tərəflərin paylı mülkiyyətindədir.

39. Hazırda iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, sözügedən 0,04 ha torpaq sahəsi ilə birgə onun üzərində inşa edilmiş fərdi yaşayış evinin açıq hərracda satılmasını və satış pulunun onların paylarına mütənasib şəkildə bölünməsini iddia edir.

40. Cavabdeh isə iddianı torpaq sahəsinə aid hissədə qəbul etsə də, həmin torpaq sahəsinin üzərində heç bir tikilinin olmadığını, mübahisələndirilən tikilinin isə Nümayəndə2 aid torpaq sahəsində yerləşdiyini, torpaq sahəsinin naturada bölünməsinə və ya iddiaçıya 5.000 manat kompensasiya ödəməyə razı olduğunu göstərib, iddiaya etiraz edir.

41. Hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 220.6-cı maddəsinin tələbləri təşkil edir və həmin normanın mənasına görə, ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə, əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

42. Birinci instansiya məhkəməsi 0,04 ha torpaq sahəsinə münasibətdə iddianı əsaslı sayaraq təmin etsə də, mübahisəli fərdi yaşayış evinə münasibətdə iddianı rədd edərkən qeyd etmişdir ki, iddiaçı Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmələri və həmin evin dövlət reyestrində qeydiyyatdan keçməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

43. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, 0.04 ha torpaq sahəsinin üzərində fərdi yaşayaş evi mövcuddur.

44. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, tədqiqat faktiki olaraq mübahisələndirilən evin yerləşdiyi torpaq sahəsi üzrə keçirilmiş, rəydə torpaq sahəsinin plan ölçü sənədinin texniki parametrləri ilə faktiki vəziyyətin texniki parametrlərinin uyğunluq təşkil etdiyi göstərilmişdir. Lakin iş materiallarında tərəflərin mülkiyyətlərindəki torpaq sahəsinin plan ölçü sənədinin olmadığı müəyyən edilmişdir.

45. Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə, torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

46. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır.

47. Hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixli qərardadla məhkəmə tikinti-texniki ekspertizasının eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssislərinin iştirakı ilə aparılmasını qərara almışdır.

48. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli, 3-21-3-34/2-15881/2024 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsinin ölçü və koordinatları naturadan (yerdən) GPS aləti vasitəsilə götürülmüşdür. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylı mülkiyyətlərində olan **********43 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluqlar vardır. ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh paylı mülkiyyətlərində olan **********43 reyestr nömrəli çıxarışa əsasən torpaq sahəsinin koordinatları arasında kəskin uyğunsuzluq olduğundan həmin çıxarışa əsasən torpaq sahəsinin daxilində hər hansı tikilinin mövcud olub-olmamasını müəyyənləşdirmək mümkün deyildir. Qeyd edək ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir və həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur.

49. Ekspertin vəsatəti əsasında ekspertiza tədqiqatının keçirilməsi üçün mütəxəssis rəyi alınmış, torpaq sahəsinə dair faktiki koordinatlar və baza məlumatları əldə edilmiş, mübahisə predmeti təşkil edən torpaq sahəsinə baxış keçirilməsi 08 yanvar 2025-ci il tarixə saat 11:00-a, həmçinin 14 fevral 2025-ci il tarixə saat 11:00-a təyin edilmiş, bu barədə işdə iştirak edən şəxslərə və Məhkəmə Ekspertiza Mərkəzinə məlumat verilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir.

50. Mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinə məhkəmə kollegiyası tərəfindən 20 may 2025-ci il tarixdə keçirilmiş yerli baxış zamanı Quba rayonu, İkinci Nügədi kəndi ərazisində mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi ərazidə Cavabdeh işarə edərək göstərdiyi mişar daşı ilə hasara alınmış və ümümi sahəsi bildirdiyinə görə 0.10 ha olan torpaq sahəsində bir mərtəbəli, dam örtüyü ilə üzlənmiş və pəncərələri quraşdırılmayan təmirsiz fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Mütəxəssis N.Nəbizadə tərəfindən xüsusi avadanlığın vasitəsilə koordinatların daxil edilməsi zamanı Cavabdeh adına dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********43 nömrəli çıxarış verilməklə qeydə alınmış 0.04 ha torpaq sahəsinin cavabdehin özünün əyani olaraq məhkəmə tərkibinə göstərdiyi mişardaşı ilə hasara alınmış torpaq sahəsindən təxmini olaraq 60-70 metr aşağı məsafədə ümumi yolun üzərində (torpaq sahəsinin hər iki hissəsi qonşunun hasarlanmış sahəsinə, bir hissəsi isə yola düşür) olması aşkar edilmişdir.

51. Yerli baxış zamanı şahid qismində dindirilmiş Nümayəndə2 bildirmişdir ki, mübahisə olunan ərazidə yerləşən və ümumi sahəsi 0.10 ha olan və mişar daşı ilə hasara alınmış, darvazası quraşdırılmış və hazırda Cavabdeh göstərdiyi torpaq sahəsinin 0.02 ha hissəsi onun, digər 0.04 ha hissəsi isə atası X2 adına dövlət qeydiyyatına alınmışdır. Fərdi yaşayış evi onun adına olan torpaq sahəsində yerləşir və həmin ev atası Ramiz Qarayev tərəfindən tikilmişdir. Evin çıxarışı yoxdur, amma torpaq sahələrinin çıxarışları vardır. Torpaq sahəsinin sənəd üzrə və koordinatlar daxil edilməklə faktiki yerləşdiyi yer arasında uyğunsuzluqlar vardır, bu səbəbdən məlumatları təqdim edə bilmir. Mübahisə olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələridir.

52. Tədqiq edilmiş sübutlardan göründüyü kimi iddiaçı tərəfindən iddia olunan torpaq sahəsi 0.10 ha təşkil edir və məhz həmin torpaq sahəsinin daxilində fərdi yaşayış evi mövcuddur. Cavabdehin, şahidin və üçüncü şəxsin nümayəndəsinin yerli baxış və məhkəmə iclasında bildirdiklərinə görə həmin torpaq sahəsinin ev olan 0.02 ha hissəsi və boş olan 0.04 ha hissəsi şahidin və üçüncü şəxsin, boş olan 0.04 ha hissəsi isə cavabdehin mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsidir. Lakin araşdırma zamanı müəyyən edildi ki, mübahisəli torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki mübahisə olunan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq vardır. Bu barədə mütəxəssis tərəfindən sxem tərtib edilərək rəyə əlavə edilmişdir.

53. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

54. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

55. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının mübahisələndirdiyi ev ümumiyyətlə tərəflərin mülkiyyətlərində olan torpaq sahəsində yerləşmir. Evin həmin torpaq sahəsində yerləşməsi və satış qiymətinin müəyyən edilməklə açıq hərracda satılması barədə tələb də məhz birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilən ekspertiza tədqiqatına dair yuxarıda adı çəkilən rəydən sonra iddia predmetinə çevrilmişdir ki, həmin vaxta qədər torpaq sahəsində evin mövcudluğu məsələsi mübahisələndirilməmişdir. Eyni zamanda həmin evin tərəflərin birgə nikahı dövründə birgə vəsaitləri hesabına inşa edilməsi, evə çəkilən vəsaitə tərəflərin bərabər əmlak hüquqlarının olması hallarına dair məhkəməyə hər hansı sübut növü təqdim edilmədiyindən, o cümlədən göstərilən hal məhkəmə iclasında işin araşdırılan halları ilə müəyyən edilmədiyindən, kollegiya hesab edir ki, mübahisələndirilən evlə bağlı iddiaçının mövcud tələbinin təmin edilməsi mümkün deyildir.

56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

57. Mövcud mübahisə üzrə tərəflərin birgə mülkiyyətlərində olan torpaq sahəsinin xüsusiyyətləri nəzərə alınmaqla onun naturada bölgüsü aşkar surətdə mümkünsüz olduğundan, hər iki tərəf torpaq sahəsinin ilkin satış qiymətini mübahisələndirmədiyindən, birinci instansiya məhkəməsinin gəldiyi nəticə isə işin mahiyyətinə uyğun olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Beləliklə məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, məhkəmə iclasında tədqiq olunmuş sübutları, apellyasiya şikayəti ilə işin mübahisələndirilən hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar