Məhkəmə qərarları › İş №2(105)-743/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-743/2022

27.04.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-743/2022 27.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli, 2(060)-10949/2018 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Mahmudov) ərizənin təmin edilməsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. Maraqlı şəxs qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçi Azərbaycan Respublikası Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün 24.10.2018-ci il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan ‘"LİNDAN-SV” MMC-nin (VÖEN: **********) 415532,79 manat məbləğində (o cümlədən, vergilər üzrə 377902,07 manat, faizlər üzrə 37630,72 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən 16.01.2018-ci il tarixli **********045200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Maraqlı şəxs Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ədalətsiz və qeyriobyektiv qərar qəbul etmişdir. Onun məhkəmə qətnaməsindən xəbəri olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallanı araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini maraqlı şəxsin vergi borcunun olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. İş materiallarında olan 30.10.2018-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, 26.10.2018-ci il tarixinə "xxxx" MMC-nin ümumilikdə 415.583,07 manat vergi borcu hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1. maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. (Vergilər Məcəlləsinin 77.1. və 77.3. maddələri). Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. (Vergilər Məcəlləsinin 78.1. maddəsi). Göründüyü kimi Maraqlı şəxs dövlət büdcəsinə vergi borcu yaranmış, həmin borcun ödənilməsi təmin edilməmiş, həmçinin borcun yaranmasına əsas olan qərar mübahisələndirilərək ləğv edilməmişdir. Belə olan halda isə Maraqlı şəxs həmin vergi borcunun ödəmək öhdəliyi daşımasına baxmayaraq, borcun ödənilməsini təmin etməmişdir. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur (Azərbaycan Respublikası Konstitusiyasının 73cü maddəsinin İ hissəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Vergilər Məcəlləsinin 23.1.15-3. maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Miqrasiya Məcəlləsinin 9.3.6-1. maddəsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar