Məhkəmə qərarları › İş №2(105)-747/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-747/2023

17.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-747/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun itirilmiş hesab olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), X və Xdan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 2 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********08 nömrəli cavab məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, 12 mkr, ev 9, 25 saylı mənzil xx.xx.1972-ci il tarixdə Order əsasında Məmmədov Xəlil Avaz oğlunun istifadəsinə verilmiş, onunla birlikdə Sevda Məmmədova da həmin mənzilə köçmüşdür. 10 saylı MKS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, X6 1972-ci ildən, Cavabdeh2 isə 1978-ci ildən ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadırlar. 1986-cı ildən mənzildə yaşamırlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ASAN-Sumqayıt tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Sumqayıt şəhəri, 12-ci mkr, ev 9, mənzil 25-də qeydiyyatdadır, qeydiyyatda olan digər şəxslər X3, X1, X2, X4, Cavabdeh2. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2012-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə Məmmədov Xəlil Avaz oğluna məxsusdur. Cavabdeh2 və Cavabdeh1 ərizələrindən görünür ki, onlar qeydiyyatda olduqları Sumqayıt şəhəri, 12 mkr, ev 9-da yerləşən 25 nömrəli mənzilin bağışlanılmasına etiraz etməmişlər. xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Məmmədov Xəlil Avaz oğlu ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 78,8 kv.m, yaşayış sahəsi 56 kv.m, yardımçı sahəsi 22,8 kv.m olan 4 otaqlı mənzili tam mülkiyyət üzrə İddiaçı bağışlamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin xx.xx.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın olub-olmaması barədə arayışdan görünür ki, respublika ərazisində ərazi idarələrində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 3 sentyabr 2020-ci il tarixli 4Ə-1227 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx xxxxxx 1971-ci il təvəllüdlü Cavabdeh1 Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886Q yerləşən 0,1627 ha bağ torpaq sahəsi üzərində tam mülkiyyət hüququ 7 sentyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məktubda qeyd olunan xx xxxxxxxx 1978-ci il təvəllüdlü Cavabdeh2 adına Respublika ərazisində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş 10 saylı MKS-nın xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, akt tərtib edilmişdir ondan ötrü ki, 1971-ci il təvəllüdlü Cavabdeh1 və 1978-ci il təvəllüdlü Cavabdeh2 12-ci mkr, ev 9, mənzil 25-də qeydiyyatdadırlar və 1996-cı ildən həmin mənzildə yaşamırlar. xx.xx.2022-ci il tarixli aktda 1986-cı il səhvən yazılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən onun xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçının atası Məmmədov Xəlil Avaz oğlu xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma bacılarıdır. 1986-cı ildən iddiaçıya məxsus mənzildə yaşamırlar. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur.Cavabdehlər daima yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür, cavabdehlərin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır. Əlavə olaraq bildirir ki, cavabdehlərin mənzildə qeydiyyatda qalması səbəbindən iddiaçı mənzillə bağlı hüquqlarını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Ona görə də, iddiaçı məcbur olub hazırki tələblə məhkəməyə müraciət edir. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Elmir Hüseynov) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə cavabdehlərin atası, cavabdehlərin notarial razılığı ilə mənzili cavbdehlərin bacısı - hazırki iş üzrə İddiaçı bağışlamıdır və hazırda mənzil İddiaçı məxsusdur. Göründüyü kimi, iddiaçı cavabdehlərin harada yaşamaqları və olduqları yer barədə məlumatlı olmadığını, habelə cavabdehlərin qeydiyyatda olduqları mənzildə 1986-cı il tarixdən yaşamadaqlarını qeyd etməsinə baxmayaraq, cavabdehlər mənzilə hüquqlu olduqları üçün xx.xx.2012-ci il tarixdə mənzil özəlləşərkən və xx.xx.2020-ci il tarixdə mənzil bağışlanarkən iddiaçı ilə birlikdə notariat ofisinə gedərək müvafiq sənədləşmədə iştirak etmişlər. Bununla yanaşı, cavabdehlərin 1986-cı ildən qeydiyyatda olduqları mənzildə yaşamamalarına dair iddiaçının iddia etməsi və bu halın Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 10 saylı Mənzil Kommunal Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktda qeyd edilməsi ağlabatan deyil, belə ki, həmin tarixdə cavabdehlərin birinin 14, digərinin isə 8 yaşı olmuş və onların valideynləri ilə birlikdə yaşadıqları mənzildən müstəqil olaraq çıxıb getmələri reallığa uyğun deyildir. Cavabdehlər iddiaçının bacılarıdır, onların arasında etibarlı ailə əlaqələrinin mövcud olub-olmamasını, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacını iddiaçının evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olub-olmamalarını iddiaçı sübut edə bilmir. Birinci instansiya məhkəməsi maddi hüquq norması kimi 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Resspublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinin İ hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qanunu səhv təfsir etmiş və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, cavabdehlər mənzili könüllü şəkildə tərk etmişlər. Bu hal iş materialı ilə təsdiq olunsa da məhkəmə bu hala düzgün qiymət verməmişdir. ünvan 2 xx.xx.2020-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzili iddiaçının atası xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya bağışlamışdır. Cvabdehlər bacıdırlar, 1996-cı ildən iddiaçıya məxsus mənzildə yaşamırlar. Aktda texniki səhvə yol verilərək 1986-cı il kimi göstərilmişdir. Mənzildə cavabdehlərə məxsus heç bir əşya yoxdur, onların mənzildə qeydiyyatda qalmaları formal xarakter daşıyır. Cavabehlərin mənzildə qeydiyyatda qalmaları səbəbindən iddiaçı mənzillə bağlı hüquqularını həyata keçirməyə çətinlik çəkir, əlavə kommunal xidmətlər ödəməyə məcbur olur. Birinci instansiya məhkəməsi prosessual hüquq normasını da pozaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamışdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. xx.xx.1982-ci il tarixli Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşüb) Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, kirayəçinin və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanunu Maddə 2. Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzil xx.xx.1972-ci il tarixdə Order əsasında Məmmədov Xəlil Avaz oğlunun istifadəsinə verilmiş, onunla birlikdə ailə üzvləri o, cümlədən Sevda Məmmədova da həmin mənzilə köçmüşdür. X6 1972-ci ildən, Cavabdeh2 isə 1978-ci ildən (doğulduğu tarixdən) ünvan 3 ünvanında yerləşən 25 saylı mənzildə qeydiyyatdadırlar. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2012-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin ataları X5 adına özəlləşməsinə etiraz etməmişlər. Bundan sonra, xx.xx.2020-ci il tarixdə cavabdehlərin atası, cavabdehlərin notarial razılığı ilə mənzili cavbdehlərin bacısı hazırki iş üzrə İddiaçı bağışlamışdır və hazırda mənzil İddiaçı məxsusdur. Cavabdehlər xx.xx.2012-ci il tarixdə mənzil özəlləşərkən və xx.xx.2020-ci il tarixdə mənzil bağışlanarkən iddiaçı ilə birlikdə notariat ofisinə gedərək müvafiq sənədləşmədə iştirak etmişlər. İddiaçı cavabdehlərin mənzildə formal qeydiyyat olmaları, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükləri, 1996-cı ildən həmin mənzildə yaşamamaları, sözügedən mənzildə heç bir əşyalarının olmamasını əsas gətirərək onların istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin qüvvədə olan müddətdə yaranmışdır və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. Birinci instansiya məhkəməsi köhnə Mənzil Məcəlləsinin normalarını tətbiq edilməli qənaətinə gəlməkdə haqlı olsa da, tətbiq edilməli olan 60-cı maddəni tətbiq etməmişdir. Həmin maddəyə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Hazırki iş üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehlər 1996-cı ildən sözügedən mənzili tərk etmişlər. Həmçinin həmin mənzilin bağışlanılması zamanı cavabdehlər etirazlarının olmamasına dair ərizə verməklə mənzildən istifadəyə ehtiyaclarının olmamasını ifadə etmişlər. Hal-hazırda həmin mənzilin bağışlanmasına dair müqavilə və həmin müqavilə əsasında alınmış çıxarış mövcuddur. Belə olan təqdirdə mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları düzgün qiymətləndirməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, iddianı təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra cavabdehlərin bu əmlaka dair istifadə hüquqlarının saxlanılması barədə tərəflər arasında hər hansı razılığın olması, o cümlədən onların bu əmlaka münasibətdə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, habelə bu hüquqların yenidən əmələ gəlməsi, habelə həyata keçirilməsi şərtlərinin müəyyənləşdirilməsinə dair onlarla iddiaçı arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşmanın bağlanması, ümumilikdə isə hüquqi baxımdan cavabdehlərin hazırda həmin əmlaka hər hansı bağlılığının qalması müəyyən olunmamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyət hüququ ilə İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli 2(060)-5555/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın, iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus olan ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar