Məhkəmə qərarları › İş №2(105)-75/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-75/2024

01.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-75/2024 01.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X15 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı1 Ziyaddin oğlunun iştirakı ilə, İddiaçılar İddiaçı1 Ziyaddin oğlu və X9 cavabdeh X6 qarşı əqdin etibarlı sayılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2-324/2005 nömrəli, 14 oktyabr 2005-ci il tarixli qətnaməsindən AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı1 Ziyaddin oğlu və X16 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 müvafiq olaraq 0,90 hektar və 0,75 ha torpaq sahəsinin satın alınmasının etibarlı hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı1 Ziyaddin oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 Qusar rayonun Gican-oba kəndində yerləşən 1,65 ha torpaq sahəsindən 0,90 ha satın almış, torpağın dəyərini cavabdehə tam ödəmiş, müvafiq sənədlər, o cümlədən ailə üzvlərinin razılığı ifadə edilmiş rəsmi ərizə tərtib edilmişdir. Satın alınmış torpağın dəyəri olan 7.500.000 manat cavabdehə tərəfindən tam ödənilmiş, pul Düztahir kənd inzibati ərazi nümayəndəsinin iştirakı ilə verilərək rəsmi aktla təsdiqlənmişdir. Cavabdeh torpağın dəyərini tam almış, lakin sonradan notariat kontoruna getməkdən imtina etmiş, bildirmişdir ki, xəstədir, yaşı çoxdur. Qusara maşınla gələ bilmir, pulu artıq xərclədiyini bildirərək torpaq sahəsini də geri götürməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh X7 iddianı qismən etiraf edərək ildirmişdir ki, Qusar rayon AİK-nın qərarı ilə onun mülkiyyətinə KOD 30112028 JN:115 saylı Dövlət Aktı ilə Gican-oba kəndi ərazisindən 1,65 ha əkin sahəsi verilmiş, yaşı 70-dən keçdiyi üçün həmin torpaqdan istifadə edə bilmir, ona görə də torpaq sahəsini 17 avqust 2005-ci il tarixdə iddiaçıların icarəsinə vermiş, sonradan isə iddiaçılardan 7.500.000 manat alaraq torpaqdan 0,90 hektarını İddiaçı1 və 0,65 hektarını M.A.Seyidova satmışdır. Daha sonra xəstə olduğu üçün notariat kontoruna gedə bilməmiş, məhkəməyə də xəstəxanadan gəldiyini bildirmiş, cavabdehlərə pulu qaytarmağa imkanı olmadığını, tələbin təmin edilməsinə etiraz etmədiyini bildirərək xəstə olduğu üçün notariat kontoruna getməyəcəyini göstərmişdir. Birinci instansiya məhkəməsində maraqlı tərəf Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin mütəxəssisi X18 iddianın təmin edilməsinə etiraz etmədiyini, torpağın dəyəri ödənildiyindən satın alınmış torpaq sahələrinin iddiaçıların adına rəsmiləşdirilməli olduğunu bildirmişdir. Qusar Rayon Məhkəməsinin 2-324/2005 nömrəli, 14 oktyabr 2005-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, KOD 30112028 JN:115 saylı Dövlət Aktına əsasən X6 məxsus, Gican-oba kəndində yerləşən 1,65 ha əkin sahəsindən 0,90 hektarının İddiaçı1 Ziyaddin oğluna, 0,75 hektarının X1 əqdinin etibarlı sayılması, satın alınmış 0,90 hektar əkin sahəsinin İddiaçı1 Ziyaddin oğlunun, 0,75 hektar torpaq əkin sahəsinin X9 adına rəsmiləşdirilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinə tapşırılması qət edilmişdir (hakim T.Ə.Məmmədov). Qətnamədən narazı qalan maraqlı tərəf AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin 2-324/2005 nömrəli, 14 oktyabr 2005-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Maraqlı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Notariat haqqında Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi dövlət notariusu tərəfindən aparılan notariat hərəkətlərinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər təqdim olunduqdan sonra təsdiq edilir. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmaması və ya əmlaka həbs qoyulubqoyulmaması yoxlanılır. Bildirilmişdir ki, özgəninkiləşdirilən torpaq sahəsi JN 115 saylı torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktına əsasən paylı mülkiyyət hüququ əsasında 5 nəfərə məxsusdur. Lakin məhkəmə dövlət aktında göstərilən digər mülkiyyətçiləri işə cəlb etmədən, o cümlədən razılıqları olub-olmadığını müəyyənləşdirmədən torpaq sahələrinin alqı-satqısına dair İddiaçı1 Ziyaddin oğlu və X16 ilə bağlanmış əqdlər etibarlı sayılmışdır. Məhkəmə mübahisəni həll etməzdən əvvəl daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınıb-alınmasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qətnamədə göstərilən torpaq sahəsinin yerləşdiyi yer dəqiq məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Ziyaddin oğlu apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iş üzrə iddiaçı X9 hüquqi varisləri X17, X21, X22, cavabdeh X5 hüquqi varisi Əlibəyov Vəkil Saday oğlu və maraqlı şəxs AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. İş materiallarında olan Qusar rayon Aqrar İslahat Komissiyasının verdiyi KOD 30112028 JN:115 saylı Torpağa Mülkiyyət Hüququna X31 planşet mülk nömrəsi 115B olan plan sxemlə müəyyən edilimişdir ki, şərh olunan planşetdə göstərilən 1,65 ha əkin sahəsi X5 mülkiyyətidir. İş materiallarında olan 22 avqust 2005-ci il tarixdə tərtib edilərək imzalanmış ərizə ilə müəyyən edilmişdir ki, Cavabdeh mülkiyyətində olan 1,65 ha əkin sahəsinin satılmasına onun ailə üzvləri də razılıq vermişlər, razılıq ərizəsindəki imzalar Qusar rayon İHB-nin Düztahir kənd inzibati ərazi üzrə nümayəndəsi tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan birinci instansiya məhkəməsinə təqdim edilmiş iki ədəd icarə müqavilələri ilə müəyyən edilmişdir ki, cavabdeh H.A.Əlibəyova mülkiyyətində olan 1,65 ha torpaq sahəsindən 0,90 hektarını İddiaçı1 və 0,60 ha M.A.Seyidovun icarəsinə vermiş, lakin məhkəmə baxışında məlum olmuşdur ki, icarə müqavilələri dövlət reyestrində qeydiyyata alınmamışdır, şərh olunan icarə müqavilələri hüquqi qüvvəyə malik ola bilməz. İş materiallarında olan cavabdeh X5 14 avqust 2005-ci il tarixli ərizəsi ilə müəyyən edilmişdir ki, o, özünə məxsus 1,65 ha əkin sahəsini İddiaçı1 Ziyaddin oğluna nağd pula satmışdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş 28 sentyabr 2005-ci il tarixli aktdan görünür ki, X2 rayon Gican-oba kəndində yerləşən, özünə məxsus 1,65 ha pay əkin sahəsini 7.500.000 nağd pula satmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı qeyd edilmişdir ki, Qusar rayon Gican kənd sakini X7 mülkiyyətində olan 1,65 əkin sahəsindən 0,90 ha İddiaçı1 Ziyaddin oğluna, 0,75 ha X4, onlardan 7.500.000 manat nağd pul almış, lakin alqı-satqı müqaviləsini notariat qaydasında təsdiqləndirilməsindən boyun qaçırmışdır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olması ilə əlaqədar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1, 647.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə işin faktiki halları ilə əlaqədar qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, Qusar Rayon Məhkəməsinin qətnaməsi 14 oktyabr 2005-ci il tarixdə çıxarılsa da, hal-hazıra kimi icra olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı X12 bunu onunla izah etmişdir ki, cavabdehə məxsus torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən dövlət aktı elelktron bazada aşkar olunmayıb. Birinci instansiya məhkəməsi iddianın təmin edilməli olmasını həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi ilə əsaslandırmışdır. Həmin maddəyə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh yaşlı olduğundan notariat kontoruna gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçıların həmin dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan göründüyü kimi cavabdeh məhkəmə iclasında iştirak etmişdir. Cavabdeh yaşlı da olsa, notariat hərəkətləri onun yaşadığı ünvan üzrə də həyata keçirilə bilərdi. Göründüyü kimi cavabdehin adına mübahisələndirilən torpaq sahəsi lazımi qaydada dövlət qeydiyyatına alınmadığından iddiaçılar əsassız olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2-324/2005 nömrəli, 14 oktyabr 2005-ci il tarixli ləğv edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2-324/2005 nömrəli, 14 oktyabr 2005-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 Ziyaddin oğlu və X9 (hazırkı hüquqi varisləri X17, X19, X20) cavabdeh X6 (hazırkı hüquqi varisi Əlibəyov Vəkil Saday oğlu) qarşı əqdin etibarlı sayılması tələbinə dair iddia təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar