Məhkəmə qərarları › İş №2(105)-756/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-756/2025

08.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-756/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, kollegiya aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xx.xx.2012-ci il tarixdən "xxxx" MMC-də operator vəzifəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli 3 ay müddətinə bağlanmış əmək müqaviləsi ilə o, sənaye işləri üzrə operator vəzifəsinə işə qəbul olunmuşdur. Sonradan tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti qarşılıqlı razılıq əsasında eyni müddətə olmaqla, daha 8 dəfə uzadılmışdır. Bu əmək münasibətlərinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri (bundan sonra - əmr) ilə, xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024/01105 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərci İddiaçı ödəmişdir. Mediasiya tətbiqi barədə təklif Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında Əmək Məcəlləsinə müvafiq olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında əmək müqaviləsi 3 ay müddətinə baölanmışdır. İşin birinci ayı sınaq müddəti hesab olunur. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. X6 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktubundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin son haqq-hesab ümumilikdə 616,16 (altı yüz on altı on altı qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" alt sisteminə baxış keçirilərkən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan "xxxx" MMC-də yenidən işə qəbul olunmağı ilə bağlı Cəmiyyətin rəhbərliyinə müraciət etməyi məqsədəuğun hesab olunmuşdur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2024- cü il tarixli, **********842600 saylı məlumatın təqdim edilməsi barədə məktubun mahiyyətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsində olan hüquqi şəxslərin dövlət reyestr məlumatlarında Cavabdeh MMC (VÖEN **********) ilə "xxxx" ASC-nin (VÖEN **********) hər hansı hüquqi bağlılığı barədə məlumat aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, 09-İR/X nömrəli əmrin ləğv edilməsi və işə bərpa edilməsi, müddətli əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq işlədiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməsi, mediasiyaya görə ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-cu ildən onunla "xxxx" ASC ilə arasında əmək müqaviləsi bağlanılaraq 5-ci dərəcəli operator vəzifəsinə təyin edilmişdir. Onu da qeyd edir ki, xx.xx.2022-ci ildə idarənin adı dəyişilərək "xxxx" MMC-yə çevrilmişdir. Onun vəzifəsi və iş funksiyası olduğu kimi qalmışdır. Rəhbərlik tərəfindən ciddi səbəb göstərilmədən xx.xx.2023-cü il tarixində onun əmək müqaviləsinə xitam veriləcəyi və işdən çıxarılacağı barədə ona məlumat bildirilmişdir. Bu barədə şifahi formada bildirilmişdir ki, onun il ərzində 2-3 dəfə olmaqla büllitenə çıxmağı göstərilmişdir. Lakin o buna etirazını bildirdikdən sonra ona öz şərtlərini qəbul etdiyi halda, işdə qala biləcəyini söyləmişlər. Belə ki, ona xx.xx.2023cü ildə öz istəyi ilə işdən azad olacağını bildirmiş, təzyiqlər göstərərək sənəd imzalatmışlar. Bundan sonra eyni hal yenidən baş vermişdir. xx.xx.2023-cü il tarixində onun işdən azad olmağı və müqaviləsinə xitam verilməsi barədə məlumat verilən zaman işdə saxlanılmağı üçün yenidən rəhbərliyə xahiş etmişdir. Bundan sonra ona xx.xx.2024-cü il tarixində işdən azad olmağına və müqaviləyə xitama razılıq formatlı sənədə imza atmağa sövq etmişlər. Belə ki, öncədən ona bildirilmişdir ki, əgər razılaşmasa onu tam ağır maddə ilə işdən çıxardacaqlar. İşəgötürən tərəfindən ona qarşı davamlı göstərilən bu qərəzli münasibət əsassız və qanunsuzdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etmişdir. Məktubuna cavab olaraq bildirilmişdir ki, “Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin son haqq-hesab ümumilikdə 616,16 (altı yüz on altı on altı qəpik) manat əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda tərəflərindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" alt sisteminə baxış keçirilərkən baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin mövcud olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumat üçün bildirir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan "xxxx" MMC-də yenidən işə qəbul olunmağı ilə bağlı Cəmiyyətin rəhbərliyinə müraciət etməyi məqsədəuğun hesab olunmuşdur. Əmək Müfətttişliyi Xidməti Abşeron Xızı regional şöbəsində onun işinə baxarkən onun əmək kitabçasına diqqət yetirməmişdir. Belə ki, əmək kitabçasında açıq-aydın şəkildə qeyd olunmuşdur ki; xx.xx.2009-cu ildən sözügedən quruma işə düzəlmiş, xx.xx.2010-cu ildə həmin vəzifə üzrə həmin idarənin Plastik Boru zavoduna keçirilmiş, 10.02.212-ci ildə vəzifə və dərəcəsi qalmaqla idarənin X3 Departamentinin Polimer Boru idarəsinə keçirilmiş, xx.xx.2012-ci ildə əmək müqaviləsinin müddəti bitmiş, xx.xx.2012-ci ildə yenidən eyni idarədə, eyni vəzifəyə təyin olunmuş, xx.xx.2015-ci ildə həmin sexin Polimer Boru sahəsinə 5-ci dərəcəli operator keçirilmiş, xx.xx.2018-ci ildə Polimer Borular sexinin Polimer Boru sahəsinə dərəcəsi və peşəsi saxlamaqla keçirilmiş; xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022 yenidən eyni idarədə eyni vəzifədə işə qəbul edilmiş, xx.xx.2024cü il tarixində işdən azad edilmişdir. Ümumi olaraq əmək kitabçasına diqqət yetirəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Çünki eyni idarədir və eyni vəzifədir. Lakin işəgötürən bunu etməmişdir. Bundan başqa işəgötürən tərəfindən tərtib edilmiş əmək müqaviləsində bir neçə ziddiyyətlər var. Belə ki, işəgötürən 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində qeyd olunub ki, işin birinci 1 (bir) ayı sınaq müddəti hesab edilir. İddiaçı 2009-cu ildən eyni idarədə çalışdığı bir halda işəgötürən hər dəfə əmək müqaviləsini yeniləyəndə niyə bir ay sınaq müddəti kimi qeyd edib? İddiaçı 5-ci dərəcəli operator mütəxəsisidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsində qeyd olunub ki, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. 2009-cu ildə etibarən eyni təşkilatda 5 ildən artıq çalışmışdır. Lakin İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində qeyd olunub ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. O, eyni işdə və eləcə də 5 ildən çox işlədiyinə görə İşəgötürən əmək müqaviləsinii müddətsiz yox hər dəfə müddətli əmək müqaviləsi bağlayır, xitam verir və daha sonra işə götürür. X7 tələblərini kobud şəkildə pozulması deməkdir. Bundan başqa hər bir işçi əmək qabiliyyətini müvəqqəti olaraq itirə bilər və işçi öz hüququndan istifadə edərək bülletin götürə bilər. Lakin işəgötürən tərəfindən qərəzli şəkildə heç bir əsası olmadan şifahi formada ona qarşı əsassız iddia gətirərək bildirmişdir ki, onun il ərzində 2-3 dəfə büllitendə olduğuna görə işdən çıxardacaqlar. Amma işəgötürən buna sübut gətirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunmuşdur ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Cavabdeh MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən “işə bərpa və sair” barədə verilmiş tələblərə dair iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsi müddətli əmək müqaviləsidir. Bundan başqa Cavabdeh MMC xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınaraq yaradılmış hüquqi şəxsdir və adıçəkilən şirkətin fəaliyyəti ümumilikdə 5 (beş) ildən azdır və İddiaçı iddia ərizəsində bildirdiyinin əksinə olaraq Cavabdeh MMC onun əvvəllər işlədiyi hüquqi şəxs ilə eyni deyil. Ona görə də iddiaçının iddiasına əsasən onun əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etməmişdir ki, onunla bağlanılmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi müddətsiz hesab edilsin. Yəni İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsi onun iddia etdiyi əsasla müddətsiz əmək müqaviləsi hesab oluna bilməz. İddia müddətinin tətbiqi ilə bağlı isə onu qeyd edir ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə 29 yanvar 2024-cü il tarixli, 09-İR/X nömrəli əmrə əsasən xx.xx.2024-cü il tarixindən xitam verilmişdir. İddiaçının hazırki iddia tələbi isə məhkəməyə 2024-cü ilin iyun ayında daxil olmuşdur. Beləliklə, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən məhkəməyə müraciət edilməsi üçün nəzərdə tutulmuş 1 təqvim ayı barədə müddət İddiaçı tərəfindən ötürülmüşdür. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi iddiaçı “işə bərpa və sair” tələblərlə məhkəməyə müraciət edərkən iddia müddəti barədə məcburi müddəaları nəzərdə tutan qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş və bununla da hazırkı iddia tələbi üzrə iddia müddətini buraxmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) hüquqi mövqeyinə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Odur ki, hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsi əsası ilə İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələblərinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəməyə məzmunu iddia ərizəsi ilə eynilik təşkil edən iddia ərizəsinə əlavə adlı sənəd ünvanlayan iddiaçı, ərizəsində iddia müddətinin tətbiqi barədə cavabdehin mövqeyinə münasibətdə bildirmişdir ki, qanunsuz işdən çıxarılması ilə bağlı X10 Xidmətinə, həmin qurumdan rəsmi cavab aldıqdan sonra müvafiq qaydada məhkəməyə müraciət etmişdir. İddiaçı həmin ərizədə Konstitusiya Məhkəməsi Plenumunun “Əmək Məcəlləsinin 3cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021ci il tarixli qərarının bir sıra bəndlərini, o cümlədən aşağıdakı hissəni də qeyd etmişdir: “... Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər”. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, işçinin əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verildiyindən, bu iddiaçıya məlum olduğu halda, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya tətbiqi təklifi göndərmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab olunmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 45, 68, 83.2, 294.4, 294.7-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3- cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına istinad edərək iddianı təmin etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(105)- 1610/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, ötürülmüş prosessual müddət bərpa edilməklə iddia tələbi təmin edilmişdir (hakimlər: Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Ayaz Mahmudov, Səyyad Qafari). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2012ci il tarixədək "xxxx" ASC-də işləmiş, xx.xx.2012-ci il tarixdə isə "xxxx" MMC-də polimer məhsullarının 1 nömrəli sexinin 5-ci dərəcəli operator peşəsinə işə qəbul olunmuş və xx.xx.2022-ci il tarixədək həmin müəssisədə işləmişdir. xx.xx.2022-ci il tarixdə isə "xxxx" MMC-də istehsalat bölməsinin sənaye borularının istehsalı sexinə 5-ci dərəcəli operator peşəsinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2022-cü il tarixədək, yəni 3 ay müddətinə müəyyən edilmişdir. Əmək müqaviləsinin müddəti hər dəfə 3 ay müddətinə 8 dəfə uzadılmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən, yəni əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilmişdir. Əmək kitabçasında olan qeydlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli əmr ilə iddiaçı öz ərizəsi ilə xitam verilsə də, sonradan cavabdehin öz əmri ilə həmin əmr qüvvədən düşmüş hesab edilmişdir. İddiaçı əmək müqaviləsinin fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyini iddia etməklə, əmək müqaviləsini mübahisələndirməklə, işə bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının mövqeyinə görə, birinci instansiya məhkəməsi iddiaçının hüququnun cavabdeh tərəfindən pozulub-pozulmamasını araşdırmadan mübahisəyə iddia müddətini tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətli və ya müddətsiz olması ilə bağlı mübahisəyə münasibətdə "xxxx" ASC ilə Cavabdeh MMC arasında hüquqi bağlılığın olmasına dair müvafiq araşdırma aparsa da, əsas məsələ "xxxx" MMC (STP MMC) ilə Cavabdeh MMC arasında olan hüquqi bağlılığın olub-olmaması olmuşdur. Buna baxmayaraq, məhkəmə kollegiyası qeyd etmişdir ki, Cavabdeh MMC-nin "xxxx" MMC-nin törəmə cəmiyyəti olub-olmamasının araşdırılmasına da zərurət yoxdur. Belə ki, hər bir halda onlar ayrı-ayrı hüquqi şəxslər olmaqla, hazırkı vəziyyətdə, yəni iddiaçının daha əvvəllər "xxxx" MMC-də işləməsi nəzərə alınmadan cavabdeh "xxxx" MMC ilə bağladığı əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasına hüquqi qiymət verilməsi mümkün olmuşdur. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işi daimi xarakterə malik olmaqla, onunla əmək müqaviləsinin 3 aylıq müddətə bağlanması və həmin müqavilənin 8 dəfə eyni müddətə uzadılması halı işəgötürənin hər hansı bir qanuni əsas olmadan müddətsiz əmək müqaviləsi bağlamaqdan yayınmaq məqsədinin olmasını təsdiq etməkdədir ki, bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 2.1 və 2.3-cü bəndi etibarsız olmaqla, bağlanmış əmək müqaviləsi müddətsiz əmək müqaviləsi olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə adlı ərizə ünvanlayaraq, X10 Xidmətinə müraciət etdiyini və məhkəmənin bu halı nəzərə almasını, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi iddiaçının bu müraciətinə hər hansı hüquqi qiymət verməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında iddiaçı məhz işdən çıxarılandan sonra Əmək Müfəttişliyinə işə bərpa olunmağı ilə bağlı müraciət etdiyini, həmin orqandan müvafiq cavab aldıqdan sonra mediasiya orqanına, daha sonra isə məhkəməyə müraciət etdiyini bildirmişdir. İddiaçının bu izahatı iş materiallarında olan X10 Xidməti Abşeron-Xızı regional şöbəsi tərəfindən iddiaçıya ünvanlanan məktub ilə də təsdiq olunmuşdur. Həmin məktubdan görünür ki, iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müraciətlərlə, yəni əmək müqaviləsinə xitam verildikdən 20 gün ərzində əmək hüquqlarının pozulması və işə bərpa olunma ilə bağlı həmin orqana müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, iddiaçı iddia ərizəsinə əlavə adlı ərizə ilə məhkəməyə müraciət edərək, dolayısı ilə buraxılmış prosessual müddətin bərpa edilməklə, iddia tələbinin təmin edilməsini xahiş etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olduğu halda, bunu etməmişdir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürməsini qəbul etməklə bərabər, onun iddia ərizəsinə əlavə adlı təqdim etdiyi ərizəni onun buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi kimi qəbul etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı hazırkı iddianı qaldırmaqla bağlı qanunvericilkdə nəzərdə tutulan iddia müddətini ötürsə də, onun işdən çıxarıldıqdan sonra qanunla müəyyən edilmiş 1 aylıq müddət ərzində X10 Xidmətini fərdi əmək mübahisələrinə baxan orqan kimi qəbul edərək, həmin orqana müraciət etməsi, həmin orqanın cavabından sonra isə məhkəməyə müraciət etməsi qanunla müəyyən edilmiş 1 aylıq müddəti üzrlü səbəbdən ötürməsi halı kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının hüquqi savada malik olmadığı üçün, X10 Xidmətini əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan olaraq fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul etməsi də mümkün olan haldır. Təsadüfi deyildir ki, Mülki Məcəllənin iddia müddətinin bərpası adlanan 382-ci maddəsi də iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə, o cümlədən savadsızlıqla bağlı da iddia müddətinin ötürülməsinin üzrlü sayılmasını mümkün etməkdədir. Bu səbəbdən, iddiaçının hazırkı iddianı qaldırması üçün qanunla müəyyən edilmiş 1 aylıq müddəti ötürməsi üzrlü hesab edilərək bərpa edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-679/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur: Apellyasiya instansiyası məhkəməsi “iddia ərizəsinə əlavə” (iş materilları, səhifə 56-58) adlı sənədi “ötürülmüş müddətin bərpası haqqında ərizə” kimi qiymətləndirmişdir. Sözügedən sənəddə, iddia müddətinin tətbiqi barədə verilən ərizə ilə razılaşmayan iddiaçı, müddətin ötürülmədiyini bildirmiş, mövqeyini isə belə əsaslandırmışdır ki, işdən çıxarıldıqdan sonra X5, həmin qurumdan müvafiq cavab aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Ərizənin məzmununda ötürülmüş müddətin bərpa edilməsinə dair hər hansı xahiş olmadığı halda, əksinə, iddia müddətinin ötürülmədiyi barədə iddiaçının mövqeyi əks olunan ərizənin, müddətin bərpası barədə ərizə kimi qiymətləndirilməsi və ona istinad edilməklə müddətin bərpası qanuni hesab edilə bilməz. O da nəzərə alınmalıdır ki, bu qənaətə gəlinərkən tərəflərin həmin məsələyə dair izahatları dinlənilməmiş, mövqeləri dəqiqləşdirilməmişdir. Şikayətin iddiaçının hüquqi savadsızlığı ilə bağlı apellyasiya instansiya məhkəməsinin mövqeyinə münasibətdə kassasiya instansiyası məhkəməsi bildirmişdir ki, qanunverici müddətinin ötürülməsinin üzrlü sayıla biləcəyi müstəsna hallardan biri kimi hüquqi cəhətdən savadsızlığı deyil, sadəcə savadsızlığı qeyd etmişdir. Apellyasiya məhkəməsinin “...birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçıya prosessual hüquq və vəzifələrini izah etməklə xahişini dəqiqləşdirməyə köməklik etməli olmalı olduğu halda bunu etməmişdir” barədə mövqeyinə münasibətdə kassasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsindən sonra iddiaçıya prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməsinin mümkünlüyünün izah edilməsi məhkəmənin qeyd edilən norma üzrə vəzifəsi olmamışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, işəgötürən onu qanunsuz işdən çıxarıldıqdan sonra müvafiq qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 xidmətinə müraciət etmiş, X10 tərəfindən rəsmi məktub aldıqdan sonra müvafiq qaydada Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair) 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunub ki, əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X10 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir. Eyni zamanda Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə görə, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarında qeyd olunub ki, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən X10 Xidmətinin fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilməsinin mümkünlüyünə dair əmək qanunvericiliyinin bəzi normalarının nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qərardadda qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X10 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Lakin Sumqayıt Şəhər Məhkəməsi yuxarıda qeyd olunan sübutlarını nəzərə almamışdır. 2009-cu ildən o və "xxxx" ASC ilə əmək müqaviləsi bağlanılaraq 5-ci dərəcəli operator vəzifəsinə təyin edildib, xx.xx.2022-ci ildə idarənin adı dəyişilərək "xxxx" MMC-yə çevrilmişdir. Vəzifəsi və iş funksiyası eyni olduğu kimi qalmışdır. İşəgötürən tərəfindən ciddi səbəb göstərilmədən xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi və işdən çıxarılacağı barədə məlumat bildirilmişdir. Bu barədə şifahi formada ona qarşı əsas gətirərək bildirmişdilər ki, il ərzində 2-3 dəfə olmaqla büllitenə çıxmağı göstərilmişdir. Lakin buna etirazını bildirdikdən sonra ona öz şərtlərini qəbul etdiyi halda, işdə qala biləcəyini söyləmişlər. Belə ki, ona xx.xx.2023-cü ildə öz istəyi ilə işdən azad olacağını bildirmiş, təzyiqlər göstərərək sənəd imzalatmışdılar. Bundan sonra eyni hal yenidən baş vermişdir. xx.xx.2023-cü il tarixində işdən azad olmağı və müqaviləsinə xitam verilməsi barədə məlumat verilən zaman işdə saxlanılmağı üçün yenidən rəhbərliyə xahiş etmişdir. Bundan sonra ona xx.xx.2024-cü il tarixində işdən azad olmağına və müqaviləyə xitama razılıq formatlı sənədə imza atmağa sövq etmişlər. Belə ki, öncədən ona bildirmişdilər ki, əgər razılaşmasan onu tam ağır maddə ilə işdən çıxardacaqlar. İşəgötürən tərəfindən ona qarşı davamlı göstərilən bu qərəzli münasibət əsassız və qanunsuzdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Abşeron-Xızı regional şöbəsinə müraciət etmiş, cavab olaraq bildirmişlər ki, “Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin Sizin son haqq-hesabınız ümumilikdə 616.16 (altı yüz on altı on altı qəpik) manat məbləğində əmək haqqı kartınıza köçürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və məşğulluq" alt sisteminə baxış keçirilərkən baxış keçirilərkən müəyyən olunmuşdur ki, onunla "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xx.xx.2024-cü il tarixdə xitam verilməsi barədə əmək müqaviləsi bildirişlərinin mövcuddur. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi (müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məlumat üçün bildirir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqaviləsi bağlamaq, onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan Sizin "xxxx" MMC-də yenidən işə qəbul olunmağınız ilə bağlı Cəmiyyətin rəhbərliyinə müraciət etməyiniz məqsədəuğun hesab olunur. Bildirir ki, Sizin müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır”. Qeyd edir ki, xx.xx.2009-cu ildən sözügedən quruma işə düzəlmiş, xx.xx.2010-cu ildə həmin vəzifə üzrə həmin idarənin Plastik Boru zavoduna keçiriblər, xx.xx.2012-ci ildə vəzifə və dərəcəsi qalmaqla idarənin X4 Departamentinin Polimer Boru idarəsinə keçiriblər. xx.xx.2012-ci ildə əmək müqaviləsinin müddəti bitir, xx.xx.2012- ci ildə yenidən eyni idarədə, eyni vəzifəyə təyin olunur, xx.xx.2015-ci ildə həmin sexin Polimer Boru sahəsinə 5-ci dərəcəli operator keçiriblər, xx.xx.2018-ci ildə Polimer Borular sexinin Polimer Boru sahəsinə dərəcəsi və peşəsi saxlamaqla keçiriblər, xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022 yenidən eyni idarədə eyni vəzifədə işə qəbul edilmiş. xx.xx.2024-cü il tarixində işdən azad ediblər. Ümumi olaraq əmək kitabçasına diqqət yetirəndə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən, onunla bağlanmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyinə görə müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Çünki eyni idarədir və eyni vəzifədir. Lakin işəgötürən bunu etməyib. Bundan başqa İşəgötürən tərəfindən tərtib edilmiş əmək müqaviləsində bir neçə ziddiyyətlər var: İşəgötürən 2022-ci ildə onunla bağlanmış əmək müqaviləsinin 2.2-ci bəndində qeyd olunub ki, işin birinci 1 (bir) ayı sınaq müddəti hesab edilir. Bununla bağlı bildirir ki, o, 2009-cu ildən eyni idarədə çalışdığı bir halda İşəgötürən hər dəfə əmək müqaviləni yeniliyəndə niyə bir ay sınaq müddəti kimi qeyd edib. 5-ci dərəcəli operator mütəxəsisidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 51-ci maddəsində qeyd olunub ki, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. O, 2009-cu ildən etibarən eyni təşkilatda 5 ildən artıq çalışmışdır. Lakin işəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinin tələbini kobud şəkildə pozub. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsində qeyd olunub ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Eyni işdə və eləcədə 5 ildən çox işlədiyinə görə İşəgötürən əmək müqaviləsini müddətsiz yox hər dəfə müddətli əmək müqaviləsi bağlayır, xitam verir və daha sonra işə götürür. X7 tələblərini kobud şəkildə pozulması deməkdir. Bundan başqa hər bir işçi əmək qabiliyyətini müvəqqəti olaraq itirə bilər və işçi öz hüququndan istifadə edərək bületeyin götürə bilər. Lakin İşəgötürən tərəfindən qərəzli şəkildə heç bir əsası olmadan şifahı formada ona qarşı əsassız iddia gətirərək bildirmişdir ki, il ərzində 2-3 dəfə büllitendə olduğuna görə işdən çıxardacaqlar. Amma işəgötürən buna sübut gətirə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndində qeyd olunub ki, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilə bilər. Gördüyünüz kimi qanunda hansı halda əmək müqaviləsinə xitam verilə bilər qeyd olunub. Yəni o, il ərzində 2-3 dəfə bülletendə fasilə olmaqla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. İşəgötürən sözügedən məsələ ilə bağlı sübut edə bilmədiyi halda onu başqa qaydada şantaj etməyə başladı. Öncədən ona bildirmişdilər ki, əgər razılaşmasa onu tam ağır maddə ilə işdən çıxardacaqlar. Dəfələrlə İşəgötürənə bildirmişdir ki, ailədə ondan başqa heç kəs işləmir. Onun hazırda himayəsində 2 övladı vardır ki, onların xərclərinin hamısı onun öhdəliyindədir. Övladlarından biri gözdən əlildir Övladının sağlamlığında ciddi problem vardır. Belə ki, onun görmə qabiliyyəti 1-2%-dir və buna görə bir çox dəfə İranda və ölkə daxilində müalicələr və əməliyyatlar keçirmişdir. Hazırda müayinələrin nəticəsi olaraq onun görməsinin bərpası üçün ciddi göz əməliyyatı keçirməsinə və göz bəbəyinin əvəzlənməsinə gərəkdir. Bugünkü gündə çox acınacaqlı vəziyyətdədir. Övladına dərmanlar və eləcədə əməliyyat etdirməyə maddi imkanı yoxdur. Pensiya yaşına çatmamış, işəgötürən tərəfindən hüquqlarını pozaraq işdən çıxartmışdır. Bundan əlavə həmin müəssisədə 2009-cu ildən 5 ildən artıq işlədiyi halda əmək müqaviləsini müddətsiz hesab etməmişdilər. Buna görə də rəhbərlik ona qarşı qərəzli münasibət göstərməkdədir. Belə ki, ona qarşı ciddi səbəb göstərilmədən işdən azad edilməyinin qərar verilməsi, bunu məhz şəxsi istəyə əsaslanması, işlədiyi illər ərzində tərəfindən hər hansısa qanun pozuntusu hallarına yol verilməməsi buna sübutdur. Onu da qeyd edr ki, işlədiyi müddətdə heç bir əmək intizamını pozmamış, həmişə yaxşı işçilər sırasında olmuş, öhdəsinə düşən işi vaxtında və layiqincə yerinə yetirmiş, kollektiv arasında özünə görə hörməti olub. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-сu maddəsinin a və b bəndlərini (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) tələblərini yerinə yetirmişdir. Polymor MMC-nin onlara ünvanlanmış ərizəsinə cavab olaraq göndərdiyi 2024-cü il tarixli məktubda xx.xx.2022-ci il tarixli 065/2022 saylı əmək müqaviləsinin müddətinin xx.xx.2024cül il tarixdə bitəcəyi qeyd edilmişdir. Bu tarixin hansı əsasla təyin edilməsi sual yaratmaqdadır. Həmin tarix onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsində əks olunmamaqdadır. Hesab edir ki, buna görə də məhz, həmin tarixlə müqaviləyə xitam edilməsi qanunsuzdur. Əlavə olaraq onuda bildirir ki, ona təzyiqlə sənədə imza atdırılması barədə STP MMC-nin Baş icraçı direktoru Hicran Valehova, hələ işlədiyi zaman, yəni xx.xx.2024-cü ildən məktub ünvanlamış və qeyd etmişdir ki, təzyiq üsulu ilə ona iki dəfə ərizəyə imza atdırılmasının qarşısını almaq məqsədi ilə tədbirlər görsün və ərizələr təzyiq üsulu ilə imzalalandığı üçün ləğv edilsin.xx.xx.2024-cü il tarixdə də məktub alınıb. Çox güman ki, məktub Baş direktor tərəfindən aidiyyatı yerə, yani STP Polymer MMC-nin rəhbərliyinə göndərilib və bundan təşvişə düşən rəhbərlik, bu həqiqətən də qanuna zidd olduğunu hiss edib və ona təzyiqlə, öz istəyi ilə işdən azad olmağı barədə ərizə ilə deyil, həmin tarixi geri çəkərək, xx.xx.2024-cü il tarixdə əmək müqaviləyə xitam verib. Onda sual olunur, müqavilə müddətinin bitməsi ilə xitam versə, bəs onda xx.xx.2024 tarixindəki ərizə nədir, yox əgər xx.xx.2024-cü il tarixli ərizə ilə işdən azad edəcəkdir də, onda xx.xx.2024-cü il tarixli xitam nədir. Bu məktub işə tikilib, qaralması isə ondadır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci hissəsində qeyd olunub ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında verilən izahatlar İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq onu da bildirdi ki, iddia müddətinin ötürülməsi hüquqi savadının olmaması ilə bağlıdır. Belə ki, o məhkəməyə müraciət edənədək müvafiq qurumlara, əsasən də X10 Xidmətinə müraciət etmiş, müddətin ötməsi də məhz bu səbəbdən olmuşdur. İlk növbədə məhkəməyə müraciət etməli olduğu barədə məlumatlı olmamışdır. Cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbi ümumiyyətlə əsassızdır. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə yekun nəticəyə gəlmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 72, İİİ hissə. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 45.1 Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4 Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 45.5 Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 63.1 Müəssisənin mülkiyyətçisi dəyişdikdə bu maddənin 2-ci hissəsində göstərilən işçilərdən başqa qalan bütün işçilərlə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələri və onların şərtləri yeni mülkiyyətçi tərəfindən qüvvədə saxlanılır. Bu işçilərin əmək müqavilələri müəyyən edilmiş qaydalara əməl edilməklə bu Məcəllənin 70, 73 və 75-ci maddələrində nəzərdə tutulan müvafiq əsaslarla ləğv edilə bilər. Maddə 294.1 Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 294.2 Kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. Maddə 294.4 Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Maddə 296.2 Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.6 Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarı “X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz.” Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməni ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqe ilə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiya məhkəməsinin iş üzrə qəbul edilmiş qərarında şərh etdiyi hüquqi mövqeni və əvvəlki apellyasiya baxışında yol verilmiş nöqsanları nəzərə alaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin ötürməsi əsası ilə iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, işin müəyyən edilmiş hallarından müəyyən edildiyi kimi İddiaçı Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin xx.xx.2024-cü il tarixli əmri ilə, xx.xx.2024-cü il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsası ilə xitam verilmişdir. Daha sonra İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və xx.xx.2024-cü il tarixdə tətbiqi barədə təklif Cavabdeh MMC-yə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sesiyasında iştirak etməmək haqqında arayış verilmişdir. Əmək qanunvericiliyinin müddəaları baxımından aşkardır ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Göründüyü kimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilsə də, iddiaçı 3 ay sonra mediasiyada sessiyasında iştirak barədə müraciət etmiş və beləliklə iddia müddətinin verilməsi müddətini ötürmüşdür. Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə iddiaçı tərəfindən verilmiş ərizə, həmçinin eyni məzmunlu apellyasiya şikayətinin dəlili ilə əlaqədar olaraq qeyd edir ki, həmin ərizədə iddiaçının X10 Xidmətinə müraciət etməsini göstərərək müüədti ötürmədiyini bildirmişdir. Bununla bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Müraciətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X10 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X10 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmçinin adı çəkilən qərarda göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə hüququ məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. Hazırkı halda İddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürüldüyündən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən iddianın rədd eüdilməsi barədə mövqeyi qanuni və əsaslı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi qənaətinə gəlir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2(060)- 4341/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar