Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-76/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X10 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X12, X3 və X7 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 7682/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdehtərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7682/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh, X11, X2, X6 və onların azyaşlı uşaqları Ayaz Ömərcan Arslan oğlunun, X8 və X9 ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması qət edilmişdir. (hakim Nəriman Abıyev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh, X12 və X1rşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X11 və X2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 nömrəli mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh, X11, X2, X6 və onların azyaşlı uşaqları Ayaz Ömərcan Arslan oğlunun, X8 və X9 ünvan 1, mənzil 3 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi və həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,cavabdehlər Cavabdeh, X18 və X4 ilə tərəfindən bağlanan xx xxxxxx 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş ******* nömrəli, 4Ə/-01-97 reyestr nömrəli alğı-satqı müqaviləsi əsasında ünvan 4, mənzil 3 ünvanında yerləşən mənzili almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən həmin mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Lakin qeyd olunan mənzil onun tam mülkiyyətində olmasına baxmayaraq cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmaq və evi boşaldaraq ona təhvil verməkdən imtina etmişlər. Baxmayaraq ki, cavabdehlərin əmlakın satılmasına dair razılıq ərizələri mövcuddur. Həmin şəxslərin qeydiyyatdan çıxmaması ona Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin 2 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilən 1276 nömrəli xx.xx.2018-ci il tarixli arayışı əsasında bəlli olmuşdur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxmamaları onun sərəncam vermək hüququnu məhdudlaşdırır. Belə ki, lazım olan təqdirdə mənzili satmaq, bağışlamaq, kirayə vermək, vəsiyyət etmək kimi sərəncam vermək hüquqlarının icrası həmin şəxslərdən asılı vəziyyətə düşür. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, qətnamə qərəzli və əsassızdır. Qətnamədən görünür ki, ev xx xxxxxx 2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş ******* №-li 4Ə/-01-97 reyestr nömrəli alğı-satqı müqaviləsi (saxta) əsasında ünvan 3 ünvanda yerləşən 3 saylı mənzili almışdır. Həmin alğı-satqı prosesində o, bacısı Ramilə və Kamalaxandan başqa digər mənzildə qeydiyyatda olan şəxslər iştirak etməyib, həmin müqavilə saxtadır və ləğv edilməlidir. Həmin məsələ də Sumqayıt Şəhər Məhkəməsinin iclasında müzakirə edilməli idi. Təəssüf ki, həmin iclasın olması barədə heç bir məlumatı olmamışdır və çağırış vərəqəsi almamışdır. Məhkəmə prosesi gedən ərəfədə toyu olub və evdə daim adam olub. O, 2007-ci ildə azadlıqdan məhrum edilərək həbs olunmuşdur və 2013-cü ildə həbsdən azad olunmuşdur. 2011-ci ildə bacılığı (ana bir ata ayrı) X5 cəzaçəkmə müəssisəsinə gələrək anasının ölməsi barədə ona məlumat vermişdir və adı çəkilən mənzilin bacısı Ramilənin adına özəlləşdirilməsi üçün etibarnamə verməyini xahiş etmişdir. Mənzilin bacısı Ramilənin adına özəlləşdirilməsinə və mənzilə dövlət aktı alınmasına etiraz etməmişdir. Cəzaçəkmə müəssisəsinin kadrlar şöbəsində şöbə rəisinin iştirakı ilə Kamalaxanla görüşü olmuş və ona bildirmişdirlər ki, bacısı Ramilə hamilə olduğu üçün görüşə gələ bilməyib. Sənədlər latın qrafikası ilə Azərbaycan dilində tərtib olunduğundan oxuya bilməmiş və orada yazılanları ona heç kim izah etməmişdir. Kamalaxanın onu aldadacağı heç ağlına gəlməmişdir və bir neçə yerdə ona təqdim olunan sənədlərə imza ataraq Kamalaxana vermişdir. Cəzaçəkmə məntəqəsindən 2013-cü ildə evə gəldikdə məlum olmuşdur ki, Kamalaxan bir türk vətəndaşına ərə gedib və oğlu ilə birlikdə həmin evdə yaşayır. O, heç nədən xəbəri olmadan sənədlərini qaydasına salmaq üçün evin sənədini istəmişdir. Kamalaxan onu aldatmışdır ki, sənəd ərinin ofisindədir, o, Türkiyədən gələndən sonra gətirəcək. O, Rusiyanın Sankt-Peterburq şəhərinə işləməyə getmişdir. Telefonla əlaqə saxlayırdı ki, evin sənədinin surətini göndərsinlər, ancaq indiyə qədər sənəd üzə çıxmayıb. Sankt-Peterburqda işi alınmadığına görə geri qayıtmışdır. Kamalaxandan sənəd istəyən kimi müxtəlif bəhanələrlə 102 xidmətinə zəng edərək polis çağırır və onu həbs etdirmək istəyirdi. Ona ailə quracağı haqda bildirəndə yenidən polisə müraciət etmişdir. Yalan və böhtanların baş tutmadığını görüb evdən harasa kirayə mənzilə köçüb uşağı ilə orada yaşayır. Azadlıqda olduğu 5 il müddətində bir dəfə də olsun evin satılması haqda ona bir söz deyilməyib. Evi alan İddiaçı və onun nümayəndəsinin kim olduğunu bilmir və üzlərini görməmişdir. O, satıcı deyil. Çünki Kamalaxana etibarnaməni ancaq evin özəlləşdirilməsini nəzərində tutub vermişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, X18 (satıcı) və X4 (satıcı) və Cavabdeh (onun adından X4 (satıcı) ilə İddiaçı (alıcı) arasında Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin, 3 saylı mənzilinə dair xx xxxxxx 2011-ci il tarixli, AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 8-ci bəndinə görə satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdələrinə götürürlər. Müqavilənin 8-ci bəndinə əsasən, satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdələrinə götürmüşlər. Müqavilənin 11-ci bəndinə əsasən isə satıcılar mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 (bir) il müddətində alıcının sahibliyinə və istifadəsinə verməyi, alıcı is daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürmüşlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin, 3 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sumqayıt şəhər İcra hakimiyyəti MKTİB-nin 2 saylı mənzil kommunal sahəsi tərəfindən verilmiş 1276 №li xx.xx.2018-ci il tarixli arayışdan müəyyən olunur ki, Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/12 saylı evin, 3 saylı mənzilin sahibi İddiaçıdur. Mənzildə Cavabdeh, X18, X4, Ayaz Ömərcan Arslan oğlu, X15 və X13 qeydiyyatdadırlar. Sumqayıt “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ******* saylı “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh xx.xx.2003-cü il tarixdən Sumqayıt şəhəri, 2-ci məhəllə, 11/2 saylı evin, 3 saylı mənzilində qeydiyyatdadır və onunla yanaşı həmin mənzildə xx.xx.2010-cu il təvəllüdlü Ayaz Ömərcan Arslan oğlu, xx.xx.1999-cu il təvəllüdlü X14, xx.xx.2002-ci il təvəllüdlü X16, xx.xx.2015-ci il təvəllüdlü X15 və xx.xx.1982-ci il təvəllüdlü X18 da qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 152.1, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İş materiallarından müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 3 saylı mənzil MA seriyalı, ******* nömrəli çıxarışa əsasən, hər birinin 1/3 hissə payı olmaqla X2, X11, Cavabdeh mülkiyyətində olmuş, lakin xx xxxxxx 2011-ci il tarixli, AN-İ ******* nömrəli alğısatqı müqaviləsinə əsasən İddiaçı satılmış və MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən sonuncunun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. ünvan 4 ünvanında yerləşən 3 saylı mənzilin alğı-satqısına dair satıcılar – X18, Cavabdeh adından və öz adından X4 ilə alıcı İddiaçı arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış AN-İ ******* nömrəli alğı-satqı müqaviləsinin 11-ci bəndinə əsasən, satıcılar mənzili yardımçı vasitələri ilə birlikdə alıcının bəyənib, qiymətində razılaşdığı vəziyyətdə müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 il müddətində alıcının faktiki sahibliyinə və istifadəsinə verməyi, alıcı isə daşınmaz əmlakı qəbul etməyi öhdəsinə götürür. İş materiallarından göründüyü kimi satıcılar müqavilənin şərtlərini qəbul etmişdirlər. İddiaçı mülkiyyətçi olaraq cavabdehlərə evdən və qeydiyyatdan çıxmaları üçün verilmiş müddətdən sonra müqavilənin tələblərini yerinə yetirmədiklərinə görə xx xxxx 2018-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Kəngərli X17 Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri 1 saylı DNK-da xx xxxxxx 2011-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3810/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı və digərlərinə qarşı etibarnamənin ləğvi, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın, habelə reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(105)-3309/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3810/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3422/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3422/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından əlavə kassasiya şikayəti vermək üçün dövlət büdcəsinin hesabına vəkil ilə təmin olunduğunu bildirsə də, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir və hal-hazırda həmin qərar ləğv edilməmiş, qüvvədədir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). İş materiallarından göründüyü kimi, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli etibarnamə ilə 3 il müddətinə qeydiyyatda olduğu mənzilin alğı-satqı edilməsi və bu mənzilə dair bütün hüquqi hərəkətlərin aparılmasını X3 etibar etmişdir. İddiaçı ilə alğı-satqı müqaviləsi bağlayarkən X4 Cavabdeh adından alğı-satqı aparılmasına səlahiyyətli olmuşdur. Alğı-satqı müqaviləsi isə yuxarıda qeyd olunan məhkəmə aktlarından göründüyü kimi məhkəmə qaydasında mübahisələndirilsə də, Sumqayıt şəhəri 1 saylı DNK-da xx xxxxxx 2011-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh mübahisəli mənzilin alğı-satqısından sonra həmin mənzilin yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7682/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-76/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-76/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver