Məhkəmə qərarları › İş №2(105)-763/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-763/2023

10.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-763/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4373/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh1 ilə 2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X2, xx.xx.2020-ci il tarixdə X1 adlı övladları anadan olmuşdur. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra Cavabdeh1 ilə aralarında olan münasibətlər pisləşməyə başlamışdır. İddiaçı hazırda valideynlərinin yaşadığı evdə onlarla birlikdə yaşayır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Qənbər oğluna məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evinə köçürülmələrinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, valideynlərinin yaşadığı ev balaca olduğundan və bütün cehiz əşyaları cavabdehə məxsus evdə qaldığından gəlin köçdüyü evə köçüb orada yaşamaq istəyir. Cavabdehlər isə onun yaşadığı evdən istifadə etməyinə, orada yaşamağına imkan vermir. Sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı hesab edir ki, birgə nikahlarından olmuş xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməlidir.

4. Abşeron Rayon Məhkəməsinin 2(012)-4373/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbi təmin edilərək, İddiaçı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşadıqları Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülmələri qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu səbəbdən də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, cavabdehin iddia ərizəsini etiraf edərək qəbul etməsini nəzərə alaraq hesab edir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət fərdi yaşayış evi özbaşına tikili olduğundan, iddiaçı cavabdeh ilə birlikdə həmin evə bərabər hüquq və vəzifələrə malik olduğundan iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə cavabdehlərin yaşadıqları Abşeron rayonu Məmmədli kəndində yerləşən 4 otaqdan ibarət evə köçürülməlidirlər.

6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 68.1, 68.2, Mülki Məcəllənin 180, Mülki Prosessual Məcəllənin 52.2, 191.3, 220.4, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olduğundan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, həmin ev alqı-satqı müqaviləsinin predmeti ola bilməz və həmin ev üzrə istifadə hüquqlarının yaranması hüquqi nöqteyi nəzərdən mümkün ola bilməz. Əmlakdan istifadə, sahiblik və sərəncam hüququ yalnız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yaşayış evi üzərində tanına bilər. “AR Mülki Məcəlləsinin 228-ci maddəsininvə Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında xüsusilə qeyd edilir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mövcud qanunvericiliyin mənasına görə,yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mübahisəli yaşayış sahəsinin mülkiyyətdə olması ilə yanaşı, istifadə hüququnun yaranmasını iddia edən şəxslərin yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərində olması imperativ şərtdir. Hazırki işdə isə iddiaçı ilə cavabdeh arasında nikah münasibətlərinin məhkəmə qaydasında pozulması səbəbindən iddiaçının yaşayış sahəsinin faktiki sahibi kimi göstərdiyi cavabdehin ailə üzvləri sırasına daxil deyildir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Cavabdeh1 iddiaçı 2015-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. İddiaçı mübahisəli evdən məcburi qaydada çıxarılmasını bildirmiş, lakin bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsində tədqiqat zamanı mübahisəli evin hal-hazırda faktiki cəhətdən kimə məxus olmasını təsdiq edən sübutlar, həmçinin iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallarla bağlı sübutlar müəyyən edilməmişdir. İddia ərizəsində də qeyd edildiyi kimi, sözügedən ev üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə tərəfindən iddiaçının sözügedən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi anlaşılan deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

11. İddiaçı məhkəməyə teleqram göndərərək apellyasiya şikayətinin təmin edilməməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

12. Cavabdeh2 məhkəməyə teleqram göndərərək İddiaçı Abşeron rayonu Məmmədli kəndi M.İbrahimov ev 14-də yerləşən fərdi yaşayış evinə köçürülməsinə etiraz etdiyini göstərmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. (...)

Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. (...)

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

Maddə 20. Uşağın mənzil hüququ Hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. (...)

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 30. Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. (...)

Maddə 68. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələri 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. (...)

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 13. Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi hüquqi aktlar 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

22. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı münasibətlər 2015-ci ildə yarandığına görə hazırkı mülki hüquq münasibətlərinə analoji münasibətləri tənzimləyən hüquq normasına-həmin tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə qiymət verilməlidir.

23. Belə ki, həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. İşin mübahisəsiz hallarından görünür ki, mübahisəli ev statusuna görə özbaşına tikilidir. Həmin ev Cavabdeh2 tərəfindən tikilmişdir. Evin kommunal xidmətlərə (qaz, işıq, su) dair ödənişləri onun tərəfindən ödənilir. İddiaçı ilə Cavabdeh1 2015-ci ildə nikaha daxil olmuşdurlar. Aralarındakı nikah pozulmamışdır. Tərəflərin birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 doğulmuş, tərəflər 2020-ci ilə kimi mübahisəli evdə yaşamışdırlar. Aralarındakı münasibətlər pisləşdiyindən iddiaçı hazırda valideynlərinin yanında onlarla birlikdə yaşayır. İddiaçıya məxsus cehiz əşyaları mübahisəli evdə yerləşir.

26. İş materiallarında olan Cavabdeh2 birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəzdən (səh. 37) görünür ki, o, iddiaçının mübahisəli mənzildə yaşamasına etiraz etməmişdir. Həmçinin, Cavabdeh2 birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən apellyasiya şikayəti verməmişdir.

27. Baxılan iş üzrə iddiaçının azyaşlı uşaqları ilə birlikdə köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, Cavabdeh1 isə həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, tərəflərin yaşayış yeri olmuşdur. Cavabdeh1 iddiaçını və ümumi birgə uşaqlarının tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və onların hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının və onun Cavabdeh1 ilə birgə nikahlarından olan azyaşlı uşaqlarının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Cavabdeh mübahisəli tikiliyə iddiaçıdan və həmin azyaşlı uşaqlardan üstün hüquqa malik deyildir.

29. Şəxsin yaşadığı mənzildən qanunsuz məhrum edilməsi o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.

30. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X1 adlı övladları ilə birlikdə Abşeron rayonu Məmmədli kəndində yerləşən mübahisəli evə köçürülmələri barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4373/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar