Məhkəmə qərarları › İş №2(105)-765/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-765/2021

27.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-765/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə tələbinə tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 30 iyun 2009-cu il təvəllüdlü X10, 10 mart 2011-ci il təvəllüdlü X20 və 22 iyun 2016-cı il təvəllüdlü X16 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən Cavabdeh2 məxsus fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir (hakim R.V.Kazımov). Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması, evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı onun oğlu Cavabdeh1 ilə 2008-ci ilin avqust ayında nikahlarını rəsmi qeyd etdirmədən evlənmiş və nikahlarını 30 iyul 2009-cu il tarixdə rəsmiləşdirmişlər. Onlar evlənən zaman onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüş, bütün cehiz əmlaklarını da həmin evə gətirmiş, 2010-cu ilin mart ayına kimi orada yaşamışlar. Həmin evdə yaşadıqları vaxt, 30 iyun 2009-cu il tarixdə onların Kamilla adlı bir uşağı anadan olmuşdur. 2010-cu ilin mart ayında isə iddiaçı və cavabdeh azyaşlı uşaqları Kamilla ilə birlikdə Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, ev 252 ünvanında yerləşən onun mülkiyyətində olan evə köçmüş, həmin evdə yaşamağa başlamışlar. İddiaçının həmin evin onun atası tərəfindən təmir edilməsi barəsində dedikləri yalandır. Həmin ev ona məxsus olmuş, 2009-cu ilin sonuna kimi onun vəsaiti hesabına təmir olunmuş və yalnız 2010-cu ilin yanvar ayında yaşayış üçün yararlı vəziyyətə gətirilmişdir. Həmin evin təmirinə iddiaçının atası və digər qohumları tərəfindən heç bir vəsait xərclənməmiş, evin təmirində iddiaçı tərəfindən heç bir köməklik göstərilməmişdir. 2020-ci ilin yanvar ayında iddiaçının oğlu Cavabdeh1lə münasibətləri pisləşmiş və iddiaçı azyaşlı uşaqları ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. İddiaçı evinə köçən zaman evin mülkiyyətçisi olaraq iddiaçıya həmin yaşayış sahəsindən istifadə etməsinə dair notarial qaydada təsdiq edilmiş yazılı razılıq verməmiş, iddiaçının həmin yaşayış evindən istifadə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. İddiaçıya ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnun verilməsinə və iddiaçının həmin evə köçürülməsinə razı deyil. İddiaçı həmin yaşayış evinə köçdükdən sonra oğlu Faiklə yola getməmiş tez-tez onunla mübahisələr etmişdir. Əgər Zarina həmin evə köçürülsə yenə də Faiklə mübahisələr edəcək, mübahisələrin axırı cinayətlə bitəcək. Bundan başqa Zarinanın Qusar şəhərində evi vardır. O, uşaqları ilə birlikdə ünvan 5 ünvanda qeydiyyatdadır. Həmçinin ünvan 6əxsusdur, onun valideynləri Rusiya Federasiyasının vətəndaşlarıdır və Rusiya Federasiyasında yaşayırlar. Bundan başqa qeyd etmək istəyir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olduğu və mülkiyyətində olmasını təsdiq edən çıxarışın iş materiallarına əlavə olmasına baxmayaraq Qusar Rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsinin təsviri-əsaslandırıcı hissəsində həmin evin oğlu Cavabdeh1 məxsus olması qeyd edilmişdir. Həmin evdə onun digər oğlu X18 ailəsi ilə birlikdə yaşayır. Cavabdeh1 ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin tikintisinə və təmirinə ailə büdcəsindən pul xərcləmədiyini bildirmişdir. İşdə olan şahidlər yalan ifadələr vermişlər. Belə ki, ünvan 7 ünvanında arvadı X2 mülkiyyətində olan fərdi yaşayış evi vardır, iddiaçının uşaqları ilə birlikdə həmin evə köçüb yaşamasına etiraz etmirlər. Eləcə də qeyd etmişdir ki, iddiaçı mübahisəli evdə 9-10 il yaşamış, o, həmin evi 2020-ci ilə özəlləşdirmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edirək bildirdi ki, o, Cavabdeh1 ilə 23 avqust 2008-ci il tarixdə nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan 30 iyun 2009-cu il təvəllüdlü Kamilla, 10 mart 2011-ci il təvəllüdlü Said və 22 iyun 2016-cı il təvəllüdlü Mədinə adlı üç uşaq anadan olmuşdur. O, ailə həyatı qurarkən Cavabdeh1 atası Cavabdeh2 ünvan 8 ünvanda yerləşən evinə gəlin köçmüş, Kamilla adlı uşağı anadan olandan sonra isə qaynatası, Cavabdeh2 onlara ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçməyi və daimi olaraq həmin evdə yaşamağı təklif etmişdir. Həmin ev təmirsiz olmuş, evin qapı-pəncərəsi olmamışdır. Sonradan həmin ev atasının vəsaiti hesabına tam təmir olunmuş, yaşayış üçün tam yararlı hala salınmış və 30 iyun 2009-cu il təvəllüdlü Kamilla adlı uşağı anadan olandan təxminən 5-6 ay sonra o, Cavabdeh1 və qızı Kamilla ilə birlikdə həmin evə köçmüş, özünə məxsus cehiz əmlaklarını da həmin evə yerləşdirmişdir. Cavabdeh1 ilə birgə nikahdan olan digər iki övladı Said və Mədinə məhz həmin evdə anadan olmuşlar. Cavabdeh1la uzun müddət həmin evdə mehriban yaşamışlar. Lakin təxminən iki ildir ki, Cavabdeh1 ona olan münasibəti dəyişmiş, kobud rəftar etməyə, ləyaqətini alçaltmağa və hətta döyməyə başlamışdır. Sonuncu dəfə 2020-ci ilin yanvar ayının axırlarında Cavabdeh1 onu yenidən döymüş, saçlarından tutub sürüyərək azyaşlı uşaqları ilə birlikdə evdən çıxarmışdır. Daha sonra o, həmin evə getmək istəsə də Cavabdeh1 tərəfindən açarları dəyişdirildiyi üçün evə girə bilməmişdir. Ona məxsus olan bütün əmlakları da həmin evdə qalmışdır. Hazırda koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimində azyaşlı uşaqları ilə birlikdə evsiz-eşiksiz qalmışdır. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına olsa da həmin evi daimi yaşamaq üçün ona və Cavabdeh1 vermişdir. O, mübahisəli ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin sahibi olan Cavabdeh2 iradəsi və razılığı ilə özünə məxsus cehiz əmlakları ilə birlikdə 2009-cu ilin sonlarında həmin evə köçməklə və hazıradək daimi olaraq orada yaşamaqla onun həmin fərdi yaşayış evinə istifadə hüququ yaranmışdır. Həmin vaxt onun həmin evə köçməyinə və orada daimi yaşamağına heç kim etiraz etməmişdir. Bununla da onun daimi yaşayış yeri həmin vaxtdan etibarən həmin fərdi yaşayış evi olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. PROSESSUAL M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada xəbərdarlıq edilsə də cavabdeh üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, İddiaçı Abulrəhim qızı ilə Cavabdeh1 2008-ci ildə ailə quraraq evlənmiş, 30 iyul 2009-cu ildə nikahlarını rəsmiləşdirmiş, 30 iyun 2009-cu ildə Kamilla, 10 mart 2011-ci ildə Said, 22 iyun 2016-cı ildə Madina anadan olmuşur. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin 2(029)-448/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında 30 iyul 2009-cu il tarixli 95 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş 30 iyun 2009-cu il təvəllüdlü X10, 10 mart 2011-ci il təvəllüdlü X20 və 22 iyun 2016-cı il təvəllüdlü X7 anaları İddiaçı himayəsində saxlanılmaları və həmin uşaqların yaşayış yerləri kimi İddiaçı yaşayış yerinin müəyyən edilməsi, Cavabdeh1 İddiaçı xeyrinə uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 avqust 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 9 ünvanda yerləşən **********36-10301 reyestr nömrəli 0.06 hektar həyətyanı torpaq sahəsi və üzərində yerləşən 225.20 kv.metr fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsusdur. İşdə olan X4, X5 və X1 iştirakları ilə tərtib edilmiş və Qusar rayon Notariat Ofisində təsdiq edilməklə 8İ-4182 reyestr nömrəsi ilə qeyd edilmiş aktdan görünür ki, Z.Əliyeva küçəsi, 252 çaylı fərdi yaşayış evinə Əhmədov Faiq, İddiaçı, Əhmədova Kamilla- Əhmədovlar ailəsi köçmüşdür. İddiaçı evlilik müddətində əri ilə həmin ünvanda yaşayaraq yaşayış halına gətirilməsinə daş hasar və darvazanın qoyulması, əlavə tikililərin tikilişində (yay mətbəxi bir otaq, talvar, xərək evi, uca dağ şəlaləsi, kababxana) evin ümumi təmirinə, həyətinnin bütöv daş döşəməsində iştirakı olmuşdur. Əhmədovlar ailəsi həmin ünvana köçəndə ev İddiaçı atası tərəfindən mebellə təmin olunmuş, əri ilə mehriban 10-11 il həmin ünvanda yaşadıqlarının və Said və Madina adlı uşaqlarının həmin evdə anadan olduqlarının şahidi olmuşlar. İşdə olan X9 tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 2009-cu ilin oktyabr, noyabr aylarında Cavabdeh2 məxsus Z.Əliyeva küçəsi, 252 ünvanında yerləşən evdə şpaklovka, rəngsazlıq və başqa işlər görmüşdür. Zəhmət haqqını Cavabdeh2 özü vermişdir. O vaxt həmin evdə ev əşyaları olmamışdır və evdə heç kim yaşamamışdır. İşdə olan X6 tərəfindən Qusar Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, o, 2009-cu ilin axırına qədər Cavabdeh2 məxsus Z.Əliyeva küçəsi, 252 ünvanında yerləşən evdə gözətçi işləmişdir. O vaxt orada heç kim yaşamamış və evdə ev əşyaları olmamışdır. İşdə olan X11 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2010-cu ilin fevral ayında öz yük maşınında Cavabdeh1 ev əşyalarını Q.Əliyev küçəsi, ev 15-dən Z.Əliyeva küçəsi, 252 ünvanında yerləşən evə aparmışdır. X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Z.Əliyeva küçəsi, 252 ünvanda yerləşən Cavabdeh2 məxsus evi mişar daşından o, tikmişdir. Tikinti materiallarını Cavabdeh2 özü gətirmişdir. Tikintidə işləyənlərin əmək haqqını da özü vermişdir. Müəyyən edilmişdir ki, İddiaçı 23 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh1 ilə evlənmiş, nikahlarını isə 30 iyul 2009-cu il tarixdə rəsmiləşdirmişlər. İddiaçı Cavabdeh1 atası Cavabdeh2 məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşdür. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından 30 iyun 2009-cu il təvəllüdlü Kamilla, 10 mart 2011-ci il təvəllüdlü Said və 22 iyun 2016-cı il təvəllüdlü Madina adlı uşaqları anadan olmuşdur. 30 iyun 2009-cu il təvəllüdlü Kamilla adlı uşaq anadan olduqdan təxminən 5-6 ay sonra İddiaçı Cavabdeh1 qaynatası Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüş və özünə məxsus bütün cehiz əmlaklarını da həmin evə aparmışdır. İddiaçı ilə Cavabdeh1 birgə nikahlarından anadan olmuş digər iki uşaqları Said və Mədinə həmin mübahisəli fərdi yaşayış evində yaşadıqları müddətdə doğulmuşdur. 2020-ci ilin yanvar ayında iddiaçının əri Cavabdeh1 iddiaçını 3 azyaşlı uşaqları ilə birlikdə həmin mübahisəli fərdi yaşayış evindən qovmuşdur. Bundan sonra Qusar Rayon Məhkəməsinin 2(029)-448/2020 saylı, 16 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 30 iyul 2009-cu il tarixli nikahın pozulması, uşaqların iddiaçının himayəsində saxlanılması, cavabehdən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarda alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh2 məxsus Qusar şəhəri, Zərifə Əliyeva küçəsi, ev 252 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnu əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı istifadə hüququ mülkiyyətçi və digər şəxslərdən müdafiə olunmalıdır. Ona görə də məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmsdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki,apelyasiya şikayəti təmin edlməməli, qətnamə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apelyasiya şikayəti üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-711/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar