Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-765/2023 05.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızına qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) X11 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Qafari və X1 ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdeh X3, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Əmrahova (Şirinova) Əfsanə Ənvər qızına qarşı “mənzilə köçürmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli e- 2(012)-4289/2022 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X9 ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2017-ci il tarixdə X9 ilə ailə qurmuş və nikahlarını həmin vaxt rəsmiləşdirmişlər. Rəsmi nikahlarından uşaqları olmamışdır. Ailə qurduqdan sonra, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini 32000 manata satın almışlar. Həmin məbləğin 11500 manatını atası Şirinov Şahid gətirib cavabdehin atası Əmrahov Ənvərə vermişdir. Ümumilikdə 21500 manat ilkin odəniş edilərək qalan məbləği ayda 500 manat odəməklə razılaşmışlar. Evi Yasin adlı şəxsdən almışlar və onlara həmin məbləği bir il müddətində bağlamaq üçün şərait yaratmışlar. Ailə qurduqları ilk vaxtlarda münasibətləri normal olsa da, sonradan baş vermiş ziddiyətlər nəticəsində münasibətləri pisləşmişdir. Belə ki, 2019cu ilin yanvar ayından başlayaraq cavabdeh X4 mütəmadi olaraq mübahisələr yaratması ailələrinin faktiki dağılmasına səbəb olmuşdur. 2019-cu ilin fevral ayının 10-da cavabdehin atası Əmrahov Ənvər yaşadıqları evə gəlib cavabdehi aparmışdır. Onlar Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020-ci il tarixli qətnaməsinə əsasən boşanmışlar. 2020-ci ilin avqust ayında cavabdeh X9 atası Əmrahov Ənvər ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə gələrək dava, dalaşla onu evdən çıxarmış və qapının açarlarını dəyişmişlər. Məcbur olub həmin tarixdən kirayədə yaşamışdır.
3. Cavabdeh X9 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.
4. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən mübahisəli evi 32000 manata almışlar. Abşeron rayonunda 07 mart 2019-cu il tarixdə sahibkar X12 ilə aralarında bağlanmış qalıq borc müqaviləsindən görünür ki, ilkin ödənilən məbləğ 20000 manat olub. Onu da atası onun adından ödəniş edib. Sonrakı bir il ərzində qalıq borc atasının vəsaiti ilə terminal vasitəsi ilə ödənilib. Onun əri, yəni hazırkı iddiaçı evi atası onun üçün aldığı dövrdə və sonrakı vaxtlarda tikintidə işləməklə qazanc əldə edirdi ki, həmin pulla nəinki ev ala bilərdi, heç başqa xərclərinə bəs etmirdi. Valideynləri dolanışıqlarına da köməklik edirdi. Evin alınmasında atasına 11.500 manat verməsi tamamilə yalandır. Qayınatasının maddi vəziyyəti çətin olduğundan həmin pulu verə bilməzdi. Odur ki, ev atasının pulu ilə alınıb. O, əri ilə mübahisəli evdə evi alana kimi orada yaşamışdır. Ev alanda divar kağızları və qapıları yox idi. Evin sahibi bu işləri görmək üçün havanın istiləşməsini gözləyirdi. Nəhayət, ev tam hazır olduqdan sonra 2020-ci ilin may ayında o, əri ilə həmin evdə yaşamağa başlamışdır. Aralarında mübahisələri pisləşdiyindən nikahın pozulmasına dair ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası 04 may 2020-ci ildə keçirildiyi gün hazırkı iş üzrə iddiaçı yaşadıqları evdən daimi olaraq çıxıb getmişdir. Sonra telefonla zəng edib demişdir ki, onu məhkəməyə verdiyindən bir daha evə qayıtmayacaq. Odur ki, İddiaçı evdən zor gücü ilə çıxarılmayıb. İddiaçı hazırda köçmək istədiyi evdə 1 ilə kimi yaşamışdır. Onun evdən çıxmasından 2,5 ilə yaxın müddət keçib. Aralarında evə olan münasibətdə onları əlaqələndirən heç bir şey yoxdur. Onun həmin evə uzun müddətdən sonra qayıdıb yaşamasına hüquq verən heç bir əsas yoxdur. Ancaq və ancaq ondan boşandığı üçün «qisas» almaq məqsədilə həmin evə köçüb yaşamaq istəyir ki, bununla da evdə onun dincliyinə və evdən sərbəst istifadə etməsinə mane olsun. Onu telefonda hədələyərək bildirmişdir ki, ondan heyif çıxmaq üçün evə köçüb yaşayacaq. Ona göndərdiyi mesajlarda yazır ki, onun evə ehtiyacı yoxdur, onun yaşamağa evi var. Ancaq onun acığına evə köçüb yaşamaq istəyir. Gəlin köçəndə ona hədiyyə kimi verilmiş cehiz və digər əmlak əşyalarının bir qismi keçmiş ərinin valideynlərinin evində yerləşir. Onları götürmək istəsə də, keçmiş əri deyir ki, onları ona verməyəcək. Köçmək istədiyi evdə keçmiş ərinin şəxsi əşyaları yoxdur. Evdən çıxıb gedəndə hamısını özü ilə aparıb. Yuxarıda qeyd etdiklərindən irəli gəlir ki, qısa müddət ərzində yaşayıb, uzun müddət yaşamadığı evə onun yaşaması üçün köçürülməsi mümkün ieyil. Onun həmin evə köçüb yaşamaq üçün hüququ yoxdur. Buna qanunvericilik yol vermir. Etirazını nəzərə alıb iddiaçının iddia tələbinin təmin edliməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şahid qismində cəlb edilmiş X6 məhkəmədə ifadəsində bildirdi ki, o, İddiaçı əmisi oğludur. Ruslan 2019-cu il tarixdə ev aldıqdan sonra o, evdə təmir işləri görmüşdür. Belə ki, evin hasarını o, tikimiş, eyni zamanda həyətə aqlay və şkatur vurmuşdur. O, evin alınmasında iştirak etməsə də, onda olan məlumata görə evi Ruslan almışdır və ev Əfsanənin adına olmuşdur. O, evdə usta olaraq 5-6 gün işləmişdir. Sonuncu dəfə isə 2019-cu il tarixdə evdə qonaq olmuşdur.
6. Şahid qismində cəlb edilmiş X10 məhkəmədə ifadəsində bildirdi ki, o, Ruslan ilə 2019-cu ildən Hökməli rayonunda qonşu olmuşdur. Ruslan bəzən onlara kombini təmir etmək üçün gəlmişdir. Bildiyi qədər İddiaçı Əfsanə ilə evli olmuşdur və qonşuluqda qalmışdır. Evləri arasında 200-250 metr məsafə olmuşdur. O, Cavabdeh tanımır və heç görməmişdir.
7. Şahid qismində cəlb edilmiş X5 məhkəmədə ifadəsində bildirdi ki, iddiaçı onun doğma övladıdır. İddiaçı keçmiş gəlini Əfsanə ilə evləndikdən bir müddət sonra işləmək üçün Bakıya köçmüş və kirayədə yaşamağa başlamışdır. Bir qədər sonra İddiaçı ona zəng edərək, Bakıda münasib ev tapdığını lakin pula ehtiyacı olduğunu bildirmişdir. O isə mal-qarasını və həyat yoldaşının qızıllarını sataraq ev almaq üçün Ruslana 11500 manat pul göndərmişdir. Bildiyi qədər Ruslan Əfsanə ilə birlikdə evə 21500 manat ödəniş etmişdir. Əfsanənin atası qızı ailə qurarkən cehiz vermədiyi üçün onlar ev alanda cehiz pulu olaraq 10000 manat pul vermiş və Əfsanənin cehizlərinin bir hissəsini də onlar almışlar. Evin qalan pulunu isə hər ay oğlu ödəmişdir. Tərəflər boşandıqdan sonra isə oğlu evdən çıxmışdır. Eşitdiyinə görə hazırda həmin evdə kirayəçi qalır və o, bu səbəbdən də oğlunun evə köçürülüməsini xahiş edir.
8. Şahid qismində cəlb edilmiş X8 məhkəmədə ifadəsində bildirdi ki, cavabdeh Əfsanə onun qonşusudur. O, 2019-cı ilin aprel ayından Hökməli kəndində yaşayır. O, evə köçən vaxt isə artıq tərəflə qonşuluqda yaşamışlar və təxminən 2 il birlikdə yaşamışlar. Evi kimin almasından və pulu kimin ödəməsi barədə məlumatı yoxdur, lakin eşitdiyinə görə evi Əfsanənin atası toy hədiyyəsi olaraq qızına bağışlamışdır. Hazırda isə evdə Əfsanə və xalası qızı yaşayırlar.
9. Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və 05 oktyabr 2017-ci ildə Xaçmaz Rayon İcra Haimiyyəti başçısının Xudat şəhər inzibati ərazi dairəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
10. 07 mart 2019-cu il tarixli qalıq borc müqaviləsindən görünür ki, 32000 manat məbləğində mənzilə görə 20000 manat ödənilmiş və qalıq borc 12000 manat təşkil edir. Borclu qalan borcu müqavilənin şərtlərinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür.
11. xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh ilə bağladıqları evlə bağlı qalıq borc müqaviləsindəki (xx.xx.2019) borc xx.xx.2021-ci il tarixdə tam şəkildə ödənmişdir. Cavabdeh borcu qalmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli e-2(012)- 4289/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia tələbinin təmin edilməsi, İddiaçı cavabdeh X9 ilə birgə nikah dövründə əldə etdiyi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Hazırkı halda Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçıların güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. İddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 və 3-cü bəndləri, 43-cü maddəsinin 1-ci bəndi, 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2 və 560.3.4-cü maddələri, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
15. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli e-2(012)4289/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin həqiqi hallarından göründüyü kimi, tərəflər kirayədə yaşamış, sonradan cavabdehin atası məcbur olub ev almış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmişdir. Belə olan halda, həmin ev tərəflərin ümumi birgə gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilə, həmçinin həmin mənzilə iddiaçı köçürülə bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, ər-arvadın yalnız ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyətinə daxildir. Hazırkı halda da, yəni həmin mənzilin alınması zamanı sabiq ər-iddiaçının heç bir gəliri olmamış və mənzilin alınmasına heç bir vəsaiti qoyulmamışdır. Birinci instansiya məhkəməsi həmin qətnaməni əsaslandırarkən özü yanlış nəticəyə gəlmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, istinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var. Qeyd edildiyi kimi, həmin fərdi yaşayış evi cavabdehin atası tərəfindən alınmış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmiş, iddiaçının həmin evin alınmasında heç bir vəsaiti olmamışdır. Belə olan halda, həmin ev tərəflərin ümumi birgə gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilə, həmçinin həmin fərdi yaşayış evinin üzərində iddiaçının “qanuni gözləntiyə” malik hüquqları ola bilməz. Məhkəmənin qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, iddianın təmin olunması işin müəyyən edilmiş hallarına əsasən hazırkı hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırımasının nəzərə alınmasını təmin edir, başqa sözlə cavabdehin həmin evdən istifadə etməklə faydalandığı kimi, iddiaçının da bu hüquqdan istifadə etməsi məqsədə müvafiqdir. Həmin nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, əvvəla mülki prosessual qanunvericiliyin məzmununa görə, sübutetmə yükü tərəflərin üzərinə düşür. İkincisi, qeyd edildiyi kimi, həmin fərdi yaşayış evi cavabdehin atası tərəfindən alınmış və həmin evi qızının adına rəsmiləşdirmiş, həmin evin təmiri də cavabdehin atasının vəsaiti hesabına həyata keçirilmiş, iddiaçının həmin evin alınmasında heç bir vəsaiti olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin izahatını və yazılı etirazında göstərilənləri tam olaraq məhkəmə iclas protokollarında və qətnamədə tam göstərməmiş, bununla da cavabdehin izahatını və yazılı etirazında göstərilənləri nəzərə almamışdır. İkincisi, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı iddiasının əsasını təşkil edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı iddiasının əsasını təşkil edən yalnız iki şahidi məhkəməyə təqdim etmiş, həmin şahidlərdən biri əmisi oğlu X6, digəri isə atası X2r ki, həmin şəxslər iddiaçının yaxın qohumu olmaqla, neytral şahid olmamış, həmçinin işin hallarına uyğun düzgün ifadə verməmişlər. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamamışdır. Birinci instansiya məhkəməsinin fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilməsi və bu səbəbdən iddianı təmin etməsi barədə nəticəsi tamamilə əsassızdır. Belə ki, ən azı ona görə ki, həmin fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilsə belə, tərəflərin ümumi birgə vəsaiti hesabına deyil, məhz cavabdehin atasının vəsaiti hesabına əldə edilmişdir. Birinci instansiya məhkəməsi özü qətnaməsində göstərir ki: “istinad olunan hüquq normalarına əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlə birlikdə Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə dair “qanuni gözləntiyə” malik hüquqları var”. Göründüyü kimi, birinci instansiya məhkəməsinin nəzərə almamışdır ki, mübahisə predmeti olan ev Abşeron rayonu, Masazır kəndində deyil, Hökməli kəndində yerləşir. Belə olan halda, birinci instansiya məhkəməsi yanlış nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi qətnaməsində göstərir ki: “Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal şahidlərin ifadəsi ilə də təsdiqini tapmışdır”. Birinci instansiya məhkəməsinin həmin nəticəsi də qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, həmin fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində əldə edilməmişdir. İkincisi, “tərəflərin həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşaması və iddiaçının yaşayış yerinə malik olmağı arzulaması və bu halın şahidlərin ifadəsi ilə də təsdiqini tapması” iddianın təmin təmin olunması üçün əsas hesab edilə bilməz. Bu yanaşma tamamilə absurddur və heç bir qanuna əsaslanmır, həmin nəticənin maddi hüquqi əsası yoxdur. Belə olan halda, birinci instansiya məhkəməsinin nəticəsi onun müəyyən etdiyi hallara uyğun deyildir, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə nəticələnmiş, göstərilənlər isə qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsinə təqdim edilmiş, lakin işə əlavə edilməmiş və qənamədə istinad edilməmiş yeni sübut Abşeron RPİ X19 xx.xx.2022-ci il tarixli məktubudur. Belə ki, iddiaçı cavabdehə qarşı qanunsuz hərəkətlər etmiş, onun qarşısını kəsərək ölümlə hədələmiş, həmçinin evin bayırından qaz qurğusuna müdaxilə edərək, qaz təchizatında problemlər yaratmış, bunun da nəticəsində evin yanması üçün təhlükə yaranmışdır. İddiaçının cavabdehə qarşı həmin qanunsuz hərəkətləri barədə onun tərəfindən Abşeron RPİ X23 müraciət edilmiş, X20 müvafiq araşdırma aparılmış, iddiaçı inzibati məsuliyyətə cəlb edilmiş, eyni zamanda mübahisənin digər hissəsinin mülki xarakterli olduğu bildirilərək, məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Təəccüb və təəssüf doğuran hal odur ki, həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, həmin sübutlar işə əlavə edilməmiş və qənamədə istinad edilməmiş, həmçinin göstərilənlər barədə X9 tərəfindən ətraflı məlumat verilməsinə baxmayaraq, həmin hallar da qənamədə əks etdirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdeh X9 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
19. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, fərdi yaşayış evinin əldə edilməsi ilə bağlı yaranmış borc məbləğini müəyyən müddət Ruslan ödəyib. Lakin həmin ödənişlər Ruslanın qazancı hesabına olmayıb, ödənişlərin mənbəyi cavabdehin atasının verdiyi vəsait olub.
20. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
21. İddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər 05 oktyabr 2017-ci il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Tərəflərin faktiki nikah münasibətləri olduğu dövrdə, yəni 2019-cu il tarixində sözügedən Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən sənədsiz fərdi yaşayış evini əldə etmiş və tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar. Daha sonra iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah Ucar Rayon Məhkəməsinin 2(063)-250/2020 saylı, 04 avqust 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Abşeron rayonu, Höküməli qəsəbəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan evdə birgə yaşamışlar. 2020-ci ilin avqust ayından iddiaçı həmin evdə yaşamadığını, cavabdeh tərəfindən evə buraxılmadığını iddia edərək yaşayış sahəsinə köçürülməsi iddiası ilə çıxış etmişdir.
28. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan fərdi yaşayış evinin özbaşına tikili olmaqla cavabdehin bu evdən faydalandığı kimi iddiaçının da bu hüquqdan istifadə etməsinin məqsədə müvafiq olması qənaətinə gələrək iddianı təmin etmişdir.
29. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
30. Cavabdeh tərəfindən mübahisələndirilən və şikayətin dəlili olaraq göstərilən hal - birgə nikah dövründə əldə evilmiş fərdiyi yaşayış evinin tərəflərin ümumi birgə gəlirləri hesabına əldə edilməməsi, həmin evin ər-arvadın əmlakının qanuni rejiminə aid olmaması ilə bağlıdır.
31. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
32. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
34. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan hallar, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
38. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir.
39. Bu baxımdan qeyd olunmalıdır ki, mübahisə predmeti olan yaşayış sahəsinin birgə nikah dövründə əldə edilməsi, tərəflərin birgə təsərrüfat aparması işin mübahisəsiz halı olmaqla ümumi əmlakının dairəsinə daxil olması qənaətinə gəlməyə əsas verir. Qeyd olunan hala etiraz edildiyi halda sübutetmə vəzifəsinin bölgüsü baxımından etirazın dəlillərini sübut etmə vəzifəsi etiraz edən tərəfin, hazırki vəziyyətdə cavabdehin üzərinə düşür.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, ə ks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər.
41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf ağlabatan imkana sahib olmasına baxmayaraq, şikayətin dəlilləri üzrə istinad etdiyi hallara dair heç bir sübut məhkəməyə təqdim etməmişdir.
42. Məhkəmə kollegiyasının qənaətincə cavabdeh tərəf «fərdi yaşayış evinin cavabdehin atasının vəsaiti hesabına alınması barədə» şikayətin dəlilini məhkəmədə sübuta yetirə bilmədi. Həmin evin əldə edilməsi üçün sərf olunmuş vəsaitin cavabdehin atası tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edə bilmədi.
43. Onu da qeyd etmək lazımdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəf ödənişlərin Ruslan tərəfindən ödənildiyini etiraf etərək həmin pulun cavabdehin atası tərəfindən Ruslana göndərildiyini bildirdi. Lakin həmin vəsaitlərin cavabdehin atası tərəfindən Ruslana verildiyini təsdiq edən sübut məhkəməyə təqdim etməmişlər. Belə olan halda işin faktiki halları mübahisə predmeti olan fərdi yaşayış evinin tərəflərin ümumi əmlakının dairəsinə daxil olması qənaətinə gəlməyə əsas verir.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
45. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə bağlı gəlmiş olduğu ilə razılşaraq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir:
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir.
47. İşin mübahissəsiz hallarından göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi qanunsuz tikili olmaqla, əmlak hüquqları qeydə alınmamışdır. Həmin ev mövcuddur, cavabdeh tərəfindən yaşayış sahəsi olaraq istifadə edilir.
48. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
49. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışlar, cavabdeh Əfsanə Əmrahova onun həmin evdə yaşamasına imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur.
50. Cavabdeh qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir.
51. Mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh X4 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli e-2(012)-4289/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.