Məhkəmə qərarları › İş №2(105)-765/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-765/2025

05.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-765/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1033/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13-də yerləşən 72 saylı mənzildən çıxarılması, cavabdehlərdən 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1033/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işin icraatına “Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13-də yerləşən 72 saylı mənzildən çıxarılması” hissəsində xitam verilməsi qərara alınmışdır (hakim Vəfa Şirəliyeva). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2011-ci ildə X8 ilə rəsmi olaraq ayrıldıqdan sonra iki övladı - X9 və X10 ilə birgə uzun illərdir ki, kirayədə yaşayır. Mübahisənin predmeti olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13-də yerləşən 72 saylı mənzilin keçmiş mülkiyyətçisi Cabbarov Hidayət İslam oğlu xəstəliyi ilə əlaqədar pula ehtiyacı olduğu üçün mənzili bazar qiymətindən ucuz satmaq qərarına gəlmiş və mənzili xx.xx.2024-cü ildə alqısatqı müqaviləsinə əsasən, mənzilin keçmiş sahibi Cabbarov Hidayət İslam oğlunun adından etibarnamə əsasında çıxış edən X2 almışdır. Lakin cavabdehlər onun mülkiyyətində olan mübahisəli mənzildə məskunlaşdıqları üçün ora köçə bilmir və azyaşlı övladları ilə birgə kirayədə yaşamalı olmuşdur. Dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq cavabdehlər mənzildən çıxmırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1033/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 13-də yerləşən 72 saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1033/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 72 saylı mənzili aldığını iddia etsə də, Cavabdeh1 məcburi köçkün olduğu vaxtdan həmin ünvanda yaşayır və hal-hazırda ailə 4 nəfərdən ibarətdir. Mənzilin keçmiş mülkiyyətçisi və hal-hazırki mülkiyyətçilərindən bir nəfər belə olsun cavabdehin mənzildə məskunlaşdığı tarixdən bu günədək evi görməyə gəlməmişdir, heç kim cavabdehi bu məsələ ilə bağlı qapısını döyüb narahat etməmişdir. Buna görə də evin əldə olunmasında qanunsuz əsaslar olduğundan şübhələnir. Bununla bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia da qaldırılacaqdır. Bu məsələlərlə bağlı “Qaçqınların və Məcburi Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılmasına dair Dövlət Proqramı"nın təsdiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli Sərəncamı mövcuddur. Belə ki, sərəncamda digər məsələlərlə yanaşı müvafiq dövlət orqanlarına tapşırıq verilmişdir ki, məcburi köçkünlər doğma torpaqlarına qayıdana və ya yeni evlərdə müvəqqəti məskunlaşdırılana qədər mülkiyyət formasından asılı olmayaraq 1992-ci il dən 1998-ci ilədək məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaqlardan və digər tikililərdən çıxarılmamaldır. Hazırda işğaldan azad olunmuş rayonlarda, eləcə də Qubadlı rayonunda "Böyük Qayıdış" Proqramına uyğun olaraq bərpa-quruculuq işləri aparılır, qısa vaxt ərzində məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün işlər aparılır. Lakin hazırki vaxtda cavabdehlər evlə təmin edilməmişlər. İddiaçının sözügedən mənzilə köçürülməsi tələblərinin təmin edilməsi tamamilə absurddur. Bir-birlərinə tamamilə yad olan ailə bir ünvanda necə yaşaya bilər? Digər tərəfdən də 1992-1994-cü illərdə məcburi köçkünlərin məskunlaşdıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyatı təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Mənzildə məcburi köçkünlər məskunlaşmalarına baxmayaraq özəlləşdirilmiş və çıxarış alınmışdır. Göründüyü kimi məhkəmə işin hallarını lazımi qədər araşdırmamış və işin hallarını düzgün qiymətləndirməmişdir. Bu səbədən də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsi tərəfindən verilmiş 03 sentyabr 2024-cü il tarixli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 3 üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 13 iyun 2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cabbarov Hidayət İslam oğlu ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 57,8 kv.metr, yaşayış sahəsi 30,8 kv.metr, yardımçı sahəsi 27 kv.metr olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsindən İddiaçı satmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 946 nömrəli arayışdan görünür ki, 47-ci məhəllə, ev 13, mənzil 72-də yaşayan Cavabdeh1 Qubadlı rayonundan məcburi köçkündür, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 ailə üzvləridir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini haqlı olaraq onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının ailə üzvü deyil, bu mənzilə iddiaçının və ya onun ailə üzvlərinin razılığı ilə köçməmişlər, mənzil üzrə onunla ümumi təsərrüfat aparmamışlar. Cavabdehlər Qubadlı rayonundan məcburi köçkün kimi faktiki olaraq mənzili özbaşına tutmaqla hər hansı hüquqi əsas olmadan orada yaşayırlar. İddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Cavabdehlər iddiaçıya məxsus mənzildə hər hansı bir qanuni əsas olmadan yaşayırlar və həmçinin onlar məhkəməyə mənzilə dair hər hansı hüquqlarının olmasına dair sənəd də (sosial kirayə müqaviləsi və s.) təqdim edə bilməmişlər. Qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. İddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun mövcudluğunu nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, artıq qeyd olunduğu kimi, iddiaçı mübahisəli yaşayış sahəsi iddiaçının mülkiyyətində olduğu halda, o, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur və cavabdehin faktiki sahibliyindədir, onun isə mübahisəli əşyaya sahiblik hüququ yoxdur. Cavabdehin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildə məskunlaşmaları həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olur. Cavabdehlərin məcburi köçkün olmaları ilə əlaqədar həmin mənzildə yaşamalarına dair dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999cu il tarixli Qanunun 5-ci maddəsinə görə məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədi ilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə də cavabdeh iddiaçının mülkiyyətində olan mübahisəli mənzildə yaşasa da, həmin mənzilə hər hansı bir formada əmlak hüquqları əldə etməmiş və onun qanunvericiliyin tələbləri baxımından mübahisəli mənzildən istifadəsi üçün qanuni əsaslar mövcud deyildir. Nəticə etibarı ilə iddiaçı mülkiyyətində olan mənzildən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdeh iddiaçı tərəfindən mənzilin əldə edilməsinin qanunsuz əsaslar olduğunu bildirsə də, iş materiallarından da göründüyü kimi ünvan 3 üzərində mülkiyyət hüququ İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və buna dair “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış” verilmişdir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Lakin göründüyü kimi məhkəmə kollegiyasının iclasları təxirə salınmasına baxmayaraq cavabdehlər və Cavabdeh1 nümayəndəsi və vəkili məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinin dəlillərini əsaslandıran sübutları təqdim etməmişlər. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1033/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar