Məhkəmə qərarları › İş №2(105)-767/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-767/2022

26.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-767/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına verilmiş hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)-982/2021 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)-982/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı və reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı çıxarışların ləğv edilməsi qət edilmişdir. (hakim Çingiz İsgəndərov) Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)-982/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran rayonu Dağbilici kəndində yaşayır. İddiaçıya və ailə üzvlərinə Torpağın mülkiyyət hüququna dair JN:0029 kod 30405028 saylı Dövlət Aktına əsasən Şabran rayonu ərazisində 4.23 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini Cavabdeh1 almışdır, pulu ödəmişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh torpağa görə pulu az ödəmişdir. Ona görə də torpağın qaytarılmasını tələb etmiş, lakin o bilmişdir ki, torpağı məhkəmə yolu ilə ayağına keçirmişdir. İddiaçı da məhkəmənin qətnaməsini alıb apellyasiya şikayəti vermiş, Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə həmin qətnamə iddiaçıya aid hissədə ləğv edilmişdir. Hazırda torpağa görə ssuda almaq istəyir, məlum olmuşdur ki, həmin torpaq sahəsinə görə cavabdeh öz adına mülkiyyət sənədi də əldə edə bilmişdir. Həmin mülkiyyət sənədinin ləğv edilməsi barədə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Xahiş edir, Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılsın. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Cavabdeh1 adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı və reyestr nömrəsi **********32 (faktiki **********22), qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı çıxarışlarda göstərilən torpaq sahələri Cavabdeh1 tərəfindən Şabran rayonu notariat ofisi tərəfindən təsdiq edilmiş 15.08.2017-ci il tarixli, 4Ə-492 reyestr nömrəli və 15.08.2017-ci il tarixli, 4Ə-485 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələri əsasında X1. Həmin müqavilər əsasında torpaq sahələrinə xüsusi mülkiyyət hüququ əsasında X8 adına reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.05.2018-ci il olan, RX seriyalı ******* saylı və reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.05.2018-ci il olan, RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmidir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh1 tərəfindən artıq itirilmişdir (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən), onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən torpaq sahəsinin cavabdehin mülkiyyətdə olubolmamasını, özgəninkiləşdirilməsini, həbsdə olub-olmamasını və bununla da qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmamışdır. Qeyd olunan xüsusatlar əsasında apellyasiya şikayəti təmin edilməlidir. İddiaçı (iştirak etdiyi məhkəmə iclasında) apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirdi və şikayətin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamışlar. Eləcə də, İddiaçı sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını, işin faktiki hallarını əsas götürərək məhkəmə kollegiyası işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş Sumqayıt Apellasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(105)-1289/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin iş üzrə 03 fevral 2017-ci il tarixli, 2(031)-138/2017 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ilə arasında JN0029 KOD 30405028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X20 əsasən Şabran rayonu ərazisində yerləşən 4.23 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Yenə işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN-0029 KOD 30405028 saylı Dövlət Aktından görünür ki, Dəvəçi rayonu Aqrar İslahat Komissiyasının 27 fevral 1998-ci il tarixli, 02 saylı qərarına əsasən X9 və ailə üzvləri X5, İddiaçı, X4, X6, X11 və X7 mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 4.23 ha pay torpaq sahəsi verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, **********66 saylı məlumatın təqdim edilməsi barədə məktubdan görünür ki, Cavabdeh1 2.968 ha torpaq sahəsini Şabran rayon notariat kontorunun 15.08.2017-ci il tarixli, 4Ə-492 və 1.26 ha torpaq sahəsini isə 4Ə-485 reyestr nömrəli alqı-satqı müqavilələrinə əsasən özgəninkiləşdirmişdir. Yenə işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Şabran rayonu, Dağ Bilici kəndində 2.968 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yenə də işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 15.07.2017-ci il olan, RX seriyalı ******* saylı çıxarışıdan görünür ki, Şabran rayonu, Dağ Bilici kəndində 1.26 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş AN-İ ******* nömrəli, 15.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Şabran rayonu, Dağbilici kəndində yerləşən ümumi sahəsi 1,26 ha olan torpaq sahəsini X2. Yenə apellyasiya şikayətinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.05.2018-ci il olan, RX seriyalı ******* saylı çıxarışıdan görünür ki, Şabran rayonu, Dağ Bilici kəndində yerləşən 1.26 ha torpaq sahəsi X8 adına qeydə alınmışdır. Yenə də apellyasiya şikayətinə əlavə edilmiş AN-İ ******* nömrəli, 15.08.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Şabran rayonu, Dağbilici kəndində yerləşən ümumi sahəsi 2,968 ha olan torpaq sahəsini X2. Apellyasiya şikayətinə əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.05.2018-ci il olan, RX seriyalı ******* saylı çıxarışıdan görünür ki, Şabran rayonu, Dağ Bilici kəndində yerləşən 2.968 ha torpaq sahəsi X8 adına qeydə alınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)-982/2021 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmetini təşkil edən Şabran rayonu ərazisində yerləşən 4.23 ha pay torpaq sahəsi iddiaçı tərəfindən Cavabdeh1 şifahi razılaşma əsasında satılmışdır. Bundan sonra Cavabdeh1 iddiaçıya və qeyrilərinə qarşı məhkəmədə iddia qaldıraraq mübahisəli torpaq sahəsinə dair əqdin etibarlı hesab edilməsini xahiş etmiş və iddia təmin olunmuşdur. Yuxarıda qeyd edildiyi kimi Sumqayıt Apellasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(105)-1289/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Şabran Rayon Məhkəməsinin iş üzrə 03 fevral 2017-ci il tarixli, 2(031)-138/2017 saylı qətnaməsi cavabdeh İddiaçı münasibətdə ləğv edilmiş, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ilə arasında JN0029 KOD 30405028 saylı Torpağa Mülkiyyət Hüquqlarına X20 əsasən Şabran rayonu ərazisində yerləşən 4.23 ha torpaq sahələrinə dair bağlanmış əqdin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Lakin Şabran Rayon Məhkəməsinin 03 fevral 2017-ci il tarixli, 2(031)-138/2017 saylı qətnaməsi qəbul edildikdən sonra Cavabdeh1 həmin torpa sahəsinə dair hüquqlarını dövlət reyestrində qeydə aldırmış və 4,23 ha torpaq sahəsini X3, sonuncunun həmin torpaq sahəsinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Başqa sözlə, iddiaçının ləğvini tələb etdiyi dövlət reyestrindən çıxarış(daşınmaz əmlakın dövlət reystrində hüquqların qeydiyyatı) artıq mövcud deyildir. İşin tədqiq olunan faktiki hallarına hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni deyil və əsaslı hesab edilə bilməz. İlk növbədə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisə həll olunarkən maddi hüquq normaları pozulmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, iddiaçı mübahisələndirdiyi torpaq sahəsinə dair cavabdehlə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirib, onun etibarsızlığını tələb edə bilər. Lakin iddia ərizəsindən görünür ki, iddiaçı artıq ləğv edilmiş məhkəmə qətnaməsi əsasında baş tutmuş alqı-satqı müqaviləsinin deyil, mübahisəli torpaq sahəsi barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reystrindən artıq mövcud olmayan çıxarışı(əslində hüquqların qeydiyyatını) mübahisələndirmiş və onun məhkəmə qaydasında ləğvini xahiş etmişdir. Habelə, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********32, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.05.2018-ci il olan, RX seriyalı ******* saylı çıxarışdan və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, reyestr nömrəsi **********22, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 11.05.2018-ci il olan, RX seriyalı ******* saylı çıxarışıdan görünür ki, mübahisələndirilən torpaq sahəsi cavabdehin deyil, X8 mülkiyyətindədir. Bir sözlə iddiaçının ləğvini tələb etdiyi çıxarış artıq mövcud deyil. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... Qeyd edildiyi kimi ləğv edilməsi tələb edilən torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh1 tərəfindən artıq itirilmişdir. Belə ki, AR Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələblərinə görə torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə hüquqlarına xitam verilir. Bu səbəbdən, olmayan hüququn ləğv edilməsi tələbi absurddur və daha öncə istinad olunan hüquqi müəyyənlik prinsipinə ziddir. Belə məhkəmə qətnaməsinin icrası isə qeyri-mümkündür. Qeyd edildiyi kimi mübahisəli torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. AR Mülki Məcəlləsinin 14.3-cü maddəsinin tələblərinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Yenə Mülki Məcəllənin 139.1-cü maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Yenə də həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Eyni norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 16.6-cı maddəsilə də müəyyən edilmişdir. Həmin maddəyə görə Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Ona görə də, qətnamə ləğv edilməli və iddia rədd edilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Onun sübutları mötəbər və legitim olmayıb, əsaslı şübhələrdən kənar deyildir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)-982/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası izah edir ki, iddiaçı bu qətnamə ilə şərh olunan halları nəzərə almaqla pozulmuş hüquqlarının bərpası üçün yenidən məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, cavabdehin apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 manat dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Şabran Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(031)- 982/2021 saylı qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Cavabdeh1 adına verilmiş hüquqların dövlət qediyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin olunmasın. İddiaçıli oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi İddiaçıli oğlundan tutularaq İdarəyə ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar