Məhkəmə qərarları › İş №2(105)-767/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-767/2024

07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-767/2024 07.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X5 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(060)-80/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan AP seriyalı № ******* saylı Sumayıt şəhər DYPŞ-nin xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 07:13-də “BMW 535” markalı **-PT-*** dövlət nömrə nişanlı avtomaşını idarə edən İbrahimzadə X1, “Green House” Şadlıq Sarayının bərabərliyində özündən qarşıda sol zolaqda dayanan “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı maşınla lazımi ara məsafəsi saxlamamış, nəticədə arxadan toqquşmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir.

2. "xxxx" ASC-nin MV-C 00158-20 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobil 18 may 2020-ci il tarixdən 18 may 2021-ci il tarixədək kasko sığorta növü üzrə sığortalanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 400 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “BMW 535” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2020-ci il tarixində idarə edərkən Sumqayıt şəhəri, Babək küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-C 00158-20 nömrəli sığorta şəhadətnaməsi əsasında kasko sığorta növü üzrə sığortalanmış “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 5400 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Sumqayıt şəhər DYPŞ-nin “inzibati tənbeh vermə haqqında” qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olmağı səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 5000 manat sığorta ödənişi ödənilmiş, yerdə qalan 400 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 0527/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar tələb təmin olunmadığından həmin tələbin məhkəmə qaydasında təmin olunması zəruriyyəti yaranmışdır.

5. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 1856/20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5500 manat məbləğində müəyyən olunmuşdur.

6. MVC0208/21 saylı, xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5500 manat, ödənilmiş sığorta ödənişinin məbləği 5400 manat təşkil edir.

7. İşdə olan OD2 saylı, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 5400 manat pul köçürülmüşdür.

8. İşdə olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC "xxxx" ASC-nin hesabına 5000 manat pul köçürülmüşdür.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6650 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Azera” markalı, **-OX-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641 manat müəyyən edilir.

10. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(060)-80/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və aparılmış ekspertiza tədqiqatının dəyərinin idiaçıdan Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6650 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə sığortalı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641 manat miqdarında ziyan vurulması halı müəyyən edildiyi halda, "xxxx" ASC tərəfindən X3 5400 manat pul köçürülməsi icra edilmiş, həmin məbləğin də 5000 manat hissəsi "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə sığorta ödənişi olaraq icra edildiyindən iddia tələbi təmin edilə bilməz.

12. Məhkəmə, öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 1097.1, 1114.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Azera” markalı, ** OX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən tərtib olunmuş №- 1856/20 saylı xx.xx.2020-ci il tarixli qiymətləndirmə aktına əsasən 5500 (beş min beş yüz) manat müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli ekspert rəyində avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 5500 (beş min beş yüz) manat məbləğində olduğu qeyd edilsə də, işlənib hazırlanmış metodikaya əsasən illik 3% aşınma nəzərə alınaraq həmin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 4641 (dörd min altı yüz qırx bir) manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2020-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 5500 (beş min beş yüz) manat məbləğində müəyyən olunmuş və buna əsasən sığorta ödənişi həyata keçirilmişdir. Yəni, "xxxx" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ilinin (2012) deyil, 2020-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. Bu səbəbdən də ekspert tərəfindən hesablanmış məbləğin köhnəlmə əmsalı tətbiq edilməklə azalması, iddiaçının maliyyə itkisinə məruz qalmasına səbəb olmuşdur. Həmçinin zərərçəkmiş avtomobilin bərpası üçün real bazar qiymətləri nəzərə alınmaqla tələb olunan real xərc 5500 azn olmuşdur. Ehtiyyat hissələrinin bazarda müəyyən bir qiyməti mövcuddur və satıcıdan həmin ehtiyyat hissəsini ancaq həmin qiymətlər əsasında almaq mümkündür. Sığorta təminatının məqsədi zərər görmüş əmlakı əvvəlki vəziyyətinə qaytarmaqdır. Avtomobilin bərpası üçün tələb olunan qiymətə köhnəlmə faizi tətbiq olunmaqla azaldılması həmin avtomobilin tam olaraq təmir olunması və əvvəlki vəziyyətinə qaytarılmasını mümkünsüz edəcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz.

19. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

20. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

21. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yuxarıda göstərilən yol-nəqliyyat hadisəsində cavabdehin təqsirli olması və vurulmuş zərəri ödəməli olması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı mübahisə isə vurulmuş zərərin məbləği ilə bağlıdır.

32. Mübahisənin obyektiv həllinə nail olmaq üçün birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6650 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “Hyundai Azera” markalı, **-OX-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4641 manat təşkil edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ekspert rəyinə əsasən müəyyən edilmiş dəyən real zərərin miqdarını və "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmiş 5000 manat sığorta ödənişini nəzərə alaraq iddianın təmin olunmaması barədə gəlmiş olduğu nəticə əsaslıdır.

34. İşdə olan ekspert rəyinin əsassız olması, işin hallarına görə kifayət qədər aydın və tam olmamasının nədən ibarət olması barədə məhkəməyə hər hansı sübut növü təqdim etməmişdir.

35. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6650 nömrəli rəyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir.

37. Belə ki, ekspert dəyən real zərərin miqdarı ilə bağlı hesablama apararkən təqdim olunmuş sənədləri əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

39. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, e-2(060)-80/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar