Məhkəmə qərarları › İş №2(105)-768/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-768/2023

27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-768/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsindən sonra mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı X2 Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(067)-2681/2022 nömrəli qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları

1. Cavabdeh1 qızı və X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X1.

2. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evi X2 xüsusi mülkiyyətindədir.

3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-6981/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 qızının X4 və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

4. Cavabdeh2 notariat ofisində yazdığı ərizədən görünür ki, anası Cavabdeh1 qızına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına etiraz etmir.

5. Cavabdeh3 notariat ofisində yazdığı ərizədən görünür ki, arvadı Cavabdeh1 qızına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına etiraz etmir.

a. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X5 iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh1 qızı, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 qızı arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə dair alqı-satqı müqaviləsi bağlanmış, xx.xx.2020-ci il tarixdə həmin ev satın alınmışdır. O, cavabdehlərin evdən çıxarılmasına dair məhkəməyə ərizə ilə müraciət etmiş, lakin iddiası rədd edilmişdir. Qərarın əsaslandırıcı hissəsində göstərilir ki, cavabdehlərin həmin evdə istifadə hüquqları vardır. Onların yaşayış hüquqlarına xitam verilməmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(067)-2681/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 qızının ünvan 1 ünvanda yerləşən evindən istifadə hüququna xitam verilməsi və onun həmin evdən məcburi qaydada çıxarılması, iddianın digər hissədə təmin edilməməsi, qətnamənin qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1 qızının ünvan 1 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qeyd olunan ərizələrdən görünür ki, həmin şəxslər evin satılmasına razılıq versələr də, həmin evdən istifadə hüququndan imtina etməmişlər. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 157, 228.1, 228.2, 228.3, 228.4. 228.5-ci maddələri, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4cü maddələrinə və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı X5 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarının əsaslandırıcı hissədində deyilir: “İş materiallarında olan Cavabdeh2 notariat ofisində yazdığı ərizədən müəyyən olunur ki, anası Cavabdeh1 qızına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına etiraz etmir. İş materiallarında olan Cavabdeh3 notariat ofisində yazdığı ərizədən müəyyən olunur ki, arvadı Cavabdeh1 qızına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına etiraz etmir. Qeyd olunan ərizələrdən görünür ki, həmin şəxslər evin satılmasına razılıq versələr də, həmin evdən istifadə hüququndan imtina etməmişlər. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır.”

13. Baxmayaraq ki, alqı-satqı müqaviləsin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürür və 11-ci bəndə əsasən xx.xx.2020-ci il tarixdən alıcının faktiki sahibliyinə (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı mübahisəli evi notarial qaydada müqavilə rəsmiləşdirməklə Cavabdeh1 almışdır. Digər iki cavabdeh isə evin satılmasına etiraz etməmələri barədə notarial qaydada ərizə vermişlər. Bundan əlavə Cavabdeh1 alqı-satqı müqaviləsini etibarsızlığı ilə bağlı Sabunçu Rayon Məhkəməsində iddia qaldırmış, lakin sonuncunun iddiası təmin olunmamışdır. Cavabdeh tərəf notarial qaydada alqı-satqı müqaviləsi bağlamasına, müqavilədə öhdəlik götürməsinə baxmayaraq bu günə kimi evdən çıxmaqdan imtina edirlər. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Cavabdehlər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 077 720 75 00, 050 403 79 60, 050 323 56 02 924-50-20, 050 395-81-84 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.

17. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddənin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

21. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətindən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(067)-2681/2022 nömrəli qətnaməsini “iddianın təmin olunmayan” hissəsində mübahisələdirmişdir.

23. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə araşdırılmasını zəruri hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddianın təmin olunmayan hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

25. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı notarial qaydada alqı-satqı müqaviləsi əsasında almış olduğu və mülkiyyət hüququ ilə özünə məxsus olan evdən cavabdehlərin çıxarılmasını tələb edir.

26. Öyrənilən işin faktiki halından müəyyən olunur ki, iddiaçı X5 ilə Cavabdeh1 qızı arasında xx.xx.2020-ci il tarixli, 4Ə-53 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilmiş və müqaviləyə əsasən satıcı olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evini X1.

27. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 13-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixdən qeydiyyatdan çıxamağı öhdəsinə götürmüşdür.

28. Alqı-satqı müqaviləsindən sonra alıcı E.Əliəkbərov aidiyyəti üzrə DƏDRX-yə müraciət etmiş və öz adına mülkiyyət hüququnu təsdiq edən çıxarış almışdır. Hazırda mübahisəli əmlak xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X2 xüsusi mülkiyyətindədir.

29. İşdən həmçinin müəyyən olunur ki, tərəflər arasında müqavilə rəsmiləşdirilərkən hazırki iş üzrə cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 notarial qaydada ərizə yazaraq sözügedən yaşayış sahəsinin, yəni ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.028 ha olan torpaq sahəsinə tam mülkiyyət üzrə və üzərində yerləşən ümumi sahəsi 29.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin satılmasına etiraz etmədiklərini bildirmişlər.

30. Öyrənilən işdən həmçinin müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-6981/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 qızının X4 və digərlərinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

31. Göründüyü kimi, cavabdeh tərəfin məqsədi açıq-aşkar hüquqdan pis niyyətlə suiistifadə etməklə iddiaçıya zərər vurmaq xarakteri daşıyır ki, bu da yolverilməzdir. Cavabdehlər mübahisə predmeti olan mənzildən (yaşayış sahəsindən) çıxıb və mənzili boşaldıb iddiaçıya ona görə təhvil verməlidir ki, iddiaçı həmin mənzili qanunvericiliyin şərtlərinə uyğun olaraq alqı-satqı yolu ilə əldə etmiş və iki ildən artıqdır ki, həmin evə mülkiyyət hüququ mövcuddur.

32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalmaqla yaşamaqda davam etmələri tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 4Ə-53 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci və 13-cü bəndinin pozulması halı kimi qiymətləndirilməlidir.

33. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının mübahisəli yaşayış sahəsinə dair cavabdeh Pərvanə Namazovla alqı-satqı müqavilə bağlaması, digər cavabdehlərin isə razılıqlarını bildirməsi işin mübahisəsiz halıdır. Lakin, qeyd olunan yaşayış sahəsində cavabdehlərin faktiki yaşamaqda davam etməsi, yaxud qeydiyyatda olsa belə, bu hallar da cavabdehlərin mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması və yaşamaqda davam etmələri iddiaçının mənafeyinə zərər vura biləcək hallardır.

34. Beləliklə işin faktiki hallarından göründüyü kimi iddiaçı tərəf mübahisəli yaşayış sahəsi üzərində tam mülkiyyət hüququ əldə etməsinə baxmayaraq, cavabdehlər halhazırda həmin evdən istifadə edir ki, bu da bir mülkiyyətçi kimi iddiaçı tərəfin mülkiyyət hüququnun pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini digər cavabdehlərə münasibətdə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “iddianın təmin edilməyən hissəsində” ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən məcburi qaydada çıxarılması barədə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı X2 vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(067)-2681/2022 nömrəli qətnaməsi qismən, yəni “iddianın təmin edilməyən hissəsində” ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən mənzilə olan istifadə hüquqlarına xitam verilsin və onlar həmin mənzildən məcburi qaydada çıxarılsınlar. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar