Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-770/2023 27.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X5 (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və Vəkil1, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(060)-4352/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İşin halları 21 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və qonşular Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 3-də yaşayan X19, Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 16-da yaşayan X9 və Sumqayıt şəhəri, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 18-də yaşayan X10 tərəfindən tərtib edilərək imzalanmış akta əsasən cavabdeh Şəmsurə Ələkbərova 1993-cü ildən ailə həyatı qurub və bu evdən mərhum həyat toldaşı Elçin Ələkbərov ilə birlikdə köçüb. Məryəm Ələkbərova və Xədicə Ələkbərova bu ünvanda heç vaxt yaşamayıblar. Cavabdeh1 və uşaqları Ümid Əhmədli, Nuray Əhmədli bu ünvanda heç vaxt yaşamayıblar. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, Mənsur Ələkbərov xx.xx.2002-ci ildə, Elçin Ələkbərov isə xx.xx.1999-cu ildə ölmüşlər. Azərbaycan SSRİ Sumqayıt şəhər X20 İcraaiyyə Komitəsi mənzilləri qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli orderə əsasən Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24 iddiaçıya verilmişdir. 21 saylı Mənzil- Kommunal Sahəsinin xx.xx.2018-ci il tarixli arayışına əsasən Bəxtiyar Ələkbərov 3 nəfər ailə üzvü ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-də 1982-ci ildən yaşayıb və 1989-cu ildən daimi qeydiyyata alınmışdır. Lakin xx.xx.2017-ci ildə vəfat edib. Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh1 nikahı xx.xx.2014-cü il tarixlə Bambaşı icra nümayəndəliyində qeydə alınıb. xx.xx.1973-cü il təvəllüdlü X1 ölümü xx.xx.2018-ci il tarixlə Sumqayıt şəhər “ ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində qeydə alınıb. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və azyaşlılar X3, X4, X12 və X11 Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-ə yaşayış hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-də yerləşməklə sahəsi 77,36 kv.m. olan 5 otaqdan ibarətdir. Sumqayıt şəhər X20 İcrayyə Komitəsinin 16 fevral 1982-ci il tarixli 21.45.1 saylı Qərarına əsasən mənzil iddiaçıya və 8 nəfər ailə üzvlərinə ayrılmış, bu qərar əsasında iddiaçının adına order verilmiş və həmin vaxtdan iddiaçı qeyd edilən mənzildə yaşamaqla pasport qeydiyyatındadır. Cavabadehlərdən ƏlCavabdeh2 iddiaçının vəfat etmiş oğlu Bəxtiyar Ələkbərovun həyat yoldaşıdır. O, 20 ildən artıqdır ki, bu mənzili daimi olaraq tərk etmiş, özü və övladları bu mənzildə yaşamırlar, başqa bir ünvana daimi olaraq köçmüşlər. Digər Cavabdeh1 da iddiaçının vəfat etmiş oğlu Elçin Ələkbərovun qızıdır. O da bu mənzili daimi olaraq tərk etmiş, köçmüş, ailə həyatı qurmuş və mübahisəli mənzillə bütün əlaqələrini kəsmişdir, uşaqları ilə başqa ünvanda yaşayır. Cavabdehlərin uzun müddət bu mənzildə yaşamamalarına baxmayaraq onların uşaqlarının hələ də mənzildə qeydiyyatda qalmaları bir icarədar kimi iddiaçının həmin mənzil üzərində hüquqlarını həyata keçirməyə, mənzil üzərində sahiblik, istifaidə və sərəncam hüquqlarına maneə yaradır. İddiaçı bu şəxslərin formal qeydiyyatları səbəbindən mənzili öz adına özəlləşdirə bilmir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4352/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata cavabdehlər X6 və X7 aid hissədə xitam verilməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4352/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X11 Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5, mənzil 24-ə istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia qismən təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarına, xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanuna istinad etmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bu maddi hüquq normalarına istinad etsə də, mənzilə istifadə hüququna xitam verilməsiilə yaşayış sahəsindən qeydiyyatdan çıxarılmanın hüquqi əsaslarına fərq qoymamışdır. Hansı ki, onun mənzildən istifadə hüququna xitam verilirsə, həmin mənzildə yaşamağının səbəbi araşdırılmalı idi. Məhkəmədə iştirakı təmin olunmadığından, mənzildən iddiaçılar tərəfindən qovulduğuna hüquqi qiymət verilməmişdir. Hazırda mübahisəli mənzildən qovulduğuna görə Sumqayıt şəhəri ərazisində gecəqonduda kirayə yaşayır. Bundan başqa aralarında olan münasibətlər 2000-ci ilə kimi mövcud olsa da, məhkəmə qətnamədə göstərir ki, guya aralarında olan münasibətlər 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaranmışdır. Bu isə məhkəmə tərəfindən maddi hüquq normasının pozulmasıdır. Məhkəmə ancaq, iddiaçının yalan izahatlarına əsaslanmışdır. Onun məhkəmə müdafiə hüququ pozulmuşdur. Məhkəmə tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmuşdursa, belə nəticəyə gəlmək olar ki, mübahisənin predmeti ümumi məhkəməyə deyil, inzibati məhkəməyə aid olmuşdur. Məhkəmə tərəfindən onun daimi yaşayış yeri müəyyən olunmadığından xx.xx.2009-cu ildən qüvvədə olmuş yeni Mənzil Məcəlləsinin maddələrinə düzgün istinad olunmamışdır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Cavabdeh2 və nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi Vəkil1 iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, izahat verərək, bu halların nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, izahat verərək, apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Tətbiq edilən hüquq 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd edilmişdir ki,Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinində və digər qanunvericilikdə göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. AİHM-nin “Önəryıldız Türkiyəyə qarşı işi üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsfilatdan asılı deyil, məsələ bütovlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdiirlməsindən ibarətdir.Müvafiq olaraq bu müddəanın məqəsdləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil eədn bəzi hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır, ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələbləri də əhatə edə bilər. “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci və 3-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apellyasiya baxışının həddini qətnamənin qismən (Cavabdeh2 aid hissədə mübahisələndirildiyindən həmin hissədə) qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyası mübahisələndirilən hissədə ilk növbədə onu qeyd edir ki, tərəflər arasında hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən hazırki mübahisəli mənzil hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yaranmış mübahisəli hüquq münaisbətlərinə düzgün maddi hüquq norması tətbiq edilmiş, lakin işin halları tam aydınlaşdırılmamış, qeyd olunan maddi hüquq normasının tələbləri baxımından işin hallarına düzgün hüquqi qiymət verilməmiş, sübutetmə yükü düzgün müəyyən edilməmişdir. Belə ki, işin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan yaşayış sahəsi müvafiq qərar əsasında iddiaçı və onun ailə üzvlərinə (o cümlədən cavabdehin ərinə) verilmişdir. Cavabdeh2 iddiaçının oğlu ilə xx.xx.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuş, bu tarixdən həmin yaşayış sahəsinə gəlin köçmüş, birgə nikahdan uşaqları anadan olmuş, həmin yaşayış sahəsində ailə üzvləri və iddiaçı ilə birlikdə yaşamış, 1999-cu il tarixdə isə əri iddiaçının oğlu vəfat etmişdir. Cavabdeh həmin yaşayış sahəsində pasport qeydiyyatındadır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi,başqa yaşayış sahəsinə malik olması halını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür.Cavabdeh iddia tələbinə etiraz edərək, həmin yaşayış sahəsini məcburiyyət qarşısında qalaraq tərk etdiyini,iddiaçı ilə qohum olduqlarını, aralarında münaisbətlər gərgin olduğundan məcbur olaraq həmin evi tərk etdiyini, qardaşının evində yaşadığını, özünün başqa yaşayış sahəsinin olmadığını, əri vəfat etdikdən sonra həmin evi tərk etdiyini, himayəsində sağlamlıq imkanları məhdud olan uşağının da olduğunu, həmin yaşayış sahəsinə ehiyacının olduğunu, həmin evdə pasport qeydiyyatında olduğunu, başqa yaşayış yerinin və qeydiyyatda ola biləcək yerinin olmadığını bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qeyd olunan mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predmeti olan yaşayış sahəsi iddiaçının və cavabdehin ərinin qanuni sahinliyində olduğundan, cavabdeh onun ailə üzvi olmaqla, köçüb onunla və iddiaçı ilə birlikdə həmin yaşayış sahəsində yaşadığından, 1992-ci il tarixdən həmin yaşayış sahəsində daimi pasport qeydiyyatında olduğundan (hansı ki qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır), cavabdehin həmin yaşayış sahəsinə dair istifadə hüququ yaranmışdır (MM-nin 53,123-cü maddəsinin dispozitiv şərtləri baxımından). Qeyd olunmalıdır ki, indiki halda hazırki mülki iş üzrə mübahisələndirilən hissədə cavabdehin həmin yaşayış sahəsini daimi tərk edib-etməməsi, həmin yaşayış sahəsinə ehtiyacının aradan qalxması və başqa yaşayış sahəsinə malik olub-olmaması halları araşdırılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə qeyd olunan hallar üzrə sübutetmə yükü məhz iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdehin həmin yaşayış sahəsini daimi tərk etməsi, başqa yaşayış shaəsinə malik olması, qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmaması kimi halları sübut etmək öhdəliyi daşıyır. Lakin iddiaçı tərəfindən həmin halları təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Qeyd edilən halla bağlı iddiaçı tərəfindən sübut qismində yalnız yazılı akt təqdim edilmişdir ki, məhkəmə həmin sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, həmin hala dair başqa digər sübut vasitəsi təqdim edilmədiyindən, habelə həmin aktı tərtib edən şəxslərin ifadələrinin düzgünlüyünün, həqiqəti əks etdirməsi halının müəyyən edilməsi mümkün olmadığından qeyd edilən sübut vasitəsi iş üzrə mötəbər sübut qismində qəbul edilməsi məqsədəmüvafiq deyildir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş digər sübut vasitəsi ilə bağlı onu qeyd edir ki, Cavabdeh2 adına abonent kodunun qeydiyyata alınmasına dair “Sumqayıt Sukanal” İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub təqdim edilmişdir. Qeyd olunan hal Cavabdeh2 həmin yaşayış sahəsini daimi laraq könüllü tərk etməsi halını birbaşa təsdiq edən sübut kimi çıxış etmir. Bundan əlavə, cavabdeh öz izahatında həmin ünvanda yerləşən yaşayış yerinin qardaşına məxsus olduğunu, su sonradan çəkildiyindən onun adına qeydiyyata alınmasını bildirmişdir. Həmçinin, iddiaçı öz izahatında cavabdehin yaşadığı evin onun qardaşı tərəfindən verilməsi halını bildirmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin sübut vasitəsi də mübahisələndirilən hissədə iddia tələbinin əsası kimi istinad edilən halları təsdiq etməmişdir. Həmçinin, məhkəmə onu qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır, yəni, əksi sübut olunmayınca şəxsin qeydiyyatı olduğu yer onun yaşayış yeri hesab olunur. Deməli,hazırki mülki iş üzrə əksi hal müəyyən edilmədiyindən, cavabdehin həmin ünvan üzrə yaşayış yeri olduğundan, o həmin ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı cavabdehin həmin yaşayış yerini daimi tərk etməsi, habelə həmin yaşayış sahəsinə ehtiyacının olmaması və başqa yaşayış yerinə malik olması halının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, məhkəmə onu qeyd edir ki, cavabdehin uzun müddət həmin mənzildə yaşamaması onun həmin yaşayış sahəsinin daimi tərk etməsi və ya həmin yaşayış sahəsinə ehtiyacının olmaması halı kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehin həmin evdə yaşamaması məhz onun könüllü iradəsi əsasında baş verməsi halını müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, cavabdehin həmin mənzilə istifadə hüququ mövcud olduğundan, həmin istifadə hüququna yalnız cavabdeh həmin yaşayış sahəsini könüllü olaraq daimi tərk etdiyi, həmin yaşayış sahəsinə ehtiyacının olmadığı, başqa daimi yaşayış sahəsinə malik olduğu hallarda mümkün olardı. İndiki halda isə iddia tələbini əsası qismində çıxış edən həmin halların müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar tam aydınlaşdırılmamış, həmin hallara düzgün hüquqi qiymət verilməmiş, nəticə etibarilə iş üzrə həmin hissədə düzgün olmayan qətnamə qəbul edilmişdir.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən Cavabdeh2 aid hissədə ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən əxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmçinin, məhkəmə kollegiyası qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin edildiyindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu tərəflərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-4352/2022 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayəti üzrə qismən, ona aid hissədə ləğv edilsin, bu hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh2 aid hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-770/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-770/2023
27.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver