Məhkəmə qərarları › İş №2(105)-775/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-775/2025

30.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-775/2025 30.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2563,87 manat pul vəsaitinin və 45,64 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 03.12-xx.xx.2023 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir (çıxarış əlavə edilir). Nəticədə Cavabdeh banka cəmi 2563,87 (iki min beş yüz altmış üç manat, 87 qəpik) ziyan vurmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 3.3-ci maddəsinə əsasən hesaba yanlış daxilolma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər bank tərəfindən akseptsiz qaydada müştərinin hesabından silinə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 7.2.4-cü maddəsinə əsasən şəxs onun kart hesabına artıq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərindən istifadə edə bilməz və həmin məbləği dərhal banka qaytarmalıdır. Kart hesabından çıxarışın sonuna nəzər yetirilsə oradan da xüsusi bilik tələb olunmadan müəyyən edilir ki, müştərinin kartına 157,55 manat mədaxil edilib, 3126,47 manat isə məxaric edilmişdir. İlkin qalıq da 405,05 manat olduğundan buradan tam aydın olur ki, cavabdeh banka 2563,87 manat ziyan vurmuşdur. Pulun qaytarılması barədə bank tərəfindən şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kart müqaviləsi, kart üzrə çıxarış, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanmış bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdeh “Texniki Overdraft” yaranması nəticəsində banka məxsus pul vəsaitindən istifadə etmiş, buna görə də o, qanunsuz əldə etdiyi pul vəsaitini bankın tələbi ilə ona geri qaytarmalıdır. Texniki Overdraft” Bankla razilaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin bank qarşısında yaranmış borсudur və müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. Hesab edirlər ki, cavabdehin əldə etdiklərinin bankın tələbi ilə geri qaytarılması norması Mülki Məcəlləsinin 6.1.8-ci maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən olan “pozulmuş hüquqların bərpasının təmin edilməsi” prinsipindən qaynaqlanır. Cavabdeh bankın əmlakını heç bir əsas olmadan əldə etməklə, əldə etdiklərini məhrum olana onun tələbi ilə qaytarmadığı halda sonuncunun mülkiyyət hüquqlarını pozmuş olur. Bu isə həm dövlət daxili hüquqi aktlar, həm də beynəlxalq konvensiyalarla qadağan olunur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 20 mart 1952-ci il tarixli Əlavə Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, “hər bir fiziki və hüquqişəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, “öz mülkiyyətindən məhrum edilə bilməz”. Analoji norma AR Konstitusiyasının 29-cu maddəsində də nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh bankın hesabına əldə etdiklərini geri qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməlidir. Bunun nəticəsi olaraq cavabdeh hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş bank isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluq bərpa edilməlidir.

3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz daxil olmamışdır.

4. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) kiçik iddiaya dair ərizə təmin olunmuş, Cavabdeh 2563,87 manat pul vəsaiti və 45,64 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabında, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) 03.12-xx.xx.2023 tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismi ATM-dən məxaric etmişdir. Nəticədə Cavabdeh banka cəmi 2563,87 (iki min beş yüz altmış üç manat, 87 qəpik) manat ziyan vurmuşdur.

6. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxmış, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 1091.2, 956.1, 960.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(105)-775/2024 nömrəli qərardadı ilə mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər

8. Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ümumiyyətlə iş üzrə heç bir araşdırma aparmadan qanuna zidd qətnamə çıxartmışdır. Əslində bu iş məhkəmə tərəfindən araşdırılsaydı, həmin işin cinayət tərkibli olması aşkar olunmalı və iddia rədd edilməli idi. Lakin məhkəmə İddiaçı ASC-nin iddia ərizəsində göstərdiyi xüsusatlara istinadən əsaslanıb, heç bir araşdırma aparmadan qətnamə çıxarmışdır. Məsələyə aydınlıq gətirmək məqsədi ilə qeyd etmək istəyir ki, ona məxsus plastik kart üzərində aparılmış mübahisələndirilən qeyri-qanuni əməliyyat elə İddiaçıın öz tərəfindən aparılmışdır. İddiaçıın plastik kartı üzrə aparılmış əməliyyatlar haqda verdiyi çıxarışdan məlum olur ki, iddiada göstərilən məbləğ xaricdə, yəni əməliyyat Meksikada aparılmışdır. Düşünür ki, plastik kartının kod nömrəsini İddiaçıdan başqa heç kəs bilə bilməz və onun üzərində heç kəs əməliyyat apara bilməz. Mübahisələndirilən məbləğin (2563,87 AZN) onun plastik kartına haradan və necə köçürülməsindən, eləcədə həmin məbləğin kartından çıxarılmasından heç bir xəbəri olmayıb. Lakin iddiaçı tərəf 2024-cü ilin yanvar ayında şifahi olaraq telefonla ona bildirilmişdir ki, İddiaçı ASC-nə 2563 manat kredit borcu yaranmışdır. Bu vaxt o, İddiaçıdan heç bir kredit götürmədiyini düşünərək, heç bir borcunun olmadığı cavabını vermişdir. Bundan sonra İddiaçı ASC-yə rəsmi olaraq ərizə ilə müraciət edərək yaranmış problemi aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı isə ərizəsinə bu günədək cavab verməmişdir. Bundan sonra İddiaçı xx.xx.2024-cü il tarixdə bildiriş göndərmişdir ki, 2563,87 manat məbləğində texniki overdraft borcu yaranmışdır. Həmin borcu karta mədaxil etmək xahiş olunurdu. Əks halda vəsaitin qaytarılması ilə bağlı məhkəməyə müraciət olunacaqdır. Göstərilən məbləğin onun tərəfindən çıxarılmadığına əmin olduğu üçün işin məhkəmədə mübahisələndirilməsinə üstünlük vermişdir ki, mübahisələndirilən məsələni məhkəmədə araşdıraraq vəsaitin onun tərəfindən mədaxil və ya məxaric edilmədiyini sübut edər. Belə ki, bildirişdən öncə də İddiaçıın işçisi ilə telefon danışığında da işin araşdırılmasını məhkəməyə müraciət etmələrini özü də ona tövsiyə etmişdir. Əlavə olaraq bunu da qeyd edir ki, bir neçə ildir ki, “Umiko” kartından istifadə edir, günəmuzd işlədiyi əməkhaqqı pulları da həmin karta köçürülürdü və sonuncu dəfə işlədiyi iş müqabilində zəhmət haqqı olaraq kartına 700 manat pul köçürülməsi gözlənti var idi. Lakin mübahisələndirilən 2563 manat pulun kartına hardan nə üçün köçürülüb və çıxarılmasından heç bir xəbəri olmayıb. Qətnamənin 3-cü səhifəsində qeyd olunur: “iş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir.” Hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmalıdır”. Məhkəmənin yuxarıda qeyd etdiyi məzmundan bir daha məlum olur ki, işi ümumiyyətlə araşdırmadan, cavabdehin iddiaya etirazı olmamasını düşünərək və buna əsaslanıb qətnamə çıxarmışdır. Ərizəyə əlavə etdiyi çıxarışdan da məlum olur ki, mübahisələndirilən məbləğ onun xəbəri olmadan əməliyyat aparılaraq çıxarlmışdır. Belə olan halda əgər məhkəmə ona iddia ərizəsinin surətini, o cümlədən məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərsəydi əlbətdə ki, o da öz etirazını və sübutlarını təqdim edərdi. Ona görə də, Quba Rayon Məhkəməsinin qətnaməsi ilə razı deyil. Hesab edir ki, qətnamə əsassızdır və ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, göstərilən məbləğin götürlməsidən, çıxarılmasından, necə yaranmasından məlumatı yoxdur. 2021-ci ildə bankdan pul saxlamaq üçün “Umico” kartı alıb. Kartda pul olmayan zaman kartdan pul cıxara bilməsi barədə müqavilə də yoxdur. Qeyd edilən alış-veriş Meksika dövlətində olub, aydınlaşdırsınlar ki, həmin vaxt ölkədən çıxmışdır. Hesab edir ki, bankın öz əməlləridir. 693 manatı dekabrın 4-də bankomatdan özü çıxarıb. Kartdan bilərəkdən pul çıxartmayıb. Bakı şəhərində fəhlə işləyirdi, iş yerində gözləntiləri vardı, kartına pul köçürülməli idi. Avtomobili saxlamaq üçün yer olmadığından tanışına kartı verib, pulu çıxardıb. Mexsikadan aparılmış əməliyyatlar 3 dekabrda olub. Ölkə xaricindən mal sifarişi olmayıb. Kartına girmədiyindən məlumatı olmayıb. Əməliyyatların onun tərəfindən aparılmadığılna görə 2024-cü ili yanvar ayında ərizə ilə banka müraciət edilib. Araşdırılma aparılmamışdır. Kartına 700 manat göndərilməli idi. Kartdan pul çıxarılanda sonra gözlədiyi yerdən nağd şəkildə 700 manatını almışdır. Kartdan çıxardığı pulu da geri qaytarmamışdır.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iş materiallarında olan çıxarışdan görünür ki, cavabdehə “cashback” kartı verilmişdir. Həmin kart hesaba pul qoyub istifadə edilməsi üçün olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdehin kartda 405 manat 5 qəpik şəxsi vəsaiti olub. 01 dekabr 2023-cü il tarixdə 15 manat, 100 manat pul köçürülür. Cəmi 520 manat 5 qəpik pul çıxarılıb. 1 manat komissiya haqqı çıxıb. xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Sarayevo küçəsində yerləşən ATM-dən 500 manat çıxarılır, qalır 19 manat 5 qəpik. Bravo marketdə 17 manat 53 qəpik xərcləyır. Kartda 1 manat 52 qəpik pul qalır. 04 dekabr 2023-cü il tarixdə Nərimanov rayonunda ATM-dən 693 manat pul çıxarır. Burda artıq Texniki overdraft yaranır. Cavabdeh kartda pul olmaya-olmaya kartdan köçürülmələr etməyə başlayır. Başqa ölkənin valyutası ilə 1400 məbləğində, manat ekvivalenti ilə 141,37 manat köçürülmə edilir. xx.xx.2023-cü il tarixdə ardıcıllıqla ödənilşlər edilir, 2606,42 manatlıq köçürülmə edilir. Sornadan 10 manat, 6 manat, 25,55 manat hesaba mədaxil olur. Nəticədə 2563,87 manat borc yaranır. Texniki overdraft odur ki, kartda pul olmayaolmaya puldan istifadə edib. Köçürülmələr telefondakı tətbiq vasitəsi ilə olub. Tətbiqi başqa şəxslər istifadə edə bilməz. Yalnız sahibinin razılığı ilə olur. Hesabda borc yarandığından cavabdehə bildirişlə müraciət edilib, borcu qeyd edilib. Cavabdeh kartdan pul götürdükdən sonra iş yerindən də gözlədiyi 700 manatı alsa da kartdan çıxardığı pulu da geri qaytarmamışdır. İşdə olan sübutlar

13. BBUM4169804A209 nömrəli X5 (kredit) müqaviləsindən görünür ki, Cavabdeh nağdsız ödənişlərin aparılması və nağd pul vəsaitinin əldə edilməsi üçün “Birbank Umico” ödəniş kartı verilmişdir.

14. İş materiallarında olan Ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh banka cəmi 2563,87 manat borcu vardır.

15. Ərizəyə əlavə olunmuş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh 2563,87 manat məbləğində texniki overdrfat borcunu 5 gün ərzində karta mədaxil edilməsi təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır.

16. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 45,64 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 956.1. Bank hesabı müqaviləsi bağlanarkən müştəriyə və ya onun göstərdiyi şəxsə tərəflərin razılaşdırdığı şərtlərlə bankda hesab açılır. 960.1.Bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.Əsassız varlanma o zaman baş verir ki, bu cür varlanmaya haqqı qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığını tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarından və tərəflərin izahatından göründüyü kimi bank tərəfindən cavabdehə nağdsız ödənişlərin aparılması üçün “Birbank Umico” ödəniş kartı verilmiş, cavabdeh karta ilk olaraq 405,5 manat, daha sonra 15 və 100 manat, ümumilikdə 520,5 manat məbləğində pul mədaxil etmiş, xx.xx.2023-cü il tarixdə kartla 17,53 manat mağazada ödəniş etmiş, xx.xx.2023-cü il tarixdə kartdan 500 manat məbləğində pul çıxarmışdır. Həmin vəsait kartdan çıxarıldıqdan sonra cavabdehin hesabında 1,52 manat vəsait qaldığı halda xx.xx.2023-cü il tarixdə müxtəlif məbləğlərdə ödənişlər edilmiş, xx.xx.2023-cü il tarixdə isə cavabdeh tərəfindən bankomatdan 691 manat pul vəsaiti çıxarılmış, bununla da iddia ilə tələb olunan məbləğdə bank qarşsında öhdəliyi yaranmışdır.

22. Cavabdeh kartından ödənişlərin onun tərəfindən edilməməsini iddia etsə də cavabdehin bu etirazı hər hansı bir sübutla təsdiq olunmamaqla yanaşı, ağılabatan və inandırıcı da olmamışdır. Belə ki, cavabdeh şəxsi hesabında vəsait olmadığı halda kartdan nağdlaşdırma əməliyatı aparması halında kartdan köçürmələr vasitəsi ilə ödənişlər etməsini də istisna etmir. Cavabdeh nağdlaşdırdığı vəsaiti 700 manat pul gözləntisi olması ilə əlaqələndirmiş, həmin məbləğin ona köçürülməsini zənn edərək nağdlaşdırdığını iddia etmişdir. Lakin, məhkəmə kollegiyasının iclasında cavabdeh sonradan həmin vəsaitin ona nağd şəkildə verdildiyini bildirsə də aldığı həmin məbləği bankın hesabından çıxardığı pulun əvəzinə geri qaytarmamışdır ki, qeyd edilən fakt cavabdehin həmin dəlilinin də inandırıcı olmamasını təsdiq etmişdir.

23. Göründüyü kimi cavabdeh tərəfindən bankdan verilmiş kartdan nağlaşdırma və köçürmə ilə ödənişlər edilməsi təsdiqini tapdığından bankın kartdan istifadə edilmiş vəsaiti geri tələb etməsi əsaslı olmuşdur.

24. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ƏT E T D İ :

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(027)-251/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar