Məhkəmə qərarları › İş №2(105)-777/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-777/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-777/2025 22.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızına, Cavabdeh4, Cavabdeh5 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızına, Cavabdeh4, Cavabdeh5 (mübahisə predmeti barəsində müsəqil tələb irəli sürməyən üçüncü şəxslər Sumqayıt şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(060)-364/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2024-cü il tarixdə, ********** nömrə ilə qeydiyyat aparılmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2017-ci ildən etibarən ünvan 2 ünvanında yerləşən 25 saylı mənzildə qeydiyyatdadır.

3. Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Qubadlı rayonunun Padar kəndindən məcburi köçkünlər - X6, Cavabdeh1 və onun ailə üzvləri Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən 14 saylı binanın 25 nömrəli mənzilində məskunlaşmışlar. X6 vəfat etmiş, lakin övladı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşamağa davam edirlər və özü, eləcə də ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzil təmin edilməmiş və ya onlara mənzil təklif olunmamışdır. Nəzərə çatdırılır ki, 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkədə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Hal-hazırda Komitə tərəfindən işğaldan azad edilmiş ərazilərimizə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılmaqdadır və həmin siyahılar üzrə Cavabdeh1 adı da ailə üzvləri ilə birgə sözügedən ünvan üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərimizdə, eləcədə erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş Qubadlı rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə öz doğma yurduna köçürülməsi zamanı sözügedən ailənin də köçürülməsi həyata keçiriləcək və mənzil boşaldılaraq özünüzə təhvil verilməsi üçün əvəlcədən aidiyyəti üzrə (şəxslərə) xəbərdarlıq olunacaq.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlərə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2, mənzil 25-də yerləşən ümumi sahəsi 66,30 kv.m., olan yaşayış evi xx.xx.2022-ci il tarixli ********** saylı Daşınmaz Əmlakın Dövlət Reyesterindən (Reyester № **********76-05101-093040) çıxarışa əsasən mülkiyyət hüququ iddiaçıya məxsusdur. Cavabdehlər Qubadlı rayonun Padar kəndindən məcburi köçkündürlər. Onlar Qubadlı rayonundan məcburi köçkün düşdükdən sonra, yəni 1992-ci ilin aprel ayında iddiaçıya məxsus olan mənzilə özbaşına girmişlər və indiyə qədər də orda yaşayırlar. Dəfələrlə cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısını almağa , onları mənzildən çıxarmağa çalışsa da buna nail ola bilməmişdir. Ona görə də ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin indiyə qədər iddiaçıya məxsus olan mənzildə yaşamaları onun Azərbaycan Respublikası Konstitusiyası və İnsan Hüquqları üzrə Avropa Konvensiyası ilə qorunan mülkiyyət hüququnu kobud şəkildə pozur. Odur ki, iddiaçı özü hal-hazırda ünvan 3 ünvanında ailə üzvləriylə birlikdə kirayədə yaşayır. Göstərilənlərə əsasən iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(060)-364/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Rüstəmzadə (Əlizadə) Leyla Cəfər qızının, Cavabdeh4, Cavabdeh5 ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən çıxarılmaları qət edilmişdir.

7. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumiyyətlə iddiaçının həmin mənzili ələ keçirməsi şübhəlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati, yardımçı və digər binalarda məskunlaşdırılması” Qaydasının 4-cü bəndinə görə “Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üzrə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 saylı Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi, 1992-1994-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədi ilə həmin evlərə əlaqədar təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsələr də, məhkəmə həmin sübutları araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi. Bütün bu hallar iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün məhkəmə tərəfindən ətraflı araşdırılmalı idi. Şikayətdə daha sonra MPM-in 88ci və 9-cu maddəsinə istinad edilmişdir.

Məhkəmə prosesi iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə çağırılmış digər cavabdehlər və üçüncü şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (İ və İİ hissə). Mülki Məcəllə: Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Maddə 152.1. Mülkiyyət hüququ subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

13. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarına əsasən ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzildə cavabdehlər - Qubadlı rayonundan olan məcburi köçkünlər məskunlaşmışdır. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmalarını tələb edir.

17. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından cavabdehlər məcburi köçkün olduqları üçün başqa yaşayış yeri ilə təmin olunmalıdırlar və qətnamə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehlərin yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Sözügedən mənzil İddiaçı mülkiyyəti olduğundan cavabdehlərin həmin mənzildə məskunlaşması və mənzildən çıxmamaları iddiaçının mülkiyyət hüquqlarını pozur və iddiaçının ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli, cavabdehlər həmin mənzildən çıxarılmalıdır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı əsaslı qətnamə qəbul edilmişdir. Belə ki, cavabdehlər tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hər-hansı hüquqi əsas olmadan zəbt edilməsi işin mübahisəsiz halıdır. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin oxşar mübahisələrlə bağlı Azərbaycana qarşı işlər üzrə qərarlarında formalaşmış hüquqi mövqeyə əsasən cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı hüquqi əsas olmadan yaşamaları və iddiaçının tələbinə baxmayaraq mənzildən çıxmamaları iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə heç bir qanuni əsas olmadan məskunlaşması iddiaçının mülkiyyət hüquqlarını kobud surətdə pozduğundan, iddiaçının öz mülkiyyət hüquqlarından istədiyi kimi istifadə etmək imkanından məhrum etdiyindən birinci instansiya məhkəməsi iddianın təmin edilməsi üzrə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.

19. Apellyasiya şikayətinin “iddiaçının həmin mənzili ələ keçirməsinin şübhəli olması” ilə bağlı dəlilinə gəldikdə isə, kollegiya qeyd edir ki, daşınmaz əmlaka, o cümlədən torpağa mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda və digər qanunvericilik aktlarında müəyyən edilmişdir. Qanunverici mülkiyyət hüququnun təminat mexanizmini məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat ilə şərtləndirmişdir. Həm dövlət, həm də mülkiyyətçinin mənafelərinin qorunması baxımından daşınmaz əmlaka dair məlumatların vahid dövlət reyestrində qeydiyyatı zəruridir. Şəxsin daşınmaz əmlaka mülkiyyət hüququnun dövlət qeydiyyatı nəticə etibarı ilə bu hüququn pozulmasının qarşısının alınmasına xidmət edir. Daşınmaz əmlakın dövlət qeydiyyatı, həmçinin əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi çıxış edir. Mülki Məcəllənin 140-cı maddəsində, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində əks olunmuş daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət reyestrinin açıqlığı prinsipindən irəli gəlir. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Cavabdeh iddiaçının qeyd edilən mənzilə dair mülkiyyət hüququnun “şübhəli” yaxud əsassız olaraq qeydə alınması ilə bağlı hər-hansı bir mötəbər sübuta istinad etməmiş və bu barədə dəlillərini təsdiq edən sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, hazırkı vəziyyətdə iddiaçının hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, mülkiyyətçinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb olur.

20. Kolegiya həmçinin qeyd edir ki, iddianın təmin olunmaması nəticəsinə gələn birinci instansiya məhkəməsi öz qətnaməsində “...iddiaçının “hazırki işlə bağlı qanuni qüvvəsini almış məhkəmə aktının olması” ilə bağlı izahatına qiymət verildiyini” qeyd etsə də, nə iddia ərizəsində, nə də iş üzrə keçirilmiş məhkəmə iclaslarının protokollarında iddiaçının bu barədə hər-hansı izahatına rast gəlinmir. Prosessual-hüquqi baxımdan əhəmiyyət kəsb etdiyindən məhkəmə kollegiyası tərəfindən iclasda iştirak edən iddiaçıya və cavabdehə hazırkı mənzillə əlaqədar tərəflər və ya onların vərəsəsi olduğu şəxslər (iddiaçının mərhum həyat yoldaşı X5, cavabdehin mərhum atası X6) arasında əvvəllər hər-hansı məhkəmə mübahisəsinin mövcud olub-olmaması ilə bağlı suallar verilmiş, hər iki tərəf əvvəllər məhkəmə mübahisəsinin olmadığını bildirmişlər. Eyni zamanda “Elektron məhkəmə” informasiya sistemində də tərəflərin iştirakçısı olduqları hər-hansı digər işin olması müəyyən edilməmişdir. Əksinə iddiaçı mərhum ərinin uzun müddət cavabdehləri həmin mənzildən çıxarmaq niyyətinin olmadığını, hazırda özünün tənha və kimsəsiz olmaqla kirayədə qalması, cavabdehlərə dəfələrlə müraciət etsə də, mənzili könüllü tərk etmədiklərinə görə məcbur olaraq hazırki iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən mübahisənin məhkəmədənkənar həlli üçün tərəflərə müraciət edilmiş, cavabdeh isə iddiaçının mənzil kirayə haqqını ödəmək imkanının olmadığını, yalnız hər ay müəyyən məbləğdə köməklik edə biləcəyini, dövlət tərəfindən işğaldan azad olunmuş ərazidə yaşayış sahəsi ilə təmin olunan kimi mənzili boşaldaraq iddiaçıya təhvil verəcəyini bildirmişdir.

21. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, 2(060)-364/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar