Məhkəmə qərarları › İş №2(105)-779/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-779/2022

16.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair mülki iş - Maddi ziyanın ödənilməsi - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-779/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyəti, X4) qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, həmin torpaq sahəsindən iddiaçının sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 saylı qətnaməsindən cavabdehlər X5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Abşeron Rayonunun Dövlət X7 saxlanılan torpaqlardan İddiaçı ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılmaları, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahəsinin İddiaçı təhvil verilməsi və həmin torpaq sahəsindən İddiaçı sərbəst şəkildə istifdə etməsinə mane olmaq hərəkətlərin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin 56000 manat zərərin tutulması hissəsində rədd edilməsi qət edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İŞİNHALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsinin şimal tərəfdən 1,0 ha hissəsindən çıxarılması, zəbt edilmiş sahənin boşaldılması, ona vurduğu zərərə görə cavabdehdən 56000 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonar İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh1 Abşeron Rayonunun Dövlət X7 saxlanılan torpaqlardan ona ayrılan 5,5 ha torpaq sahəsindən çıxarılması, zəbt edilmiş 5,5 ha torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahədəki bütün texnika, qurğu və avadanlıqların çıxarılması, 5,5 ha torpaq sahəsinin ona təhvil verilməsi, həmin torpaq sahəsindən onun sərbəst şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, cavabdehlərdən onun xeyrinə 56000 manat zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin 16 saylı xx.xx.2013-cü il tarixli müsbət rəyi verilmişdir. Həmin torpaq sahəsinin ilkin torpaqayırma sənədləri tərtib edilmiş, torpağa dair müvafiq müqavilə bağlanılmışdır. Torpaq sahəsindən təyinatı üzrə istifadə edilmiş və heç bir qanun pozuntusuna yol verilməmişdir. Cavabdeh1 bir neçə ay bundan əvvəl iddiaçıya məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, sahəni tərk etməsi tələb edilmişdir. Lakin cavabdeh özbaşına hərəkətləri davam etdirərək tədricən torpaq sahəsinin içərilərinə qədər irəliləmiş, torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehə dəfələrlə edilən şifahi xəbərdarlıqlar heç bir nəticə vermir. Hazırda cavabdeh həmin ərazidə qanunsuz fəaliyyətini davam etdirir. Onun bu cür qanunsuz fəaliyyəti nəticəsində iddiaçıya gündəlik zərər vurulur, iddiaçı öz əmlak istifadə hüquqlarından məhrum olur. Cavabdeh uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsində qanunsuz mişar daşı istiehsalı ilə məşğul olur. Bu müddət ərzində cavabdeh iddiaçıya 56000 manat zərər vurmuşdur. Bundan əlavə, cavabdeh qanunsuz fəaliyyət göstərdiyi üçün işçilərinin əməyinin təhlükəsizliyi də təmin edilmir. Cavabdehin qanunsuz və nəzarətsiz fəaliyyəti hər an texniki qəzaya səbəb ola bilər. Cavabdehin qanunsuz fəaliyyəti ekoloji tələblərə də ziddir.Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki,mübahisəli torpaq sahəsində qardaşı Cavabdeh2 məxsus texnika həmin ərazidədir və Samir həmin ərazidə yerləşən texnikalardan istifadə edir. Ona görə də cavabdehlərin həmin ərazidə qanunuz fəaliyyətinin qarşısı alınmalı, cavabdehlər sahədən çıxarılmalıdır. Bundan əlavə cavabdehlər tərəfindən qanunsuz zəbt edilən həmin ərazi mişar daşının istehsalı məqsədilə ayrılmış daş karxanasıdır. Cavabdeh1 və Cavabdeh2 həmin ərazini məhz qanunsuz daş istehsal etmək məqsədilə zəbt etmişdir. Hazırda cavabdehlər sahənin hər yerini zəbt etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından qanunsuzdur. Qeyd edilən qətnamə işin faktiki hallarının tam hərtərəfli və obyektiv araşdırılması və tərəflərin sübutlarının qiymətləndirilməsi ilə bağlı məhkəmənin üzərinə düşən vəzifələr yerinə yetirilməməklə qəbul edilmişdir. İddiaçının torpaq sahəsindən çıxarılması ilə bağlı tələbin təmin edilməsi işin həqiqi hallarına uyğun deyildir. Bu halın müəyyən edilməsi MPM-nin tələblərinə uyğun olaraq məhkəmə-mühəndis və məhkəmə-texniki ekspertizalar təyin edilməli və iddiaçıya məxsus torpaq sahəsinin koordinatları, sərhədləri konturları müəyyən edilməklə zəbt olunma faktının olub olmaması aydınlaşdırılmalı idi. Yalnız bundan sonra iş üzrə düzgün hüquqi qiymətləndirilmə aparıla bilərdi. Lakin məhkəmə qərəzli mövqe tutaraq birtərəfli iddiaçının tələbini tam obyektiv, hərtərəfli araşdırmadan sübut kimi qiymətləndirilmişdir. İddiaçının torpaq sahəsi üzrə hüquqları dövlət torpaq kadastrında qeydiyyata alınmamış və daşınmaz əmlakın dövlət reyestr çıxarışı yoxdur. Odur ki, iddiaçı torpaq sahəsinə dair hər hansı hüquqa malik deyildir. İddiaçı ilə Abşeron icra hakimiyyəti arasında 14 fevral 2013 cü ildə bağlanan torpaq sahəsi ilə bağlı icarə müqaviləsinin 6-cı bəndində müqavilənin qüvvəyə minməsi həmin müqavilənin etibarlı olması torpaq sahəsinin dövlət qeydiyyatına alındıqdan sonra yarandığı birmənalı göstərilmişdir. Qeyd edilən müqavilənin şərtləri pozulduğuna görə hazırda heç bir hüquqi qüvvəsi yoxdur. İddiaçının torpaq sahəsinə dair hüquqlarının qeydə alınması və torpaq sahəsinin ona qanuni əsaslarla verilməsi müəyyən edilmədiyindən iş materiallarındakı sənədlərlə onun mübahisəli torpaq sahəsinə hüququ olan şəxs hesab etmək olmaz. Belə vəziyyətdə mövcud olmayan hüquqların pozulmasından və onun müdafəsindən söhbət gedə bilməz. Sadalanan hallara düzgün qiymət verilmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv olunmalı, iddia tələbi rədd edilməlidir. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) cavabdeh və digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) İddiaçı vəkili Vəkil şikayətlə razılaşmadı və şikayətin rədd edilməsini, iş üzrə çıxarılmış qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iş üzrə tərəflərə torpaq sahəsinin onlar tərəfindən ayrılmasını bildirsə də, həmin torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisi daxilində olmasını dəqiq bilmədiyini, Qaradağ rayonunun inzibati ərazisi ola biləcəyinin də istisna edilmədiyini qeyd etdi. Əlavə etdi ki, həmin ərazilər həmişə mübahisə doğurduğu üçün müqavilələrin əsas şərti kimi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından sonra müqavilələrin qüvvəyə minməsi qeyd edilmişdir. Hazırki halda apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, habelə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və Abşeron Rayon İcra Hakimiyyəti məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-ci il tarixli, 108 saylı Sərəncamından məlum olur ki, Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Yenə iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında 2013-cü ildə bağlanmış icarə müqaviləsindən görünür ki, Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi 15 il müddətinə İddiaçı icarəyə verilmişdir. Müqavilənin 6-cı bəndində müəyyən edilmişdir ki, bu müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılır. Mülki işə əlavə edilmiş Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il il tarixli, 264 saylı Sərəncamından görünür ki, Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X7 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X2 ayrılmışdır. Yenə iş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti ilə X4 arasında 2009cu ildə bağlanmış icarə müqaviləsindən görünür ki, Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi 15 il müddətinə X2 icarəyə verilmişdir. İşə əlavə eilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən məlum olur ki, X1 Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il il tarixli, 264 saylı sərəncamı ilə onun icarəsinə verilmiş Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində 2,0 ha torpaq sahəsinə dair bütün hüquqlarını 10 il müddətinə Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan Abşeron Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2701/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan məlum olur ki, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda İddiaçı ayrılan 5.5 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları) təqdim olunmadığından naturada 5.5 ha torpaq sahəsinin tanıdılması mümkün olmamışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunmalı, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı, xx.xx.2013-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaqlardan 5,5 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə İddiaçı ayrılmışdır. Yenə Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il il tarixli, 264 saylı Sərəncamı ilə Abşeron rayonu, Güzdək Bələdiyyəsinin hüdudları daxilində, Dövlət X7 saxlanılan torpaqlardan 2,0 ha torpaq sahəsi mişar daşının istehsalı məqsədilə 15 il müddətinə X2 ayrılmışdır. Hər iki müqavilədə xüsusi şərt kimi müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılması, başqa sözlə qüvvəyə minməsi qeyd edilmişdir. Hazırda iddiaçı iddia edir ki, cavabdehlər ona məxsus torpaq sahəsinin şimal hissəsindən əraziyə daxil olaraq özbaşına şəkildə həmin hissədə mişar daşı istehsalı ilə məşğul olmağa başlamışdır. Onun torpaq sahəsinin şimal tərəfdən təxminən 1 ha hissəsini qanunsuz olaraq zəbt etmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan formada həll edilmiş, narazı qalan cavabdehlər apellyasiya şikayəti vermişlər. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv və hərtərəfli araşdırılıb əsaslı nəticəyə gəlmək üçün mübahisəli torpaq sahəsinin düzgün hüquqi rejimi müəyyən olunmalıdır. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlət X7 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X2 icarəyə verilsə də, həmin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyatını müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116-126) sənədlərdən belə məlum olur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tədbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır. Ən başlıcası isə hər iki müqavilədə xüsusi şərt kimi müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı gündən etibarlı sayılması, başqa sözlə qüvvəyə minməsi qeyd edilmişdir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hər iki müqavilə üzrə hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, torpaq sahələrini plan və ölçüləri tərtib edilib təsdiq edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-сi maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məсəllənin 139.3-сü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İşin faktiki hallarından aydın olduğu kimi, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığı üçün, başqa sözlə həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri o cümlədən, torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları mövcud olmadığından hazırkı mübahisənin məhkəmə müstəvisində obyektiv həllinə nail olmaq qeyri-mümkündür. Təsadüfi deyil ki, hazırkı mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman qəbul edilmiş məhkəmə aktlarının icrası qeyd olunan xüsusatlar səbəbindən mümkün olmamış və icra sənədi məhkəməyə geri qaytarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi mövcud olmadığından, daha dəqiqi iddia etdiyi torpaq sahəsinə dair hüquqları yaranmadığından, mövcud sənədlər ona indiki iddianı qaldırmağa hüquqi əsas vermir. AR MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı iddia etdiyi torpaq sahəsindən, onun istifadə və sahiblik hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmadığı kimi subyektiv hüquqa da malik olmamışdır. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. AR MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Məhkəmə kollegiyası xüsusilə qeyd etmək istəyir ki, hazırki iddianın təmin edilməməsi, heç də iş üzrə cavabdehlərin haqlı olması anlamına gəlməməlidir. İddiaçı qədər cavabdehlərin də həmin torpaq sahəsinə hüquqları dövlət qeydiyyatına alınmadığı üçün onların fəaliyyəti qanunsuzdur. Məhkəmə kollegiyası, iddianı məhz ona görə təmin etmir ki, iddiaçının belə bir iddia qaldırmaq üçün hüquqları yaranmamışdır. Digər tərəfdən isə icarə müqaviləsi bağlanmış torpaq sahəsinin plan və ölçüsü tərtib edilmədiyindən, bu səbəbdən də döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi olub-olmamasını da müəyyən etmək mümkün deyildir. Bu halların hər biri isə iddianı rədd etmək üçün yetərlidir. Bundan əlavə, işin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər, həm iddiaçı, həm də cavabdehlər qanunsuz sabibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Onlar icarə müqaviləsinə istinad edərək torpaq sahələrinə istifadə və sahiblik hüquqlarının mövcudluğunu iddia etsələr də və faktiki olaraq həmin torpaq sahələrində fəaliyyət göstərsələr də, heç biri onlara icarəyə verilmiş torpaq sahələri üçün icarə haqlarının ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən olsa da təmin etməklə işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozuntusu ilə məhkəmə qətnaməsi çıxarmış, mübahisəni düzgün həll etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, şərh olunan səbəblərdən Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)- 2701/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizəsi və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar