Məhkəmə qərarları › İş №2(105)-779/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-779/2024

24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-779/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-343/2024 nömrəli, 23 yanvar 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Ələkbərov) İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh ilə xx.xx.1992-ci il təvəllüdlü Ələndərova Səadət Ələndər qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1313 nömrəsi ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci ildə rəsmi nikaha daxil olmuşlar. Lakin, onlar rəsmi olaraq nikaha daxil olsalar da, aralarında faktiki olaraq heç bir ailə münasibəti olmamış, nikahdan övladı doğulmamış və həmin tarixdən faktiki olaraq ayrı yaşamışlar və hazırda da ayrı yaşayırlar. Cavabdeh ailəsi el adəti ilə onu ailəsindən istəmək üçün elçi gəlmişlər. Lakin, sonradan Cavabdeh bildirdiyinə görə Elçinin anası onu bəyənməmişdir. Beləliklə, Cavabdeh özünün ona məlum olmayan həqiqi niyyəti barəsində susub onu aldadaraq onunla nikaha daxil olmuşdur. Buna görə də hesab edir ki, nikah etibarsız hesab edilməlidir. Nikahın etibarsız hesab edilməsi tələbi ilə mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Mediasiya prosesində onun etibarnamə üzrə nümayəndəsi qismində iştirak edən Nümayəndə və Cavabdeh bu Saziş imzalandıqdan sonra 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın məhkəmədə etibarsız hesab edilməsinə razı olduqlarını bildirmiş və tərəflərin bir-birilərinə qarşı hər hansı tələbinin olmadığını təsdiq etmişlər. Beləliklə, tərəflər arasında nikahın etibarsız hesab edilməsi barədə barışıq sazişi bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh ilə xx xxxx 1992-ci il təvəllüdlü Ələndərova Səadət Ələndər qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 1313 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1988-ci il təvəllüdlü Cavabdeh ilə xx xxxx 1992-ci il təvəllüdlü Ələndərova Səadət Ələndər qızı xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuşlar. Lakin onlar rəsmi olaraq nikaha daxil olsalar da, aralarında faktiki olaraq heç bir ailə münasibəti olmamış, övladları olmamış və həmin tarixdən faktiki olaraq ayrı yaşamışlar və indi də ayrı yaşayırlar. Qeyd etmək istəyir ki, Cavabdeh ailəsi el adəti ilə onu ailəsindən istəmək üçün ona elçi gəlmişlər. Lakin sonradan Cavabdeh bildirdiyinə görə Elçinin anası onu bəyənməmişdir. Beləliklə, Cavabdeh özünün ona məlum olmayan həqiqi niyyəti barəsində susub onu aldadaraq onunla nikaha daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli və 2(060)-343/2024 nömrəli qətnaməsindən göründüyü kimi Cavabdeh bildirmişdir ki, valideynlərinin onların nikaha daxil olmasına razılıqları olmadığından, ailəsini məcbur etmək üçün başqa şəxsləri elçiliyə göndərmiş və nikaha girmişdir. Həmin vaxt valideynləri etiraz etdiklərindən toy baş tutmamışdır. Onlar nikaha daxil olandan sonra, birgə yaşamamışlar. Həm onun, həm də iddiaçının nikaha girmək fikirləri olmuş və ailə qurmaq məqsədi ilə nikaha daxil olmuşlar. Bu da cavabdehin nikaha girmək niyyətinin olmamasını, iddiaçını aldadaraq nikaha daxil olmasını və məhkəmə iclasında yalan danışmasını ifadə edir. Tərəflər arasında nikahın etibarsız hesab edilməsi barışıq sazişi bağlanması da bunu təsdiq edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsinə etiraz etməyərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini hazırki iş üzrə nikahın etibarsız hesab edilməsi üçün əsas olan ailə qanunvericiliyində nəzərdə tutulmuş həmin halların aşkar edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətin təmin edilərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı ilə Cavabdeh arasında 3 saylı Bakı “Asan” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə 1313 nömrəli akt qeydi ilə qeydə alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi nikahın etibarsız sayılması barədədir. İddia tələbinin qanuni əsasını isə Ailə Məcəlləsinin 25-ci maddəsi təşkil edir. Məlum olduğu kimi, Ailə Məcəlləsinin 25.1. maddəsinə əsasən bu məcəllənin 10— 12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nəzərə almaq lazımdır ki, nikahın etibarsız sayılması üçün şərtlər qanunvericilikdə konkret olaraq qeyd edilmişdir. Nikahın etibarsız sayılmasının ikinci şərti nikahın bağlanması zamanı ər və ya arvadın yazılı razılığının (könüllü razılıq) olmamasıdır. Bu şərt ailə hüququnda nikahın könüllüyü prinsipinə əsaslanır. Nikaha daxil olan zaman könüllülük prinsipinin pozulması çeşidli səbəblərdən baş verə bilər (fiziki və psixi zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələməklə, aldatma və s.). Mövcud tələb üzrə iddiaçı nikahın aldadılması ilə bağlanılmasına istinad edərək nikahın etibarsızlığını tələb etsə də, bunun əsası kimi cavabdehin el adəti ilə onu ailəsindən istəməyə gəlsə də, cavabdehin anasının onu bəyənmədiyini, bununla da Cavabdeh həqiqi niyyəti barədə susması olmuşdur. Lakin nikahın etibarsızlığına səbəb olacaq bu halları təsdiq edəcək hər hansı bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, aldatma nikaha daxil olan ərin (arvadın) qarşı tərəfi qəsdən yanıltmaqla onu nikaha girməyə təhrik etməsidir. Aldatma aktiv hərəkət və ya hərəkətsizlik yolu ilə (qarşı tərəfi nikaha daxil olmaqdan çəkindirəcək hallar barədə susma, yalan məlumat vermə) edilə bilər. Bütün bu hallarda nikaha daxil olan şəxslərin adətən onlardan birinin gerçək iradəsi ifadəsi üst-üstə düşmədiyindən nikahın könüllüyü prinsipi pozulur. Lakin hazırkı işdə belə bir hallar mövcud deyil. Həmçinin o da vurğulanmalıdır ki, cavabdehin anasının iddiaçını bəyənməməsi və cavabdehin bunu ondan gizlətməsi barədə dəlili mövcud nikahın etibarsızlığı üçün əsas ola bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nikahın etibarsız sayılması barədə iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar