Məhkəmə qərarları › İş №2(105)-780/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-780/2021

18.01.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-780/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsi əsasında ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-4675/2020 saylı qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ərizənin təmin edilməsi, cavabdehə və başqa şəxslərə “xxxx” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.ti 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv. m qeyri yaşayış sahəsinə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh “xxxx” MMC qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsi əsasında ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyri-yaşayış sahəsinin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kvm “qeyri yaşayış sahəsi”ndən cavabdehin çıxarılması, qeyri yaşayış sahəsinin onun sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə MPMnin 158-ci maddəsinə əsasən iddianın təmin etmək üçün tədbirlər görülməklə cavabdehə və başqa şəxslərə həmin sahəyə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini, qərardadın icrasını Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Həmin yaşayış binasının zirzəmisinə bir ədəd girişi mövcuddur, həmin zirzəmidə yaşayış binasında yerləşən sakinlərin və mənzil sahiblərinin istifadəsinə məhdudiyyət yaradır, kanalizasiya xətlərinə nəzarətə maneə törədir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi X4 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini iddiaçının xahişinin əsaslı olması ilə əsaslandırmış və Azərbaycan Respublikası MPM-nin 157.1, 157.2 və 158.1.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı icarə müqaviləsi əsasında ona məxsus olan qeyri-yaşayış sahəsindən cavabdehin çıxarılması, qeyriyaşayış sahəsinin onun sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin iddianın təmin tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə və başqa şəxslərə “xxxx” MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m “qeyri yaşayış sahəsi”nə girmək, orda hər hansı tikinti və sairə işlərin görülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. İşdən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 167 ünvanında inşa etdiyi 25 saylı küçənin 2 saylı binasının zirzəmisində yerləşən 3500 kv.m qeyri yaşayış sahəsi iddiaçıya icarə müqaviləsi əsasında verilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin edərkən bu halları nəzərə almamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh “xxxx” MMC-nin şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, tərəflərin hüquq və mənafelərinə toxunulması hallarının müzakirə edilməsi üçün tərəflərin iştirakı təmin edilməklə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair ərizəyə tərəflərin hüquq və mənafelərinə toxunulması hallarının müzakirə edilməsi üçün tərəflərin iştirakı təmin edilməklə baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar