Məhkəmə qərarları › İş №2(105)-781/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-781/2022

06.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-781/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X10, cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(067)-272/2021 saylı qətnaməsindən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(067)-272/2021 saylı qətnaməsi ilə (sədrlik edən hakim Anar Sadıqov) iddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına qarşı torpaq sahəsinin alqı-satqısına dair aktın ləğv edilməsi və sair tələbi barədə mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alqı-satqı aktının və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsi boşaldılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.07.2021-ci il tarixli, 2(105)-2281/2021 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-272/2021 saylı, 23 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15.12.2021-ci il tarixli, 2(102)-6897/2021 saylı qərarı ilə cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2281/2021 nömrəli iş üzrə 22 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz bələdiyyəsinin 10.04.2003-cü il tarixli, 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktının və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə Cavabdeh1 ictimai iaşə obyektlərinin tikintisi üçün Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsi satılmış və bu barədə alqı-satqı aktı bağlanmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinin tələblərinə əsasən ümumi istifadədə olan parkların yerləşdiyi torpaqlar xüsusi mülkiyyətə verilə bilməz. Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə 10 aprel 2003-cü il tarixli, 05 saylı qərar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə Xaçmaz bələdiyyəsinin 08.09.2020-ci il tarixli, 10 nömrəli qərarı ilə ləğv edilmiş və bu barədə Cavabdeh1 rəsmi məlumat göndərilmişdir. Bununla əlaqədar Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzasına əsasən 0,30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı və həmin torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyatı ləğv olunmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı haqqında Qaydalar”a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli, 158 saylı qərarına əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarından fərdi iaşə obyektlərinin tikintisi məqsədi ilə ona 0,30 ha torpaq sahəsi satılmışdır. Bu müqavilənin qanunayğunluğu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsi və Xaçmaz rayonunun baş memarı tərəfindən yoxlanılaraq müvafiq rəylər verildikdən sonra o, torpağın 10.800.000 manat məbləğində dəyərini Xaçmaz Bələdiyyəsinin xüsusi hesabına ödəmiş və aralarında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsində torpaq sahəsinin alqısatqısına dair 15 iyul 2003-cü il tarixli müqavilə (akt) bağlanaraq qeydiyyata alınmışdır. Onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsində qeydiyyata alınaraq 2 iyun 2007-ci il tarixli çıxarış verilmişdir. Həmin vaxtdan bu günə kimi onun tərəfindən mütəmadi olaraq Xaçmaz Bələdiyyəsinin hesabına torpaq vergisi ödənilmiş, Bələdiyyə ilə onun arasında heç bir narazılıq olmamışdır. Lakin torpaq sahəsinin satılmasından 17 il sonra o, Xaçmaz rayon İcra Hakimiyyətinə çağırılaraq torpaq sahəsini İcra Hakimiyyətinə verməsi təklif edilmiş, o, bu qanunsuz təklifdən imtina etmişdir. Məhz bundan sonra onun mülkiyyətinə qəsd edilərək torpaq sahəsinin mişar daşı ilə hörülmüş hasarı və ərazidə inşa etdiyi bir otaqdan ibarət ev uçurulmuş, torpaq sahəsi qəsb edilərək ərazidə olan çoxillik şam ağacları qanunsuz kəsilmiş və iddiaçı X7 rayon İcra Hakimiyyətinin təhriki ilə heç bir əsas olmadan torpaq sahəsinin satılması barədə özünün 10 aprel 2003-cü il tarixli qərarını ləğv edərək məhkəməyə iddia vermişdir. Həmin qərarın 1 və 2-ci bəndlərində alqı-satqı predmeti olan 0,30 ha torpaq sahəsinin Bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olması göstərildiyi halda, iddiaçı iddia tələbinə süni surətdə hüquqi əsas yaratmaq məqsədi ilə ehtiyat torpaq fondundan satılan torpaq sahəsini ümumi istifadədə olan torpaq sahəsi, Xaçmaz şəhər parkının bir hissəsi kimi göstərmişdir. İşə əlavə olunmuş mütəxəssis rəyi və ekspert rəyində də heç bir əsas olmadan mübahisəli torpaq sahəsi park ərazisi kimi təqdim edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.7-ci maddəsinə uyğun olaraq torpağın satılması barədə qərar qəbul edən bələdiyyələr qərar qəbul etdiyi andan onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Əgər doğrudan da Xaçmaz Bələdiyyəsi ümumi istifadədə olan 0,30 ha torpaq sahəsini qanunsuz qərar əsasında satmışdırsa, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsi və Xaçmaz rayonunun baş memarı tərəfindən həmin torpaq sahəsinin satılmasına müsbət rəylər verilməsi, habelə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanlar, habelə bələdiyyənin özünün bir neçə dəfə dəyişmiş tərkibi tərəfindən göstərilən qanunsuzluğa 17 il ərzində göz yumulmasının səbəblərini izah etmək mümkün deyildir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının nümayəndələri X4 və Vəkil apellyasiya şikayətinə uyğun izahatlar verdilər. İddiaçı Xaçmaz rayon Xaçmaz Bələdiyyəsinin nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, alqı-satqı aktının ləğv ediləcəyi barədə Camalova (Cavadova) Rəna Telman qızına təklif verilməmiş, ancaq 0,30 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarın ləğv edilməsi barədə Xaçmaz bələdiyyəsinin 08.09.2020-ci il tarixli, 10 nömrəli qərarının surəti cavabdehə göndərilmişdir. Cavabdeh Camalova (Cavadova) Rəna Telman qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi qismən, iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, bu hissələrdə iddia təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Cavabdeh1 Xaçmaz rayon Bələdiyyəsinə 08.04.2003-cü ildə torpaq sahəsi almaq barədə müraciət etmiş, ərizəyə bələdiyyənin iclasında baxılmış və Xaçmaz bələdiyyəsinin ərazisindən 0,30 ha torpaq sahəsinin satılması barədə 10.04.2003-cü il tarixli, 05 saylı qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh1 tərəfindən Xaçmaz bələdiyyəsinin hesabına əvvəlcədən 10.800.000 manat ödənilmişdir. Həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz şöbəsində 15 iyul 2003-cü il tarixdə, 61 sayla qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Rayon Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Qələbə küçəsində yerləşən 0,30 ha torpaq sahəsi X5 adına mülkiyyət hüququ əsasında 02.06.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 08 sentyabr 2020-ci il tarixli, 10 saylı iclasının protokolundan çıxarışın surətindən görünür ki, Xaçmaz rayonu, Hacıəhməd oba kənd sakini Cavabdeh1 ictimai iaşə obyektinin tikintisi məqsədi ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan Xaçmaz şəhər parkından (keçmiş konserv zavodunun parkı) 0,30 ha torpaq sahəsinin xüsusi mülkiyyətə satılması barədə Xaçmaz bələdiyyəsi 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarının 3-cü bəndinin 2-ci abzası Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 7.2-ci maddəsinin tələblərinə zidd olduğuna görə ləğv edilməsi qərara alınmışdır. İş üzrə keçirilmiş ekspertizanın 15 mart 2021-ci il tarixli, 10/3714 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən DƏDRX tərəfindən Camalova (Cavadova) Rəna Telman qızına verilmiş **********26 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən 0,30 ha torpaq sahəsinin 0.2454 ha hissəsi vahid elektron baza məlumatlarında olan Xaçmaz şəhərinin yerquruluşu planına əsasən park ərazisi ilə üstüstə düşür. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, torpaq sahəsinin alqı-satqısına dair akt Xaçmaz Bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli qərarına əsasən bağlanmış və bununla əlaqədar cavabdeh tərəfindən bələdiyyəyə 10.800.000 manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsi alqı-satqı aktını ləğv edərkən onun bağlanması üçün əsas olmuş bələdiyyənin qərarının ləğv edilməsinə istinad etmiş, lakin bu zaman bələdiyyənin öz qərarını ləğv etmək səlahiyyətinə malik olmasını əsaslandırmamış və işin həmin halına qanunun tələbləri baxımından heç bir qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin bələdiyyənin torpaq üzərində mülkiyyət hüququnu müəyyən edən 47-ci maddəsində və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda bələdiyyənin özünün qəbul etdiyi qərarını (başqalarının hüququna toxunan) ləğv etmək səlahiyyəti nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Tərəflər arasında bağlanmış alqı-satqı aktı hər iki tərəf üçün hüquq və vəzifələr yaratmış və həmin aktın nəticəsi olaraq iddiaçı dəyərini ödəməklə torpaq sahəsi almaqla həmin əmlaka mülkiyyət hüququ əldə etmişdir. Belə bir vəziyyətdə həmin aktın bağlanması üçün əsas olmuş qərarın ləğv edilməsi son nəticədə cavabdehin hüquqlarını pozmuşdur. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi qaydası Azərbaycan Respublikası MM-nin 423-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 423.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış alqı-satqı aktının (müqaviləsinin) dəyişdirilməsi və ləğv edilməsi təklifi ilə Xaçmaz rayonu Xaçmaz bələdiyyəsi tərəfindən cavabdehə müraciət olunmamış, həmin müraciət və cavabdehin müqavilənin dəyişdirilməsindən və ləğvindən imtina etməsi müvafiq qaydada rəsmiləşdirilməmişdir. Azərbaycan Respublikası MM-nin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası MM-nin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqaviləsinin ləğv edilməsinin mümkünlüyü yalnız Mülki Məcəllənin 421 və 422-ci maddələrində müəyyən olunmuş əsasların mövcud olub-olmamasından asılı olaraq həll edilə bilər. Birinci instansiya məhkəməsi qanunun həmin normalarına istinad etsə də, orada müəyyən olunmuş hansı əsasların müqavilənin ləğv edilməsi üçün əsas verməsini göstərməmiş və nəticəni həmin normaların tələbləri baxımından əsaslandırmamışdır. İşdə cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozmasını, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişilməsini təsdiq edən hər hansı sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası alqı-satqı aktının ləğv edilməsini Azərbaycan Respublikası MM-nin 421-423-cü maddələrinin tələblərinə uyğun saymır və birinci instansiya məhkəməsi qanunun həmin normalarını tətbiq edərkən gəldiyi nəticəni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi qismən, iddianın təmin edilmiş hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməli, bu hissələrdə iddia təmin edilməməlidır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, mütəxəssis rəyinin dəyəri olan 95 manat iddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsindən tutularaq Kapitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 manat iddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsindən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(067)-272/2021 saylı qətnaməsi Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alqı-satqı aktının və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, 02.06.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsi boşaldılması hissələrində ləğv edilsin, həmin hissələrdə yeni qətnamə qəbul edilsin, bu hissələrdə iddia təmin edilməsin. Mütəxəssis rəyinin dəyəri olan 95 (doxsan beş) manat iddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsindən tutularaq Kapitalbankın 1 saylı Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesabına, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat iddiaçı Xaçmaz rayonu Xaçmaz bələdiyyəsindən tutularaq X3, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar