Məhkəmə qərarları › İş №2(105)-784/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-784/2021

16.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-784/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı torpaq sahəsi və üzərindəki evdən çıxarılma tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 2(059)-16/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-16/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Siyəzən şəhərinin Musa Nağıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən (yaşayış sahəsindən) çıxarılması, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 (bir yüz əlli) manat məbləğində pulun cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 (bir yüz səkkiz manat 20 qəpik) manatın isə eyni qaydada cavabdehlərdən tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank) **********, m/hAZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına keçirilməsi, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 qarşı “torpaq sahəsi və üzərindəki evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Siyəzən şəhəri, Gənclik qəsəbəsi, Musa Nağıyev küçəsində yerləşən 0,05 ha torpaq sahəsindən və onun üzərində tikilimiş evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh3 2017-ci ildə X13 ilə ailə həyatı qurmuş, həmin şəxslə nişanlı olan vaxt Orxanın atası Abutalıb onlara bildirmişdir ki, Siyəzən rayonu, M.Nağıyev küçəsində 0,05 ha torpaq sahəsi almış, həmin torpaq sahəsində gələcək ailə üçün ev tiksinlər. Qızlarının xətrinə təklifi qəbul etmişlər, həmin ərazidə evin tikintisi üçün hər maşını 420 manat olmaqla 5 maşın mişar daşı, 2 Kamalz maşını ilə qum 260 manat, 60 kisə sement-ümumi dəyəri 350 manat, tikilən evin damı örtüyünün salınması məqsədilə ümumilikdə 3138 manat, elektrik və santexnik avadanlıqlarınına 350 manat, qapıpəncərələrə 450 manat pul xərcləmişlər. Sonradan ailə üzvləri ilə köçüb bu ünvanda yaşamışlar, qarşı tərəf bundan sonra məhkəməyə müraciət edərək evdən çıarılmalarını istəmişdir. Məhkəmə prosesində həmin evə çəkilən xərcin tutulması məsələsini qaldırsa da məhkəmə həmin məsələyə baxmamışdır. Həmin evə ümumilikdə 6648 manat xərc çəkmiçlər. Həmin xərcin onlara qaytarılmadığı təqdirdə evdən çıxarılmağı tam qanunsuzdur. Odur ki, Siyəzən Rayon Məhkəməsinin 2(059)-16/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Siyəzən şəhəri, Gənclik qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi xx xxxxxxx 2011-ci il tarixli, ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Həmin torpaq sahəsinin üzərində iddiaçıya məxsus və sonuncunun şəxsi vəsaiti hesabına tikilmiş, yaşayışa tam hazır olmayan tikili vardır. Cavabdehlər iddiaçının uzaq qohumu X2 arvadı və sonuncunun valideynləridir. Cavabdeh3 ilə Orxan Rzayevin nikahı 2019-cu ilin fevral ayında pozulmuşdur. 2014-cü ildə iddiaçı özü Abşeron rayonunda yaşadığına görə uzaq qohumu Orxan Rzayevdən mübahisəli torpaq sahəsində onun üçün ev tikməsini xahiş etmişdir. Beləliklə, sözügedən tikili 2014-2016-cı illərdə inşa edilmiş, tikintiyə nəzarəti isə Orxan Rzayev həyata keçirmişdir. Mübahisəli tikili suvaqlı olmaqla, yaşayış üçün tam yararlı olmamış, hətta həmin vaxt tikilinin qaz, su, işıq xətti belə çəkilməmişdir. Daha sonra, yəni 2019-cu ilin may ayında Orxan Rzayev iddiaçıya zəng edərək üzrxahlıq etmiş, keçmiş arvadı Cavabdeh3 onun evinə qanunsuz olaraq girdiyini bildirmişdir. Bundan əlavə, qohumu Orxanın bildirdiyinə görə, sonuncu 2017-ci ilin sentyabr ayında Şabran rayon sakini Cavabdeh3 ilə faktiki nikaha daxil olmaqla evlənmiş, xx xxx 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, həmin ilin sentyabr ayınadək evləndikləri vaxtdan Orxanın atasına məxsus Şabran rayonunun Vələsli kəndindəki evdə birlikdə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi ayrılmışlar. Nikah pozulduqdan sonra, xx xxx 2019-cu il tarixdə cavabdehlər əşyaları ilə birlikdə iddiaçıya məxsus olan torpaq sahəsində sonuncunun vəsaiti hesabına inşa edilmiş tikilidə mülkiyyətçinin razılığı olmadan yerləşmişlər. Bu barədə iddiaçı polisə şikayət etsə də, heç bir nəticəsi olmamış, cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçının artıq öz mülkiyyətində olan torpaq sahəsinə və onun üzərində olan tikiliyə hüquqları məhdudlaşdırılmışdır. Dəfələrlə cavabdehlərə müraciət edilsə də sonuncular torpaq sahəsindən və tikilidən çıxmaq istəmirlər. Məhkəmə də haqlı olaraq iddianı təmin etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahi. Edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Həmçinin məhkəmə iclasının vaxtı barədə məlumatı olub-olmmaması ilə bağlı cavabdeh Cavabdeh1 telefon zəngi edilmiş, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri varədə bildiriş almasını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, cavabdehlər Cavabdeh1 keçmiş qaynatası, Sübhiyyə Qasımova keçmiş qaynanası, Cavabdeh3 isə keçmiş arvadıdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi uzaq qohumu (bacısının ərinin bibisi oğlu) İddiaçı məxsus olmaqla, sonuncunu çoxdan tanıyır. Belə ki, o, əvvəllər də İddiaçı üçün iş görmüş, tikinti işlərinə nəzarət etmişdir. Odur ki, İddiaçı sözügedən tikilinin inşası işlərini aparmağı ona həvalə etmişdir. 2014-cü il tarixdə bu tikilinin bünövrəsi qoyulmuş, 2016-cı il tarixdə isə tikilini inşa edilməklə, dam örtüyü vurulmuşdur. Keçmiş qaynatası Cavabdeh1 və atası Abdalıb Rzayev bu tikilinin hörgü işlərini görmüş, cavabdehin oğlanları isə tikintidə iştirak etməmişlər. Bundan başqa, tikilinin dam örtüyü 2017-ci il tarixdə X14 tərəfindən vurulmuş, oranın bünövrəsini isə dayısı Nəbi Məmmədov qazmışdır. O, 2016-cı ilin iyul ayında Cavabdeh3 ilə nişanlanmış, 2017-ci ilin sentyabr ayında faktiki nikaha daxil olmaqla evlənmiş, xx xxx 2018-ci il tarixdə isə nikahlarını rəsmiləşdirmiş, evləndikləri vaxtdan həmin ilin sentyabr ayınadək atasına məxsus Şabran rayonunun Vələsli kəndindəki evdə birlikdə yaşamış, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi ayrılmışlar. Bundan sonra, xx xxx 2019-cu il tarixdə Aysel adlı başqa bir qadınla əvvəlcə faktiki, xx xxxx 2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Elə bu məqamda, yəni xx xxx 2019-cu il tarixdə onun yenidən evləndiyini eşidən Cavabdeh1 qızı Qönçəni hər hansı bir formada razılıq olmadan icazəsiz şəkildə bu tikilidə yerləşdirmiş, səbəb kimi isə guya tikilinin inşasına onun da xərc çəkməsini göstərmişdir. Lakin onun dedikləri tamamilə yalandır. Mübahisəli tikili torpağın mülkiyyətçisi İddiaçı vəsaiti hesabına inşa edilmiş, oranın materiallarına iddiaçı tərəfindən 20 000 manat pul sərf olunmuş, Cavabdeh1 isə həmin vaxt yenicə qohum olduqlarına görə ondan zəhmət haqqı olaraq təxminən 200-300 manat pul almış, qalan pulu isə istəməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, 2016-cı ildə keçmiş qudası Cavabdeh1la birgə mübahisəli tikilini inşa etmiş, tikintidə sonuncunun oğulları iştirak etməmişlər. Mübahisəli tikili İddiaçı üçün sonuncunun vəsaiti hesabına inşa edilmiş, tikinti işlərinə isə oğlu Orxan nəzarət etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, Cavabdeh1 qonşu kəndin sakini kimi tanıyır. Sözügedən tikilinin dam örtüyünün inşasına xx xxxxxx 2016-cı il tarixdə başlamış, həmin ilin noyabr ayının 17-də isə tamamlamışdır. Dam örtüyünü Abdalıb Rzayev və sonuncunun qaynı Nəbi ilə birlikdə vurmuş, usta Cavabdeh1 oğlu Ülvü də qonşunun həyətindən şifer daşımaqla onlara kömək etmişdir. Dam örtüyünün vurulmasına görə 400 manat zəhmət haqqını Abdalıb Rzayev ona vermiş, Cavabdeh1 isə ona hər hansı məbləğdə pul verməmişdir. Həmçinin, Abdalıb Rzayev evi qohumu Rahib adlı şəxs üçün tikdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Abdalıb Rzayev bacısının əridir. Torpaq sahəsi onun qızının qohumu Rahib adlı şəxsə məxsus olmaqla, sözügedən tikilinin bünövrəsini 2012-2013-cü illərdə o, qoymuşdur. Tikilini qohumu Rahib üçün inşa etmiş, buna görə onlardan zəhmət haqqı almamışdır. Bundan sonra, səhhəti ilə əlaqədar evin hörgü işlərini o, deyil, başqa usta görmüş, həmçinin, evin qohumu Rahib üçün tikildiyini əvvəldən bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Cavabdeh1 oğludur. 2016-cı ilin avqust ayında mübahisəli tikilini inşa etmişlər. Bu tikilinin hörgü işlərində, həmçinin dam örtüyünün vurulmasında da o, iştirak etmişdir. Mübahisəli tikilinin hörgü işlərinə 2016-cı ilin avqust ayında başlanmış, sentyabr ayında isə tamamlanmışdır. O, tikinti işlərində cəmi bir həftə iştirak etmiş, bundan sonra, 2017-ci ilin sentyabr ayında bacısı Cavabdeh3 ilə Orxan Rzayevin toyu olmuşdur. Tikili bacısı Cavabdeh3 üçün inşa edildiyindən, gördüyü işlərin müqabilində zəhmət haqqı almamışdır. Mübahisəli tikilinin inşasına təxminən 10 000 manat pul xərclənmiş, atası Cavabdeh1 bu pulun yarısını, yəni 5000 manatını tikinti işlərinə nəzarət edən bacısı Qönçənin keçmiş əri Orxan Rzayevə vermişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisidir. İşdə olan Şabran Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx xxxxxx 2019-cu il tarixli, 2(031)-236/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh3 ilə X19 arasında Şabran rayon qeydiyyat şöbəsində xx xxx 2018-ci il tarixdə bağlanmış 70 saylı nikahın pozulması, həmçinin Orxan Rzayevdən xx xxxxxx 2019-cu il tarixdən başlayaraq, ayda 130 manat məbləğində alimentin tutulub xx xxxx 2018-ci il tarixdə doğulmuş X1 üçün Cavabdeh3 verilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2019-cu il tarixli, **********87 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 20631 saylı rəyindən görünür ki, mübahisə predmeti olmaqla, cavabdehlərin faktiki istifadəsindəki torpaq sahəsinin 0,04 ha hissəsinin xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü təsbit edilməklə, yanaşı cavabdehlərin hazırda faktiki yaşadıqları mübahisə predmeti olan tikilinin 86 kv.m hissəsinin iddiaçının mülkiyyətindəki 0,05 ha torpaq sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxx 2020-ci il tarixli, **********57 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyindən, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2960 saylı rəyindən görünür ki, mübahisə predmeti olmaqla, xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış **********83 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən 0,05 ha torpaq sahəsinin 292 kv.m hissəsinin və cavabdehlərin faktiki istifadəsində olan tikilinin 38 kv.m hissəsinin 6kV-lıq elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmiş, həmçinin, mübahisə predmeti olmaqla, cavabdehlərin faktiki istifadəsindəki torpaq sahəsinin 0,04 ha hissəsinin xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına (MA seriyalı, ******* nömrəli çıxarış) mülkiyyət hüququ əsasında qeydiyyata alınmış **********83 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü təkrarən müəyyən edilmişdir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına istinadən Siyəzən şəhərinin Musa Nağıyev küçəsində yerləşən mübahisəli 0,05 ha torpaq sahəsinin xx xxxxxxx 2011-ci il tarixdə İddiaçı adına dövlət qeydiyyatına alınmasını,, habelə bu torpaq sahəsinin üzərində 2014-2016-cı illər ərzində cavabdehlərin faktiki yaşadıqları mübahisəli tikili inşa edilməsini, tikintiyə nəzarəti isə İddiaçı uzaq qohumu Orxan Rzayevin həyata keçirməsini, həmçinin sonuncu 2016-cı ilin iyul ayında Cavabdeh3 ilə nişanlanmaqla, 2017-ci ilin sentyabr ayında əvvəlcə faktiki, xx xxx 2018-ci il tarixdə isə rəsmi qaydada evlənməsi, xx xxxxxx 2019-cu il tarixdə isə ondan rəsmi olaraq ayrılması, bundan sonra, iddiaçının uzaq qohumu Orxan Rzayevin xx xxx 2019-cu il tarixdə başqa bir qadınla əvvəlcə faktiki, xx xxxx 2019-cu il tarixdə isə rəsmi nikaha daxil olmaqla evlənməsi, elə bu məqamda, yəni xx xxx 2019-cu il tarixdə onun yenidən evləndiyini eşidən cavabdeh tərəf iddiaçının hər hansı bir formada razılığı olmadan icazəsiz şəkildə mübahisəli tikiliyə yerləşmələrini, cavabdehlərin mübahisəli torpaq sahəsinin üzərində yerləşən tikilidə yaşasalar da, həmin torpaq sahəsinə və onun üzərində olan tikiliyə hər hansı bir formada əmlak hüquqları əldə etməmələrini, cavabdehlərin mübahisəli torpaq sahəsinin yerləşdiyi ünvanda deyil, başqa ünvanda, yəni Şabran rayonu, Qazbabalı kəndində qeydiyyatda olmalaırnı müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evini zəbt etməsini göstərmiş, bu fakt iş materialları və şahid ifadələri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə verilmiş MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, İddiaçı Siyəzən şəhərində yerləşən 0,05 ha torpaq sahəsinin mülkiyyətçisidir. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdehlər tərəfindən istifadə edilməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 2960 saylı rəyi ilə də təsdiq edilir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evinin cavabdehlərin faktiki istifadəsində olması ekspert rəyi ilə də təsdiq edilir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə istinad edərək iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə, torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri cəmi 108,20 manat isə eyni qaydada cavabdehlərdən tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı hesablaşma hesabına keçirilməsi barədə gəldiyi nəticədə də haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Bundan başqa qeyd edilən faktlar birinci instansiya məhkəməsində dindirilmiş şahidlərin ifadələri ilə də təsdiq edilir. Bundan əlavə məhkəmə kollegiyası şahid X9 ifadəsindəsini əsaslı saymır. Belə ki, şahid cavabdeh tərəfin yaxın ailə üzvü olmaqla, sonuncunun iddiaçı və onun uzaq qohumu, keçmiş kürəkəni Orxan Rzayevlə olan münasibətlərini bildiyindən, iş üzrə cavabdeh tərəfindən ifadə verməsi, beləliklə də, şahid dəvət edildiyi tərəf baxımından işin nəticəsi ilə bağlı maraqlı olduğundan əsaslı hesab edilməməli və mötəbər sübut kimi qəbul edilməməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilinə, fərdi yaşayış evinin təmirinə 6648 manat xərc çəkməsinə, qiymət verərək qeyd edir ki, cavabdeh fərdi yaşayış evinə 6648 manat xərc çəkməsini bildirsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Həmçinin birinci instansiya məhkəməsində çəkdiyi xərcin tutulması barədə qarşılıqlı iddia tələbi də olmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməməsini, istfiadəsində olan torpaq sahəsinin özünə məxsus olmasını bildirsə də, bu dəlillər iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunur. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Lətif Hüsyenova münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Siyəzən Rayon Məhkəməsinin 2(059)-16/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh3 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Günarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar