Məhkəmə qərarları › İş №2(105)-79/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-79/2021

27.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-79/2021 27.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Hayan-E” MMC (Proqress-2016) MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (Proqress-2016) MTK-ya qarşı “yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ("xxxx" mənzil tikinti kooperativinə) qarşı yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunan "xxxx" MMC-yə (hazırki hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli sahəyə köçürülməsi, hüquqi xidmətə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 7 oktyabr 2009-cu il tarixdə 2 müqavilə bağlamışdır. Həmin müqavilələrə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa olunan "xxxx"məhdud məsuliyyətli cəmiyyətinə məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzilləri tikib ona təhvil verməyi öhdəsinə götürmüşdür. O, müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam olaraq icra etmiş və mənzillərin dəyərini, yəni cəmi 67.400 manatı tam ödəmişdir. Bu barədə 07 oktyabr 2009-cu il tarixli maliyyə arayışları da vardır. Dəfələrlə binanın tikintisi ilə maraqlanaraq mənzilləri təhvil alıb köçmək və rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmişdir. O, müqavilənin əslini təqdim etsə də cavabdeh müxtəlif bəhanələrlə onu mənzillərə daxil olmağa qoymamış və onun 29 dekabr 2017-ci il tarixli və 9 avqust 2018-ci il tarixli ərizələrinə cavab verməmişdir. Bu işlə əlaqədar 24 iyul 2017-ci il tarixdə Vəkil (VÖEN: **********) ilə tapşırıq müqaviləsi bağlayaraq hüquqi yardıma görə 1000 manat ödəmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda inşa olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (hazırki hüquqi varisi "xxxx" mənzil tikinti kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kvadrat metr, ikinci blokunda ümumi sahəsi 352 kvadrat metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsi, hüquqi xidmətinə görə müdafiəçiyə ödədiyi 1000 manat və dövlət rüsümu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qətnamə ilə razı deyil, qətnamə qanunsuz və ədalətsiz olmaqla işin faktiki hallarına uyğun gəlmir və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, 2009-cu ildə bağlanmış müqavilədə “Payçı”ya 14 mərtəbəli binanın 14-cü mərtəbəsində mansard tipli mənzillərin iddiaçıya verilməsi öz əksini tapmışdır. Lakin 2013-cü ildə tikilən binanın işçi layihəsində dəyişikliklər aparılaraq 14 mərtəbə əvəzinə 15 mərtəbənin tikilməsi qərara alınmışdır. Layihənin dəyişdirilməsi barədə «Payçı»ya, yəni iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Bu isə iddiaçının günahı deyildir. Cavabdeh tərəfindən bu barədə iddiaçıya məlumat verilməməsi onun hüquqlarının kobud surətdə pozulmasına gətirib çıxarmışdır. Məhkəmə bu qətnaməni çıxararkən sübutlara aid tələbləri ciddi şəkildə pozmuşdur. Belə ki, işin gedişində cavabdeh tərəfindən eskiz layihəsi verilərkən iddiaçının nümayəndəsi kimi onun təkidlə layihənin qanunvericiliyə uyğun olaraq notarial qaydada təsdiq olunmasını tələb etməyinə baxmayaraq məhkəmə buna məhəl qoymamışdır. Bundan başqa qətnamədə göstərilir ki, iddiaçı ünvan 1 ünvanda inşa olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə (hazırki hüquqi varisi “Progress- 2016” mənzil tikinti kooperativinə) məxsus 14 mərtəbəli yaşayış binasının birinci blokunda ümumi sahəsi 322 kv.metr, ikinci blokunda ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsini istəmiş, lakin onunla cavabdeh arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqların sayı və nömrələri göstərilməmişdir. Məhkəmə qətnamə qəbul edərkən mansard mərtəbəsi anlayışını nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə əsasən mansard mərtəbəsi-binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Ona görə də qanunun tələblərinə uyğun olaraq iddiaçı qeyri-yaşayış sahəsini yox, məhz mansard tipli mənzilləri istəmişdir. İcraçı müqavilədə üzərinə götürdüyü öhdəliyi icra edib bu yaşayış sahələrini iddiaçıya təhvil verməlidir. 07 oktyabr 2009-cu il tarixdə iddiaçı ilə "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (hazırki hüquqi varisi "xxxx" mənzil tikinti kooperativi) arasında bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən “İcraçı” Abşeron rayon İcra Hakimiyyəti başçısının 25.08.2006-ci il tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış evinin ümumi sahəsi 322 kv.metr olan (digər müqavilədə 352 kv.metr), birinci blokda (digər müqavilədə ikinci blokda), mansard nömrəli mənzili izolə olunmuş otaqdan ibarət pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürmüşdür. Hər iki müqavilələrin 1.2-ci bəndlərinə əsasən “Payçı” müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilələrin 4-cü bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “İcraçı” mənzili təhvil verməli, “Payçı” isə mənzili qəbul etməlidir və təhvil-təslim tərəflərin imzası ilə təsdiq olunan aktla sənədləşdirilməlidir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC (Proqress-2016) MTK-nın nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 35 min manata Bakıda, yaxud Abşeron rayonu ərazisində 300 m2 yerin alınması absurddur. Kvadrat metri 100 manatdan da aşağı qiymətə başa gəlir. Müqavilə və maliyyə arayışı təqdim oluna bilər. Bu o demək deyil ki, həmin sənədlər həqiqidir. Onun müqavilənin və maliyyə arayışının həqiqiliyinə şübhəsi var. Daha sonra qeyd etdi ki, hazırkı mülki iş uzun müddətdə məhkəmənin icraatında olmasına baxmayaraq indiyədək tərəflər arasında hər hansı bir razılaşma olmamışdır. İddiaçı ilə hər hansı bir razılığa gəlinə bilər, lakin hal-hazırda ona heç bir bir təklif irəli sürə bilmirlər. Belə bir konkret, real təklif yoxdur. İddianı və apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmamasını, Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin hüquqi varisi “Progress-2016“ mənzil tikinti kooperativinin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan “İcraçı” kimi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” kimi İddiaçı arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının birinci blokunda, ümumi sahəsi 322 kvadrat metr olan mansardı, izolə olunmuş mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin dəyəri 32200 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 7 oktyabr 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə sahəsi 322 kvadrat metr olan mansardın dəyəri olaraq 32200 manat pul ödənilmişdir. “İcraçı” kimi "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə “Payçı” İddiaçı arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının ikinci blokunda, ümumi sahəsi 352 kvadrat metr olan mansardı, izolə olunmuş mənzili payçıya verməyi öz öhdəsinə götürmüş, mənzilin dəyəri 35200 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş 7 oktyabr 2009-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə sahəsi 352 kvadrat metr olan mansardın dəyəri olaraq 35200 manat pul ödənilmişdir. İddiaçı tərəfindən "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə ünvanlanmış 9 avqust 2018-ci il tarixli ərizənin surətindən görünür ki, MMC-yə qüvvədə olan müqavilənin icrasını təmin etmək məqsədilə 10 gün müddətində mübahisələndirilən mənzillərə köçürülməsinə şərait yaradılmayacağı halda, aidiyyəti məhkəməyə müraciət edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən İddiaçı ünvanlanmış 29 avqust 2018-ci il tarixli məlumatın verilməsi haqqında məktubdan görünür ki, 15 fevral 2016-cı il tarixdə "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin təşkilati hüquqi forması və adı dəyişdirilərək "xxxx" mənzil tikinti kooperativinə çevrilmişdir. İş materiallarında olan 2006-cı ildə təsdiq olunmuş eskiz layihənin surətindən görünür ki, “Hayan-E“ məhdud məsuliyyətli cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binası 12 mərtəbəli, 5 blokludur. İş materiallarında olan 2013-cü ildə təsdiq olunmuş eskiz layihənin surətindən görünür ki, “Hayan-E” məhdud məsuliyyətli cəmiyyətinin Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişməsində inşa etdiyi yaşayış binası 15 mərtəbəli, 5 blokludur. "xxxx" mənzil tikinti kooperativininin 15 noyabr 2018-ci il tarixli, 15/11 saylı arayışından görünür ki, mübahisələndirilən müqavilələrdə mansard tipli mənzillərin ayrılması və verilməsi nəzərdə tutulmamışdır. Belə ki, mansard tipli mənzillərə dair müvafiq tələblər, o cümlədən, mənzilin yerləşmə mərtəbəsi, mənzilin və otaqlarının sayı, mənzillərin nömrələri, hər mənzilin ayrı-ayrılıqda sahələri göstərilməmişdir. İş materiallarına əlavə edilmiş 2006-cı il tarixli eskiz layihəsinə əsasən mansard tipli mərtəbədə qeyri-yaşayış sahəsi olan texniki mərtəbə layihələndirilmişdir. Tələb üzrə köçürülmə mübahisələndirilən texniki mərtəbə olmadığından tələbin təmin olunması mümkünsüzdür. Birinci halda, mübahisələndirilən müqavilələr üzrə qeyri-yaşayış sahələrinin yerləşəcəyi texniki mərtəbənin 2013-cü il tarixli yaşayış binasının eskiz layihələndirilməsində nəzərdə tutulmamışdır. İkinci halda, yaşayış binasının mübahisə predmetinə aid 1-ci və 2-ci bloklarında layihə üzrə 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatmış, hazırda fasad və arakəsmələr, hörgü və suvaq işləri sona çatdırılmaqdadır. Digər 3-cü və 4-cü bloklarda da tikinti işləri yekunlaşmaqdadır, 5-ci blokda isə tikinti işləri yarımçıq vəziyyətdədir və müvafiq betonlama, armaturlanma işləri mütəmadi davam etdirilir. ünvan 3 ünvanda inşa olunan yaşayış binasının 1-cı və 2-ci bloklarında mübahisələndirilən müqavilələr üzrə iddiaçının texniki mərtəbəsinə köçürülməsi tələbi həmin texniki mərtəbənin layihə üzrə nəzərdə tutulmadığından qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2 və 329.3-cü maddələrinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389 və 390-cı maddələrinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müəyyən olunmuşdur ki, iddiaçı ünvan 1 ünvanda inşa olunan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə, indiki "xxxx" mənzil tikinti kooperativinə məxsus 14 mərtəbəli yaşayış binasının 1-ci blokunda yerləşən ümumi sahəsi 322 kv.metr, 2-ci blokunda yerləşən ümumi sahəsi 352 kv.metr olan yaşayış üçün nəzərdə tutulmuş mansard tipli mənzillərə köçürülməsini tələb edir. Lakin, iddiaçı ilə cavabdehin arasında bağlanmış 7 oktyabr 2009-cu il tarixli hər iki müqavilədə mansard tipli mənzillərin yerləşmə mərtəbəsi, otaqlarının sayı və nömrələri göstərilməmişdir. Həmçinin 2006-cı il tarixli eskiz layihəsində mansard tipli mərtəbədə qeyri-yaşayış sahəsi olan texniki mərtəbə layihələndirilsə də, 2013-cü il tarixdə təsdiq edilmiş yaşayış binasının eskiz layihəsində mansard nəzərdə tutulmamışdır. Kassasiya instansiya məhkəməsinin göstərişinə əsasən məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və binaya yerində baxış keçirilmişdir. Belə ki, keçirilmiş yerli baxış zamanı müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa edilmiş 14 mərtəbəli yaşayış binasında tikinti işləri davam etməkdədir. Binadakı tikinti işləri tamamlanmasa da binanın fasadı, dam örtüyü hazır vəziyyətdədir. Ümumi baxış zamanı mübahisə predmeti olan binada mansard müşahidə olunmur. İş üzrə keçirilmiş 25.10.2021-ci il tarixli, 10/3505 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 14 mərtəbəli yaşayış binasının İ blok (ümumi sahəsi 322 kv.metr), İİ blok (ümumi sahəsi 352 kv.metr) olan yaşayış sahəsi üçün nəzərdə tutulmuş mansard mənzil sahəsi mövcud deyildir. ünvan 4 ünvanda inşa olunan "xxxx" MMC-yə məxsus (hazırkı hüquqi varisi "xxxx" MTK) və İİ blok (ümumi sahəsi 352 kv.metr) (layihə üzrə D bloku) olan yaşayış üçün nəzərdə tutulmuş ev (bina) mövcuddur. Lakin tədqiq olunan ünvanda inşa olunmuş binalara dair 2006-cı və 2013-cü illərdə tərtib olunmuş layihə sənədlərində mansard tipli mənzillər nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv olunmaqla iddianın təmin olunmasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, iddiaçı mübahisəli binada yerləşən mansard tipli mənzillərə köçmək istədiyini bildirsə də iş materialları ilə, eləcə də ekspert rəyi ilə müəyyən olunur ki, qeyd edilən binalarda mansard tipli mənzillər mövcud deyildir. Qeyd edilənlərə əsasən məhəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-5233/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat İddiaçı alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar