Məhkəmə qərarları › İş №2(105)-79/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-79/2025

19.03.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-79/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yusib oğluna qarşı mülki iş üzrə (Açar sözlər: tikiliyə görə xərcin əvəzi ödənilməklə, evdən və torpaq sahəsindən çıxarılma) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X18 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yusib oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsindən Cavabdeh2 Yusib oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Yusib oğluna qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Sumqayıt şəhəri, Mirəli Qaşqay küçəsi 7 ünvanında yerləşən ərazidə aldığı 0,06 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 tərəfindən aparılmış özbaşına tikilinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 27, mənzil 60-da qeydiyyatda olsa da ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2002-ci ildə Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisindən öz ailəsi və bacısının ailəsi üçün hər biri 0,6 ha olmaqla fərdi yaşayış evi tikdirmək üçün torpaq sahəsi almışdır. Bacısı üçün aldığı torpağı bacısının əri Cavabdeh1 adına, özü üçün aldığı torpaq sahəsini isə öz adına almışdır. Onlar bir ailə kimi çox mehriban olduqlarına görə hər iki torpaq sahəsi ümumi daş hasarla əhatə olunsa da aralarında olan hissəni dəmir setka ilə hasara almışlar. Özünə məxsus olan torpaq sahəsində ağaclar əkib becərsə də uşaqları körpə olduğuna görə fərdi yaşayış evi inşa etmək istəməmişdir. Bacısı üçün aldığı torpaq sahəsində isə onlara fərdi yaşayış evi tikdirmişdir. 2018-ci ildə anası və 6 ay sonra bacısı ölmüşdür. Bacısı öldükdən sonra bacısının ailəsi tərəfindən ona qarşı nədənsə aqressivlik yaranmağa başlamışdır. Bacısının ölümündən bir il sonra bacısının ailəsi ona məxsus torpaq sahəsinin onlara verilməsini tələb etməyə başlamışlar. O isə razılaşmayaraq özünün uşaqları olmasını və həmin torpağı onlara verəcəyini bildirmişdir. Narazı olmağına baxmayaraq iddiaçının razlığı olmadan ona məxsus torpaq sahəsində tələm-tələsik bir daxma tikilmişdir. Buna baxmayaraq, lazım gələndə öz torpaq sahəsinə gedib-gələ bilmiş, lakin 2021-ci ildə böyük qardaşı öldükdən sonra isə onu oradan qovmuşlar. Özlərinə məxsus 0,6 ha torpaq sahəsi, 3 mərtəbəli, 8 otaqlı villası olsa da qanunsuz olaraq qanunla müəyyən edilmiş mülkiyyət, istifadə va ya icarə hüququ olmadan ona məxsus torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsinin üzərində özbaşına tikinti işləri aparmışdır. İki ildən artıqdır ki, öz torpaq sahəsinə gedə bilmir. Bir neçə dəfə həmin torpaq sahəsinə getmək istəsə də bacısının əri Xaliq X1 ilə əlbir olaraq ona məxsus torpaq sahəsinə qanunsuz soxularaq daxma tikdirib orada məskunlaşmışlar. Özünə məxsus torpaq sahəsinə getmək istəyərkən, bir neçə dəfə Cavabdeh2 Yusib oğlu əlinə gah lom, gah da balta alıb hədələyərək oradan qovmuşdur. O da qanunun aliliyini asas götürərək faciə baş verməsin deyə hələlik ora getmir. xx.xx.2023cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı va X21 Şəxsdən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən **********09 daşınmaz əmlakın dövlət reystr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, torpaq sahəsinin qanunsuz zəbt edilməsi ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək, tədbir görülməsini xahiş etsə də Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində ərizəyə baxılaraq, xx.xx.2024-cü il tarixli, 58-1/2-H-55051/11/24 saylı cavab məktubu ilə müraciətin mülki xarakterli olması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək bildirmişlər ki, Cavabdeh1 1978-1983-cü illərdə Azərbaycan Neft Kimya İnstitutunda təhsil almışdır. Təyinatla Sumqayıt şəhəri “Üzvi Sintez” İB-də işə başlamış və həmin birlikdə X2 rəisi işləmişdir. 1996-cı ildə birliyin bağlanması ilə əlaqədar işdən çıxmışdır. O, ölən arvadı ilə eyni ali məktəbi bitirmiş, eyni müəssisədə aparıcı mühəndis işləmişdir. 2002-ci ildə Bələdiyyədən 12 sot torpaq sahəsi götürmüşdür. 0,06 ha torpağı rəsmi olaraq öz adına və 0,06 ha torpaq sahəsini isə qaynı İddiaçı adına götürmüşdür. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2002-ci il tarixli qərarı əsasında 0,06 ha torpaq sahəsi Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində fərdi ev tikmək üçün İddiaçı, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2002-ci il tarixli qərarı ilə həmin ünvanda 0,06 ha torpaq sahəsi Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində qızı Cavabdeh3 fərdi ev tikmək üçün İddiaçı adına götürmüşdür. Həmin 0,12 ha torpaq sahəsinin ətrafını hasarlamış və orada 0,06 ha torpaq sahəsində ev tikmişdir. Evin və onun ətrafındakı hasarın inşasını usta X10 icra etmişdir. Həmin 0,12 ha torpaq sahəsində bağ salmışdır. Qeyd edilənləri qaynı X11, qaynının arvadı X4, iddiaçının oğlu X23 oğlu və yaxından tanıdıqları X19 təsdiq edə bilər. Cavabdeh2 X12 ilə 2017-ci ildə nikaha girərək ailə həyatı qurmuşlar. O, ailə qurarkən ailədə gedən söhbətlərdən məlum olmuşdur ki, hal-hazırda yaşadıqları 0,12 ha həyətyanı torpaq sahəsi 2002-ci ildə Cavabdeh1 tərəfindən 0,06 torpaq sahəsi özü və oğlu üçün, 0,06 torpaq sahəsi isə qızı Cavabdeh3 qaynı İddiaçı adına götürmüş və yuxarıda qeyd olunan tikinti işləri Cavabdeh1 tərəfindən aparılmışdır. Lakin sonra məlum olmuşdur ki, İddiaçı adına rəsmiləşdirilmiş torpaq sahəsini Cavabdeh3n adına keçirməkdən imtina edir. Bu məsələ ilə bağlı Cavabdeh2 iddiaçı ilə görüşmüş və məlum olmuşdur ki, iddiaçının ailə vəziyyəti ilə əlaqədar olaraq, maddi vəziyyəti ağırdır və gəliri yoxdur. Sözügedən həyətyani torpaq sahəsini Cavabdeh3 adına keçirmək qarşılığında 0,02 ha torpaq sahəsini satıb xərclik etmək istədyini bildirmişdir. Cavabdeh2 əlavə olaraq qeyd etmişdir ki, o, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş və xəstəliklə əlaqədar olaraq tərxis olmuşdur. Həmin xəstəliyin şəhadətləndirilməsi üçün və 2-ci qrup ümumi əlilliyin Qarabağ əlilliyi əvəz etməsi müqabilində torpağı Cavabdeh3 adına rəsmiləşdirmək barədə razılığa gəlmişdir. Bu məqsədlə xx.xx.2019-cu ildə 6 ay müddətinə Cavabdeh2 etibarnamə vermişdir. Əlilliyin təyin olunma meyarlarında dəyişiklik olduğuna görə onların razılıqları baş tutmamışdır. Razılaşma əsasında o, 0,06 ha torpaq sahəsində yaşamaq üçün ev inşa etmişdir. İddiaçı isə ərizəsində göstərmişdir ki, evin tikintisindən xəbəri olmamışdır. Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə razılaşma əsasında tikdiyi ev 45000 manata başa gəlmişdir. Evin tikilməsini şahid kimi usta X5 və X13 deyilənləri təsdiq edə bilərlər. İddiaçı iddia ərizəsində göstərir ki, guya ona məxsus torpaqda razılığı olmadan cavabdeh həyətdə fərdi ev tikmişdir. Həmçinin cavabdeh bildirmişdir ki, 10 mart 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda izahatı alınmış İddiaçı bildirir ki, Bərdə rayon sakini bacısı qızı Aynurun həyat yoldaşı Qurban adlı şəxs onun icazə və razılığı əsasında tikdiyi həmin tikiliyə köçüb ailəsi ilə yaşamağa başlamışdır. İddia ərizəsində həmin torpaq sahəsində tikilən tikilinin cavabdehlər tərəfindən tikilməsi göstərilsə də qərarda guya həmin evin özü tərəfindən tikildiyi bildirilmişdir. Əslində həmin ev Cavabdeh2 tərəfindən tikilmiş və tikintisinə 45000 manat sərf olunmuşdur. Həmçinin qərarda o da qeyd olunmuşdur ki, Fərhadın heç bir hüquqi sənədi olmadığı halda Cavabdeh2 yaşadığı fərdi həyət evinin ərazisində 0,02 ha torpaq sahəsinin satılmasına etiraz etdiyi üçün aralarında narazılıq yaranması müəyyən olunmuşdur. Cavabdeh3 İİ qrup şəkər xəstəsidir. Şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 0,12 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 atası Cavabdeh1 məxsus olmuşdur. Həmin torpaq sahəsi hal-hazırda atası tərəfindən cavabdehə gələcəkdə ev tikilməsi üçün alınmış və həmin torpaq sahəsini dayısı İddiaçı adına almışdır. Torpaq sahəsi Sumqayıt Bələdiyyə Şurası tərəfindən satılarkən hər bir vətəndaşa 0,06 ha torpaq sahəsi satılırdı. Bu səbəbdən də atası Cavabdeh1 torpaq sahəsini dayısının adına rəsmiləşdirmişdir. Lakin həmin torpaq sahəsi 22 ildən artıqdır ki, onların istifadəsindədir. Buradan da görünür ki, iddiaçının həmin torpaq sahəsi ilə bağlı iddiası əsassızdır.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi təmin edilmiş, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 5 ünvanında 0,06 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlu tərəfindən aparılmış özbaşına tikilinin sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Yusib oğlunun xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan ünvan 5 ünvanında 0,06 ha torpaq sahəsindən çıxarılmaları qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin qanuni əsaslarla mülkiyyətçisidir və cavabehlər torpaq sahəsini boşaltmaq öhdəliyi daşıyırlar.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Kostitusiyasının 13,60, Mülki Məcəllənin 157.2, 164.1, 166.3, 180.4, 239.1, Torpaq Məcəlləsinin 4, 5, 68, 80, 111ci maddələrinə istinad edərək iddianı təmin etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 Yusib oğlu apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, sonda səhv nəticəyə gəlmişdir. Belə ki, mübahisəli torpaq sahəsini qaynatası X24 oglu qızı Bayramova Aynur üçün almışdır. Bu faktı şahidlər qaynı X6, qaynının həyat yoldaşı X3, iddiaçının oğlu X23 oglunun və bitərəf X8 izahatları ilə təsdiq olunur. Razılaşmaları əsasında 0,06 ha torpaq sahəsində 45000 manata ev tikdirmiş, orada yaşayır. İddiaçının isə evin tikilməsinə razılıgı olmuşdur. Evi tikdirməyini və orada yaşamağını şahidlər usta X16 oglu və X28 oglu izahatları ilə təsdiq edərlər. Məhkəmə iclasında inkar etsə də iddiaçı Sumqayıt Şəhər Polis İdarəsində 10 mart 2023-cü ildə verdiyi izahatda göstərmişdir ki, mübahisəli evi o, tikdirmiş və 2018-ci ildə tikdirdiyi evdə ailəsilə birlikdə yaşayır. Orada yaşaya-yaşaya, ********** nömrəli Çıxarışla torpaq sahəsi iddiaçıya Sumqayıt şəhəri “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlak idarəsi tərəfindən xx.xx.2023-cü ildə mülkiyyətinə verilmişdir. İddiaçı 2 sot torpaq sahəsini özünə ondan istəmiş, onun üstündə aralarında narazılıq olmuşdur. İddiaçı isə bundan sonra 0,06 ha torpaq sahəsinə öz adına mülkiyyət sənədi almışdır. Təqdim etdiyi sübutu, mübahisəli torpağı 2002-ci ildə iddiaçının adına almağını və 45000 manata ev tikməyini məhkəmə nəzərə almayıb. Məhkəmə tərəfindən torpaq sahəsinin ilkin alınan vaxtı müəyyən edilməmişdir. Torpaq sahəsi yaşayış evi tikdirmək üçün 2002-ci ildə iddiaçının adına atası X14 tərəfindən alınmış, xx.xx.2023-cü ildə isə iddiaçı həmin sahəni öz mülkiyyətinə keçirmişdir. Məhkəmə onun İddiaçı oglu ilə qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, onun və ailəsinin mübahisəli evdən çıxmağına dair düzgün olmayan dair qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Apellyasiya şikayətinə qarşı yazılı etirazlar daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Yusib oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 12 sot torpaq sahəsi 2002-ci ildə qaynatası tərəfindən alınmışdır. Qaynatası torpaq sahələrini hər biri 6 sot olmaqla həm öz adına, həm də qaynının adına alıb. Fərhadın adına aldığı torpaq sahəsini əslində qızı üçün almışdır. Sonradan Fərhadla aralarında münasibətlər korlanmış və iddiaçı torpağın Cavabdeh3 adına rəsmiləşdirilməsindən imtina etməyə başlamışdır. Orada Fərhadın razılığı ilə ev tikilib. Ev tikilməsindən xəbərdar olub. Fərhad ona 2 sot verilməklə, torpaq sahəsinin adına rəsmiləşdirilməsinə razı olacağını bildirmişdir. Bununla yanaşı qarşı tərəf iddia ərizəsində onun razılığı olmadan ona məxsus torpaq sahəsində tələm-tələsik kiçik bir daxma tikmələrini qeyd etmişdir. Sumqayıt Şəhər 1-ci polis bölməsinə izahatında bildirir ki, bələdiyyədən alınmış torpaq sahəsində mişar daşından bir otaq tikdirmiş, 2018-ci ildə isə bacısı qızının əri Cavabdeh2 onun razılığı ilə tikdirdiyini dam örtüyünü bağlayıb, qapıpəncərəsini qoyub, təmir edərək köçüb ailəsi ilə yaşamağa başlamışdır. Göründüyü kimi qarşı tərəfin izahatları bir-biri ilə uyğunluq təşkil etmir. Onlara məxsus olan xırda ev Fərhadın adına rəsmiləşdirimiş torpaq sahəsində tikilmişdir. Təxmini 45000 manat xərc çəkmişdir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3, Cavabdeh2 Yusib oğlu tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 6 sot torpaq sahəsindəki tikili bir otaqlı evdir. Mətbəxi, sanitar qovşağı, koridoru var, təmirli evdir. Qarşı tərəfin evin tikintisindən də xəbəri olmuşdur. İddiaçı onlara bildirib ki, onun adına rəsmiləşdirilmiş 6 sot torpaq sahəsindən 2 sotunu ona versinlər, qalan 4 sotu öz adlarına rəsmiləşdirməyə imkan verəcək. O, da razılaşmışdır. Birlikdə müzakirə etmiş, 2 sot torpaq sahəsinin hansı hissəsindən verillməsini dəqiqləşdirmişlər. Bundan sonra torpağı mülkiyyətinə keçirmiş, lakin 4 sotu onlara verməmiş, əlavə olaraq evin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul etməyinizi xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verib bildirmişdir ki, bələdiyyədən pulunu verərək 12 sot torpaq sahəsi almışdır. Bələdiyyə 1 nəfərə yalnız 6 sot verdiyindən 6 sotun birini qaynı olan İddiaçı adına almışdır. 12 sot torpağın yarısını qızı üçün, digəri isə oğlu və özünə almışdır. Sonradan qarşı tərəflə münasibətlər korlanmış, torpaq sahəsini mülkiyyətinə keçirəndən sonra evin sökülməsi və torpaq sahəsindən çıxarılmaya dair iddia qaldırmışdır. 6 sotun 2 sotunu Fərhada verməyi, qalan 4 sotunda isə qızına ev tikdirməyi təklif etmişdi. Mübahisəli ev 2018-ci ildə tikilmiş, ustalar, digər qaynı bunu şahididirlər. Qeyd olunananlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəfin dediyi hər şey yalandır. İddia ərizəsində hər şeyi ətraflı qeyd edilib. Qardaşının və qarşı tərəfin ona düşmən olmasının səbəblərini də qeyd edib. 2 sotun verilməsi ilə bağlı bir məsələni desələr də digər məsələni isə demirlər. Əslində isə qarşı tərəf 6-cı mikrorayondakı 2 otaqlı evi, 4 sot qarşılığında ona təklif etmişlər. 2 sot isə ona qalmalı idi. Torpaq sahəsini özü alıb. Torpağın birini Xaliqin adına yox, bacısının adına almaq istəyirdi, lakin o ərinin bundan inciyəcəyini bildirmiş, ona görə də Xaliqin adına almışdır. İki otaqlı evi ona verəcəklərini deyəndə qarşı tərəfin ev tikməsinə razılıq vermişdi. 2020-ci ildə pandemiya dövründə torpaq sahəsinə gedə bilmirdi. Oradakı yarımtikilini o, 2012-2013-cü illərdə anasının sağlığında onun üçün tikdirmişdir. 5-6 il yarımtikili formasında qalmışdır. Pandemiya dövründə qarşı tərəf tələm-tələsik evi tamamlamış və köçmüşdür. Onlardan soruşanda narahat olmamağını və ona ev verəcəklərini bildirmişlər. Lakin, bundan sonra 4 sot qarşılığında ona vəd etdikləri evi də satmışlar. Onların evi təmir etməsinə razılıq verməmişdir. Qarşı tərəf ona demədən ev tikdiriblər, etiraz etmişdir. Evin tikintisinə qədər qarşı tərəfin ona iki otaqlı ev verməsi qarşılığında 4 sot torpaq sahəsinin onlara verilməsinə dair aralarında razılaşma olmuşdur. Amma torpaq sahəsində ev tikmələrinə heç vaxt razılıq verməmişdir. Bilmirdi ki, onlar onun yarımçıq daxmasını tikib özlərinə ev edəcəklər. Qardaşı Mehdi ilə münasibətləri gərgindir. Cavabdehlərin xərclədiyi məbləği ərizəsində qeyd etdiyi qaydada ödəməyə hazırdır. Tikilidən çıxaraq ona təqdim etsələr tikilini qiymətləndirəcək. Təxmini hesablatdırıb, tikili 2500-3000 manat dəyərindədir. 30 sentyabr 2024-cü il tarixinədək çıxsalar 12000 manat verməyə razıdır. Ekspert tərəfindən qiymətləndirməyə etiraz etmir. Ekspert tərəfindən müəyyən ediləcək tikilinin xərcini də ödəməyə razıdır.

İşdə olan sübutlar

14. Daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyıtindədir.

15. Azərbaycan Respublikası DİN Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, müraciətdə qeyd edilən xüsusatların mülki xarakterli olduğuna görə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

16. xx.xx.2024-cü il tarixli, 01/317 saylı "xxxx"-F MTK tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 8 ünvanında yaşayır.

17. Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2025-ci il tarixli, 3-16-16/2- 10/8138/2024 nömrəli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, Mirəli Qaşqay küçəsi 7 ünvanında yerləşən 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş vəsaitin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 14768.0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, baxış zamanı iş üzrə Cavabdeh1 evin tikintisi zamanı divarların sement məhlulu ilə suvanmadığını bildirmiş, həmçinin evin bünövrəsi gözlə görünmədiyindən eləcə də tərəflər arasında bünövrənin hansı materialdan inşa edilməsi mübhisə doğurduğundan, smeta hesablanarkən, divarların suvağı və bünövrənin materialı nəzərə alınmamışdır.

Tətbiq edilən hüquq

18.Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2606/2024 nömrəli qətnaməsi cavabdehlər tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılmalıdır.

23. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.4cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunduğu kimi mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddia tələbinin artırılması və ya azaldılması məsələsi qaldırıldığı zaman bütövlükdə iddianın predmeti deyil, yalnız maddi obyektin həcmi dəyişdirilir. Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunan hüquqi mövqe nəzərə alındıqda evin sökülməklə cavabdehlərin torpaq sahəsindən çıxarılması ilə bağlı iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir ki, iddiaçının marağı başqasının faktiki sahibliyindən mülkiyyət hüququnu müdafiə etməkdir. Bu səbəbdən də mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tələblərdə torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və ya həmin tikilinin dəyərinin cavabdehlərə ödəniməsi ilə bağlı təklifi də iddianın predmetinə aid etmək olmaz. Buna görə də iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərə sərf olunmuş xərcin cavabdehlərə ödənilməsi ilə bağlı iradəsinin, yəni təklifinin müəyyənləşdirməsi prosessual qanunvericiliyə uyğun hesab edilir.

25. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, işin mübahisəsiz halı qismində cavabdehlərin inşa etdikləri və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir.

26. Lakin, mübahisəli fərdi yaşayış evi cavabdehlər tərəfindən, iddiaçı ilə mövcud olan qohumluq münasibətləri, eyni zamanda sonradan baş tutmamış razılaşma əsnasında aralarında mövcud olmuş, güvənilmiş rəftara görə inşa edilmişdir. Birinci instaniya məhkəməsi isə işin qeyd edilən halını müəyyən etmədən, cavabdehlər tərəfindən inşa edilmiş evin sökülməklə, cavabdehlərin iddiaçının mülkiyyətindən çıxarılmasını qət etmişdir. Hərçənd ki, qeyd edilən halda iddiaçının mülkiyətindən istifadəsi hüquqdan suiistifadə şəklində istifadə hesab olunur. Həmçinin, qeyd edilən formada mülkiyyətdən istifadə cavabdehlərə ziyan vurmaqla həyata keçirilir ki, bu zaman da iddiaçı olan mülkiyyətçinin mənafe üstünlüyü əsaslı olmur. Bununla da birinci instansiya məhkəməsinin evin sökülməklə cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən çıxarılması ilə bağlı gəldiyi nəticə əsassız hesab olunur. Buna görə də məhkəmə kollegiyası tərəfindən evin sökülmədən, yəni cavabdehlərə ziyan vurmadan mülkiyyətdən istifadənin həyata keçirilməsinin mümkünlüyü müzakirə edilmiş, iddiaçı da mülkiyyətdən cavabdehlərə ziyan vurmayan şəkildə istifadəyə də razı olduğunu bildirməklə, mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş xərcin cavabdehlərə ödəməklə, cavabdehlərin mülkiyyətindən çıxarılmasını xahiş etmişdir.

27. İddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş xərcin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə həmin xərcin 14768.0 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdehlər həmin evin inşasına 45000 manat xərc çəkildiyini iddia etsələr də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişlər. İş materiallarında olan fotoşəkildən və ekspert rəyinin tədqiqat hissəsindən isə göründüyü kimi cavabdehlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi ümumilikdə 29,8 kv.m sahədən ibarət olmaqla, həmin tikilinin inşasına 45000 manat xərcin çəkilməsi də ağılabatan hesab olunmur. Buna görə də məhkəmə kollegiyası ekspert rəyi ilə müəyyən edilmiş 14768.0 manat kompensasiya məbləğinin cavabddehlərə verilməklə, cavabdehlərin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması ilə bağlı iddiaçının təlbini əsaslı hesab etmişdir.

28. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçının mülkiyyətində olan daşınmaz əmlakla bağlı, ekspert rəyi ilə əhatə olunmayan, sonradan müəyyən etdiyi hər hansı bir əlavə yaxşılaşdırma ilə bağlı çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini də ayrıca iddia çərçivəsində tələb etmək hüququna malikdir.

29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsi özbaşına tikilinin sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq, xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan Sumqayıt şəhəri, Mirəli Qaşqay küçəsi 7 ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş 14768.0 manat kompensasiya məbləği cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Yusib oğluna ödənilməklə, onlar həmin fərdi yaşayış evindən çıxarılmalı, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları eyni vaxtda icra edilməlidir. Ekspertiza tədqiqatının dəyəri isə iddiaçıdan tutulmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2606/2024 nömrəli qətnaməsi cavabdehlər tərəfindən aparılmış özbaşına tikilinin sökülməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Mirəli Qaşqay küçəsi 7 ünvanında 0,06 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və hasar üzrə aparılmış tikinti və təmir işlərinə sərf olunmuş 14768 (on dörd min yeddi yüz altımış səkkiz) manat xərc qismində kompensasiya məbləği İddiaçı tərəfindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Yusib oğluna ödənilməklə, onlar həmin fərdi yaşayış evindən çıxarılsın. Kompensasiyanın ödənilməsi ilə cavabdehlərin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmaları eyni vaxtda icra edilsin. Ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat İddiaçı alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar