Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-792/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə (əmək münasibətlərindən irəli gələn mübahisə- işə bərpa, əmək haqqı tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMCyə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)-2988/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı məxsus olan xx.xx.1979-cu il tarixli ИT-İ № ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixli 45 saylı əmr əsasında əmək müqaviləsinə xx.xx.2013-cü il tarixli 84 saylı əlavəyə uyğun olaraq texniki xidmətə kompressor sahəsinin operatoru vəzifəsinə keçirilmiş, əmək müqaviləsindəki vəzifəsinin adı ştat cədvəlinə uyğun olaraq İstehsalat Departamentinin texniki şöbəsində kompressor vəzifəsinin operatoru adlandırılmışdır. "xxxx" MMC-nin adı xx.xx.2017-ci il tarixdən Cavabdeh MMC adlanmış, İddiaçı xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 009 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən əlavə texniki xidmət sahəsi üzrə kompressor qurğusu üzrə operator vəzifəsinə aylıq əmək haqqı 625 manat olmaqla işə qəbul edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 174 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən kompressor sahəsinin operator vəzifəsinə aylıq əmək haqqı 700 manat olmaqla işə qəbul edilmişdir. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 84 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2012-ci il tarixdən texniki xidmət kompressor sahəsinin operator vəzifəsinə aylıq əmək haqqı 770 manat olmaqla işə qəbul edilmişdir. xx.xx.2012-ci il tarixli, 84 saylı əmək müqaviləsinə dəyişiklikdən görünür ki, əmək müqaviləsindəki vəzifənin adı xx.xx.2013-cü il tarixindən ştat cədvəlinə uyğun olaraq İstehsalat departamentinin texniki şöbəsində kompressor sahəsinin operatoru adlandırılmışdır. Əmək qabiliyyətinin olmaması barədə ******* saylı xəstəlik vərəqəsindən görünür ki, İddiaçı essensial diaqnozu ilə ambulator rejimdə olmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyəti olmayan hesab edilmiş və işə başlama müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Milli depozit mərkəzi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı “Bakı-Pivə” ATSC-nin 476 saylı adi səhmlərinin səhmdarı olmuşdur. Soyuducu-kompressor sexinin operatoru üçün əməyin mühafizəsi üzrə təlimatdan görünür ki, təlimatın məqsədi soyuducu-kompressor sexinin texnoloji avadanlığının istismarı zamanı təhlükəsizliyin təmin olunması və texniki xidmət heyətinin zədə almasına yol verilməməsidir. Soyuducu kompressor sexinin texnoloji avadanlığının planlıqabaqlayıcı, sazlama, plandankənar və qəza işlərinin hazırlanmasının təşkili və aparılmasına görə təhlükəsizlik xidmətinin mühəndisləri məsuliyyət daşıyır. Təlimatdan daha sonra görünür ki, işə başlamazdan əvvəl təhlükəsizlik tədbirlərinə daxildir: xüsusi geyimə baxış keçirmək, onu geyinmək, onun bütün düymələrini bağlamaq (bütün düyünlərini bağlamaq), geyimin aşağı hissələri sallanmamalıdır. Geyimə sancaq, iynə taxmaq, ciblərdə iti, sınan əşyaları saxlamaq qadağandır. İşə başlamazdan əvvəl operator aşağıdakıları etməlidir: İş zonasında kifayət qədər işıqlandırmanın olubolmadığını yoxlamalı, birbaşa rəhbərdən işin icrası üçün tapşırıq almalı, iş üçün lazım olan material və alətləri hazırlamalı, işdə istifadə olunan avadanlığın, elektrik cihazlarının, alətin komplektliyini və saz vəziyyətdə olub-olmadığını yoxlamalı, öz iş yerinin təhlükəsizlik tələblərinə uyğun olub-olmadığını yoxlamalıdır. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 01/W saylı əmrindən görünür ki, Cavabdeh MMC-də Energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X8 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə töhmət verilmiş, əmrin verilməsi üçün əsas X4 və İddiaçı izahatları, baş energetik X3 təqdimatı və rəhbərliyin göstərişi olmuşdur. Əmrdən daha sonra görünür ki, Cavabdeh MMC-də Energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X11 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə borclarını yerinə yetirərkən dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, qulaqcıqlardan istifadə etməmiş və bununla da təhlükəsizlik qaydalarını pozmuşlar. Buna səbəb energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X4 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarında qeyd edilmiş “Məsuliyyət” bəndinə riayət etməmələri olmuşdur. Bununla da Cavabdeh MMC-də energetika xidmətinin qazanxana operatoru vəzifəsində çalışan X11 və kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və bu səbəbdən Əmək Məcəlləsinin 11, 186 və 187-ci maddələrini rəhbər tutaraq, əmr qəbul olunmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, o, xx.xx.2022ci il tarixdə gecə növbəsində olarkən saat 2 radələrində belinin ağrısından stolun üstündə uzanmış və həmin vaxt mürgüləmişdir. Zaur müəllim onu görmüş və bir daha belə bir hadisə baş verməyəcəyinə dair söz vermişdir. X6, X2, X5 tərəfindən tərtib olunmuş xx.xx.02022-ci il tarixli aktdan görünür ki, kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı onun barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə öz imzası ilə tanış olmaqdan imtina etmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrindən görünür ki, Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbilə tutduğu vəzifədən/peşədən azad edilmiş, əmrin verilməsi üçün əsas İddiaçı xx.xx.2022-ci il tarixli izahatı, ərazidə quraşdırılan müşahidə kameralarının video yazıları, baş energetik X3 təqdimatı və rəhbərliyin göstərişi olmuşdur. Əmrdən daha sonra görünür ki, xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoymuş və Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndini kobud şəkildə pozmuşdur. Bununla Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəlikləri pozmuş və bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, əmr qəbul edilmişdir. Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmrindən görünür ki, Cavabdeh MMC üzrə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair 05T/HR saylı əmrin 1-ci bəndinə dəyişiklik edilərək aşağıdakı redaksiyada verilmişdir: “Cavabdeh MMCdə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən/peşədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmrin verilməsi üçün əsas xx.xx.2022-ci il tarixdə Abşeron rayon Məhkəməsində baş tutan məhkəmə iclası zamanı İddiaçı tərəfindən təqdim edilmiş ******* saylı xəstəlik vərəqəsi olmuşdur.” Cavabdeh MMC-nin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə ünvanladığı xx.xx.2022-ci il tarixli 1181 saylı məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı işə bərpa edilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsində baş tutmuş iclas zamanı Carlsberg Azerbaijan MMC-nin nümayəndəsi tərəfindən aşkar edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə ******* saylı xəstəlik vərəqəsi təqdim edilmişdir. Həmin xəstəlik vərəqəsinə əsasən, işçi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xəstə olmuşdur. Lakin işəgötürənin adıçəkilən xəstəlik vərəqəsinin mövcudluğu haqqında məlumatı olmamışdır. Belə ki, işçi işəgötürənə bu barədə vaxtında heç bir məlumat verməmiş, hətta xx.xx.2022ci il tarixdə bütün günü işdə olmuş və öz əmək funksiyalarını yerinə yetirmişdir. Bununla əlaqədar, Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, şirkət tərəfindən xx.xx.2022-ci tarixli əmr ilə xx.xx.2022-ci il tarixli xitam haqqında əmrə dəyişiklik edilmişdir. Bununla, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilmə tarixi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinə keçirilmişdir. Bununla əlaqədar, əmək münasibətləri və məşğulluq altsistemində (ƏMAS) işçinin əmək müqaviləsinə edilmiş xitam tarixinin dəyişdirilməsi üçün müvafiq texniki dəstək göstərilməsi xahiş olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 saylı məktubdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminə İddiaçı adına daxil edilmiş xitamla bağlı əmək müqaviləsi bildirişində xitam tarixinin dəyişdirilməsinə köməklik göstərilməsi barədə xx.xx.2022-ci il tarixli, 1181 nömrəli məktuba baxılmışdır. Əmək Məcəlləsinin 15-ci maddəsinin 4-ci hissəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. Müraciətdə qeyd olunan məsələ ilə bağlı məhkəmə qərarı təqdim edildikdən sonra icrasına baxılacaqdır. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 1179 saylı məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrə dəyişiklik edilmiş, xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmri iki nüsxədə göndərilmiş, əmək kitabçasında müvafiq dəyişiklik edilməsi üçün iş vaxtı ərzində əmək kitabçası ilə bərabər inzibati məsələlər və personal üzrə departamentə yaxınlaşması xahiş olunmuşdur. 73862 saylı qaimədən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 10T/HR saylı əmri qəbul edilməyərək şirkətə geri qaytarılmışdır. Apellyasiya icraatı zamanı sorğu əsasında əldə edilmiş Cavabdeh MMC-nin xx.xx.2023-cü tarixli məktubunun və ona əlavə edilmiş əmək haqqında tutulmalar barədə arayışın məzmunundan müəyyən edilir ki, İddiaçı həmkarlar ittifaqı təşkilatının üzvü olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, əmək haqqının ödənilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə (sonradan iddianın dəqiqləşdirilməsi barədə) Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmrinin ləğv edilərək işə bərpa edilməsi, cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixdən işə bərpa olunan günə qədər hər ay üçün məcburi işburaxmaya görə orta aylıq əmək haqqının, 2021-ci iş ili üçün 1000 manat məbləğində 13-cü aylıq əmək haqqının, 10000 manat maddi və 15000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv olunmuşdur. Belə ki, o xx.xx.1979-cu il tarixdən etibarən 43 illik uzun müddətli iş stajına malikdir, bu müddətdə operator və çilingər peşələrində çalışmışdır. Bu əmək stajının da əsas hissəsini Cavabdeh MMC-də işləmişdir. Cavabdeh MMC-nin səhmdarı olmaqla, 43 illik əmək fəaliyyəti dövründə 2022-ci ilin əvvəlinə kimi heç bir vaxt işi ilə əlaqədar əmək intizamı məsuliyyətinə cəlb olunmamış, əksinə, işlədiyi müddətdə həm digər müəssisələrdə, həm də cavabdeh MMC-də 2009-cu ilin may ayında “Təltifnamə”, xx.xx.2013-cü il tarixdə diplom, sonrakı illərdə təşəkkürnamə və sair digər təltif və mükafatlar almışdır. Ona qarşı qərəzli münasibət və sonradan isə Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmri ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, ləğv edilməsi isə cavabdehin Baş energetik vəzifəsində işləyən Zaur Ağaxanovun iddiaçıya qarşı qərəzli hərəkətlərinin nəticəsi əsasında həyata keçirilmişdir. Zaur Ağaxanov onun əmək münasibətlərində olduğu son dövrdə, xüsusən də 2022-ci ilin əvvəlindən onu qanunsuz olaraq təqib etmiş, iddiaçıya qarşı qərəzli hərəkətlər etmiş, əmək hüquqlarını pozmuş və sonda isə qanunsuz yollarla əmək müqaviləsinin ləğv edilməsinə nail olmuşdur. Bu barədə əmr verilməmişdən əvvəl isə, konkret olaraq xx.xx.2022-ci il tarixdə Baş energetik Zaur Ağaxanov onu direktorun yanına aparmış, burada isə həm direktor, həm də Baş energetik tərəfindən təzyiq olunaraq bildirilmişdir ki, ona 3 aylıq kompensasiya verilir, o da ərizə yazaraq öz xahişi ilə işdən getməli, əks halda onun əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv ediləcəkdir. O, bununla razılaşmadıqda isə hal-hazırda mübahisələndirilən əmri verməklə onu işdən azad etmişlər. Qeyd olunanlar da iddiaçıya qarşı təzyiqlərin olmasını və əmək hüquqlarının pozulmasını sübut edir. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) 19 iyul 2022-ci il tarixli, 2(012)- 2988/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edilərkən mütləq şəkildə həmin əmrdə zəruri olan rekvizitlər öz əksini tapmalıdır. Məhkəmə tərəflərin izahatı əsasında da xx.xx.2022-ci il tarixdə qəbul edilmiş əmrdə hüquqi şəxsin ünvanının qeyd olunmadığını müəyyən etsə də, həmin məlumatın qeyd olunmamasını mühüm əhəmiyyət kəsb edən hal kimi nəzərdən keçirməyərək bu halın əmrin etibarsız hesab olunmasına əsas görmür. İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmr qanunvericiliyin tələbləri gözlənilməklə qəbul edilmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin 13-cü əmək haqqının, maddi və mənəvi ziyan tələbinə hüquqi qiymət verərək qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin qəbul etdiyi xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə qəbul edildiyindən və bilavasitə, iddiaçıya maddi ziyan vurulması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbləri bu hissədə də əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35, 60-cı maddələri, Əmək Məcəlləsinin 10-cu maddəsinin a), b), f)-ci bəndləri, 42, 70-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndi, 79, 80, 84-cü maddələri və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 28 fevral 2022-ci il tarixdən 08 mart 2022-ci il tarixə qədər, eyni zamanda 11 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə qədər əmək qabiliyyətini müvəqqəti itirmiş, bu müddətdə müalicə almış və bu barədə xəstəlik vərəqəsi almışdır. 28 fevral 2022-ci il tarixdən 08 mart 2022-ci il tarixə qədər bülletendə olmağı ilə əlaqədar xəstəlik vərəqəsini Cavabdehnə təqdim etmişdir. 28 fevral 2022-ci il tarixdən 08 mart 2022-ci il tarixə qədər bülletendə olmağını sübut edən tibbi kartoçkasını və 11 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə qədər müalicə almağı barədə xəstəlik vərəqəsini də sübut kimi məhkəməyə təqdim etmişdir. 11 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə qədər müalicədə olmağına və bu günlər üçün də xəstəlik vərəqəsi olmasına baxmayaraq, Cavabdeh 14 mart 2022-ci il tarixli, 05T/HR saylı əmri ilə onunla bağlanmış Əmək müqaviləsi qanunsuz olaraq ləğv edilmişdir. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin” Əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Cavabdeh MMC-nin 14 mart 2022-ci il tarixli, 05T/HR saylı əmri ilə onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən, yəni “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası ilə ləğv edilərkən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələbləri kobud şəkildə pozulduğundan hesab edir ki, qeyd olunan əmr məhkəmə qaydasında ləğv edilməlidir. Qeyd etdiyi kimi, 28 fevral 2022-ci il tarixdən 08 mart 2022-ci il tarixə qədər bülletendə olmağını sübut edən tibbi kartoçkanı və 11 mart 2022-ci il tarixdən 26 mart 2022-ci il tarixə qədər müalicə almağı barədə xəstəlik vərəqəsini sübut olaraq məhkəməyə təqdim etsə də, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-2988/2022 nömrəli qətnaməsində açıq mətnlə bildirilir ki, “Qanunun tələblərindən göründüyü kimi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunmasını qadağan edən işçilərin və halların konkret dairəsi müəyyən olunduğu halda, iddiaçının sözügedən müddəanın təsirinə düşən işçi olmadığı müəyyən olunmuş və bu barədə iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim olunmamışdır” (qətnamənin 17-ci səhifəsi). Hesab edir ki, bu yanaşma qərəzli sayılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsinin tələblərinin məhkəmə tərəfindən pozulmasının təsdiqi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən, Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Lakin, onunla bağlanmış Əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh 14 mart 2022-ci il tarixli, 05T/HR saylı əmrində, onunla bağlanmış Əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” əsası sadə bir əsas və ya əmr (məsələn: əmək müqaviləsinin müddətinin qurtarması, işçinin öz xahişi ilə Əmək müqaviləsinin ləğv edilməsi əsası və sair) deyildir və yalnız qərar hissəsindən ibarət olmamalıdır. Yəni normanın tələbinə görə sözü gedən əmr və işdən azad olunma müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir. Göstərilən əsasdan bu əmr qanunsuzdur, lakin birinci instansiya məhkəməsi pozuntuya qanunvericiliyin bu tələbi baxımından ümumiyyətlə münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)-2988/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, 43 illik əmək stajının əksər hissəsini Cavabdeh MMC-də fəaliyyət göstərmiş, bu müddətdə çoxsaylı təltif və mükafatlar almışdır. Əmək fəaliyyəti dövründə heç vaxt işi ilə əlaqədar əmək intizamına cəlb olunmamışdır. Cavabdeh müəsssiəyə yeni rəhbərlik təyin olunandan sonra aralarında fikir ayrılığı yarandığı üçün rəhbərlik tərəfindən ona əmək funksiyalarına daxil olmayan tapşırıq verilirdi. O da həmin tapşırıqların yazılı şəkildə verilməsini tələb etdiyindən, rəhbərlik onunla qərəzli davranmağa başladı. Bundan başqa, kompressorun sökülməsi zamanı müvafiq maska və qulaqcıqla işləməli olduqları halda, işçilər bir-birini eşidə bilmədiyi üçün qulaqcığı çıxarmışdılar, lakin rəhbərlik bunu görüb yalnız ona yazılı şəkildə tənbeh verdi, digər işçilərə heç bir tənbeh verilmədi. Gecə növbəsi zamanı stulları düzüb uzandığı zaman onu pəncərədən çəkmişlər. Əvvəlki məhkəmə iclasından sonra onlara qarşılıqlı razılıq üçün vaxt verilsə də, aralarında barışıq olmamışdır. Belə ki, o 10000 manat kompensasiya məbləğində razılığa gələ biləcəyini bildirsə də, cavabdeh tərəf ona cəmi 6000 manat təklif etmişdir. O da bu məbləğlə razılaşmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, işin faktiki halları nəzərə alınmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, İddiaçı işdən çıxarılmaqla qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. 62 yaşlı işçinin gecə növbəsinə qoyulması onun səhhəti ilə bağlı şikayəti nəzərə alınmaqla işəgötürənin işçinin işdən çıxarmaq istəyinin təzahürüdür. Göstərilən hal əmək funksiyalarının pozulması kimi nəzərə alınsa belə, bu və ya digər intizam tənbeh tədbirləri mövcuddur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, əmək funksiyasının kobud şəkildə pozulmasından bəhs olunduğu halda, burada hər hansı bir ziyanın vurulmasından söhbət getmir. Digər tərəfdən, işçinin yuxulaması əsas vurğulansa da, bu, tamamilə başqa bir şeydir və əsaslandırılan məsələlərdən yan keçmək deməkdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunması və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o məhkəmə araşdırması zamanı mülki iş materialları ilə tanış olmuş və məlum olmuşdur ki, bülleten əslində məhkəməyə təqdim edilmiş və bu zaman cavabdehə iddiaçının büllütendə olduğu dövrdə işdən çıxarılması məlum olmuşdur. Bununla da iddiaçının yeganə pozulması ehtimal olunan hüququnun pozulmasının qarşısı alınmışdır. İddiaçının işdən çıxarılması tarixi dəyişdirilmiş, əmək kitabçasına, elektron sistemə dəyişliklik edilmişdir. Əvvəlki məhkəmə iclasından sonra onlara qarşılıqlı razılıq üçün vaxt verilsə də, aralarında barışıq olmamışdır. Belə ki, MMC iddiaçıya 6000 manat təklif etsə də, qarşı tərəf daha çox məbləğ tələb edir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Maddə 2 (3-cü hissə). Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Maddə 11. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: ... b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ... Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. -e)əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: Maddə 74 (2-ci hissə) əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Maddə 80 (1-ci hissə) Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (2-ci hissə) Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 33. Maddə 76 (1-ci hissə). İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)-2988/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddia tələbinin mahiyyətindən görünür ki, tələb əmək münasibətlərindən irəli gələn mübahisə ilə bağlı olmaqla bir neçə hissədən, əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsindən və digər maddi tələblərdən ibarətdir. Tələbin ikinci və sonrakı hissələri törəmə tələb olub, birinci hissədən bilavasitə asılıdır. İddiaçı tələbinin faktiki əsası kimi ona istinad edir ki, onun azad edilməsi barədə verilmiş əmr qanunsuzdur. Belə ki, o fəaliyyəti dövründə heç bir pozuntuya yol verməmiş, əksinə bu illər ərzində daim nizam-intizamla işləmiş, işinə ciddi yanaşmışdır. MMC rəhbərliyi ona qarşı qərəzli olduğundan işdən azad edilmişdir. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək bildirir ki, əksinə, aparılmış yoxlama zamanı iddiaçının işinə səhlənkar yanaşması, iş saatı ərzində yatması halları aşkar edilmiş, iddiaçı bu barədə dəfələrlə məlumatlandırılmasına, barəsində intizam tənbeh növü tətbiq edilməsinə baxmayaraq, sonuncu verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işində dönüş etməmiş, təkrarən əmək funksiyasını pozmuşdur. Belə olan halda iddianın təmin olunması, məhz iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyinin pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır. Mübahisələndirilən qətnamədən müəyyən edilir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, 05T/HR saylı əmr qanunvericiliyin tələbləri gözlənilməklə qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı Cavabdeh MMC (əvvəlki adı "xxxx" MMC) ilə bağladığı xx.xx.2009-cu il tarixli 009 saylı əmək müqaviləsinə əsasən, energetika xidmətinin kompressor sahəsi üzrə operator vəzifəsinə işə qəbul edilmiş, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrinə əsasən isə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, işdən azad edilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunmasına əsas səbəb işində yol verdiyi səhlənkarlıq və əmək funksiyasına ciddi yanaşmaması, qulaqcıqlardan istifadə etməməsi və bununla da təhlükəsizlik qaydalarını pozması olmuşdur Öyrənilən işdən müəyyən olunur ki, soyuducu-kompressor sexinin operatoru üçün əməyin mühafizəsi üzrə təlimata əsasən, həmin vəzifə üzrə işə qəbul edilmiş İddiaçı ümumi təhlükəsizlik tələblərinə, işə başlamazdan əvvəl, iş zamanı, iş bitən zaman, həmçinin, qəza hallarında təhlükəsizlik tələblərinə riayət etməsi zəruri hal təşkil edirdi. Göründüyü kimi, iddiaçı tərəfindən əmək funksiyalarının tələblərinə riayət edilməli olduğu halda, Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli 01/W saylı əmri əsasında, kompressor sahəsinin operatoru vəzifəsində çalışan iddiaçıya xx.xx.2022-ci il tarixdə töhmət verilmişdir. İşin təhlili nəticəsində müəyyən edilmişdir iddiaçı vəzifə təlimatlarını, müəssisənin daxili təhlükəsizlik qaydalarını və əmək müqaviləsi üzrə götürdüyü öhdəliklərini pozmuşdur ki, bununla da iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” və “e” bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, həmçinin, əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhv olmaqla, göstərilən halın hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisəsinin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi istisna edilməmişdir. Əmək müqaviləsi üzrə mühüm əmək funksiyalarına əməl etmək öhdəliyi daşıyan iddiaçı tərəfindən əmək müqaviləsi funksiyalarının zaman-zaman pozulması barədə iddiaçıya şifahi xəbərdarlıqlar edilmiş və bu, nəticə etibarı ilə iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə töhmət intizam tənbeh tədbirinin verilməsi ilə nəticələnmişdir Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Qanunvericilik əmək vəzifələrinin kobud şəkildə pozulması əsaslarından biri kimi işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl göstərməsi olmuşdur. İşçi öz əmək fəaliyyətini iş vaxtı ərzində həyata keçirdiyi üçün və yalnız bu müddət ərzində ona əmək qanunvericiliyi şamil edildiyi üçün belə göstərmək olar ki, onun yol verdiyi kobud səhv yaxud hüquqazidd hərəkətlər iş vaxtı olmalıdır. Mülki iş materiallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən Cavabdeh MMC-də energetika xidmətinin kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoymuş və Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndini kobud şəkildə pozmuşdur. İddiaçı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli izahat əsasında onun xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən saat 2 radələrində belinin ağrısından stolun üstündə uzanması və həmin vaxt mürgüləməsini etiraf edərək təqsirini qəbul etməsi müəyyən olunmuşdur. Bununlada iddiaçı tərəfindən əməyin mühafizəsi qaydalarına riayət olunmalı olduğu halda, buna riayət edilməmiş, bununla da, işəgötürənin, işçilərinin, həmçinin, digər şəxslərin həyat və sağlamlığına ziyan vurulması istisna edilməmişdir. Mülki iş materiallarına əlavə olunmuş əmrlərin surətindən göründüyü kimi, xx.xx.2022-ci il tarixli 01/W saylı əmri əsasında, kompressor sahəsinin operatoru vəzifəsində çalışan İddiaçı xx.xx.2022-ci il tarixdə töhmət verilməsinin səbəbi iddiaçının vəzifə borclarını yerinə yetirərkən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qulaqcıqlardan istifadə etməməsi və bununla da təhlükəsizlik qaydalarını pozması, xx.xx.2022-ci il tarixli 05T/HR saylı əmrə əsasən isə iddiaçının xx.xx.2022-ci il tarixdə gecə növbəsində olarkən ərazidə quraşdırılan müşahidə kameralarının video yazılarına əsasən iş saatlarında yuxuya gedərək təhlükəli obyekti nəzarətsiz qoyması olmuş, bununla da iddiaçının davranışları Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə nəticələnmişdir Əmək qanunvericiliyinin tələblərindən göründüyü kimi, işçi qanun və digər normativ hüquqi aktlarla təsbit edilmiş əməyin mühafizəsi qaydalarını gözləməlidir. Əməyin mühafizəsi dedikdə, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik, normativ hüquqi aktlar, müqavilələrdə nəzərdə tutulan texniki təhlükəsizlik qaydaları sistemi nəzərdə tutulur. Mülki iş materiallarından, həmçinin, tərəflərin izahatından da göründüyü kimi, kompressor sahəsinin operatoru vəzifəsinə işə qəbul edilmiş İddiaçı qurğulara nəzarət etmək üzrə mühüm əmək funksiyasının icra edilməsinə görə məsuliyyət daşıdığı halda, əmək funksiyaları təlimatına əsasən nəzərdə tutulmuş tələblərə riayət etməmiş, bununla da, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq əmək funskiyalarının icrasını kobud şəkildə pozmuşdur. Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlər araşdırılarkən yuxarıda sadalanan nöqsan və çatışmazlıqların mütəmadi olaraq davam etməsi, iddiaçı tərəfindən heç bir tədbir görülməyərək, işində müsbət dönüş yaratmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırması həmçinin müəyyən edilmişdir ki, iddiaçının çalışdığı təşkilatda həmkarlar təşkilatı fəaliyyət göstrmədiyindən, sonuncu həmkarlar təşkilatının üzvü deyildir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçının işdən azad olunması barədə verilmiş əmr heç də əvvəlki nöqsanlara görə deyil, sonuncu intizam tənbehindən sonra işində dönüş yaratmadığına və qeyd olunmuş nöqsanlar aradan qaldırılmadığına görə əmək müqaviləsinə xitam verilmişdir. Buradan da göründüyü kimi iddiaçı barəsində intizam tənbeh növlərinin tətbiq edilməsinə baxmayaraq, sonuncu verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq işində dönüş etməmiş, altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma apararaq, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürərək, səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Əmək Məcəlləsinin 71-ci maddəsinin ikinci hissəsində sadalanan hallara qəsdən və ya səhlənkarlıq nəticəsində yol verməsi öz təsdiqini tapır. Belə olan halda isə, işçinin əmək funksiyasına daxil olan işi tələb edilən səviyyədə davamlı olaraq yerinə yetirməməyə görə onun işdən azad edilməsi qanunamüvafiq olmuşdur. Nəzərə alınmalıdır ki, əmək müqaviləsinin bərabər hüquqlu iki tərəfi var: işçi və işəgötürən. Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsi yalnız işçini deyil, həm də işəgötürəni qoruyur. Mübahisənin konkret halında işəgötürən olmaqla cavabdeh Əmək qanunvericiliyinin tələbindən irəli gələn bütün prosedur qaydalarına əməl etməklə qanunvericiliyin verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, yalnız sonda işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(012)-2988/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-792/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-792/2023
26.04.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver