Məhkəmə qərarları › İş №2(105)-793/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-793/2023

13.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-793/2023 13.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və əşyalarla təhvil verilməsi tələbinə dair mülki iş üzrə (ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müyyən olunması –qarşılqılı iddia ərizəsinin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və digər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadından Cavabdeh nümayəndəsi və Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli çıxarışına əsasən iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” ünvanında yerləşən 0,07 ha torpaq sahəsində inşa olunmuş evdən çıxarılması və evin iddiaçı tərəfindən alınmış bütün əşyaları ilə birlikdə iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh nümayəndəsi və Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı xx.xx.2017-ci il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonu ünvanında yerləşən, ümumi sahəsi 0,0451 ha olan torpaq sahəsində yerləşən yaşayış sahəsinə çəkilmiş xərc olan 40.000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadı ilə (hakim E.Abdullayev) qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır.

4. Cavabdeh qərardaddan şikayət vermişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia MPM-in 154.1ci maddəsində göstərilən müddət keçdikdən sonra, işin məhkəmə baxışı zamanı vermişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuş, qarşılıqlı iddianın vaxtında verilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmçinin qarşılıqlı iddianın verilməsi üçün əsaslar sonradan əmələ gəlməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsi geri qaytarılmalıdır.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 154.1, 155.2, 156.1.3 maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Şikayətin dəlilləri

8. Şikayət onunla əsaslandırılmışdır ki, mülki iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixdəki məhkəmənin hazırlıq iclasının vaxtı barədə məlumat xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə, 13 dekabr 2022-ci il tarixli və 10 yanvar 2023-cü il tarixli məhkəmə iclası barədə məlumat isə sms bildiriş vasitəsi ilə gəlmiş, həmin sms bildirşlər də isə məhkəmə iclaslının hazırlıq və ya baxış iclası barədə məlumat əks olunmamışdır. Bundan əlavə məhkəmənin 10 yanvar 2023-cü il tarixə, saat 10:40-a təyin edilmiş iclasında tərəfindən ərizə ilə müraciət olunaraq, hava şəraiti ilə əlaqdar olaraq məhkəmənin “hazırlıq iclasının” başqa vaxta keçirilməsi barədə ərizə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 165-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə işlərin məhkəmə iclasında məhkəmə araşdırmaları aparılmasına, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətləri etməlidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclası ərizə məhkəməyə daxil olduqdan sonra 40 gündən gec olmayaraq keçirilir. Sonrakı müddətdə işin xüsusiyyətlərindən asılı olaraq daha bir neçə hazırlıq iclası keçirilə bilər. Həmin Məcəllənin 166.4-cü maddəsinə əsasən isə işdə iştirak edən şəxslərə hazırlıq iclası barədə həmin iclasın keçirilməsinə ən azı 5 iş günü qalmış bu Məcəllədə nəzərdə tutulmuş qaydada məlumat verilməlidir. Qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə araşdırması tam aparılmadığından, mahiyyəti üzrə işə baxılıb qətnamə qəbul edilməsinə yönələn bütün lazım olan hərəkətlər edilmədiyindən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-324/2023 nömrəli və xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli və qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək hüquqi qiymtə verilməlidir.

b) Şikayəti qarşı etirazın dəlilləri

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. 155.3-cü mаddəsinə əsаsən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 156.1-ci mаddəsinə əsаsən hakim qarşılıqlı iddianı həmin iddiа ilk tələbin qarşılıqlı ödənilməsinə yönələrsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırаrsа və hər iki iddia arasında qarşılıqlı əlaqə оlаrsа və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qəbul edir. 156.2-ci maddənin tələbinə əsasən qarşılıqlı iddianın qəbul edilməsi məsələsinə zəruri hallarda və yaxud iddia verən şəxsin vəsatəti üzrə iddianı verən şəxsin və yaxud işdə iştirak edən şəxslərin iştirakı ilə baxıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli qərarındakı mövqeyinə görə qarşılıqlı iddia irəli sürmək hüququna yalnız ilkin iddia üzrə cavabdeh malikdir. Qarşılıqlı iddia yalnız ilk iddianı irəli sürmüş şəxsə, yəni iddiaçıya qarşı irəli sürə bilər. Qarşılıqli iddia prosesdə müəyyən marağı olan üçüncü şəxsə, prokuror və ya dövlət orqanına qarşı irəli sürülə bilməz. Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur.

Apellyasiya baxışının hədləri

12. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.

13. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 31 yanvar 2023cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadı dəyişdirimədən saxlanılmalıdır.

15. Belə ki, qanunvericiliyə uyğun olaraq qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün hallar ondan ibarətdir ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlməlidir. Belə olan halda qarşılıqlı iddia icraata qəbul edilir.

16. Qarşılıqlı iddia tələbi öz xarakterinə və məzmununа görə cavabdehin qanuni mənafeyinin müdafiəsinin təmin ediməsinə yönəldilmiş prosesual vasitə оlmаqlа yаnаşı hər iki iddia tələbinə birlikdə baxılmasınа qənaət edir, tərəflərin qarşılıqlı tələblərini tənzimləyir, gələcəkdə ilkin və qаrşılıqlı iddiа tələbləri üzrə məhkəmələr tərəfindən ziddiyətli qətnamələrin çıxarılmasının qarşısını alır.

17. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh ona qarşı qaldırılmış iddiadan öz mənafeyini müxtəlif vasitələrlə müdafiə edir. Cavabdeh iddiaya etiraz etməklə yanaşı iddiaçıya qarşı iddia tələbi irəli sürə bilər. İrəli sürülən tələbin əlahiddə və yaxud ilkin tələblə əlaqəli olmasından asılı olaraq iddianın qarşılıqlı olub-olmaması müəyyənləşdirilir.

18. Bundan əlavə MPM-də göstərilmişdir ki, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia həmin Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsində göstərilmişdir ki, İşdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir (154.1.). Göründüyü kimi cavabdeh iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün müddətində qarşılıqlı iddia ərizəsi verə bilərlər.

19. Qanunvericiliyin yuxarıda sadalanan normalarından göründüyü kimi nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir.

20. İşin araşdırılan halları ilə müəyyən olunur ki, cavabdeh qarşılıqlı iddianı MPM-in 154.1-ci maddəsində göstərilən müddət keçdikdən sonra, işin məhkəmə baxışı zamanı vermişdir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmuş, qarşılıqlı iddianın vaxtında verilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Həmçinin qarşılıqlı iddianın verilməsi üçün əsaslar sonradan əmələ gəlməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Göstərilənlərə əsasən və Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kоllеgiyаsı Qərara aldı:

Cavabdeh nümayəndəsi və Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-324/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar