Məhkəmə qərarları › İş №2(105)-794/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-794/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-794/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənzil ölçüsü ilə bağlı mübahisə, çatışmayan sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh MMC-in nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)- 54/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları: 1.SMCP-037/21 nömrəli, xx.xx.2021-ci il tarixli Mənzil İnşaatı müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə,blok 9, mənzil 32-də (yeni qaydalarla: Sumqayıt şəhəri , Sumqayıt şəhər ərazi vahidi, Bulvar küçəsi, 25, M8, m2) yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı təmirsiz mənzillə təmin etməyi öhdəsinə götürmüşdür. 2.xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı üçün “Beh haqqında” Razılaşmaya əsasən İddiaçı Cavabdeh MMC-yə 1000 manat məbləğində beh ödəmişdir.

3. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-yə hal-hazırda borcu yoxdur.

4. Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli, 4Ə-1216 reyestr nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh MMC xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, Blok 9-da yerləşən, ümumi sahəsi 141.2 kv.m olan 32 nömrəli mənzili (Yeni qaydalarla: Sumqayıt şəhəri , Bulvar küçəsi, 25, M8, m2) 147.250 manata İddiaçı satmışdır (müqavilənin 1-4-cü bəndləri). 5.Həmin müqavilənin 5-ci bəndinə əsasən nəzərdə tutulan pul məbləği “Satıcıya” notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmişdir (müqavilənin 5-ci bəndi). 6.AR ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, Blok 9da yerləşən, ümumi sahəsi 130.80 kv.m olan, 32 nömrəli mənzil (Yeni qaydalarla: ünvan 2, M8, m2) mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7.İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, mənzil 32 ilə bağlı 24.2 kv.metr sahəyə görə artıq ödənilmiş (24.2 x 950=22.900 AZN) 22.900 (iyirmi iki min doqquz yüz manat) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC” arasında xx.xx.2021ci il tarixdə yaşayış sahəsi üçün mənzil inşaat müqaviləsi imzalanmış, müqavilənin şərtinə əsasən Cavabdeh MMC ünvan 1 ünvanında özünə məxsus torpaq sahəsində inşa etdiyi yaşayış kompleksinin 1-ci məhəllə, 9-cu blokunun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155.00 kv.m olan, 4 otaqlı 2 nömrəli təmirsiz mənzil ilə iddiaçını təmin etməyi öhdəsinə götürmüş, həmin müqavilənin 3-cü bəndinə əsasən mənzilin ümumi dəyəri 147.250.00 (bir yüz qırx yeddi min iki yüz əlli manat) manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə “Cavabdeh MMC -yə əvvəlcə 1000 manat beh verdikdən sonra (bu barədə qəbzlər əlavə olunur) xx.xx.2021-ci il tarixdə 146.250.00 (yüz qırx altı min iki yüz əlli manat) manat pulu nəğd şəkildə Cavabdeh MMC -yə ödəmiş və bu barədə ona mədaxil orderi (maliyyə arayışı) təqdim edilmişdir. İddiaçı ilə MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, SMCP-037/21 saylı müqaviləyə əsasən iddiaçıya təqdim olunan mənzilin ümumi sahəsi və hesablaşma sahəsi 155.00 kv.metr təşkil etməli idi. Lakin, alqısatqı müqaviləsindən bir ay sonra, yəni xx.xx.2021-ci il tarixdə İddiaçı mənzilə mülkiyyət hüququna dair çıxarış almış, çıxarışı əldə-etdikdən sonra iddiaçıya mənzilin ümumi sahəsinin 130.80 kv.metr təşkil etdiyi məlum olmuşdur. Qeyd edir ki, çıxarış alınarkən iddiaçı mənzilin konstruksiyasında hər hansı bir dəyişiklik etməmiş, mənzil təmirsiz vəziyyətdə olmuş, mənzilin açarının bir nüsxəsi MMC-də olmuşdur. Cavabdeh iddiaçıya satdığı mənzilin ümumi sahəsinin 155.00 kv.metr sahəsi olduğunu müqavilədə və maliyyə arayışında göstərsə də, faktiki olaraq yaşayış sahəsi 130.80 kv.metr olmuşdur. Yəni iddiaçının aldığı 155.00 kv.metr mənzilə etdiyi ödəniş ilə mənzilin faktiki sahəsi və ona təqdim edilən çıxarış arasında fərq 24.2 kv.metr təşkil etmişdir. İddiaçı 24.2 kv.metr yaşayış sahəsinin pulunu (hər kv.metrə görə 950 manat) əlavə olaraq cavabdehə ödəmişdir. (24.2 x 950=22.900 AZN). Göründüyü kimi cavabdeh şirkətin təqsiri üzündən iddiaçıya cəmi 22.900 AZN (24.2 x 950=22.900 AZN) maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin artıq ödənilmiş pul cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

9. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)- 54/2024 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 19266 (on doqquz min iki yüz altmış altı) manat və ödənilmiş dövlət rüsumunun 133 (bir yüz otuz üç) manat hissəsinin tutulması və iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci olaraq İddiaçı 8 (səkkiz) manat, Cavabdeh MMC-dən 42 (qırx iki) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli mənzil inşaatı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə mənzil iddiaçıya təhvil verilmiş, iddiaçı aldığı mənzilin dəyərini tam ödəmiş və həmin mənzilə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda iddiaçı sözügedən müqavilə üzrə aldığı mənzilin faktiki ölçüləri ilə müqavilədə nəzərdə tutulmuş ölçüləri arasında fərq olduğunu iddia edərək hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC ilə mənzil inşaatı haqqında müqavilə bağlayarkən ona cavabdeh şirkət tərəfindən 155 kv.m ölçüdə mənzilin təhvil verilməsi barədə razılaşmış, müqavilə ilə həmin sahəli mənzilin dəyəri 147.250 manat məbləğində müəyyən edilmişdir. Beləliklə tərəflər mənzilin 1 kv.metrini 950 manat (147250 manat / 155 kv.metr) məbləğində qiymətləndirməklə sözügedən müqaviləni bağlamışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5366 saylı rəyindən isə görünür ki, ekspertiza nəticəsində Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin faktiki sahəsi 134,72 m2 müəyyən olunur. Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, ev blok 9, 32 saylı mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi 155 m2 müəyyən olunur. Həmin mənzilin faktiki sahəsi ilə daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tuttuğu sahənin tamamı, qonşu divarların yarısına qədər olan sahəsi arasında 20.28 m2 fərq olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə müəyyən edib ki, İddiaçı məxsus 32 nömrəli mənzilin faktiki sahəsi ilə müqavilədə nəzərdə tutulan sahəsi arasında 20.28 m2 (155-134.72) fərq vardır. Yekunda məhkəmə hesab edib ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirdiyi halda, cavabdeh MMC iddiaçıya müqavilədə nəzərdə tutulduğundan daha az yaşayış sahəsi verməklə öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən əksik verilmiş sahənin hər kv.metri 1 kv.metrinin dəyərinə (147.250/155=950 manat) vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (20.28 x 950=19266 manat).

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 752.1, 752.2, 753.1, 762.1, 766, 776.1-ci maddələrinə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın müvafiq bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2. 77.1, 88, 103, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən cavabdeh “Cavabdeh MMC apellyasiya şikayəti vermişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Məhkəmə qətnaməsində hazırkı mübahisə üzrə sübut qismində İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil inşaatı müqaviləsinə istinad etmişdir. Lakin cavabdeh tərəfindən məhkəmənin hazırlıq iclasında iddia ərizəsinə qarşı verilmiş etirazla birlikdə təqdim edilmiş digər yazılı sübut tərəflər arasında eyni tarixdə notariat ofisində bağlanmış və notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsini (AN-İ № 0965987, Reyestrdə 4Ə-1216 № ilə qeydə alınıb) məhkəmə ümumiyyətlə araşdırmamış və nəzərə almamışdır. Mübahisəli mənzil üzərində iddiaçının hüquqların dövlət qeydiyyatına alınması və ona Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışın verilməsi üçün əsas, iddiaçının istinad etdiyi mənzil inşaatı müqaviləsi deyil, məhz iddiaçı ilə cavabdeh arasında notariat ofisində bağlanmış alqı-satqı müqaviləsi olmuşdur. Həmin müqavilədə də mənzilin ümumi sahəsi 141,2 kv. metr göstərilmişdir. Həmin müqavilə bağlanan zaman, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz iddiaçı tərəfindən cavabdehə bildirilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi hazırda da qüvvədədir, onun etibarlılığı nə iddiaçı, nə də cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Tərəflər arasında bağlanmış və “Mənzil inşaatı müqaviləsi” adlandırılmış xx.xx.2021-ci il tarixli müqavilə isə mülki qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış və notariat qaydasında təsdiqlənməmiş əhəmiyyətsiz əqd olaraq özlüyündə etibarsızdır və hüquqi nəticələrin yaranmasına səbəb olmur. Göründüyü kimi işə baxan məhkəmə cavabdehin yazılı sübut kimi təqdim etdiyi, mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış AN-İ № 0965987, 4Ə-1216 № alqı-satqı müqaviləsini ümumiyyətlə araşdırmamış və ona hüquqi qiymət verməmiş, nəticə etibarilə iş üzrə yanlış nəticəyə gəlmişdir. İddiaçı öz tələbinin əsası kimi, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində ona maddi zərərin vurulmasına istinad etsə də, bu barədə məhkəməyə heç bir sübut növü təqdim etməmişdir. İddia tələbinin əsası kimi istinad olunan xx.xx.2021-ci il tarixli mənzil inşaatı müqaviləsinin şərtlərinə görə, Cavabdeh MMC (İnşaatçı) İddiaçı (Sahibi) ünvan 2 ünvanında özünə məxsus torpaq sahəsində inşa etdiyi yaşayış kompleksinin 1-ci məhəllə, 9-cu blokunun 8-ci mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 155 kv.m olan 4 otaqlı, 2 nömrəli təmirsiz mənzil ilə təmin etməyi, sahib isə əldə etdiyi mənzilin bu Müqavilə ilə razılaşdırılmış dəyərini (qiymətini) müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə inşaatçıya ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin predmeti Cavabdeh MMC tərəfindən inşa edilmiş “Roseville” yaşayış kompleksindəki 4 otaqlı mənzil olmuşdur. Mənzilin ümumi sahəsi müqavilənin predmetinə aid deyil, yalnız mənzilin fərqləndirici əlaməti (parametri, ölçüsü) olaraq qeyd olunmuşdur. Yəni, Cavabdeh MMC iddiaçını hansısa ümumi inşaat sahəsi ilə deyil, bütövlükdə mənzil ilə təmin etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış Müqavilədə mənzilin ümumi sahəsinin ölçüləri ilə mənzilin qiymətinin bağlılığına (mütənasibliyinə) dair hər hansı müddəa mövcud deyil. Bu isə o deməkdir ki, mənzilin ümumi sahəsinin müqavilədə qeyd olunduğundan fərqli olduğu (az və ya çox olduğu) təqdirdə mənzilə görə ödənilməli olan vəsaitin (mənzilin dəyərinin) azaldılması və ya artırılması imkanı tərəflərin razılaşması ilə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə bildirdi ki, şikayətin əsas dəlili bundan ibarətdir ki, tərəflər arasında eyni gündə (xx.xx.2021-ci il tarixdə) 2 müqavilə bağlanmışdır. Həmin müqavilələrdən biri tərəflər arasında notarial qaydada təsdiq olunmadan, müəssisənin möhürü ilə təsdiq olunaraq bağlanmış mənzil inşaatı müqaviləsi, digəri isə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsidir. Qeyd olunan müqavilələr arasında fərq vardır, belə ki, mənzil inşaatı müqaviləsində mənzilin sahəsi 155 kv.m, daşınmaz əmlakın alqı-satqı müqaviləsində isə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mənzilin sahəsi 141 kv.m. göstərilmişdir. Məhkəməyə notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi təqdim edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi həmin müqaviləni araşdırmayıb, ümumiyyətlə qətnamədə müqaviləyə heç bir hüquqi qiymət verməmişdir. Tərəflər arasında bağlanmış mənzil inşaatı müqaviləsi qanunvericiliklə müəyyən edilmiş forma və məzmununa uyğun olmadığına görə əhəmiyyətsiz əqddir, çünki həmin müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınmış daşınmaz əmlak barəsində bağlanmışdır, amma notarial qaydada təsdiq olunmamışdır. Məhkəmə etibarsız əhəmiyyətsiz əqdə əsaslanan iddianı təmin etməklə tamamilə yanlış hüquqi mövqe sərgiləmişdir. Halbuki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələbində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Cavabdeh MMC MTK olmadığından mənzilləri ilk növbədə öz adına qeydə aldırır, daha sonra alqı-satqı müqaviləsi əsasında üçüncü şəxslərin xüsusi mülkiyyətinə verir. MMC-nin adına mənzilə dair Çıxarış verilərkən Reyestr Xidməti 0.3 əmsalı tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Qeyd olunan hallara işə baxan məhkəmə əhəmiyyət verməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, e-2(060)- 54/2024 nömrəli qətnaməsi tam ədalətlidir, qətnamə qəbul edilərkən iş kifayət qədər araşdırılmış və əsaslı qətnamə qəbul edilmişdir. Tərəflər arasında mənzil inşaatı müqaviləsi bağlanmışdır. Həmin müqavilə podrat müqaviləsidir, bu müqavilə əsasında tərəflər arasında qarşılıqlı razılaşma olub. İlkin olaraq 1000 manat beh alınıb, növbəti gün isə 146000 manat Cavabdeh MMC-nin ofisində təqdim olunub. Əgər daşınmaz əmlakın alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunacaqdısa, iddiaçıdan nə üçün pul alınıb və buna dair iddiaçıya maliyyə arayışı verilib?. Mübahisəli mənzilə dair Cavabdeh MMCnin adına çıxarışın olması mənzil inşaatı müqaviləsində qeyd olunmamış, iddiaçının həmin çıxarışın mövcudluğundan məlumatı olmayıb. Belə çıxır ki, müqavilə iddiaçının aldadılması ilə bağlanmışdır. İddiaçının hazırkı tələbi mənzilin faktiki sahəsi ilə çıxarışda göstərilən sahəsi arasında olan fərqə görə artıq ödənilmiş pulun ödənilməsindən ibarətdir. İddiaçının mənzili 8-ci mərtəbədə yerləşir və ona mənzilin yarım dairə şəklində eyvanı olmaqla verilməsi nəzərdə tutulmuşdu, buna baxmayaraq, mənzil iddiaçıya qeyd olunan formada verilməmişdir. Bu hal ekspert rəyində də göstərilməklə mənzilin balkonunun texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd olunan halları araşdırmış və qanuni qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Maddə 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-54/2024 nömrəli qətnaməsini təmin olunmuş hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tələblərinin pozulması baxımından birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir.

22. İddia tələbi yeni tikilən binada alınan mənzilin çatışmayan sahəsinə görə artıq ödənilmiş pulun qaytarılması barədədir.

23. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında ilk olaraq, xx.xx.2021-ci il tarixldə “daşınmaz əmlakın alqı-satqısı üçün Beh haqqında” Razılaşma bağlanmış və həmin razılşamaya əsasən İddiaçı Cavabdeh MMC-yə 1000 manat məbləğində beh ödəmişdir.

24. Bundan sonra, SMCP-037/21 nömrəli, xx.xx.2021-ci il tarixli "xxxx" müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən MMC İddiaçı Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə,blok 9, mənzil 32-də (yeni qaydalarla: Sumqayıt şəhəri , Sumqayıt şəhər ərazi vahidi, Bulvar küçəsi, 25, M8, m2) yerləşən ümumi inşaat sahəsi 155.00 kv.metr olan 4 otaqlı təmirsiz mənzillə təmin etməyi, sonuncu isə öz növbəsində mənzilin razılaşdırılmış dəyərini ödəməyi öhdəsinə götürmüşdür.. 25..xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqısı üçün “Beh haqqında” Razılaşmaya əsasən İddiaçı Cavabdeh MMC-yə 1000 manat məbləğində beh ödəmişdir.

26. Daha sonra tərəflər eyni gündə, yəni xx.xx.2021-ci ildə notarial qaydada alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə şərtlərinə görə mülkiyyətçi Cavabdeh MMC xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan Sumqayıt şəhəri, Bulvar küçəsi, 1-ci məhəllə, Blok 9-da yerləşən, ümumi sahəsi 141.2 kv.m olan 32 nömrəli mənzili (Yeni qaydalarla: Sumqayıt şəhəri , Bulvar küçəsi, 25, M8, m2) 147.250 manata İddiaçı satmışdır (müqavilənin 1-4-cü bəndləri). Mübahisəli mənzilə dair nəzərdə tutulan pul məbləği “Satıcıya” notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənilmişdir (müqavilənin 5ci bəndi).

27. Notarial qaydada müqavilə rəsmiləşdirildikdən sonra iddiaçı aidiyyəti orqana müraciət edərək, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququnu təsdiq edən səndə (Çıxarış) almışdır. Sonuncu çıxarışda mənzilin ümumi sahəsi 130.80 kv.m göstərilmişdir.

28. İşə baxmış birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında bağlanmış müqavilə üzrə nəzərdə tutulmuş sahədən daha az sahənin təhvil verilməsini və bununla da iddiaçının subyektiv hüququnun pozulmasını müəyyən etmişdir.

29. Birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edərək, mübahisəni ekspert rəyinə istinad etməklə həll etmiş, bu halda notarial qaydada rəsmiləşdirilmiş müqaviləni deyil, tərəflərin özü arasında bağlanmış və notarial qaydada təsdiq olunmayan müqaviləyə istinad etmişdir.

30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və öz mövqeyini aşağıdakı qaydada əsaslandırır.

31. Əvvəla araşdırılan işin hallarına əsasən qeyd edilməlidir ki, hazırki mübahisənin xüsusiyyətlərini, “mənzilin ölçüsü ilə bağlı çatışmayan sahəyə görə ödənilmiş pul məbləğinin geri qaytarılmasına dair” anoloji mübahisələrdən fərqləndirmək lazımdır.

32. Belə ki, işin mübahisə olunmayan hallarına əsasən, sözügedən mənzillə bağlı müqavilələr rəsmiləşdirilərkən, həmin mənzil MTK tərəfindən tikilməkdə olan (tikintisi başa çatmayan) mənzil vəziyyətində deyil, tikintisi tam başa çatmış və konkret mənzil statusunda olmaqla, həm də cavabdeh MMC-in xüsusi mülkiyyətdə olmuşdur. Daha konkret ifadə olunsa, iddiaçı sözügedən mənzili podrat müqaviləsi əsasında deyil, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin müqaviləyə əsasən mülkiyyətçi özünə məxsus olan mənzili şərtləşdirilmiş məbləğə alıcıya satmağı, sonuncu da razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür.

33. Bu halda qeyd edilir ki, Mülki Məcəllənin 144.1-ci maddəsinin tələbinə görə Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

34. Deməli, buradan da belə qənaətə gəlinir ki, mübahisələndirilən mənzillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən, notarial qaydada təsdiqlənmə imperativlik təşkil etmişdir. Ona görə də kollegiya belə hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış və “mənzil inşaatı müqaviləsi” adlandırılmış, xx.xx.2021ci il tarixli müqavilə qanunvericiliklə müəyyənləşdirilmiş şərtlər pozulmaqla bağlanmış, yəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına baxmayaraq notarial qaydada təsdiqlənməmiş, sanki sigariş əsasında tikilməkdə olan və ya hələ qeydiyyatdan keçməyən əmlak kimi nəzərə alınmışdır ki, bu da özlüyündə heç hüquqi nəticələrin yaranmasına səbəb olmur.

35. Apelllyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən göründüyü kimi, tərəflər arasında notarial qaydada müqavilə bağlanan zaman mənzilin sahəsi 141.2 kv.m. göstərilmiş, alıcı İddiaçı da bu sahə ilə razılaşaraq müqaviləni imzalamış, hətta müqavilənin “qeyd” hissəssində “müqavilədən irəli gələn hüquq və vəzifələrin izah olunması, nəticələri barədə xəbərdar olunduğu” barədə də iradə ifadəsini bildirərək, təkrar imza etmişdir.

36. Bundan əlavə araşdırılan işdən görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, 4Ə- 1216 reyestr nömrəli alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman müqavilədə hər kv.m.-ə görə nə qədər pul ödənilməsi barədə hər hansı bir qeyd-şərt olmamışdır. Buradan da belə qənaətə gəlinir ki, İddiaçı sözügedən mənzillə bağlı notarial qaydada müqavilə bağlanan andan artıq mənzilin sahəsindən məlumatlı olmuş və həmin vaxt mənzili ümumi olaraq bəyənib, öz iradəsini bəyan etmişdir Həmin müqavilə bağlanan zaman, mənzilin ümumi sahəsi ilə bağlı hər hansı irad və ya etiraz iddiaçı tərəfindən cavabdehə bildirilməmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi hazırda qüvvədə olmaqla, onun etibarlılığı da məhkəmə qaydasında mübahisələndirilməmişdir

37. Məhkəmə kollegiyası müqavilə bağlanan zaman nəyə görə mənzilin sahəsinin 141.2 kv.m., sonradan alıcının (iddiaçının) adına yeni çıxarış verilən zaman 130.80 kv.m. olmasına da aydınlıq gətirməyə çalışmışdır. Cavabdehin nümayəndəsi məsələyə aydınlıq gətirərək Reyestr Xidməti orqanı tərəfindən birinci halda ölçmə işləri aparılarkən, müvafiq əmsalların nəzərə alınmadığını bildirmişdir.

38. Qeyd edilir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır.

39. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

40. Apellyasiya instansiyası məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, sonuncu dəfə mənzilin sahəsi müəyyənləşdirərkən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 07 saylı 04 dekabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının”nın 3.8 bəndində nəzərdə tutulmuş mənzilin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri 0,3, şüşəbənd və lociyalar-0,5, eyvanlar (verandalar)-1,0 azalma əmsalına vurulmaqla hesablanmalı olması barədə müddəasına əsaslanmışdır.

41. Məhkəmə kollegiyası bununla razılaşır və belə hesab edir ki, azalma əmsalları tətbiq edilməklə mənzilin sahəsinin hesablanması hüquq müəyyənedici sənədlərin verilməsi zamanı nəzərə alınır, lakin həmin sahələr tərəflər arasında bağlanmış müqavilə üzrə tikilməli olan mənzilin tərkib hissəsi olduğundan müqavilə üzrə mənzil təhvil verilərkən onların sahəsi tam nəzərə alınmalıdır.

42. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş,, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir.

43. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, həmçinin ekspertiza xərci 50 manat iddiaçıdan alınaraq dövlət hesabına köçürülməlidir.

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(060)-54/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı “çatışmayan sahəyə görə artıq ödənilmiş pul məbləğinin geri qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar