Məhkəmə qərarları › İş №2(105)-797/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-797/2024

23.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-797/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: X13 (sədrlik edən və məruzəçi), Əsgərova Ruhiyyə Orucəli qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli arayışlarına əsasən, İddiaçı Quba rayonu, İ Nügədi kəndində yaşayır və İddiaçı ailə tərkibi: 1967-ci il təvəllüdlü həyat yoldaşı – X6, 1985-ci il təvəllüdlü oğlu – X3 və 1995-ci il təvəllüdlü oğlu – X4 ibarətdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, İddiaçı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-389F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Quba rayonu, İ Nügədi Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən, Cavabdeh mərhum atası X11 adına JN-388F saylı şəhadətnaməyə əsasən 0.20 ha həyətyanı torpaq sahəsi var və xx.xx.2017-ci il tarixə vergi borcu yoxdur. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətinə əsasən, X12 (Cavabdeh atası) və X2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdeh, JN- 389F, kod-30319018 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən çıxarılması və həmin ərazidə qeyri-qanuni şəkildə apardığı əsaslı tikillərin cavabdehin hesabına sökülməsi və ərazinin abadlaşdırılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı ıl tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-389F, kod-30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh, Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən onun icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmişdir. Bir kənddə yaşadıqları, el qınağını nəzərə alaraq ona cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh onunla heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və ona – “bu torpaq mənə məxsusdur və sənə 1 qarış yerdə güzəşt edən deyiləm” deyərək cavab vermişdir. Cavabdeh hal-hazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxıl olur. Məhkəmə Ekspertizası Mərkəzinin Tikinti-Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 22365 saylı rəyindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu, elektron baza məlumatlarına əsasən Cavabdeh hal-hazırda istifadə etdiyi həyətyanı torpaq sahəsinin 0.10 ha hissəsinin JN-389F saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətində olduğu və JN-388F saylı şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hal-hazırda istifadə etdiyi həyətyanının cənubunda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, cavabdehin onun torpaq sahəsinə gedən yolu tutduğunu, yolun açılmasını, ev tikdiyini bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, 50- 60 ildir ki, həmin torpaq sahəsinin onun mülkiyyətində olduğunu və torpaq sahəsi ilə bağlı vergi ödədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh JN389F, kod-30319018 nömrəli şəhadətnamə ilə İddiaçı məxsus olan 0.10 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ekspertiza xərcini təşkil edən 100 manatın Cavabdeh alınaraq X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Rahim Həsənov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmişdir. xx.xx.2017-ci il tarixli, 22365 nömrəli rəyində əsasən, Torpağa mülkiyyət hüququna dair JN389F, kod 30319018 saylı şəhadətnamə ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən faktiki olaraq istifadə olunduğu, Cavabdeh zəbt etdiyi torpaq sahəsinə aid mülkiyyət hüququnun olmadığı müəyyən olunmuşdur. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində ilkin icraat Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edib iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi Torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon Dövlət Arxivindən çıxarışlar vardır. Necə ola bilər ki, torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əsasən 0,10 ha torpaq sahəsindən çıxsın, ancaq həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adına olsun və orada qalsın. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedib-gəlməmişdir. Həmin torpaq sahəsində valideynləri və qardaşları yaşamışdır. Bu vəziyyət nəzərə alınsa onlara məxsus şəhadətnaməyə əsasən onlar da qonşunun torpaq sahəsinə və evə iddia etməlidir. Aqrar islahat aparılan zaman atası və özü orada yaşamışdır. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, ekspertizanın rəyi olmadan mübahisənin düzgün həlli qeyr-mümkündür. Bu səbəbdən iş üzrə təkrarən ekspertizanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh nümayəndəsi X14 apelyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, iddia düzgün araşdırılmamış, birinci instansiya məhkəməsi işə düzgün baxmamışdır. Belə ki, iddiaçının iddia etdiyi torpağa mülkiyyət hüququna dair JN-389F Kod 30319018 nömrəli şəhadətnamə əslində etibarsızdır. Ona görə ki, şəhadətnaməyə əsasən göstərilən torpaq sahəsi onun atasına məxsus olmuş, həmin torpaq sahəsi üzərinə fərdi yaşayış evləri vardır ki, həmin evdə atasının köhnə evi və təzə tikilmiş evi vardır. Həmin torpaq sahəsinin onlara məxsus olmasına dair Quba rayon dövlət arxivindən çıxarışlar vardır. Torpağa Mülkiyyət Hüququna dair JN-389F Kod 30319018 saylı şəhadətnaməyə əsasən onun 0,10 ha torpaq sahəsindən çıxması göstərilib, lakin həmin torpaq sahəsi üzərində yerləşən ev atasının adınadır. İddiaçı heç vaxt bu torpaq sahəsində yaşamamış, həmin torpaq sahəsinə gedibgəlməmişdir. Həmin torpaq sahəsində onun valideynləri və qardaşları yaşamışdır. Aqrar islahat aparılan zaman atası və o, orada yaşamışlar. İddiaçı orada yaşamamışdır. Beləliklə iş yenidən araşdırılmalı, onlara məxsus şəhadətnamə ilə torpaq sahəsinin koordonatları müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X22 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçının tələb etdiyi yer cavabdehin uzun illər ərzində tikdiyi evin yerləşdiyi ərazidir, ev köhnə tikilidir, qeydiyyat şəhadətnaməsi var. Mütəxəssis mütləq rəy verməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərmişdir ki, yaşadığı Quba rayonunun İ Nügədı kəndində Azərbaycan Respublikası, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-cı il tarixli, 06 saylı qərarı ilə ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Qeyd olunan torpağın mülkiyyətə verilməsinə dair JN-389F, kod- 30319018 nömrəli şəhadətnamə ona təqdim olunmuşdur. Cavabdeh ona məxsus həmin torpaq sahəsinin bir hissəsindən icazəsi olmadan istifadə edərək əsaslı tikinti aparmışdır. Bir kənddə yaşamaları, el qınağını nəzərə alaraq cavabdehə bu mübahisənin öz aralarında həll olunması üçün dəfələrlə müraciət etmiş, gözləmə mövqeyi tutmuşdur. Amma onun humanistliyindən istifadə edən cavabdeh heç cür razılaşmamış, torpaq sahəsindən çıxmamış və torpağın ona məxsus olmasını bildirmişdir. Cavabdeh halhazırda da ona məxsus torpaq sahəsindən qanunsuz istifadə edir. Hətta bu torpaq sahəsinin ona məxsus olduğunu iddia edir. Beləliklə o, öz mülkiyyətində olan əmlakına istədiyi kimi sahiblik və ondan istifadə edə bilmir. Belə ki, cavabdehin ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxil olur. Heç kimin evini sökülməsini istəmir. Ona “Kamaz” markalı maşının keçə biləcəyi qədər yer verilsin. Razılığa gələr. Evin yanında ikinci darvaza qoyulub. Cavabdeh əvvəlki vəziyyəti bərpa etsin. Yolunun eni 4 metr, uzunluğu isə həmin yoldan torpağına çatana qədər 25-30 metrdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı vəkili X27 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X23 və X18) 2(105)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq rəy verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsində iş üzrə keçirilmiş ekspertiza rəyini sübut kimi qəbul edərək ona istinad olunmasını məqsəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsinin iddiaçıya deyil, ona məxsus olduğunu bildirsə də bu, yuxarıda qeyd olunan sənədlərlə təkzib olunur. Apellyant apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair məhkəməyə heç bir sübut təqdim etməmişdir, onun dəlillərinə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 151, 152, 157, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə və MPM-in 14.21, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh (vəkil X22) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2024-cü il tarixli, 2(102)-607/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2(105)-31/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası qərarında qeyd etmişdir ki, iddiaçının mövqeyinə görə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə onun adına 0.10 ha torpaq sahəsi ilə bağlı mülkiyyətinə dair şəhadətnamə verilmişdir. Cavabdeh torpaq sahəsini zəbt edərək orada tikinti aparılmasına əsaslanaraq tikililərin sökülməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını iddia edir. Cavabdeh tərəf göstərir ki, atası X12 və anası X2 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş, bundan uzun müddət əvvəl isə həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, əvvəl atası, babası və sonra isə o, həmin torpaq sahəsindən istifadə edir, fərdi yaşayış evində isə yaşayır. İddiaçı torpaq sahəsindən cavabdehin uzun müddət əvvəldən istifadə etməsi, orada yerləşən tikililərin uzun müddət əvvəl tikilməsi, həmin müddət ərzində fərdi yaşayış evində yaşaması ilə bağlı cavabdehin dəlillərinə hər hansı münasibət bildirmir. İddiaçı yalnız torpaq sahəsinin ona məxsus olan şəhadətnamədə göstərilən koordinatlar daxilində yerləşməsinə istinad edərək cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsini tələb edir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr isə iddiaçının bu dəlili ilə razılaşaraq cavabdehin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməli olması nəticəsinə gəlmişdir. Qeyd edilməlidir ki, mübahisəli halların, yəni mübahisəli torpaq sahəsinin iddiaçının və ya cavabdehin mülkiyyət hüququnun qeydə alınmasına əsası kimi verilmiş şəhadətnamələrdə olan koordinatlardan hansına uyğun gəlməsi, torpaq sahəsinin cavabdeh tərəfin uzun müddət (atası və babasının istifadə olmasını iddia edir) istifadəsində olub-olmaması, torpaq sahəsinin və tikilinin iddiaçıya hər hansı aidiyyatının olması (onun tərəfindən tikilib tikilməməsi, istifadə etmirsə bunun hansı səbəbdən baş verməsi), uzun müddət ərzində cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin və həmin tikiliyə münasibətdə istifadədə olan torpaq sahəsinin istifadəsində olması təsdiq olunduğu təqdirdə bu müddətdə iddiaçının hansı səbəbdən susması, iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən yerləşmə yerinin (torpaq sahəsi və tikilinin) naturada eynilik təşkil etməsinin aydınlaşdırılması zəruri olmuş və işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr belə araşdırmanın aparılmasını təmin etməmişlər. Yuxarıda qeyd olunduğu kimi, iddianı təmin edən birinci instansiya məhkəməsi və həmin qətnaməni dəyişdirmədən saxlayan apellyasiya məhkəməsi hesab etmişdir ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ müəyyən olunmasına baxmayaraq həmin sahə cavabdehin qanunsuz sahibliyindədir. Bu səbəbdən həmin sahiblik iddiaçının mülkiyyət hüquqlarını pozduğundan cavabdeh torpaqdan və evdən çıxarılmalı, tikili sökülməlidir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Beləliklə də, gəldiyi nəticəsi maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi uzun müddət əvvəldən istifadə olan torpağın və orada tikilmiş tikilinin cavabdehin qanunsuz sahibliyində olmasını hüquqi cəhətdən əsaslandırmamış, cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdir. Digər tərəfdən, cavabdehin uzun illər ərzində torpaq sahəsinə və fərdi yaşayış evinə etirazsız sahiblik və istifadə etməsi təsdiq olunduğu təqdirdə, yalnız 2017-ci ildə hazırki iddia tələblərinin irəli sürülməsinə iddiaçının hüquqdan (mülkiyyət hüququndan) sui-istifadə halına yol verilməsi baxımından hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012- ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X20 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Yuxarıda qeyd olunanlardan irəli gələrək məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından qiymətləndirilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyünü də müzakirə etməmişdir. Məlum olduğu kimi, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat Apellyasiya icraatı iştirakçılarının izahatları İşə yenidən apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X16 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, iddiaçı ümumiyyətlə öz torpaq sahəsinin harada yerləşməsini bilmir. Ona görə ki, torpaq sahəsindən heç vaxt isifadə etməmişdir. Əgər iddiaçı öz torpaq sahəsini faktiki olaraq kimin zəbt etməsini müəyyənləşdirərsə və həmin torpaq sahəsinə ancaq onların torpaq sahəsindən yol verilməsi məqsədə müvafiq olarsa, onlar bir qonşu kimi bu halı nəzərə alıb iddaçıya kömək edə bilərlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, cavabdeh ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratmışdır və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxil olur. O, heç kimin evinin sökülməsini istəmir. O, sadəcə olaraq torpaq sahəsinə maşının keçə biləcəyi qədər yol verilməsini istəyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə kollegiyasının iclasında cavabdehin ona məxsus olan torpaq sahəsinin giriş hissəsini bağlayaraq öz həyətyanı torpağına girməyə məhdudiyyət yaratdığını və o, neçə illərdir həmin yerə digər qonşuların həyətlərinə keçməklə daxil olduğunu, heç kimin evinin sökülməsini istəmədiyini bildirmiş və sadəcə olaraq ona torpaq sahəsinə maşının keçə biləcəyi qədər yol verilməsini xahiş etsədə, məhkəmədə belə, yəni zəruri yol və keçid verilməsi ilə bağlı iddia qaldırmamış, verdiyi iddia tələbində cavabdeh - Cavabdeh, JN- 389F, kod-30319018 nömrəli şəhadətnamə ilə təsdiq olunmuş mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsindən çıxarılması və həmin ərazidə qeyri-qanuni şəkildə apardığı əsaslı tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin abadlaşdırılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bununla belə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı və onun ailə üzvlərinə Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-389F, kod 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0.10 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, X12 (Cavabdeh atası) və X1 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən xx.xx.2005-ci il tarixdə JN-388F, kod 30319018 saylı Şəhadətnamə tərtib edilərək 0.20 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Qeyd olunan 0.10 ha torpaq sahəsinin İddiaçı, 0.20 ha torpaq sahəsinin isə cavabdeh X11 mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi barədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Tikinti- Texniki obyektlərin tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 22365 saylı rəyindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə olunduğu, elektron baza məlumatlarına əsasən Cavabdeh hal-hazırda istifadə etdiyi həyatyanı torpaq sahəsinin 0.10 ha hissəsinin JN-389F saylı şəhadətnamə ilə İddiaçı mülkiyyətində olduğu və JN-388F saylı şəhadətnamə ilə Cavabdeh mülkiyyətində olan həyatyanı torpaq sahəsinin hal-hazıda istifadə etdiyi həyətyanının cənubunda yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tikililərin İddiaçı mülkiyyətində olan 0.10 ha torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (Mülki Məcəllənin 172.3., 173.3-cü maddələri). Qeyd olunmalıdır ki, qonşu torpaq sahələrinin mülkiyyətçiləri şübhəsiz ki, qanunvericiliklə müəyyən edilmiş qaydalara riayət etməklə öz sahələrində tikinti və qazıntı işləri apara bilərlər. Lakin bu işlər görülərkən qonşu torpaq sahəsinin mülkiyyətçisinin hüquqları pozulmamalı və mənafeləri gözlənilməlidir. Öz sahəsində qazıntı və tikinti işləri aparan mülkiyyətçi qonşuya ziyan vurmamalı və onları hər hansı bir təhlükəyə məruz qoymamalıdır. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. O da nəzərə alınmalıdır ki, heç bir zərurətdən doğmayan əsassız tikinti qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozarsa onun sökülməsi məsələsi qaldırıla bilər. Lakin öz torpaq sahəsində yaşayış evi tikən mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi etiraz etməzsə ağır məsrəflər hesabına başa gələn bina tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Buna görə də qanunvericilikdə nəzərdə tutulmuşdur ki, belə halda sərhədi pozulmuş qonşu müəyyən pul kompensasiyası almaqla həmin pozuntuya dözməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat alınaraq X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-39/2020 saylı, 14 may 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsinə dair iddia tələbi rədd edilsin. İddiaçı iş üzrə ekspertiza xərcini təşkil edən 100 manat alınaraq X8, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 VÖEN ********** AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar