Məhkəmə qərarları › İş №2(105)-799/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-799/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-799/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinə aid olduğu üçün mülki işi müstəsna aidiyyət qaydalarına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasın xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir (hakim Habil Əhmədov) Qərardaddan Cavabdeh şikayət verərək Abşeron Rayon Məhkəməsinin 2(012)- 3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının işin Sumqayıt Şəhər Məhkəməsinə göndərmək səbəbi yaxın qohumunun həmin məhkəmədə işləməsidir. Sözügedən bağ sahəsi Abşeron rayonunun inzibati ərazi vahidinə daxildir. Bu səbəbdən də işə Abşeron Rayon Məhkəməsinədə baxılması üçün tam hüquqlu əsaslar mövcuddur. Odur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, ilk öncə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək istəsə də, məhkəmədən ona bağ sahəsinin Abşeron rayonunun ərazisində yerləşməsi səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmiş, bu səbəbdən Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda müəyyən olunur ki, bağ sahəsinin yerləşdiyi Novxanı bağlar massivi Sumqayıt şəhərinin ərazisinə düşür Odur ki, şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi X1 verilmiş torpaq sahəsinin Sumqayıt şəhər inzibati ərazi dairəsinə düşməsinə istinad edərək işi ərazi aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Qanunvericiliyin tələbindən göründüyü kimi torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İş materiallarından da görünür ki, Cavabdeh qarşı verilmiş tələb “əmlakın qanunsuz istifadəsinə son qoyulması, maneələrin aradan qaldırılması və əmlakın təhvil verilməsi barədədir. İş materiallarından da görünür ki, Sumqayıt şəhər bələdiyyə şurasının xx xxxxxx 2003cü il tarixli Qərarına əsasən Novxanı bağları ərazisində Abdullayev (Yusifova)Təyminə Şamil qızı tərəfindən istifadə edilən 0,11 ha bağ üçün torpaq sahəsi onun adına rəsmləşdirilmiş və istifadəsinə verilmişdir. Həmin Qərardan və torpağın sifarişçiyə təhvil veriməsi haqqında xx.xx.2003-cü il tarixli Aktdan görünür ki, X1 verilmiş torpaq sahəsi Sumqayıt şəhər inzibati ərazi dairəsinə düşür. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3518/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. . Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar